Məhkəmə qərarları › İş №2-1(103)-539/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-539/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-539/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 evin, yaşayış sahəsi 16,71 kv.m olan 129 saylı mənzilinin İddiaçı adına ödəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mənzilin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi məqsədi ilə cavabdehə ərizə ilə müraciət etmişdir. O, ərizəsində qeyd etmişdir ki, 4 nəfər ailə üzvü – özü, arvadı X2, qızı Bədəlova (Ağayeva) Şəlalə Seyran qızı və oğlu X5 ilə birlikdə faktiki olaraq xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, ünvan 1 evin, yaşayış sahəsi 16.71 kv.m olan 129 saylı mənzilində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli 116 saylı orderi əsasında yaşayır. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Mənzil-Kommunal Departamentinin balansına verilmişdir. Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən keçmiş yataqxana binası da, mənzil fonduna daxil edildiyindən, o, Bakı şəhər Mənzil-Kommunal Departamentinə ərizə ilə müraciət edərək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Həmin müraciət əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 03.07.013-cü il tarixli 58/3 saylı sərəncamı ilə Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən evin, yaşayış sahəsi 16.71 kv.m olan 129 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına icarə müqaviləsi bağlanılmış və qeyd olunan mənzilə 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 137 saylı Mənzil-Kommunal İstismar Sahəsində şəxsi maliyyə hesabı açılmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 evin, 129 saylı mənzilində qeydiyyatda olan digər ailə üzvləri tərəfindən qeyd olunan mənzilin onun adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizələri verilmişdir. Ərizəsində cavabdehdən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci, 6-cı, 7-ci və 8-ci maddələrini nəzərə alaraq Bakı şəhəri, ünvan 1 evin, 129 saylı mənzilinin İddiaçı adına özəlləşdirilməsi və mənzilin özəlləşdirilməsi və reyestrdən çıxarışın verilməsi xahiş olunmuşdur. Müraciətindən 13-21-3-30/2-B-0005-8/2023 nömrəli **********73 saylı 17 yanvar 2023-cü il tarixli məktub ilə imtina edilmişdir. Hesab edir ki, imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, ünvan 1 evin, yaşayış sahəsi 16.71 kv.m olan 129 saylı mənzilinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 58/3 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Bundan əlavə, qeyd olunan mənzilə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan : -Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 3-21-3-30/2- B-0005- 8/2023 **********73 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüqularının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin veirlməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi təqdim edilməmişdir. -Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum Adası” Neft- Qaz Çıxarma İdarəsinin Mənzil Komumunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 116 nömrəli xx.xx.2005-ci il tarixi orderə əsasən, İddiaçı 4 (dörd) nəfər ailə üzvü ilə birlikdə, işlədiyi idarənin təqdimatına əsasən göstərilmiş ünvandakı ailəvi yataqxanada yaşayış sahəsi verilir. Ünvan: Qaraçuxur qəsəbəsi, Z.Şəirov küçəsi, 24 saylı binanın 129 saylı mənzil 4 blok, 5 mərtəbə, bölmə 35, 1 (bir) otaq, 16.71 kv.m sahədə. order üzrə mənzil köçən şəxslərin siyahısı: İddiaçı – özü, X3 – arvadı, X4 – qızı, X5 – oğlu. Orderin verilməsinə əsas – Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İB-nin xx.xx.2005-ci il tarixli, FN011/1083 saylı məktubu və “Qum adası” NQÇİ HİK protokol, 04 oktyabr 2005-ci il tarixli, 49 nömrəli qərarı. İş yeri – “Qum adası” NQÇİ DESS, vəzifəsi – elektrik montyoru. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 58/3 nömrəli xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanda yerləşən keçmiş yataqxana binası da, mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. İddiaçı 2005-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 24 saylı evin, yaşayış sahəsi 16.71 kv.m olan 1 otaqlı 129 mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 24 saylı evin, yaşayış sahəsi 16.71 kv.m olan 1 otaqlı 129 saylı mənzilə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına icarə müqaviləsi bağlanılmış və o, həmin mənzilin icarədarı hesab olunmuşdur. -4 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.1994- cü il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X9, xx.xx.1997-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. -**********329 nömrəli, **********312 nömrəli və **********395 nömrəli notarial qaydada təsdiq edilmiş ərizələrə əsasən X6, X5 və X2 Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, Ailəvi Yataqxana, ev 24, 129 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər, razıdırlar. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, ünvan 1 evin, yaşayış sahəsi 16,71 kv.m olan 129 saylı mənzili iddiaçıya işlədiyi yer olan “Azneft” İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 116 nömrəli xx.xx.2005-ci il tarixli orderi əsasında ayrılmışdır. Daha sonra İddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında 58/3 nömrəli xx.xx.2013-cü il tarixli icarə müqaviləsi bağlanılmışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsasını Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 58/3 saylı sərəncamının xx.xx.2013-cü il tarixdə verilməsi təşkil edir. Belə ki, cavabdeh hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi olduğu halda iddiaçının hüquqları dövlət reyestrində qeydə alına bilər. Lakin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 58/3 saylı sərəncamı xx.xx.2013-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Qeyd olunan hüquq normalarının təhlili zamanı müəyyən edilir ki, iddiaçının mübahisəli mənzilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən hüququn qeydə alınması üçün əsaslar mövcud olduğu halda, həmin Qanunun 15-ci maddəsində qeyd olunan imtina əsaslarından hər hansı biri mövud olmamışdır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə isə Kollegiya qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə iddiaçı arasında bağlanan müqavilə xx.xx.2013-cü il tarixli olsa da, həmin müqavilənin bağlanmasının əsasını 116 nömrəli, xx.xx.2005-ci il tarixli order təşkil edir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin iddiaçı icarə müqaviləsi bağlama səbəbi iddiaçıya mübahisəli mənzilin order əsasında verilməsi və iddiaçının faktiki olaraq həmin mənzildə yaşamasıdır. Odur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə iddiaçı arasında bağlanan xx.xx.2013-cü il tarixli icarə müqaviləsi “Azneft” İstehsalat Birliyi “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 116 nömrəli xx.xx.2005-ci il tarixli orderlə bağlı olduğundan, iddiaçının hüquqları həmin tarixdən yaranmışdır. «İnsan hüquqlarının və əsasazadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi iləbağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7515/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar