Məhkəmə qərarları › İş №2-1(103)-54/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-54/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-54/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X1 və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-370/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsi tərəfindən verilmiş sərəncam və eskiz layihə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdə Zığ Bələdiyyəsinə ərizə ilə müraciət edərək fərdi ev tikintisi üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bələdiyyədə ərizəsinə baxıldıqdan sonra ona Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.m torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilmişdir. 29 dekabr 2006-cı il tarixli 56 nömrəli Bakı şəhəri Suraxanı rayonu X2 ilə fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şərq hissəsində 480 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 25 dekabr 2006-cı il tarixdə torpağın özəlləşdirilməsi ilə bağlı 1305 manat pulu bələdiyyənin hesabına köçürmüşdür. Həmin torpaq sahəsini aldığı vaxtdan 2015-ci ilədək torpaqla bağlı vergi və ödənişləri ödəmişdir. xx.xx.2021-ci il tarixdə cavabdehə həmin torpaq sahəsinə çıxarışın alınması üçün müraciət etmiş, lakin həmin idarə torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyə qərarının və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyinin sənədlər toplusuna əlavə edilmədiyinə istinad edərək xahişini təmin etməmişdir. 2006-cı il tarixdə fərdi yaşayış evinin tikintisi üçün bələdiyyə ona torpaq sahəsinin ayrılması barədə sərəncam verdiyi vaxta qeyd olunan sənədləri ona təqdim etməmişdir. Digər tərəfdən, Zığ Bələdiyyəsi tərəfindən ona Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.m torpaq sahəsinin ayrıldığı vaxtdan etibarən torpaq sahəsinin sərhədlərini çəpərləmiş və mütəmadi olaraq torpağın münbit vəziyyətdə qalması üçün yaxşılaşdırma işlərini görmüşdür. Həmçinin xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 600 kv.m torpaq sahəsinin ona məxsus olması ilə bağlı arayış verilmişdir. Həmin arayış da bir daha təsdiq edir ki, həmin torpaq sahəsi Bələdiyyə tərəfindən iddiaçının mülkiyyətinə verilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Səlma Salahova) 2-1(112)-370/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Məhkəmə işin araşdırılması zamanı maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 56 nömrəli sərəncamından görünür ki, Zığ Bələdiyyəsinin ali orqanının qərarına, Azərbaycan Respublikası Torpaq qanununun 4-cü maddəsinin 7-ci bəndinə, “Bələdiyyələrin statusu haqqında” Qanuna, Azərbaycan Respublikası Prezidentinin 27 iyun 1999-cu il tarixli Fərmanına, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şərq hissəsində 480 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair sərəncam verilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, hazırki işin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ayrılması barədə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, bələdiyyə sədri onun səlahiyyətinə aid olmadığı halda təkbaşına sərəncam verərək, bələdiyyə əmlakını iddiaçının mülkiyyətinə vermişdir. Lakin Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 56 nömrəli sərəncamdan görünür ki, sözügedən sərəncam Zığ Bələdiyyəsinin ali orqanın qərarına əsasən qəbul edilmişdir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq sözügedən qərarın əldə edilməsi məqsədilə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə sorğu göndərməmiş, qeyd olunan halı araşdırmamışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsi tərəfindən verilmiş sərəncam və eskiz layihə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətinə etiraz edir və hesab edirlər ki, Bakı İnzibati Məhkəməsinin 30 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. Buna görə də həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd edilən torpaq sahəsi 1976-cı ildən uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və hal-hazırda da torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Sazişin 1 və 2 saylı Əlavələrində Saziş ərazisinə daxil olan torpaqların koordinatları verilmişdir. Mübahisəli torpaq sahəsinin koordinatları da həmin torpaqlar arasındadır. Əlavələr Sazişin ayrılmaz tərkib hissəsidir. Cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcələsinin 22-ci maddəsinin 5-ci bəndinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Həmin Məcələnin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcələnin 86-cı maddəsinin 2-ci bəndinin tələbinə əsasən dövlət torpaqları alqı-satqı obyekti ola bilməz. Hüquqi əsaslandırma: “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanununa əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa halar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Torpaq Məcələsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcələsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcələdə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təb i-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. Həmin Məcələnin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvələr və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Suraxanı rayon Zığ Bələdiyyəsinin qərarı olmuşdursa da (iş materialarında arxiv sənədlərində aşkar olunmadığı bildirilmişdir), bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində, həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılır, “X4 Limited” Əməliyyat Şirkəti tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır. Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi ha ların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft-qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatında əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsinin ayrılmasına səlahiyyətli olub-olmamasına xüsusi diqqət yetirilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın mühafizə zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilər. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi hazırki iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti hazırki iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxs Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli müraciətinizə baxılmışdır. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı akt, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 56 №-li, xx.xx.2006-cı il tarixli sərəncamından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı fərdi ev tikintisi üçün Zığ qəsəbəsinin şərq hissəsindən 480 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 iyul 2022-ci il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsi barədə məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə təqdim olunması barədə Sizin xx.xx.2022-ci il tarixli sorğunuza baxılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 56 nömrəli Sərəncamı ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m torpaq sahəsinin ayrılmasına dair (torpaq sahəsinin yeri, yerləşdiyi zona, normativ qiyməti və sair) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilib-edilməməsi ilə bağlı məlumatın verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində baxılmışdır. Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 56 nömrəli Sərəncamı ilə İddiaçı 480 kv.m torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli məktublarla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: Göstərilən torpaq sahəsi sənəd üzrə 480.0 kv.m olsa da, faktiki olaraq 550.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin bir tərəfindən 10 metr aralı məsafədən yüksək gərginlikli (10kVt-lıq) elektrik xətti, bir tərəfindən 3-5 metr aralı məsafədən 325 mm-lik diametrli orta təzyiqli qaz xətti keçir. Qeyd olunan kommunikasiya xətləri barədə aidiyyəti təşkilatların rəyinin alınması məqsədəuyğundur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Abşeron OS). Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahənin bir hissəsi qaz xəttinin mühafizəsinə düşür. Sahəyə dair yerləşmə cizgisi qeyri-müəyyən olmaqla uyğunsuzluq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/3838 nömrəli ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 480.0 kv.m olsa da, faktiki olaraq 550.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Torpaq sahəsinin bir tərəfindən 10 metr aralı məsafədən yüksək gərginlikli (10kVt-lıq) elektrik xətti, bir tərəfindən 3-5 metr aralı məsafədən 325 mm-lik diametrli orta təzyiqli qaz xətti keçir. Qeyd olunan kommunikasiya xətləri barədə aidiyyəti təşkilatların rəyinin alınması məqsədəuyğundur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Abşeron OS). Sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göstərilən sahənin bir hissəsi qaz xəttinin mühafizəsinə düşür. Sahəyə dair yerləşmə cizgisi qeyri-müəyyən olmaqla uyğunsuzluq təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Zığ Bələdiyyəsi tərəfindən verilmiş sərəncam və eskiz layihə əsasında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən ərazidən 480 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 56 №-li, xx.xx.2006-cı il tarixli sərəncamı məhkəməyə təqdim edilsə də, bununla əlaqədar Torpaqların alqı-satqısına dair akt, torpaq sahəsinin koordinatlarını özündə əks etdirən sxem və qeyd olunan sərəncamın verilməsi ilə əlaqədar olan digər sənədlər həm cavabdeh inzibati orqana, həm də məhkəməyə təqdim edilmədi. Məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinə sorğu verilərək müvafiq sənədlər tələb edilsə də, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda İddiaçı Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmadığı və sənədləşdirmə işlərinin aparılmadığı bildirilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin şərq hissəsində yerləşən 480 kv.m torpaq sahəsinin İddiaçı ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar müraciət edilməsi, bununla bağlı rəyin verilməsi barədə hər hansı sənəd aşkar edilməmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 56 nömrəli Sərəncamı ilə İddiaçı 480 kv.m torpaq sahəsinin ayrılmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda Zığ Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 56 saylı sərəncamı ilə iddiaçıya torpaq sahəsinin ayrıldığı bildirilsə də (iş mat. səh.18), Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda İddiaçı Zığ Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmadığı və sənədləşdirmə işlərinin aparılmadığı bildirilmişdir (iş mat. səh.107). Bu ziddiyyətlə əlaqədar Zığ Bələdiyyəsinə məhkəmə tərəfindən sorğu verilərək bələdiyyənin qərar və sərəncamlarının qeydiyyat kitabının məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubla 2006-cı il dekabr ayı üzrə qərar və ərəncamların qeydiyyat jurnalının surəti məhkəməyə təqdim edilmişdir. Həmin qeydiyyat jurnalından görünür ki, Zığ Bələdiyyəsinin 56 nömrəli qərarı ilə xx.xx.2006-cı ildə başqa şəxsə - Mirzəxan Əzimxan oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır (iş mat. səh.186). Həmçinin iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 56 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Mirzəxan Əzimxan oğluna ayrılmış 400 kv.m torpaq sahəsi üçün onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN- 29953H nömrəli (kod ********) şəhadətnamə də tərtib edilmişdir (iş mat. səh.163-167). Göründüyü kimi, iddiaçıya qeyd olunan bələdiyyə sərəncamına əsasən torpaq sahəsinin ayrılması iş materialları ilə öz təsdiqini tapmır. Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən məhkəməyə təqdim edilmiş bələdiyyənin qərar və sərəncamlarının qeydiyyat jurnalının surətində həmin dövrə aid sənədlərin arasında iddiaçının istinad etdiyi bələdiyyə sərəncamının qeydiyyata alınmadığı müəyyən edilir. Əksinə, həmin qeydiyyat jurnalından görünür ki, Zığ Bələdiyyəsinin 56 nömrəli qərarı ilə xx.xx.2006-cı ildə başqa şəxsə - Mirzəxan Əzimxan oğluna 400 kv.m torpaq sahəsi ayrılmışdır və həmin qərara əsasən onun adına Torpağın mülkiyyətə verilməsinə dair JN-29953H nömrəli (kod ********) şəhadətnamə tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-370/2023 nömrəli, 30 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar