Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-540/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5312/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli İQ-76/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, DMX-nin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə inzibati orqanın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. DMX-nin qərarında aşağıdakı fundamental səhvlərə yol verilib: DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin dini etiqadını İslamdan xristiana dəyişdiyi üçün təqib edilməsi riskidir; DMX ərizəçinin əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmayıb və şablon ifadələrdən istifadə edib. İddiaçı dini mənsubiyyətini İslam dinindən xristian dininə dəyişdiyi üçün yaxınları və ətrafı tərəfindən təqib edilməsi səbəbindən ölkəsini tərk etmişdir və bir daha Pakistana qayıtmaq istəmir. İş üzrə mühüm fakt ərizəçinin dini mənsubiyyətini xristian olaraq dəyişdirməsidir. İddiaçı qeyri-rəsmi qurumlar tərəfindən təqib edilir. Ölkənin rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyil. Dini mənsubiyyətini İslamdan digər dinlərə dəyişənlər adekvat müdafiə ilə təmin edilmirlər. Pakistana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən, dini zəmində zorakılıq (qeyrimüsəlman əhali, o cümlədən xristianlara qarşı) Pakistan İslam Respublikasında geniş yayılmışdır. Cəmiyyətin ən çox marginasiya edilmiş təbəqələri arasında xristian qadın və qızların xüsusilə cinsi və gender əsaslı zorakılıq, İslamın məcburi qəbul etdirilməsi və müsəlman kişilərlə məcburi evlilik, habelə ayrıseçkilik və zorakılığın digər formaları olduğu bildirilir. Bu işlərin hesabat və monitorinqin olmaması səbəbindən məcburi dini mənsubiyyətinin dəyişdirilməsinin və məcburi evliliyin yayılma dərəcəsini qiymətləndirmək çətindir: hesablamalar hər il Pakistanda 100-700 nəfər xristian qızın məcburi dini mənsubiyyətini dəyişdirməyə və məcburi müsəlman kişi ilə evləndirilməyə məruz qaldığı göstərilir. Xristian kişilərin də məcburi dini mənsubiyyətini dəyişdirimənin qurbanı ola biləcəyi bildirilir. Xristianlara istiqamətlənmiş kütləvi zorakılıq hadisələri ölkə daxilində davam edir. Analitiklər zorakılığı sünni ekstremist ideologiyasının təsirinin artması ilə əlaqələndirirlər. Hərbi birləşmələr xüsusən kilsə ibadətləri və ya dini mərasimlər zamanı hücumlar həyata keçirirlər. 2016-cı ilin sentyabr ayında dörd silahlı şəxs Peşəvərdə xristian bir koloniya adı ilə tanınan bir xristian yaşayış sahəsinə hücum edərək bir nəfəri öldürmüşdür. 2016-cı ilin mart ayında Pasxa Bazar günü Lahordakı parkda bir intiharçı (kamikadze) ən azı 72 adam öldürmüşdür. Pakistan Talibanının parçalanmış bir qrupu məsuliyyəti öz üzərinə götürərək hücumda xristianları hədəf aldıqlarını açıqlamışdır. Göstərilənlərdən hasil olan nəticələrə görə, iddiaçının izahatları mötəbərliyin daxili (müfəssəlik və ardıcıllıq) və xarici (MÖM-lə uyğunluq) amillərinin tələbatlarını ödəyir. Buna görə də onun izahatları inandırıcılıq keyfiyyətinə malikdir. Beləliklə, iddiaçının izahatları mötəbər sayılmalıdır. Odur ki, iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Pakistan İslam Respublikasının Pəncab vilayətinin Lahor şəhərində anadan olduğunu, milliyyətcə pəncabi, dini etiqadına görə xristian (protestant) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra 2014-2017-ci illər ərzində İBL (The İnstitute of Business Leadership) adlı kollecdə jurnalist ixtisası, 2018-2019-cu illərdə isə Pəncab Universitetində Amerika ədəbiyyatı üzrə təhsil aldığını, 2011-ci ildən etibarən əmək fəaliyyətinə başladığını, müxtəlif məkanlarda İngilis dilini tədris etdiyini, 2018-cı ilin noyabr ayından 2019-cu ilin noyabr ayına qədər isə Malvik sığorta şirkətinin çağrı mərkəzində çalışdığını bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən iddiaçı subay olduğunu, hələ 7 yaşında olarkən valideynlərinin boşandıqlarını, 2 qardaşı, 1 bacısının olduğunu, anasının 2016-cı ildə vəfat etdiyini, qardaşlarının və atasının hazırda Pakistanda, bacısının isə onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını demişdir. İddiaçı əvvəllər İslam dininə (şiə) etiqad etdiyini, sonralar xristian olan dostlarının vasitəsilə özünün və bacısı Tayyba Saghirin bu din (xristian dini) haqqında maraqlandığını (təxminən 2016-cı ildən etibarən), tez-tez kilsəyə getdiklərini və nəhayət xx xxxxxxxx 2019-cu il tarixdə dinlərini dəyişərək xaç suyuna salındıqlarını bildirmişdir. İddiaçı bacısı ilə birlikdə kilsəyə getdikləri üçün qardaşları və dayısı tərəfindən fiziki təzyiqə məruz qaldıqlarını, dinlərini dəyişdikləri üçün ölümlə hədələndiklərini, bu səbəbdən Pakistanda yaşamaq istəmədiklərini və ölkəni tərk edərək xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiklərini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı Pakistanda qalacaqları təqdirdə dinlərini dəyişdikləri üçün din xadimləri tərəfindən ittiham edilərək cəzalandırıla biləcəklərindən ehtiyat etdiklərini desə də, söylədiklərindən onun və bacısının 2016-cı ildən etibarən mütəmadi olaraq kilsəyə getdikləri, lakin bu məsələdən ötən uzun illər ərzində hər hansı din xadiminin və ya hakimiyyət orqanlarının xəbər tutmadığı məlum olmuşdur. İddiaçı kilsəyə getdikləri və dinlərini dəyişdirdikləri üçün qardaşları və dayısı tərəfindən fiziki təzyiqlərə məruz qaldıqlarını bildirsə də, söylədiklərindən onun və bacısının bu məsələyə o qədər də əhəmiyyət vermədikləri və kilsəyə mütəmadi olaraq getməyə davam etdikləri məlum olmuşdur. Bundan başqa, iddiaçının pasportuna baxış keçirilən zaman onun dininin İslam olaraq göstərildiyi məlum olmuşdur. O, xx.xx.2019-cu il tarixdə xristianlığı qəbul etdiyini bildirsə də, pasportunu dinini dəyişdikdən sonra yəni xx.xx.2019-cu il tarixdə əldə etdiyi, lakin buna baxmayaraq dininin hələ də İslam olaraq göstərilməsi söylədiklərini inandırıcılıq baxımından şübhə altına almış və bu şübhə onun xeyrinə həll edilməmişdir. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli İQ-76/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı bu qərardan inzibati şikayət vermiş, lakin həmin qərar cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 146 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini dini ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində İslamdan başqa dinlərə dözümsüzlüyün hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir münasibətin nəticəsi kimi əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5312/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-540/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-540/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver