Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-54/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı icarə əsasənda istifadə hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Yusifov X3 rayonu Zabrat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 sayh şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, Sabunçu rayonu Zabrat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsi yüngül konstruksiyalı ticarət obyektinin quraşdırılması məqsədi ilə icarəyə verilmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 35 gündən çox müraciətinə cavab verməməklə müraciətdən imtina etmişdir. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası əsassız hesab olunmalı və Sabunçu rayonu Zabrat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 410 saylı icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.m. torpaq sahəsinə dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməlidir. Cavabdeh qurum tərəfindən iddiaçıya verilən xx.xx.2021- ci il tarixli yazılı imtinada torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Həmçinin icarə müqaviləsində düzəliş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4480/2021 saylı inzibati işi üzrə məhkəmə mübahisəsi davam edir. Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarı və həmçinin tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə qanunvericiliyə uyğun sənədlər təqdim edilmədiyi üçün ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq: dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına: dövlət və bələdiyyə büdcəsindən maliyyələşən müəssisələrə, idarələrə, təşkilatlara və birliklərə; həmkarlar ittifaqlarına və dini təşkilatlara; dövlət əhəmiyyətli dağmədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə təbii qoruq, tarixmədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisə və idarələrinə; dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə, idarə və təşkilatlara; dövlətin, bələdiyyənin və əhalinin vəsaiti hesabına inşa edilən sahibkarlıq fəaliyytinə aid olmayan çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına; müstəsna hallarda, bu kimi torpaq istifadəçilərinin (mənzil tikintisi istisna olmaqla) fəaliyyət çüddəti bəlli olduqda dövlət və bələdiyyə torpaqları onların müvəqqəti istifadəsinə verilə bilər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə İddiaçı verilmiş Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 1(103)- 334/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına əsasən, iddiçı İddiaçı ilə Bakı şəhəri, Sabunçu rayon Zabrat Bələdiyyəsi arasında bələdiyyə torpaqlarının (yaşayış və qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2007- ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 20 kv.m. olan torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Sözügedən məhkəmə qərarı icra edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1360/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2081/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1360/2022 nömrəli, 13 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi bələdiyyə qərarının mövcudluğu istiqamətində araşdırma aparmaqla yanaşı, iddiaçı ilə Zabrat Bələdiyyəsi arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinin qüvvədə olubolmaması ilə bağlı da araşdırma aparmalıdır. Belə ki, iş materiallarında olan icarə müqaviləsinin məzmunundan və bələdiyyənin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan (iş v.44) müəyyən olunur ki, icarə müqaviləsi xx.xx.2022-ci ilədək qüvvədədir. Odur ki, müqavilə münasibətlərinin davam edib-etmədiyi məsələsi aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdr. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iş materiallarında olan icarə müqaviləsindən görünür ki, Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsi iddiaçının icarəsinə hər hansı tikinti üçün deyil, yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması məqsədilə verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin ayrılması məqsədi – yüngül konstruksiyalı ticarət obyektinin (ticarət köşkü) quraşdırılması iddiaçıya torpaq ayrılarkən torpaq sahəsinə dair Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinin rəylərinin tələb olunmasını istisna edir. Həmçinin, cavabdehin imtina üçün qeyd etdiyi icarə müqaviləsinin tarixində edilmiş düzəlişlə bağlı birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmənin sorğusu əsasında Zabrat Bələdiyyəsi tərəfindən təqdim edilmiş (3 dəfə) icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Zabrat Bələdiyyəsi arasında Zabrat qəsəbəsi, İstixana kombinatı 35 saylı binanın şimal hissəsi ünvanında yerləşən, ümumi sahəsi 20 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin müddətindən bəhs edən 6-cı maddəsində icarə müqaviləsinin 12 noyabr 2007-ci il tarixdən 12 noyabr 2022-ci il tarixə qədər müddətə bağlandığı qeyd edilmişdir. Sözügedən icarə müqaviləsinin 2022-ci ilədək bağlanması barədə razılıq (üzərinə dəyişiklik olmaqla) tərəflərin imzaları, eləcə də Zabrat Bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Həmçinin, müqavilənin müddətində sonradan birtərəfli qaydada düzəliş edilməsi məsələsi Zabrat Bələdiyyəsi tərəfindən mübahisələndirilməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun: ... 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... Hazırkı iş üzrə iddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçı Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə ona verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarından müəyyən edilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi də məhz “Bələdiyyə torpaqlarının (yaşayış və qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsinə istinad edərək iddia tələbini təmin etmişdir. Lakin Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişlərini nəzərə alan məhkəmə kollegiyası işin təkrar apellyasiya icraatı zamanı Sabunçu rayon Zabrat Bələdiyyəsinə müvafiq sorğu ünvanlayaraq işin obyektiv həlli məqsədilə, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı şimal hissəsində yerləşən 20 kv.metr torpaq sahəsinin yüngül konstruksiyalı ticarət obyektinin quraşdırılması məqsədi ilə İddiaçı ilə Zabrat Bələdiyyəsi arasında bağlanmış 12 noyabr 2007-ci il tarixli, 410 saylı İcarə müqaviləsinin qüvvədə olub-olmaması barədə məlumatların, həmçinin Zabrat Bələdiyyəsinin 28 iyun 2002-ci il tarixli, 33 saylı qərarının təsdiq edilmiş surətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Sorğuya cavab olaraq ünvanlanmış 13/11 saylı, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “12 noyabr 2007-ci il tarixdə Zabrat qəsəbəsi İstixana Kombinatı 35 saylı binanın şimal hissəsində 20 m2 torpaq sahəsi ilə bağlı İddiaçı ilə Zabrat bələdiyyəsi arasında 410 saylı icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin müddəti 12 noyabr 2022-ci ilə qədər olmuşdur. 2022-ci ildə icarə müqaviləsinin müddətinin uzadılması barədə vətəndaş müraciət etsə də, 2009-cu ildə “Bələdiyyə torpaqlarının ayrılması və sənədləşdirilməsi barədə” Azərbaycan Respublikası Qanununda aparılmış dəyişikliyə əsasən, bu günə qədər Zabrat qəsəbəsi inzibati ərazisi daxilində torpaqlara dair Xəritə və Dövlət Aktı verilmədiyi üçün heç bir torpaq sahəsinin ayrılması və ya icarə müqaviləsinin uzadılması barədə hər hansı bir hüquqi akt qəbul edə bilmədikləri barəsində vətəndaş məlumatlandırılmışdır. Qeyd olunan torpaq sahəsi İddiaçı istifadəsində qalmaqdadır və istifadə ilə bağlı torpaq vergisi 2023-cü ildə də vətəndaş tərəfindən ödənilmişdir.” Göründüyü kimi iddiaçı ilə Zabrat bələdiyyəsi arasında Zabrat qəsəbəsi İstixana Kombinatı 35 saylı binanın şimal hissəsində 20 m2 torpaq sahəsi ilə bağlı icarə münasibətləri xx.xx.2022-ci il tarixədək mövcud olmuş və müqavilənin müddəti iddiaçının müraciəti mövcud olsa da , uzadılmamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırda qüvvədə olan icarə müqaviləsi mövcud olmadığından torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbləri tam ödənilməmişdir. Belə olan halda cavabdeh inzibati orqan haqlı olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; Yuxarıda qeyd edlənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka dair hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edilmədiyindən, iddiaçının sözügedən daşınmaz əmlaka istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8979/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «Bakı şəhəri, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin 12 noyabr 2007-ci il tarixli 410 saylı icarə müqaviləsi ilə İddiaçı verilmiş Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, İstixana kombinatı, 35 saylı evin şimal hissəsində yerləşən 20 kv.m torpaq sahəsinə dair icarə əsasında istifadə hüquqlarının dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-54/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-54/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver