Məhkəmə qərarları › İş №2-1(103)-540/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-540/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-540/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3531/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinə qarşı “məlumat vərəqəsinin göndərilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə sonradan dəqiqləşmə verilərək cavabdeh əsl cavabdeh Maliyyə və Büdcə idarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək 1995-ci ilin yanvar ayının 1-dən nəzərə alınmaqla 20 təqvim ilindən artıq xidmət etmiş hərbi qulluqçu kimi yeni məlumat vərəqəsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsinin cavabdehə həvalə edilməsi xahiş edilmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 22 il 1 ay müddətində Silahlı Qüvvələrdə xidmət etmişdir. 16 iyul 2015-ci il tarixdən ehtiyata buraxılmışdır. Buna dair məlumat vərəqəsinin tərtib edilərək pensiya orqanına göndərilməsi xahiş olunmuş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Belə ki, o 15 iyun 1993-cü il tarixdən 30 avqust 1997-ci il tarixədək Türkiyə Respublikasında gizirlik məktəbi oxumuş, 1993-cü il 30 avqustundan hərbi andı qəbul etmişdir. “Hərbi qeydiyyatı və hərbi xidmət barədə arayış və hərbi biletin həqiqi hərbi xidmətin keçməsi barədə hissəsində qeyd olunmuş hərbi xidmət illəri hissəsində də göstərilən qeydlər göstərilmiş, onun xidmət illəri N il N ay 15 gün yox, 20 ildən artıq olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o, 01 sentyabr 1996-30 avqust 1997-ci il tarixədək gizirlər məktəbində kursant, 09 oktyabr 1997-16 iyul 2015-ci il tarixədək Azərbaycan Ordusunda gizir və baş gizir kimi hərbi hissələrdə ümumilikdə N il N ay 15 gün həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri 20 təqvim ili təşkil etməməkdədir. 1993-1996-cı illət tarixində 15-17 yaşlarında iddiaçı olduğundan hərbi qulluqçu statusunda olmamışdır. Həmin təhsil müddəti müddətli həqiqi hərbi xidmətə bərabər hesab edilmir. İddiaçının təhsil aldığı məktəb orta məktəbdir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Məktəb lisey statusunda olmaqla Azərbaycan Respublikasında olan hərbi liseylərlə bərabər statusdadır və həmin liseylərin kursantlarının təhsil müddəti həqiqi hərbi xidmət hesab edilmir. İddiaçı adıçəkilən müddət ərzində hərbi qulluqçu statusunda olmadığından 20 təqvim ili xidmət etməmişdir. Onun xidməti N il N ay 15 gün təşkil edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3531/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti iddiaçının “X2 Okulu”nda təhsil müddəti ilə bağlıdır. Həmin təhsil müəssisəsi Türkiyə dövlətində ali məktəb statusundadır, lakin bu məktəbdə təhsil alan şəxslərin tədris dövrünün yalnız 18 yaşdan sonrakı tədris müddəti onların həm müddətli həqiqi hərbi xidmətinə, həm də pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Belə olan halda, iddiaçının 18 yaşından etibarən, yəni xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək xidmət müddəti hesablandıqda N il N ay 23 gün təşkil edir. Məhkəmənin qərarı ilə iddiaçının hərbi xidmətinin başlandığı günü 1995-ci ilin 1 yanvar tarixindən nəzərə alınmasına dair yanaşmanı ağlabatan hesab etmirlər. Bundan başqa, Azərbaycan Respublikasında ali təhsil müəssisələrinə vətəndaşların tam orta təhsilli olmaları şərti ilə qəbul olunmalarına yol verilir. İddiaçının isə 1 yanvar 1995-ci il tarixdən 31 may 1995-ci il tarixədək olan yaş dövrü 11-ci sinifdə təhsil aldığı dövr kimi müəyyən edilir. Belə ki, Lerik rayonu Lerik qəsəbəsi 1 nömrəli orta məktəbdən verilmiş “1992-1993-cü dərs ili üçün bilik və davranış qiymətləri cədvəli”ndəki qeydlərdən görünür ki, o, həmin dövrdə 9-cu sinifdə təhsil alıb. Dolayısı ilə, iddiaçının tədris dövrünün 1993-1994-cü dərs ili N-cu sinif, 1994-1995-ci dərs ili isə 11-ci sinif dövrlərinə təsadüf etdiyi sübuta yetirilir. Nəticə etibarı ilə, İddiaçı “X2 Okulu”nda 31 may 1995-ci il tarixədək təhsil aldığı müddət xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil müddətinə daxil edilməməsi səbəbindən, həmin tarixədək olan müddət hərbi xidmət müddəti kimi hesab edilə bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı subyektiv hüququ malikdir. Cavabdehlik daşıyan orqandır. Belə ki, “İnzibati orqanların Təsnifatı”na əsasən Müdafiə Nazirliyi ilə yanaşı, onun idarə, şöbə və xidmətləri də ayrıca inzibati orqan qismində çıxış edir və hazırki tələb üzrə Maliyyə və Büdcə idarəsi müvafiq funksiyaları icra edən qurumdur. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər;. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

3. Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidməti Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmətdə olan vətəndaşlar hərbi qulluqçular, ehtiyatda xidmətdə olanlar isə hərbi vəzifəlilər adlanırlar. Hərbi qulluqçular və hərbi vəzifəlilər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində əsgər, matros, kursant, çavuş, gizir, miçman və zabit kimi hərbi xidmət keçirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilmişdir: əsgərlərin, matrosların və çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti.

6. Kursantlara hərbi təhsil müəssisələrində təhsil alan hərbi qulluqçular (zabitlərdən başqa) aiddir. Onlara müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular üçün müəyyən olunmuş vəzifələr şamil edilir.

161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçının 1995-ci ilin yanvar ayının 1-dən nəzərə alınmaqla Türkiyə Respublikasında gizirlər məktəbində 01 sentyabr 1996-cı il tarixədək təhsil aldığı müddətin həqiqi hərbi xidmətə daxil edilərək 20 ildən artıq xidmət etmiş şəxs kimi iddiaçı barəsində məlumat vərəqəsinin pensiya təyinatı ilə əlaqədar pensiya təyinatını həyata keçirən orqana göndərilib-göndərilməməsi ilə əlaqədardır. İlkin iddia tələbindən və cavabdehə müraciətindən görünür ki, iddiaçı ilkin olaraq məhz gizirlər məktəbinə daxil olduğu ildən xidmət illərinin hesablanmalı olması mövqeyində olmuş, lakin sonradan müddət baxımından azaldılma verərək və 20 illik müddət məhdudiyyətinin müəyyən edildiyi pensiya təyinatı üçün məlumat vərəqəsinin verilməli olması da əsas götürülməklə tələbin həcmini azaltmış, 1995-ci ilin yanvar ayının 1-dən hesablanmaqla oxuduğu illər üzrə xidmət illəri barədə məlumatın məlumat vərəqəsində qeyd edilməsini xahiş etmişdir. Cavabdeh isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı 1993-1997-ci il tarixləri ərzindəki dövrün 01 sentyabr 1996-cı il tarixdən 30 avqust 1997-ci il tarixədək olan dövrünü xidmət illərinə daxil etsə də, lakin 01 yanvar 1995- 01 sentyabr 1996-cı il tarixədək olan dövrü nəzərə almamışdır. Cavabdehin imtinasının və apellyasiya şikayətinin əsas dəlili iddiaçının 15-17 yaşlarında hərbi qulluqçu statusunda olmaması ilə əlaqədardır. Belə ki, cavabdeh hesab edir ki, 1993-1996-cı illərə aid dövrdə 18 yaşına qədər olan müddət olduğuna görə bu təhsil müddəti müddətli həqiqi hərbi xidmətə bərabər tutulmur. Həmin müddət hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə də bərabər tutulmur. Cavabdeh hesab edir ki, iddiaçının oxumuş olduğu məktəb orta məktəb müddətinin 9,N,11-ci sinif dövrlərinə aiddir və xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. İddiaçının oxuduğu məktəb hərbi lisey statusunda olmuşdur. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasını və apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, Türkiyə Respublikasından sorğuya cavab məktubundan görünür ki, “X2 Okulu”- Yüksək Okul yəni ali məktəb, xüsusi təyinatlı ali təhsil müəssisəsi statusundadır. Deməli, iddiaçının oxuduğu məktəb- lisey statuslu olmamışdır. Cavabdehin əsas gətirdiyi digər bir hal isə həmin sorğuya cavabda bu məktəblərdə təhsil alan şəxslərin tədris dövrünün yalnız 18 yaşlarından sonrakı tədris müddətinin onların həmin müddətli həqiqi hərbi xidmət illərinə, həm də pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilməsi ilə bağlıdır. Bununla əlaqədar olaraq diqqətə çatdırılır ki, qeyd olunan qayda həmin ölkənin qanunvericiliyi ilə əlaqədar tələbdir. Necə ki, həmin ölkə üçün müəyyən edilmiş güzəşt və imtiyazlar məhz həmin ölkənin hərbi qulluqçularına şamil edilirsə, məhdudiyyət də həmin ölkə hərbi qulluqçularına aid tənzimlənmə çərçivəsində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi isə digər ölkənin qanunvericiliyində nəzərdə tutulmuş hərbi qulluqla bağlı güzəşt, imtiyaz və məhdudiyyətlərlə bağlı olmadığından, məhkəmə kollegiyası hesab edir ki, 18 yaşdan sonra müddətlərin daxil edilməli olması ilə bağlı qayda ölkə ərazisində olan hərbi qulluqçulara şamil edilmir. Məhkəmə kollegiyası bunu da aşağıdakı qeyd edilənlərlə əlaqələndirir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin dəlillərində də yaş senzi əsasında qiymətləndirmə apararkən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə öz əksini tapan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olma meyarı əsas götürmüşdür. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşın tamam olmalı olmasının hüquqi nəticələri ilə, həmin yaş məhdudiyyəti nəzərə alınmadan müəssisədə təhsil almanın hüquqi nəticələrinin fərqləndirilməsi zəruridir. Belə ki, qanunvericilikdə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşın tamam olmadığı halda xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edilməməsinə yol verilməməsi ilə bağlı müddəa olsa da, həmin hal iddiaçı üçün pensiya təyinatı, eləcə də xidmət illərinin hesablanması baxımından hər hansı məhdudiyyət yarada bilməz. Belə ki, iddiaçı 17 yaşı tamam olmasa belə, faktiki olaraq xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almışdır və qanunvericiliklə həmin təhsil müəssisəsində təhsil illərinin xidmət illərinə hesablanmalı olması birbaşa olaraq öz təsbitini tapmışdır. Yəni, iddiaçının yaşı 17 olmasa belə, o hərbi liseydə yox, məhz ali təhsil müəssisəsində təhsil almışdır. Müstəsna hal kimi iddiaçının 17 yaşından aşağı yaşda xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olması iki dövlət arasında hərbi sahədə olan əməkdaşlıq çərçivəsində qanunvericiliyin tam tələblərinə uyğun olaraq həyata keçirilmiş və iddiaçı da təhsil müddətini bitirdikdən sonra Silahlı Qüvvələrdə müxtəlif hərbi hissələrdə xidmətkeçməyə cəlb edilmişdir. Hazırkı inzibati mübahisə iddiaçının kursantlıq dövrünün cavabdeh inzibati orqan tərəfindən qəbul edilməyən 01 yanvar 1995-ci il tarixindən 01 sentyabr 1996-cı il tarixinədək götürülməsi ilə əlaqədardır. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 36.1.2-ci maddəsinə əsasən həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər kateqoriyasına hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan vətəndaşlar da aid edilir. Qanunun norması o anlama gəlir ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinin kursantlarının 17 yaşı tamam olmasa belə həqiqi hərbi xidmətə daxil ola bilirlər, bu zaman əsas şərt təhsil müəssisəsinə daxil olduğu ildə 17 yaşın tamamlanmasından ibarətdir. Göründüyü kimi, adıçəkilən müddəanın tələbi 17 yaşı tamam olduqdan sonra təhsilə başlama deyildir. Əsas şərt ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olmadır ki, iddiaçı da onsuz da 1993-cü il tarixdən adiçəkilən xüsusi təyinatlı ali təhsil müəssisəsində olduğundan 17 yaşının 23 avqustda tamam olduğu 1995-cı ildə, həmin təhsil müəssisəsində təhsil almış şəxs olmuşdur. Bu o deməkdir ki, necə ki xüsusi təyinatlı təhsil müəssisəsinə qəbul zamanı şəxsin 17 yaşı hələ tamam olmur, lakin həmin ildə iddiaçının 17 yaşı sonradan tamam olur və həmin hal xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbuluna və xidmətinə mane olmursa faktiki olaraq adıçəkilən təhsil müəssisəsində oxuyan şəxsin 17 yaşı tamam olanadək, lakin həmin ildə, indiki halda 1995-ci il yanvar ayının 1-dən xidmətinə hər hansı maneə qoyulmamalıdır. Belə ki, iddiaçı 1995-ci ilin yanvar ayının birində adıçəkilən təhsil müəssisəsində təhsilini həyata keçirən, qanunun eyni məzmunlu mövqeyi ilə desək təhsil müəssisəsinə qəbul edilmiş, 17 yaşı tamam olmasa belə, həmin ilin 23 avqustunda 17 yaşı tamam olmuş şəxsdir ki, bu səbəbdən də onun 1995-cı ilin yanvar 1-dən xidmət illərinin hesablanmalı olması, iddiaçının müstəsna qaydada aşağı yaşda xüsusi təyinatlı ali təhsil müəssisəsinə qanuni əsaslarla qəbul edilməsi nəzərə alınmadan belə, yuxarıda adıçəkilən Qanunun 17 yaşla bağlı mövqeyinin tələblərinə də tam uyğun olmuş, iddiaçı 1995-ci ilin avqust 23-də 17 yaşında tamam olmuş şəxs kimi təhsil aldığı həmin il üzrə 1995-ci ilin başlanğıcından, yəni yanvar 1-dən xidmətini təhsil alma ilə həyata keçirən ali təhsil müəssisəsinin kursantı statusunda olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda diqqəti ona çəkir ki, hərbi lisey kursantlarından fərqli olaraq iddiaçının hərbi biletində və şəxsi işində xidmətkeçmə hissəsində Türkiyə Respublikasında oxuduğu illərlə bağlı qeydlər aparılmış, göstərilən müddət daxil edilmiş, eləcə də 08 sentyabr 1997-ci il tarixli əmrlə Türkiyə Respublikasında gizirlər məktəbini bitirmiş iddiaçı hərbi hissəyə təyin edilmiş, Silahlı Qüvvələrdə xidməti həmin əmrdə 1993cü il tarixdən hesablanmış və HQİ nömrəsi ilə təmin edilmə də həyata keçirilmişdir. Eləcə də, elektron sistemdən çıxarışda da xidmət illəri adıçəkilən dövrdən nəzərə alınmışdır. İddiaçı barəsində qəbul edilmiş əmr ləğv edilməmiş, şəxsi işində və hərbi biletində, eləcə də elektron sistemdən çıxarışın tərtibatına əsas olmuş sənədlərdə hər hansı dəyişiklik edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar 20 təqvim ilindən artıq xidmət etmiş hərbi qulluqçu kimi məlumat vərəqəsinin göndərilməsi ilə bağlı hesablamanın 1995-ci ilin yanvar ayının 1-dən aparılmalı olub-olmamasına münasibətdə mütləq nəzərə alınmalı idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən dəlilə yəni Türkiyə Cümhuriyyətinin sorğuya cavab məktubunda qeyd etdiyi- təhsil alan şəxslərin tədris dövrünün yalnız 18 yaşlarından sonrakı tədris müddətinin onların həmin müddətli həqiqi hərbi xidmət illərinə, həm də pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilməsi ilə bağlı dəlilə münasibətdə bir daha vurğulayır ki, 18 yaşdan sonra müddətlərin daxil edilməli olması ilə bağlı qayda, ölkə ərazisində olan hərbi qulluqçulara şamil edilə bilməz. Əks halda, yuxarıda adıçəkilən Qanunun 17 yaşla əlaqədar olan şərti nəzərə alınmamalı, məhz 18 yaşdan başlayaraq təhsil müddətinin xidmət illərinə daxil edilməsi həyata keçirilməlidir, halbuki qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul, xidmət keçmə və digər məsələlər tənzimlənmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3531/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar