Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-539/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1729/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh vergi orqanı tərəfindən 27 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “FACE STUDİO” adlı bərbərxana və gözəllik salonunda operativ vergi nəzarəti keçirilmiş, 27 may 2021-ci il tarixli, DVX seriyalı, 000598 nömrəli akt tərtib olunmuş, həmin aktda iddiaçı tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edildiyi göstərilmiş və həmin akt əsasında qəbul edilmiş 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərarla iddiaçıya 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hesab edir ki, bu tamamilə absurddur. Həmin şəxslərdən ikisi salonun işçiləri deyil, subicarə müqaviləsi əsasında VÖEN və sabit qəbz ilə fəaliyyət göstərən sahibkarlardır, digər bir nəfər isə iddiaçının yaxın münasibətdə olduğu və françayzinq alıb eyni ad altında fəaliyyət göstərən digər sahibkar dostlarının işçisidir. Lakin bunların heç birinə vergi xidməti əməkdaşları məhəl qoymayıb qanunsuz olaraq akt tərtib edilərək bunun əsasında qərar qəbul etmişlər. Cavabdeh iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Operativ vergi nəzarətinin aparıldığı dövrdə X2 X8 (VÖEN: **********) ilə əmək müqaviləsi olmuşdur. X8 ünvan 2 ünvanda yerləşən obyektdə fəaliyyət göstərir. Şəxsin əmək müqaviləsi bağlanmadan muzdlu işə cəlb olunması faktı isə ünvan 3 ünvanda müəyyən olunmuşdur. Yəni, X9 Hüseynovla əmək müqaviləsinin olması iddiaçını onunla əmək müqaviləsi bağlamaq öhdəliyindən azad etmir. Eyni zamanda N.Zeynalova öz izahatında xx.xx.2021-ci il tarixindən ünvan 3 ünvanda yerləşən, iddiaçının fəaliyyət göstərdiyi “Face Studio” salonunda adminstrator vəzifəsində işlədiyini, müdirinin iddiaçının olduğunu, sifarişləri də ondan aldığını bildirmişdir. Qeyd olunanlar sübut edir ki, operativ vergi nəzarətinin həyata keçirildiyi dövrdə Nigar Zeynalova iddiaçı tərəfindən muzdlu işə cəlb edilmişdir. Subicarə müqaviləsi əsasında fəaliyyət göstərdikləri bildirilən X5 və X12 vergi orqanında uçota alınsa da, adı çəkilən şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən subicarə müqaviləsi əsasında fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslər həmin obyekti vergi orqanında uçota qoymalı və Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq daşınan və daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı ərizəsində iki nəfərin subicarə müqaviləsi ilə fəaliyyət göstərməsinə görə onlarla əmək müqaviləsi bağlanmasının absurd olduğunu bildirsə də, yoxlama keçirildikdən 9 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Elçin İbrahimov və Xəyal Əmirov ilə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə isə həmin müqavilələrə xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsasları dəqiq göstərilmiş, lakin vergi orqanı əməkdaşının qərarında həmin əsaslardan hansına görə operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamış, bununla da Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur. Eyni zamanda operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarların əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qanunvericilik operativ vergi nəzarət tədbirlərinin keçirilməsi zamanı vergi orqanı tərəfindən sənədlər tələb edildiyi halda həmin sənədlərin verilməsi üçün konkret olaraq 1 iş günü müddət müəyyən etmiş və yalnız bu müddət ərzində sənədlər təqdim edilmədikdə məhz həmin müddət başa çatdıqdan sonra sənədlərin təqdim edilməməsi ilə bağlı müvafiq akt tərtib edilir, akt müvafiq qaydada imzalandıqdan sonra onun surəti vergi ödəyicisinə təqdim edilir. Başqa sözlə, vergi ödəyicisi tərəfindən sənədlər təqdim etməkdən imtina edildiyi halda belə vergi orqanı 1 iş günlük müddətin başa çatmasını gözləməlidir. Belə ki,cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki,cavabdeh 27 may 2021-ci il tarixdə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş, həmçinin tələbnamənin özündə belə qeyd edilmiş həmin 1 iş günlük müddəti gözləmədən və sənədlərin tədqim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə həmin gün keçirilmiş operativ vergi nəzarətin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Operativ vergi nəzarəti keçirildiyi gündən 1 gün sonra elektron formada lazımi sənədlərin Dövlət Vergi Xidmətinə göndərilməsinə baxmayaraq, 1 günlük müddət nəzərə alınmamış və dərhal akt tərtib edilmişdir. Halbuki, qanunvericilik vergi orqanına sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. Çünki vergi ödəyicisinin həmin sənədləri hətta 1 iş günün sonuncu saatında belə təqdim etmək imkanı var idi ki, vergi orqanı iddiaçının həmin hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh orqan operativ vergi nəzarəti tədbiri zamanı qanunun tələblərini pozmuşdur. Bundan başqa qanunvericilik vergi orqanına vergi nəzarət tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etmişdir ondan ötrü ki, gələcəkdə bu foto və video çəkilişin nəticələrindən vergi orqanı vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edə bilsin. Lakin təəssüflər olsun ki, qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh orqan operativ vergi nəzarət tədbirinin keçirdikləri təsərrüfat subyektinə baxış keçirərkən aşkar edilmiş qanun pozuntularının qeydiyyata alınması məqsədilə heç bir foto və ya videoçəkilişdən istifadə etməmişdir. Çünki, əgər cavabdeh orqan qanunun tələblərinə uyğun olaraq vergi nəzarəti zamanı foto və ya video çəkilişdən İstifadə etsə İdi, hazırda nəzarət tədbirinin keçirdikləri obyektdə qanun pozuntuların həqiqətən mövcud olubolmadığını açıq-aşkar görmək olardı. Cavadeh tərəfindən adları qeyd edilmiş (X6, X12)şəxslərin hər birinin adına sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbzlər təqdim etmişdir. VÖEN **********, **********189500 nömrəli qəbzdən görünür ki, X12 fərdi qaydada bərbər fəaliyyəti göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30,0 manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. VÖEN **********, **********692500 nömrəli qəbzdən görünür ki, X6 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır. Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək. Yuxarıda da qeyd olunanlardan görünür ki,sözügedən şəxslər 220.10- cu maddədə qeyd edilən şəxslərin siyahısına uyğun gəldiyindən sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğdə vergi ödəyiciləri hesab edilirlər. Eyni zamanda qeyd olunan şəxslər subicarə müqaviləsi bağadıqlarından qeyd olunan obyektdə sahibkarın işçiləri kimi deyil,subicarə əsasında müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşlar Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar və iş üzrə sübutlar (Sabit qəbzlər, subicarə müqavilələri) məhkəmə tərəQindən xidməti vəzifəsinə uyğun olaraq tam, obyektiv və hərtərəfli araşdırılmamışdır...” Məhkəmə kollegiyasının 13 aprel 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X3, oxşar iş üzrə məhkəmə təcrübəsinə dair Ali Məhkəmənin qərarını məhkəməyə təqdim edərək, apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən O.Heydərli iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddia ərizəsinə dair etiraza uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı, iddianın rədd olunması hissəsində qismən ləğv edilməli, həmin hissədə iddianın təmin olunması barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 32.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən öründüyü kimi, mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin 27 may 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus “FACE STUDİO” adlı bərbərxana və gözəllik salonunda keçirilmiş operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8381 nömrəli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir . Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 24.0.1-24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. İş materialları üzrə cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1096 nömrəli qərarına əsasən iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən təsərüfat subyektində (“FACE STUDİO” gözəllik salonunda) operativ vergi nəzarəti keçirilərkən, iddiaçı tərəfindən 3 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinin pozulması ilə, yəni, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və həmin akt əsasında, cavabdehin xx.xx.2021-ci il tarixli **********8381 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə hər işçiyə görə münasibətdə 2000 manatdan olmaqla, cəmi 6.000 (iyirmi min) manat məbləğində maliyyə sanksiyası tətbiq olunaraq, vergi məsuliyyətinə cəlb olunmuşdur. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, iddia rədd edilmiş və məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən 8 nəfər fiziki şəxsdən 3 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin 3 nəfər barəsində elektron informasiya sistemində məlumat tapılmamış, iddiaçı tərəfindən də bu hal mübahisələndirilmir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. İddiaçı tərəfindən qeyd olunan şəxslərlə bağlanmış subicarə müqavilələri qeydiyyatdan keçirilməmiş, həmin şəxslərin adına subicarə müqaviləsi əsasında qeydiyyata alınmış təsərrüfat subyektləri (obyekti) aşkar edilməmişdir və bununla əlaqədar sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda həmin şəxslərdən X7 vergi orqanına verdiyi izahatında xx.xx.2021-ci il tarixindən iddiaçının fəaliyyət göstərdiyi “Face Studio” salonunda adminstrator vəzifəsində işlədiyini, müdirinin iddiaçının olduğunu bildirmişdir. Digər 2 nəfərlə isə iddiaçı operativ vergi nəzarəti tədbirindən sonra əmək müqaviləsi bağlamış və qısa müddət sonra əmək müqavilələrinə xitam vermişdir...” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının tələbinin X4 münasibətdə hisssəsində əsassız olmasına dair mövqeyi ilə razılaşır. Belə ki, N.Zeynalovanın işə əlavə olunmuş izahatında bildirmişdir ki, xx.xx.2021ci il tarixdən iddiaçının fəaliyyət göstərdiyi Face Studio” salonunda administrator vəzifəsində işləyir, əmək haqqı 250 manat təşkil edir. İddiaçının da işə əlavə olunmuş izahatından görünür ki, onun özə də N.Zeynalovanın gözəllik salounnda xx.xx.2021-ci il tarixdən əmək müqaviləsi bağlamadan administrator vəzifəsində işlədiyini təsdiq etmişdir.Apellyasiya şikayətinin dəlillərinə nəzər saldıqda da onun N.Zeynalovanı əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etmədiyi iddia olunmur bununla bağlı müvafiq əsaslandırmanın mövcudluğu da müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin mübahisələndirilən qərarı ilə N.Zeynalovaa münasibətdə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələbinə uyğun olmuşdur. Lakin məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarda X6 və X12 - adında şəxslərə münasibətdə iddiaçının mübahisələndirilən qərarla 4000 manat məbləğində maliyyə sanksiyasının təbiq edilməsini əsaslı hesab edən mövqeyi ilə razılaşmır. Belə ki, birincisi, işin mübahisələndirilməyən hallarına görə həmin şəxslər operativ vergi nəzarəti dövründə vergi orqanında, müvafiq olaraq VÖEN ********** və VÖEN ********** nömrə ilə vergi uçotuna alınımış, fərdi sahibkarlıqla məşğul olan şəxslər olmuşlar. İşə əlavə olunmuş **********189500 nömrəli “sadələşdirilmiş vergi üzrə məbləğin ödənilməsi haqqında” qəbzdən görünür ki, X12 fərdi qaydada bərbər fəaliyyəti göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30,0 manatdır (Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021xx.xx.2021) Eyni zamanda, işə əlavə edilmiş digər **********692500 nömrəli “sadələşdirilmiş vergi üzrə məbləğin ödənilməsi haqqında” qəbzdən görünür ki, X6 fərdi qaydada bərbər fəaliyyət göstərən şəxsdir. Fəaliyyətin həyata keçirildiyi ərazi Bakı şəhəri (kənd və qəsəbələr daxil olmaqla), ödənilmiş verginin məbləği 30 (otuz) manatdır (Qəbzin qüvvədə olma müddəti: xx.xx.2021-xx.xx.2021) Onların operativ vergi nəzarəti zamanı mübahisəli ünvanda aşkar edilmələrinə gəldikdə isə işdən görünür ki, İddiaçı - X12 ilə 20 aprel 2021-ci il tarixində, 20 dekabr 2021-ci il tarixinədək etibarlı olmaqla, X6 ilə isə 10 aprel 2021-ci il tarixdə 20 dekabr 2021-ci il tarixinədək etibarlı olmaqla - subicarə müqavilələri bağlayaraq, hər birinə ümumi sahəsi olan 22,1 kv m olan sahənin 4 kv m hissəsi icarəyə verilmişdir. Qeyd olunmalıdır ki, konkret halda, həmin müqaviələlərin etibarsız olduğunu sübuta yetirmək cavabdeh orqanın üzərinə düşür. Qeyd edilən şəxslərin işə əlavə olunmuş izahatlarından da görünür ki, sabit məbləğdə vergi ödəyiciləri olduqlarını və iddiaçının administratorundan sifariş almadıqlarını, sərbəst olaraq özü sifarişlərin qəbul olunduğunu bildirmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3-cü maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması - mülki qanunvericiliyin prinsipləridir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir; Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 24.1.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Qeyd edilənləri nəzərə alan məhkmə kollegiyası vergi orqanı tərəfindən iddiaçının qeyd olunan iki fiziki şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində maliyyə sankasiyası tətbiq edilməsi əsassızdır. Belə olan halda, İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Birinci instansiya məhkəməsinin qərarından isə görünür ki, qeyd olunan iki şəxsə münasibətdə işdə olan sübutlar nəzərə alınmaqla, cavabdehin qərarına düzgün hüquqi qiymət verilməmiş, əsassız olaraq onlara münasibətdə vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb olunması ilə razılaşmışdır. Beləliklə də, qeyd olunanları və oxşar iş üzrə (Ali Məhkəmənin qərarı işə əlavə olunur) məhkəmə praktikasını nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1729/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən - cavabdehin qərarının, iddiaçının 4000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı hissəsində iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin olunaraq, Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8381 nömrəli qərarı - İddiaçı 4000 (dörd min ) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməli, qalan hissədə məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 70, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1729/2022 saylı xx.xx.2022-ci qərarı - Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8381 nömrəli qərarı ilə İddiaçı 4000 (dörd min ) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddia tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin olunsun. Bakı şəhəri X11 üzrə Baş İdarəsinin 16 iyul 2021-ci il tarixli **********8381 nömrəli qərarı - İddiaçı 4000 (dörd min ) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilsin. Qalan hissədə məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-539/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-539/2023
08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver