Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-540/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 553/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X1rşı “iddiaçının adına Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-2021-ci illərdə Belarus Respublikasının Dövlət Texniki Universitetində təhsil alaraq, proqrammist-mühəndis ixtisasına yiyələnmişdir. Ona təhsili bitirməsi haqqında Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplom verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə xarici ali təhsilinin Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, NA/00003042 saylı məktubu ilə iddiaçının diplomunun tanınmasından imtina etmişdir. İmtinanın əsası kimi, iddiaçının tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasıdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edilərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyrimümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmiş və bu barədə məlumat xx.xx.2021-ci il tarixdə onun elektron kabinetində yerləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru, həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il-12 gün, İİ il- getməyib, İİİ il - 11 gün, İV il-getməyib (İİ semestr pandemiya dövrünə təsadüf edir), V il-15 gün (İİ semestr) (İ semestr pandemiya dövrünə təsadüf edir)) və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, İddiaçı Belarus Respublikasının Dövlət Texniki Universiteti tərəfindən verilmiş Dİ ******* saylı, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının mövqeyini nəzərə alınmamaqla qəbul edilmiş, qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinin pozulması ilə qəbul edilmiş, qərar maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Aşağıda qeyd olunanlara əsasən, məhkəmənin qərarı əsassız olduğundan apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən onun diplomunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. İnzibati icraat zamanı iddiaçının təhsil aldığı xarici ölkədə olma müddətləri onun sərhədkeçmə məlumatları əsasında aşağıdakı kimi müəyyən olunmuşdur: 2016/2017-ci il- 12 gün, 2017/2018-ci il-getməyib, 2018/2019-cu il-11 gün, 2019/2020-ci il-getməyib (İİ semestr pandemiya dövrünə təsadüf edir), 2020/2021-ci il-15 gün (İİ semestr) (İ semestr pandemiya dövrünə təsadüf edir). Göstərilmiş sərəhədkeçmə məlumatlarına əsasən iddiaçı cavabdeh tərəfindən pandemiya dövrünə təsadüf edən 3 semestrin güzəşt edilməsi halında belə, ilk 7 semestr üzrə kifayət qədər xarici ali təhsil aldığı ölkədə olmamış, tədrisin ikinci ilində isə ümumiyyətlə imtahanlarda iştirak üçün də həmin ölkəyə getməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.1ci yarımbəndinə əsasən həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır və 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur ki, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə müddətində iştirakını zəruri edir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.1 və 73.3.2-ci maddələrinin tələblərini pozaraq cavabdehin diskresion səlahiyyətindən kənara çıxaraq iddiaçının təhsil aldığı ölkə ərazisində qısa müddət ərzində olmasını təsdiq edən ekspert rəylərini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Məhkəmə iş üzrə bütün sübutları araşdırmamış, ekspert rəyinə münasibət bildirməmiş, yalnız iddiaçının təqdim etdiyi sübutlara qiymət vermişdir. Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Sözügedən müddəalardan göründüyü kimi, xarici ali təhsil ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi proseduru zamanı beynəlxalq sazişlərin də müddəaları nəzərə alınmaqla, xaricdə əldə olunmuş təhsilin Azərbaycan Respublikasının dövlət təhsil standartların uyğun olub-olmaması müəyyən edilir. Eyni zamanda, Qaydaların 3.4-cü bəndinə müvafiq olaraq, tanınma və ekvivalentliyin müəyyən edilməsi zamanı tədris planının və proqramlarının məzmunu, attestasiya sistemləri, istehsalat təcrübəsi və onun müddəti nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3-cü bəndinə əsasən Bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılması), onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Azərbaycan Respublikasında Ali təhsilin dövlət standartları və programları üzrə normativlərin əks olunduğu yuxarıdakı Nazirlər Kabineti qərarından sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”nın 4.1.4-cü yarımbəndi ilə də bu normativlər əsas alınaraq xarici ali təhsilə aid kvalifikasiyanın tanınması zamanı bu normativ müddətlərin ən azı yarısında xarici ali təhsil aldığı ölkədə olmaq zərurəti tanınmaya aid tələblər arasında göstərilmişdir ki, bu normativ-hüquqi akt yerli təhsil sistemini tənzimləyən normativlərə nəzərən ərizəçilərin vəziyyətini yaxşılaşdıran tələbləri ehtiva edir. Buna rəğmən iddiaçı bu tələblər üzrə də heç bir tədris ilində təhsil aldığı ölkədə kifayət qədər olmamışdır. Azərbaycan Respublikasının da qoşulduğu “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın Vİ.1-Cİ bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələri”nin V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olduğu təqdirdə tanınmadan imtina edilə bilər. Məhkəmə öz qərarını əsaslandırarkən iddiaçının təhsil aldığı ali təhsil müəssisəsində qiyabi təhsilalma formasında lakin distant texnologiyaların tətbiqi ilə təhsil almasını əsaslandırmasını vurğulamışdır ki, sözügedən oxşar hallarla bağlı, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)794/2022 saylı Qərarının 36-cı bəndində qeyd edilir ki, qiyabi və distant təhsilalma formaları bir-birindən fərqləndirilən anlayışlardır və qiyabi təhsilalma forması zamanı zəruri hallarda distant təhsil texnologiyalarından istifadə olunması yolverilən olsa da, bu qiyabi və distant təhsilin eyni olması mənasını özündə ehtiva etmir. Qeyd olunanlar iddiaçının aldığı təhsilin həm məzmununun, həm də müddətinin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr ixtisas dərəcələri haqqında verdiyi diplomlara uyğun gəlmədiyini deməyə əsas verir. Odur ki, birinci instansiya məhkəməsinin iddia tələbini təmin etməklə qeyd edilən öhdəliyinin cavabdehin üzərinə qoymasına dair gəldiyi nəticə əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur və iddiaçının tələbində heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; -AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1990-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. -Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 05 noyabr 2021-ci il tarixli, NA00003042 nömrəli Qərarından görünür ki, Xarici dövlətlərin ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsindən imtina edilmişdir. -Dİ ******* nömrəli Diploma və diploma əlavə edilmiş apostilə əsasən, iddiaçı Məmmədov X3 Milli Texniki Universitetinə qəbul olub və 2021-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirib. -Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə xx.xx.2016-cı il tarixli, 03/723-16 nömrəli müqavilədə göstərilmişdir – Bundan sonra BMTU adlandırılacaq Belarus Milli Texniki Universiteti, 01-27/82 nömrəli xx.xx.2016-cı il tarixli etibarnamə əsasında fəaliyyət göstərən Tədris işləri və informasiya texnologiyaları üzrə prorektor X2 şəxsində bir tərəfdən və bundan sonra Xarici tələbə adlandırılacaq vətəndaş İddiaçı (Belarus Respublikasında müvəqqəti yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün), ölkə: Azərbaycan, digər tərəfdən aşağıdakılar barədə hazırki müqaviləni bağladılar. Müqavilənin predmeti – Xarici tələbənin vəsaitləri hesabına ödənişli əsaslarla qiyabi (distant) təhsil forması üzrə Beynəlxalq distant təhsil institutunda Mühəndis-proqramçı peşəsinin verilməsi ilə ali təhsilli mütəxəssisin 1-40 05 01 “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə magistr pilləsində hazırlğı. Təhsil müddəti 4 il təşkil edir. -Belarus Respublikasının Dövlət Texniki Universitetinin Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə ünvanladığı xx.xx.2021-ci il tarixli, xx-xx/7901 nömrəli məktubu ilə İddiaçı xx.xx.2021-ci il tarixli, 04-23/82-k nömrəli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçı Beynəlxalq Distant Təhsil İnstitutunda xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixinədək 1-40 05 01 ixtisası üzrə təhsil alıb - qiyabı (distant) formada. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Belarus Milli Texniki Universiteti arasında bağlanan xx.xx.2016-cı il tarixli, 03/723-16 nömrəli müqaviləyə əsasən iddiaçı 2016-ci ildə Belarusiya Milli Texniki Universitetinin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə qiyabi (distant) təhsil forması üzrə təhsil almışdır. 2021-ci ildə adıçəkilən Universitetin “İnformasiya sistemləri və texnologiyaları” ixtisası üzrə tam kursunu bitirmiş və Dİ ******* nömrəli diplom almışdır. Diplomun tanınması barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmasına istinad edərək diplomun tanınmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda cavabdeh tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri də, iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə eyni məzmunludur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1-1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən cavabdeh xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını) həyata keçirir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ-hüquqi aktlar ilə (Azərbaycan Respublikası Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasındakı ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında təhsil sənədlərinin qarşılıqlı tanınması haqqında” 30 sentyabr 2011-ci il tarixli Sazişin 6-cı maddəsinə əsasən, tam orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra bakalavr dərəcəsinin verilməsini təsdiq edən Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında diplom və ümumi orta təhsil əsasında normativ təhsil müddəti ilə 4 ildən az olmayaraq əyani təhsil aldıqdan sonra ixtisas verilməklə Belarus Respublikasında verilmiş ali təhsil haqqında diplom həmin sənədin sahibinə təhsil alacağı dövlətin milli qanunvericiliyə uyğun olaraq Tərəflərin dövlətlərinin təhsil müəssisələrində magistr proqramları üzrə təhsillərini davam etdirmək hüququ verən sənəd olaraq Tərəflər tərəfindən tanınır. Sənədin təsdiq olunması üçün müraciət edilmiş dövlətin milli təhsil sistemində müvafiq təhsil istiqaməti olmadığı təqdirdə bu maddənin 1-ci hissəsində qeyd olunan təhsil sənədləri təhsİl almaq üçün müraciət etmiş şəxsin ali təhsil proqramı üzrə təhsil müddətini təsdiq edən sənəd olaraq tanınır. Qeyd edilən dövlətlərarası sazişin tələblərinə əsasən iddiaçının iddia tələbində göstərilən ali bakalavr təhsili haqqında diplom Azərbaycan Respublikasının ərazisində tanınmalıdır, belə ki, iddiaçının təhsil aldığı təhsil müəssisəsi lazımi lisenziyaya malikdir, akkreditasiyadan keçmişdir. Bundan başqa, iddiaçı ilə Belarus Respublikasının Dövlət Texniki Universiteti arasında bağlanmış “Ali təhsilli xarici mütəxəssisin ödənişli əsaslarla BMTU-də hazırlığı barədə” müqavilədə iddiaçının ali təhsili qiyabi-distant şəkildə alacağı razılaşdırılmışdır ki, belə olan halda iddiaçının təhsil alması üçün Azərbaycan Respublikasının ərazisindən kənara çıxması və Universitetin yerləşdiyi ölkəyə getməsi tələb olunmur. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Həmin Qanunun 27.4-cü maddəsinə görə, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21-ci (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın 1.2-ci maddəsinə əsasən ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. Məzunun keyfiyyət meyarı isə onun bilik və bacarıqlarının qiymətləndirilməsi ilə müəyyən edilə bilər. Bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. İddiaçı diplomun tanınması üçün cavabdehə müraciət edən zaman qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.1-ci bəndinə əsasən Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına”nın 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; - 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza - xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). -3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; -3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İstinad edilən normaya görə mənfi rəyin verilməsi üçün üç əsasdan biri olmalıdır: 1) alınmış təhsilin normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; 2) alınmış təhsilə görə diplomda verilən hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda; 3) alınmış təhsilin forması ilə bağlı Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iş materialları ilə istinad olunan hallardan hər hansı birinin mövcud olması müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı qısaldılmış müddət üzrə qiyabi (distant) ali təhsil almış və bununla bağlı ona diplom verilmişdir. Cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh iddiaçının ali bakalvr diplomunda və diploma əlavədə göstərilən məlumatların mötəbər olmamasını sübuta yetirməmişdir. Ali Məhkəmənin 2-1(102)-770/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında əksini tapmış hüquqi mövqeyə görə “iddiaçı tərəfindən tədris yükünün yerinə yetirilməsi və konkret müddət ərzində mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsinin müvafiq ali təhsil müəssisəsinin müstəsna qiymətləndirmə səlahiyyətinə aid olduğu diqqətə alınmalıdır. Başqa sözlə, iddiaçının tədris yükünü yerinə yetirməsinin müəyyən olunması və qiymətləndirilməsi müstəsna olaraq onun təhsil aldığı təhsil müəssisəsinin səlahiyyətlərinə və məsuliyyət sferasına aiddir. Başqa sözlə, tədris yükünün yerinə yetirilməsi ilə bağlı tədris normativi müddətinə, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına əlahiddə olaraq deyil, şəxsin təhsil proqramları üzrə tədris olunan fənlərə ümumiyyətlə hazırlaşması və həmin fənlərin məzmununu mənimsəməsi imkanları baxımından qiymət verilməlidir. Belə ki, təhsil alan şəxsin hazırlıq səviyyəsini artırması və tədris yükünü mənimsəməsi imkanları yalnız cavabdehin imtinasında istinad etdiyi müddətlə məhdudlaşmır. Bu zaman onun həmin müddətdən əlavə vaxtlarda və tədris müəssisəsindən kənarda da tədris olunan fənlər üzrə hazırlaşmaq imkanları da nəzərə alınmalıdır. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, cavabdeh iddiaçının tələb olunandan daha qısa müddət ərzində həmin ölkədə olmasına itsinad etsə də, bu zaman özünün mövqeyini dəqiqiləşdirməmiş, tələb olunan müddətin nə qədər olduğunu da göstərməmişdir. Hər bir halda, tədris yükünün yerinə yetirilib-yetirilməməsi halı ayrılıqda götürülməklə yalnız ölkədə faktiki olma müddəti əsas götürülməklə qiymətləndirilə bilməz. İş üzrə materiallara əlavə edilmiş X4 və Texnologiyalar Universitetinin Hetman Petro Konaşeviş-Saqaydaçnıy adına X11 İnstitutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, B19 № 188391 saylı diploma A3-59/15 saylı əlavəyə əsasən iddiaçı həmin İnstitutda təhsil aldığı ixtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş 240 kreditləri toplamış, tədris təcrübəsini keçmiş, 4 kurs işi yazmış, ixtisas üzrə dövlət imtahanlarını müvəffəqiyyətlə vermişdir. Yəni, iddiaçı tərəfindən təhsil aldığı ali təhsil müəssisəsinin normativləri baxımından tədris proqramının mənimsənilməsi və tədris yükünün yerinə yetirilməsi müvafiq ali təhsil müəssisəsi tərəfindən məqbul qiymətləndirilmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının diplomunun tanınmasından və ekvivalentliyin müəyyən edilməsindən imtina edilməsi əsassızdır. Cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinə zidd olduğundan və iş üzrə müəyyən edilmiş hallara əsaslanmadığından iddiaçının təhsil və əmək hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir” (Qərarın 30, 31, 32, 33-cü bəndləri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iddiaçıya verilən imtinanın və iddiaya qarşı verilən etirazın dəlilləri ilə tamamilə üst-üstə düşür. Bu səbəbdən də, kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-553/2023 saylı, 14 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Kamran Əkbərov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-540/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-540/2024
20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver