Məhkəmə qərarları › İş №2-1(103)-540/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-540/2023

02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-540/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “2021-ci il üçün əkin subsidisiyasının ödənilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7120/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında iddiaçıya bitkiçilik sahəsi üzrə subsidiya ödənişinin təyin edilməsi və iddiaçının hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyekti olmaqla əsasən pampıq becərilməsi ilə məşğul olur. Pambıq becərilməsinin həyata keçirildiyi sahələrdən biri də xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsi əsasında Cəmiyyətin istifadəsində olan və Kürdəmir rayon ərazisində yerləşən torpaq sahəsidir. Cəmiyyətimizlə "xxxx" MMC (bundan sonra “Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 saylı “Xam pambığın alqı-satqısına dair” Müqaviləyə əsasən Alıcı tərəfindən Cəmiyyətin istifadəsində olan Kürdəmir rayon ərazisində yerləşən torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlər razılaşdırılmış müddət, qiymət və həcmdə yerinə yetirilməli, Cəmiyyət tərəfindən yığılmış məhsul həmin müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Alıcıya təhvil verilməli və Alıcı tərəfindən onun dəyərinin ödənilməlidir. Həmin Müqavilə əsasında "xxxx" MMC zəruri iş və xidmətləri yerinə yetirmiş, istehsal edilmiş pambıq məhsulları Cəmiyyətimiz tərəfindən 529054, 529056, 529060, 529061, 529062, 529063, 529064, 529065, 529066, 529067, 529068, 529070, 529071, 529073, 529076, 529080, 529082, 529084, 529090, 529100, 529130, 529136, 529137, 529186, 529279, 529396, 529406, 529414, 529558, 529593, 529619, 529646, 530033 saylı Pambıq qəbulu qəbzləri əsasında “P-AQRO" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydalarının (bundan sonra “Qaydalar”) 1.2.1-ci və 1.2.2-ci bəndlərinə əsasən subsidiya dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaitidir. “Subsidiya” informasiya sistemi (bundan sonra - SİS) - kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X3” informasiya sisteminin (bundan sonra - EKTİS) altsistemidir. Qaydaların 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır: - baza məbləği x əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı - regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. Tərəflərindən ******* saylı elektron əkin bəyannaməsi xx.xx.2021-ci il tarixində SİS-ə daxil edilmiş, qanunvericiliklə tələb olunan bütün digər sənədlər və məlumatlar tərəfimizdən vaxtında və tam şəkildə təqdim edilmişdir və əlavə hər hansı bir sənəd tələb edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası’’na uyğun olaraq X3 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİSə daxil etməlidirlər. Fərmanın 3.3-cü bəndinə uyğun olaraq təsdiq edilən "Əkin subsidiyasının verilməsi” xidmətinə dair reqlamentdə fermerlər tərəfindən payızlıq əkinlər üzrə məlumatların EKTİS vasitəsilə bəyan edilməsi və subsidiya müraciətləri üçün nəzərdə tutulan müddət sentyabrın 1-dən başlayaraq dekabr ayının 30-dək, yazlıq əkinlər üzrə fevralın 1-dən başlayaraq iyun ayının 1-dək müəyyən edilmişdir. Habelə, Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2021-ci ildə İddiaçı MMC-nin 100 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədləri qanunvericiliyin tələbinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi üçün əkin subsidiyasının hesablanması mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə qaytarılmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi pambıq bitkisi üçün əkin subsidiyası üzrə 26000 manat məbləğində subsidiya ödənişinin təyin edilməsi və iddiaçının hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7120/2022 saylı, 15 avqust 2022-ci il qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin hansı əkin ili üçün təqdim edildiyini və iddiaçının həmin sənədləri nə zaman təqdim etməsini əlaqəli şəkildə, hərtərəfli araşdırmamışdır. Bundan başqa "xxxx" MMC tərəfindən 100 ha torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədlər qanunvericiliyin tələbinə uyğun olaraq EKTİS-ə daxil edilməmişdir. Məhkəmə lazımi araşdırma aparmadan təqdim edilmiş torpaq sahəsindən istifadəyə dair sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə də daxil edilməsi qənaətinə gəlmişdir. Həmçinin, məhkəmə kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə daxil olan kənd təsərrüfatı yerlərinin (uqodiyaların) heç də təkcə əkin, çoxillik əkmələrin altında olan torpaqlardan ibarət olmadığını nəzərə almamış, torpaq sahələrinə dair təqdim edilmiş sənədlər üzrə torpağın məqsədli təyinatını araşdırmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıdakı normalarına diqqət yetirir: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydaları”nın: - 1.2.1-ci bəndinə əsasən subsidiya – dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalçılarına əvəzsiz verilən maliyyə vəsaiti; - 1.2.2-ci bəndinə əsasən “Subsidiya” informasiya sistemi (bundan sonra – SİS) – kənd təsərrüfatı məhsullarının istehsalçılarına subsidiyaların verilməsinə dair müraciətlərin elektron qaydada qəbulunu, emalını və cavablandırılmasını təmin edən “X3” informasiya sisteminin (bundan sonra – EKTİS) altsistemi; - 1.2.9-cu bəndinə əsasən əkin subsidiyası - fermerlərə əkin və çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına, habelə qurulmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. - 2.4.1-ci bəndinə əsasən X6 hər il yanvarın 15-dək əkin subsidiyasının tətbiqi üçün vahid əkin sahəsi elan edilən yerlərin siyahısının, regionlar üzrə bitkilərin siyahısının (bu Qaydanın 2.5.1-ci bəndi nəzərə alınmaqla) və onlara tətbiq edilən əkin əmsallarının təsdiqi barədə qərarlar qəbul edir və bu barədə ictimaiyyəti məlumatlandırır. - 2.5-ci bəndinə görə həmin Qaydaların 2.4-cü bəndinə əsasən müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq Şura yeniləyə bilər. - 3.1-ci bəndinə görə əkin subsidiyasının məbləği aşağıdakı qaydada hesablanır:baza məbləği x əkin əmsalı = əkin subsidiyası • əkin əmsalı - regionlar və bitkilər, vahid əkin sahələri, habelə əkin sahəsinin (sahələrinin) həcmi üzrə istehsalın dəstəklənməsi dərəcəsi nəzərə alınmaqla Şuranın müəyyən etdiyi göstərici. - 3.8-ci bəndinə görə fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər: 3.8.1. proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); 3.8.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi; 3.8.3. 1. kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; 3.8.4. əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; 3.8.5. məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; 3.8.6. kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. - 3.9. Fermerdən əlavə sənədlər yalnız “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində nəzərdə tutulmuş hallarda və qaydada tələb edilə bilər. 3.10. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. - 3.12-ci bəndinə əsasən əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13-cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, iş materiallarından göründüyü kimi, cavabdeh inzibati orqanın 29 noyabr 2022-ci il tarixli məktubu ilə “Trade Line" MMC-nin 2020-2021-ci əkin ilində subsidiya müraciəti ilə əlaqədar EKTİS-ə daxil etdiyi sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: - “Trade Line" MMC ilə "xxxx" MMC (bundan sonra “Alıcı”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2 saylı “Xam pambığın alqı-satqısına dair” Müqavilədən görünür ki, Alıcı tərəfindən Cəmiyyətin istifadəsində olan Kürdəmir rayon ərazisində yerləşən torpaq sahəsində pambığın becərilməsi ilə əlaqədar aqrotexniki iş və xidmətlər razılaşdırılmış müddət, qiymət və həcmdə yerinə yetirilməli, Cəmiyyətimiz tərəfindən yığılmış məhsul həmin müqavilə ilə müəyyən olunmuş şərtlər daxilində Alıcıya təhvil verilməli və Alıcı tərəfindən onun dəyərinin ödənilməlidir. - Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 50 il müddətinə ayrılmış 2.630.000 kv.m. torpaq sahəsinə dair kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində 2021-ci ildə İddiaçı MMC-nin 100 ha torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədləri qanunvericiliyin tələbinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi üçün əkin subsidiyasının hesablanmasının mümkün olmaması bildirilsə də, sorğuya cavab məktubundan görünür ki, iddiaçının təqdim etdiyi Kürdəmir rayonu ərazisində Kürdəmir rayonu İHB-nin xx.xx.2011-ci il tarixli 148 saylı sərəncamı və xx.xx.2011-ci il tarixli 92 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatı məqsədi ilə 2.630.000 kv.m. torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının qeyd etdiyi 100 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə dair cavabdehin dəlili əsaslı hesab edilə bilməz. Bundan başqa, X4 qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalı və əkin subsidiyasının məbləği müəyyən edilib. Pambıq bitkisi üçün əkin əmsalı 1,3 müəyyən edilib. Müəyyən edilmiş yeni əkin əmsallarına uyğun olaraq pambıq bitkisi üçün əkin əmsalı 1,1-dən 1,3-ə qaldırılmış nəticədə 1 ha torpaq sahəsində pambıq bitkisi üçün əkin subsidiyası 260 manat müəyyən edilmişdir (baza məbləği x əkin əmsalı = əkin subsidiyası - 200 manat x 1,3 = 260 manat). İddiaçının istifadəsində olan və əkin subsidiyası ilə bağlı müraciət edilən torpaq sahəsi 100 ha təşkil etdiyindən iddiaçıya 26000 manat məbləğində əkin subsidiyasının verilməsi ilə bağlı tələbi əsaslıdır (260 manat x 100 ha = 26000 manat). Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7120/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7120/2022 saylı, 15 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar