Məhkəmə qərarları › İş №2-1(103)-54/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-54/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-54/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X28, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu), Cavabdehin nümayəndəsi X25 iştirakları ilə, İddiaçı (xx.xx.1975-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Bakı Ərazi İdarəsi, X29) kompensasiyanın ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1298/2019 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 31.01.2019-cu il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 82,5 kv.m fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar sökülməsi ilə bağlı 148 500 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 495 kv.m fərdi yaşayış evinin 1/6 hissəsi mülkiyyət hüququ üzrə anası X3 məxsus olmuşdur. X36 adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 15 noyabr 1997-ci il tarixli, 148201 №-li qeydiyyat vəsiqəsinə əsasən onun payı 1/6 hissədə göstərilmişdir. X4 1992-ci il martın 11də vəfat etmiş, anası X8 onunla 2010-cu ilin ortalarından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11 saylı evin 5-ci mənzilində yaşamış, 2013-cü il fevralın 16-da vəfat etmişdir. Onun ölümündən sonra ona yeganə vərəsə kimi qalmış, başqa vərəsələr olmamış, Bakı şəhərinin 17-ci Dövlət Notariat Kontoru tərəfindən adına 07.12.2018-ci il tarixli 2V-198 №-li reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 12.12.2013-cü il tarixli 501 №-li sərəncamı ilə anasının mülkiyyətçisi olduğu adı çəkilən evin yerləşdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması qərara alınmış və alınan ərazilərin hər bir kv.metri üçün 1500 manat kompensasiyanın ödənilməsi müəyyən edilmiş və pulun ödənilməsinin təmin olunması Cavabdehnə həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.11.2015-ci il tarixli, 358 №-li Qərarına əsasən Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan torpaq sahələrinin hər bir kv. metri üçün Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə olmaqla əsas və köməkçi sahələr üçün 1500 manat müəyyən olunmuşdur. Orada yaşayan qonşular və payçılar kompensasiyanı almış, o, yuxarıda qeyd etdiyi kimi başqa ünvanda yaşadığı üçün, həmçinin kompensasiyanı almaq üçün xəbərdar və işə cəlb edilmədiyindən cavabdeh tərəfindən ona hər hansı bir məbləğdə kompensasiya verilməmişdir. Anası X8 mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Nərimanov (Sovet) küçəsindəki sahəsi 495 kv.metr olan 62 saylı yaşayış evinin digər mülkiyyətçiləri (X51 istisna olmaqla) hər biri öz payına düşən (495 kv.metr:6=82,5 kv.metr) 82,5 kv.metr sahə üçün, hər bir kv.metri 1500 manat olmaqla kompensasiya almışlar. Qeyd olunan yaşayış evinin anasının payına düşən 82,5 kv.m X 1500 manat=123 750 manat kompensasiyanın ona verilməsinin təmin olunması üçün cavabdehə yazılı şəkildə müraciət etsə də, məsələ öz müsbət həllini tapmamışdır. Hesab edir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 495 kv.metr fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar olaraq onun payına düşən 1/6 hissə olan 82,5 kv.metrX1500 manat=123 750 manat+20%=123 750 manat+24750 manat=148 500 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 03.03.2018-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 2-1(81)-1298/2019 saylı iş üzrə 27.05.2019cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1298/2019 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ilə (hakim T.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı 55 320 manat məbləğində kompensasiya ödənilməsi vəzifəsi Bakı şəhər Cavabdeh üzərinə qoylmuş, iddia 93 180 manat kompensasiyanın ödənilməsi hissəsində rədd edilmişdir. Qərardan narazı qalan cavabdeh 28.01.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin qismən təmin edilməsi hissəsində rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evi MH seriyalı, 148201 №-li 15.11.1997-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının anası X2 1/6 hissədə mülkiyyətində olmuşdur. İddiaçının anası vəfat etdikdən sonra iddiaçıya həmin evə dair 07.12.2018-ci il tarixli şəhadətnamə verilmişdir. Sözügedən ev söküldükdən sonra həmin evə dair iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şahədətnamə almışdır. Nəticə etibarı ilə həmin ev söküldükdən sonra iddiaçının vərəsəlik hüququ müəyyən olunduğu üçün mövcud olmayan evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilməmişdir. Bundan başqa Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 7611 saylı, 16.01.2019-cu il tarixli arayışından görünür ki, X8 ünvan 4 ünvanında daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin evdə yaşamışdır. Qeyd olunan arayışdan məlum olur ki, iddiaçı da həmin mənzildə qeydiyyatdadır. Yəni, mübahisə predmetinə dair nə yaşayış yeri üzrə qeydiyyatda olmamış, nə də həmin evdə yaşamamışdır. Mübahisə predmeti olan sözügedən fərdi yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, eyni zamanda iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmadığından və həmin evdə faktiki olaraq yaşamadığından kompensasiya verilməsi mümkün deyil. İddiaçının nə mülkiyyət, nə də istifadə hüququ olmadığı üçün ”Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları ilə müəyyən edilmiş alınmanın təsirinə məruz qalan şəxs hesab edilmir. İddiaçının 2010-cu il tarixindən başqa ünvanda yerləşən ünvanda anası ilə yaşadığını özü də iddia ərizəsində qeyd etmişdir. İddiaçının başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu və yaşadığı Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 7611 saylı 16.01.2019-cu il tarixli arayışından məlumdur. 28.01.2019-cu il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv olunması və iddianın 82 350 manat məbləğində təmin olunması barədə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yaşayış evinin tikilisi altında olan sahəsinin 1/6 hissəsinə görə, yəni 388.31 m2 : 6 = 64.71 m2 x 1.500 manat= 97.065 manat məbləğində kompensasiya müəyyən etməli idi. Lakin məhkəmə hesablamada səhvə yol vermişdir. İşin materiallarında olan müqavilələrin surətindən müəyyən edilir ki, orada yaşayanlara hər bir kv.metr üçün kompensasiyanın məbləği müxtəlif olmaqla 2.381 manat, 5.929 manat, 2.922 manat və s. məbləğində müəyyən edilmişdir. İşin apellyasiya icraatı zamanı X29 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi cavabdehin apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.Əlavə olaraq, o, iddiaçının evdə yaşamadığını, qeydiyyatda olmadığını, anasının vəfat etməsindən sonra çıxarış almadığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi.Əlavə olaraq, o, iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu,lakin koronavirus pandemiyası ilə əlaqədar gələ bilmədiyini, iddiaçının bütün sənədlərinin qaydasında olmasına baxmayaraq kompensasiya təklif olunmadığını, sənədi olmayan şəxslərə isə yüksək məbləğdə kompensasiya ödənildiyini, iddiaçının anasının həmin evə çıxarışının olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X29 izahat verərək, anasının vəfat etdiyini, onlara kompensasiyanın verilməli olduğunu və haqlı olaraq verildiyini, iddiaçını tanımadığını, hazırkı iş üzrə yekun məhkəmə qərarını isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, 87 858,9 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının və cavabdehin apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası həmin qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçı xx.xx.1975-cı ildə Bakı şəhərində doğulmuşdur (XVİ-JQ seriyalı 295167 №-li doğum haqqında şəhadətnamə). Həmin doğum haqqında şəhadətnamədə ata qrafasında «X20», ana qrafasında «X44 Qulu » göstərilmişdir. X20 ilə X9 nikaha girmiş və bu barədə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 01.11.1969-cu il tarixdə 1379 №-li nikah akt qeydi tərtib olunmuş, nikah bağlandıqdan sonra ərə Cabarov, arvada Cabarova soyadı verilmişdir. - İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır (Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 7611 saylı 16.01.2019cu il tarixli arayış) - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 15.11.1997-ci il tarixli MH seriyalı 148201 №-li Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə iddiaçının mərhum anası X2 adına xususi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Həmin İdarə tərəfindən həmin evə dair X10, yəni Cabarova Əminənin ərinin adına texniki pasport verilmişdir. Həmin texniki pasporta əsasən ünvan 3 ünvanında yerləşən mübahisəli evin yerləşdiyi cəmi meydançanın sahəsi 494,2 k.metrdən ibarət olmuşdur. Adıçəkilən texniki pasportdan eyni zamanda evin ümumi sahəsinin 221,5 kv m olduğu müəyyən edilir (A tikili 114,5 kv m, B tikili 62,3 kv m, V tikili 44,7). 21.11.2002-ci il tarixdə mübahisəli evə dair Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən FM seriyalı 017285 №-li Qeydiyyat Vəsiqəsi verilmiş və həmin Qeydiyyat Vəsiqəsində evin ümumi sahəsi 221,5 kv.m qeyd olunmuşdur. X20 11.03.1992-ci ildə ölmüşdür (Sabunçu rayonu Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən 07.10.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 817688 №li ölüm haqqında şəhadətnamə). X8 16.02.2013-cü ildə ölmüşdür (Sabunçu rayonu qeydiyyat şöbəsinin Maştağa qəsəbə Bölməsi tərəfindən 21.02.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 603966 №-li ölüm haqqında şəhadətnamə). - Bakı şəhəri 17 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 07.12.2018ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən müəyyən olunur ki, vəsiyyətnaməyə əsasən 16.02.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 15.11.1997-ci il tarixdə X3 verilmiş 30/15547 qeydəalma nömrəsi ilə 175 h/e nömrəli kitabın 7839-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evinin 1/6 hissəsindən ibarətdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 28.06.1974-cü il tarixli şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən qeyd edilmişdir ki, 5 nömrəli Bakı şəhər Dövlət Notariat Kontorunun dövlət notariusunun səlahiyyətlərini icra edən B.M.Babayev təsdiq edir Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə 18 sentyabr 1943-cü ildə müharibədə həlak olan vətəndaş X26 və 18 yanvar 1972-ci ildə vəfat edən Cabarova Seyid X23 mülkünün vərəsəsi plemyannik (mətnə uyğun) X13r, Bakı şəhəri, 16-cı Zavokzalnaya küçəsi, ev 42, mənzil 30 qeydiyyatda olan. Bu şəhadətnamənin verildiyi miras əmlakı ünvan 7 ünvanında yerləşən tam evin 2/3 hissəsini təşkil edir. Məhkəmə Kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Bakı şəhərinin Baş Planının icrasının təmin edilməsi ilə əlaqədar şəhərdə aparılan yolnəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması və bununla əlaqədar abadlıq quruculuq işləri çərçivəsində Yasamal rayonu ərazisində Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı küçəsi, Qurban Xəlilov və B.Ağayev küçələrinin əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsini kəsməklə Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşfiq küçəsi istiqamətindəki ərazidə yerləşən bir sıra yaşayış və qeyriyaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən 501 №-li 12.12.2013-cü il tarixli Sərəncam qəbul olunmuşdur. Həmin Sərəncamda yaşayış və qeyri-yaşayış sahələrinin köçürülmə işlərinin altı mərhələdə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nəriman Nərimanov, İnşaatçılar prospektləri və İsmayıl Qutqaşınlı, Qurban Xəlilov, Bəhram Ağayev küçələrinin əhatəsində yerləşən ərazidə, Bəhram Ağayev küçəsi ilə Landau küçəsinin kəsişməsindən İsmayıl Qutqaşınlı küçəsi istiqamətində Qurban Xəlilov küçəsi də daxil olmaqla Mikayıl Müşfiq küçəsinə qədər yol-nəqliyyat infrastrukturunun genişləndirilməsi məqsədi ilə həmin küçələrin əhatəsində yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin birinci mərhələ üzrə həyata keçirilməsi qeyd olunan Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulmuşdur. Həmin Sərəncamın 2-ci bəndinə əsasən yuxarıda qeyd olunmuş ərazidə mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi işlərinin həyata keçirilməsi Cavabdehnə həvalə edilmişdir. Həmin Sərəncamın 3.1-ci bəndi ilə yuxarıda qeyd olunmuş ərazidə mövcud olan, köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi, 3.2-ci bəndi ilə köçürülməyə məruz qalan daşınmaz əmlak sahiblərinə kompensasiyaların ödənilməsi üçün tələb olunacaq maliyyə vəsaiti barədə ilkin hesablamaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə təqdim olunmasının təmin edilməsi Cavabdehnə tapşırılmışdır. Bu məqsədlə Cavabdeh 20.12.2013-cü il tarixli 518 №-li Sərəncamı ilə Komissiyaya yaradılmışdır. İş materiallarından görünür ki, mübahisəli ev yuxarıda qeyd olunan Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 501 №-li 12.12.2013-cü il tarixli Sərəncamının təsiri altına düşmüşdür. Bakı şəhərində abadlıq işləri ilə əlaqədar söküntü işləri başlayan zaman Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Başçısına 14 fevral 2011-ci il tarixli məktub göndərilmişdir. Həmin məktubun mənasına görə köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğində kompensasiyanın ödənilməsi məqsədəmüvafiq hesab edilmişdir. Bunu əsas götürərək Cavabdeh də məhz bu məbləğlə həmin ərazidə yerləşən evlərin alqı-satqısını həyata keçirtmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, qeyd edilən ərazidə yerləşən yaşayış və qeyriyaşayış sahələrinin hər kvadrat metri üçün 1500 manat məbləğində kompensasiyanın ödənilməsi nəzərdə tutulsa da, iş materiallarından görünür ki, digər mülkiyyətçilərlə inzibati orqan arasında daha yüksək məbləğlər ödəməklə alqı-satqı müqavilələri bağlanmışdır. Belə ki, X31 ona məxsus olan mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini 87 835 manata Cavabdehnə satmışdır (27.05.2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Qeyd edildiyi kimi, mübahisəli evin ümumi sahəsi 221,5 kv m və onun 1/6 hissəsi 36,88 kv m təşkil etmişdir. Beləliklə, Aslanova Sevilə hər kv m üçün 2381 manat ödənilmişdir. Abdullayeva (Rəhimova) Firuzə Heybət qızı, X14, X6, X5 mübahisəli evin 2/6 hissəsinin, yəni 73,76 kv m hissəsinin mülkiyyətçiləri olublar. Abdullayeva (Rəhimova) Firuzəyə 38005 manat ödənilmişdir (21.06.2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi). X35 mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini (yaşayış sahəsi 15,3 kv.m olan) 90 715 manata Cavabdehnə satmışdır (17.04.2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqısatqı müqaviləsi). Beləliklə, Əliyeva Elmiraya hər kv m üçün 5929 manat ödənilmişdir. X15 mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsini (yaşayış sahəsi 16,8 kv.m olan) 49 105 manata Cavabdehnə satmışdır (20.05.2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Beləliklə, Mehtiyev Tahirə hər kv m üçün 2922 manat ödənilmişdir. X5 mübahisəli evin paylı mülkiyyət üzrə qalan hissəsini 123 841 manata Cavabdehnə satmışdır (12.05.2014-cü il tarixli AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi). Eyni zamanda mübahisəli evin bir hissəsinə görə həmin evə sənədləri olmayan X27 93 423 manat, X21 99 553 manat ödənilməklə həmin sahələr Cavabdeh tərəfindən satın alınmışdır. (29.05.2014-cü il tarixli müqavilələr). Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından və cavabdehin nümayəndəsinin izahatlarından müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ünvan 8 ünvanında yerləşən yaşayış sahəsinə dair hər hansı kompensasiya məbləği ödənilməmişdir. Bununla əlaqədar olaraq, cavabdehin apellyasiya şikayətində də qeyd edilmişdir ki, iddiaçı, mübahisə predmetinə dair nə yaşayış yeri üzrə qeydiyyatda olmamış, nə də həmin evdə yaşamamışdır. Mübahisə predmeti olan sözügedən fərdi yaşayış sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, eyni zamanda iddiaçının həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmadığından və həmin evdə faktiki olaraq yaşamadığından kompensasiya verilməsi mümkün deyildir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən «Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur»; Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən «Dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər». İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci cümləsinə əsasən «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin başqa yerdə yaşaması və ya başqa yerdə qeydiyyatda olması onu mülkiyyət hüququndan məhrum etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Göründüyü kimi şəxsin bir neçə yaşayış yeri ola bilər, eyni zamanda iddiaçının başqa yerdə qeydiyyatda olması onun digər yerdə olan əmlakı üzərində hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri 17 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən 07.12.2018-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən müəyyən olunur ki, vəsiyyətnaməyə əsasən 16.02.2013-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak 15.11.1997-ci il tarixdə X3 verilmiş 30/15547 qeydəalma nömrəsi ilə 175 h/e nömrəli kitabın 7839-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evinin 1/6 hissəsindən ibarətdir. Göründüyü kimi iddiaçı X3 verilmiş 30/15547 qeydəalma nömrəsi ilə 175 h/e nömrəli kitabın 7839-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak fərdi yaşayış evinin 1/6 hissəsi üzərində tam paya malikdir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən 21.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Baki Ərazi İdarəsinə sorğu ünvanlanaraq, İşin obyektiv və hərtərəfli araşdırılması üçün ünvan 9 ünvanında yerləşən ev üzrə bütün mülkiyyətçilər, payçılar haqqında mülkiyyət hüququnun əldə olunmasına əsas olan alqı-satqı, bağışlama, vərəsəlik və s., eyni zamanda X2 və X10 adına tərtib olunmuş çıxarışların, texniki pasportların, eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.09.2019-cu il tarixli, **********98 nömrəli məktubuna əsasən qeyd edilmişdir ki, 17 saylı DNK-nın 15.10.1997-ci il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sovet küçəsi, ev 62 saylı fərdi yaşayış evinin 3/6 hissəsi Cabarova Əminənin adına qeydiyyatdan keçmişdir, 12 saylı DNK-nın 12.05.1998-ci il tarixli, 3ma-573 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1/6 hissə X1 və 1/6 hissəsi X11 adlarına özgəninkiləşdirilmişdir, qalan 1/6 hissəsi Əminə Cabarovanın mülkiyyətində olmuşdur, bu göstərilənlərlə bağlı və ümumiyyətlə ünvan 9 ünvanlı evlə bağlı sorğuda əks olunmayan, lakin mübahisənin həlli ilə bağlı məsələlər barədə məhkəməyə yazılı münasibət bildirilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini 1 saylı Baki Ərazi İdarəsinin 16.02.2021-ci il tarixli **********42№-li cavab məktubunda ünvan 10 ünvanının 1/6 hissəsi X1, 1/6 hissəsi Cabarova Əminə Hüseyn Qulu qızının, 2/6 hissəsinin qalan hissəsindən bir hissəsi X7, 2/6 hissəsinin qalan hissəsindən bir hissəsi isə X16 mülkiyyətlərindədir. Sözügedən fərdi yaşayış evinin digər payçılarından olmuş X17, X33, Rəsulov Məmməd X38, X31, X12 hissələri üzərində qeyd olunan şəxslərin mülkiyyət hüquqları Yasamal Rayon İcra Hakimiyyəti ilə bağlanmış alqı-satqı müqavilələrinin imzalanmasından sonra ləğv edilmişdir. Sorğuya uyğun olaraq arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin surətləri (39 vərəq) məhkəməyə göndərilmişdir. Yuxarıda qeyd edilən cavab məktubundan göründüyü kimi ünvan 10 ünvanının 1/6 hissəsi Cabarova Əminə Hüseyn Qulu qızının mülkiyyətində olmuş və onun mülkiyyət hüququnun ləğv edilməsinə dair hər hansı sənəd-sübut qeydiyyat orqanında mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati iş üzrə cavabdeh inzibati orqanın iddiaçıya kompensasiya ödənilməsinin mümkün olmaması barədə mövqeyi əsassızdır. İş materiallarına olan texniki pasportdan, qeydiyyat vəsiqəsindən, eyni zamanda Rəsulov X18 məxsus MA seriyalı, ******* nömrəli çıxarışdan göründüyü kimi, ünvan 11 ünvanında yerləşmiş fərdi yaşayış evinin ümumi sahəsi 221.5 kv metr olmuşdur. Qeyd edilən fərdi yaşayış sahəsinin 1/6 hissəsi – yəni 36,9 kv.m (221.5 kv.m : 6 = 36.9 kv.m) Cabarova Əminə Hüseyn Qulu qızının mülkiyyətində olmuşdur. İş materiallarından müəyyən edildiyi kimi, X22 ona məxsus olan mübahisəli evin paylı mülkiyyət üzrə ona məxsus 1/6 hissəsinin hər kv. metri üçün 2381 manat ödənilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən qanun normasına əsasən cavabdeh inzibati orqan tərəfindən X22 evin 1/6 hissəsinin hər kv metri üçün 2381 manat ödənildiyi nəzərə alınmaqla, Cabarova Əminə Hüseyn Qulu qızının mülkiyyətində olan 1/6 hissənin hər kvadrat metri 2381 manatdan hesablanmalıdır. Beləliklə , hazırkı inzibati iş üzrə iddiaçıya fərdi yaşayış sahəsinin 1/6 hissəsi- yəni 36.9 kv metri üçün hər kv. metri 2381 manatdan hesablanmaqla, 87 858,9 manat (36,9 x 2381 = 87 858,9 ) ödənilməlidir. Cavabdeh inzibati orqan işin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən təklif edilsə də, müvafiq ünvanla bağlı digər şəxslərə kompensasiya ödənilməsi barədə sənədləri tam şəkildə məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq, iddiaçının mübahisələndirilən fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışının olmaması və bu səbəbdən kompensasiya hesablanmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, hər bir halda cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən 1/6 hissə ilə bağlı kompensasiya hesablanmalı və həmin məbləğ depozit hesabında saxlanılmalı idi. Lakin iş materiallarından və cavabdeh orqanın apellyasiya şikayətindən göründüyü kimi, inzibati orqan ümumiyyətlə həmin sahəyə dair kompensasiya hesablamamış və əsassız olaraq, söküntü işləri aparmış və iddiaçının hüquqlarını və qanuni mənafelərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının və cavabdehin apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1298/2019 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, 87 858,9 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1298/2019 saylı iş üzrə 24 dekabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə 87 858,9 manat (səksən yeddi min səkkiz yüz əlli səkkiz manat doxsan qəpik) məbləğində kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar