Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-541/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 19 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5578/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi (iddia ərizəsi iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən imzalanmışdır) ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona xx xxxx 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxx 1958-ci il təvəllüdlüdür,əmək fəaliyyətinə 1976-cı ildən başlamış müxtəlif sahələrdə çalışmış, hazırda da çalışmaqdadır. O, ümumilikdə 40 ildən çox sığorta stajına malikdir, həmçinin işlədiyi illərin 12 il 6 ayından çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə işləmişdir. Belə ki, onun əmək kitabçasındakı qeydlərdən də görünür ki, o, həqiqətən xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977- 1979-cu illərdə ordu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltaraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsində, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmış və hazırda da çalışmaqda davam edir. Göründüyü kimi onun ümumilikdə 25 ildən çox stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən əlvan metal sahəsində qəlibçi-tökməçi kimi işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx xxxx 2020-ci il tarixdə imtina məktubu verilərək bildirilmişdir ki, onun güzəştli iş stajı 10 ildən az təşkil edir, buna görə də pensiya təyin edilməsi mümkün olmamışdır. Halbuki, müraciəti zamanı ərizəsinə əmək kitabçasının surətini əlavə etmiş, orada işlədiyi yerlər və çalışdığı vəzifələr ətraflı qeyd olunmuşdur. Hətta Azərbaycan Rəssamlar X3 Kombinatı tərəfindən verilmiş arayışını cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh pensiya təyin etməli olduğu halda yuxarıda qeyd olunan imtina məktubunu vermişdir. Cavabdehin imtinası ilə razı deyil və hesab edir ki, əmək kitabçasında olan qeydlərə əsasən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ olduğu üçün cavabdehin imtinasını qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı təkcə tökməçi vəzifəsində deyil, həm də “qəlibçi” vəzifəsində də çalışmışdır. Beləliklə iddiaçı tələb olunan 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur ki, həmin vəzifə də Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş Siyahılarda öz əksini tapmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - NZ seriyal; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı may 1977-ci ildən xx xxx 1979-cu ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli xx.xx.1976cı il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1976-cı ildə Azərbaycan SSR İncəsənət Fondunun İYK-də “Agitplakat” sexinə çapçı vəzifəsinə təyin olunmuş, 1977-1979-cu illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1979-cu ildən Azərbaycan SSR İncəsənət Fondunun İYK-də monumental heykəltaraşlıq sexinə İ dərəcəli qəlibçi vəzifəsinə təyin olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sexinin İİ dərəcəli tökməçi vəzifəsi verilmiş, xx.xx.1980-ci ildə vəzifəsindən azad olunmuş, xx.xx.1980-ci ildə Bakı Şampan Şərabları Zavodunda bələdçi vəzifəsinə qəbul olunmuş, xx.xx.1980-ci ildə azad olunmuş, xx.xx.1980-ci ildən əlvan metal sahəsində İİ dərəcəli qəlibçi vəzifəsində, xx.xx.1981-ci ildən İİİ dərəcəli qəlibçi, xx.xx.1982-ci ildən İV dərəcəli tökməçi vəzifəsində, xx.xx.1983-cü ildən V dərəcəli qəlibçi, xx.xx.1987-ci ildən Vİ dərəcəli qəlibçi, xx.xx.1998-ci ildən icraçı heykəltaraş vəzifəsində çalışmış və hazırda da çalışmaqda davam edir. - Azərbaycan Rəssamlar İttifaqı X4 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 12 nömrəli arayışa (arayış direktor B.İddiaçı və kadrlar şöbəsinin rəisi S.M.Məmmədova tərəfindən imzalanmışdır) əsasən ki, İddiaçı həqiqətən xx xxxx 1979-cu il tarixindən Azərbaycan Respublikası Rəssamlar İttifaqı X2 bürüncəritmə sexində xx xxxxxx 1998-ci ilədək qəlibçi, xx xxxxxx 1998-ci ildən bu günə qədər icraçı heykəltəraş işinə keçirilib, 2002-ci ildən sifarişlərin azalması ilə əlaqədar əmək haqqı yoxdur. İşlədiyi müddətdə metalın tökmə istehsalı ilə məşğul olub, çox sifarişlərdə heykəllərin bürüncdən böyüdülməsində əməyi var, İddiaçı sexdə gördüyü iş zərərli iş olaraq sayılır. - Azərbaycan Rəssamlar İttifaqı X4 tərəfindən verilmiş 09 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən də, X1 xx xxxx 1976-cı ildən xx.xx.1977-ci ilədək plakat çapı sexində çapçı işləyib, 1977-ci ildən 1979-cu ilədək hərbi qulluqda olub və hərbi qulluqdan sonra monumental heykəltəraşlıq sexində xx xxxx 1979-cu ildən 1-ci dərəcəli qəlibçi, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək bürüncəritmə sexində 2-ci dərəcəli metal tökmə işində işləyib. xx xxxx 1980-ci ildən 2-ci dərəcəli qəlibçidən xx xxxxxx 1998-ci ilədək bürüncəritmə sexində 6-ci dərəcəli qəlibçi dərəcələrinə çataraq xx.xx.1998-ci ildən bu günə qədər bürüncəritmə sexində icraçı heykəltəraş işində çalışır. İşlədiyi müddət ərzində qipsdən olan ayrı-ayrı hissələrinin qəliblərdə formasının hazırlanmasında və hazırlanmış formalara əridilmiş metalın tökmə istehsalı ilə məşğul olmuşdur. 2004-cü ildən sifarişlərin azalması ilə əlaqədar əmək haqqı yoxdur. Yaradıcılq işləri ilə arabir məşğul olur. İddiaçı Azərbaycan Rəssamlar İttifaqı X2 bürüncəritmə sexində gördüyü işi zərərli iş saylır. İddiaçı qeyd olunan peşəsi peşə və vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli və xx.xx.2020-ci il tarixli arayışlarda ziddiyətli məqamlar mövcuddur, belə ki, xx.xx.2016-cı il tarixli arayışda 2002-ci ildən sifarişlərin azalması ilə əlaqədar əmək haqqının olmadığı, xx.xx.2020-ci il tarixli arayışda isə 2004-cü ildən sifarişlərin azalması ilə əlaqədar əmək haqqının olmadığı qeyd edilmişdir. - Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********5 nömrəli imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) metalın əridilməsi və elektrotermik üsulla alınması bəndində (7.5) əlvan metal və ərintilərin tökücüləri vəzifəsi nəzərdə tutulmuşdur. Təqdim edilən x xxxx 1976-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında xx.xx.1979-cu il tarixindən bugünədək Azərbaycan Rəssamlar X2 bürüncəritmə sexində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların İdarə tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində həmin müəssisədə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən tökücü peşəsində iş stajının 9 ay 17 gün olduğu aşkar olunmuşdur. Bu fakt Azərbaycan Rəssamlar X4 tərəfindən müvafiq aktla təsdiqlənmişdir. Bu səbəbdən onun güzəştli iş stajı isə 10 ildən az təşkil edir. Bu səbəbdən əmək kitabçası və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Yuxarıda qeyd edilən qanun normalarının məzmunundan göründüyü kimi hazırkı iş üzrə iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ümumi iş stajı olsa da, 12 il 06 aylıq güzəştli iş stajına malik deyildir. Belə ki, cavabdehin və Azərbaycan Rəssamlar İttifaqı X2 əməkdaşlarının birgə iştirakı ilə tərtib olunmuş və Azərbaycan Rəssamlar İttifaqı X2 möhürü ilə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı adıçəkilən X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş Metallurgiya (əlvan metal) istehsalı bölməsində nəzərdə tutulmuş “tökücü” peşəsində iş stajının 9 ay 17 gün olduğu təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından hazırkı iddia tələbi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəra ra aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-5578/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-541/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-541/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver