Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-541/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı Məmmədhüseyn oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı Məmmədhüseyn oğlunun cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-3533/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01 avqust 2020-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 22.09.2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı 01 avqust 2020-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-3533/2021 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-3533/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 25 ildən az (24 il 10 ay 8 gün) təşkil edir. Bu səbəbdən də, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-3533/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2- 1(112)-3533/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - Notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş Əmək kitabçasına əsasən İddiaçı 01 sentyabr 1980-ci il tarixində Ə. Qarayev adına sovxoza üzümçülük üzrə fəhlə qəbul edilmiş və 01 noyabr 1981-ci ildə həqiqi hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən çıxmışdır. 16 noyabr 1981-30 dekabr 1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 10 fevral 1984 - 29 sentyabr 1984-cü il tarixində Ə.Qarayev adına sovxozda inşaat briqadasında işləmişdir. 28 oktyabr 1984- 01 oktyabr 1985-ci il tarixində X3 İdarəsində qazmaçı köməkçisi vəzifəsində işləmişdir. 11 oktyabr 1985-ci il tarixində Şirvanneft NQÇİ-nə X9 Sexinə neft və qaz hasilatı operatoru vəzifəsinə işə qəbul edilmiş və 25 yanvar 1990-cı il tarixinə qədər həmin vəzifədə çalışmışdır. 25 yanvar 1990-cı il tarixindən etibarən həmin idarədə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 01 fevral 1994-cü ilə qədər orada çalışmışdır. 01 fevral 1994-cü il tarixində X1 Kəmaləddin neft-qaz çıxarma sahəsinə quyuların yeraltı təmir operatoru vəzifəsinə keçirilmiş və 30 noyabr 2000-ci il tarixinədək həmin vəzifədə çalışmışdır. 01 dekabr 2000-ci ildən Karasu Əməliyyat Şirkətində Kəmaləddin X9 sahəsinə yeraltı təmir operatoru qəbul edilmiş və 30 iyun 2004-cü il tarixinədək həmin vəzifədə çalışmışdır. 30 iyun 2004-ci il tarixindən 04 yanvar 2005-ci il tarixinədək Paker Sexində usta vəzifəsində çalışmışdır. 04 yanvar 2005cü il tarixindən 11 dekabr 2007-ci il tarixinədək Kəmaləddin sahəsində qazma ustası vəzifəsində çalışmışdır. - Notarial qaydada təsdiq edilmiş НЗ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı 31.10.1981-cu il tarixdən 30.12.1981-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət X6 19.06.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 1980-1981-ci illərdə Şamaxı rayon Poladlı kəndi Ə.Qarayev adına sovxozda işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qobustan rayon Dövlət Arxivinin 27.07.2020-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı 15.06.1978-ci il tarixdə “Ə.Qarayev” adına sovxoza fəhlə qəbul edilmiş, 10.01.1981-ci il tarixdə həmin sovxozun taxılçılıq briqadasına fəhlə qəbul edilmiş, 19.01.1981-ci il tarixdə həmin sovxozda müvəqqəti fəhləlikdən daimi fəhləliyə qəbul edilmiş, 10.02.1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasına fəhlə qəbul edilmiş, 29.09.1984-cü il tarixdə həmin sovxozun inşaat briqadasından fəhləlikdən azad edilmişdir. - “X4 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialının 08 nömrəli 04.06.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, O, həqiqətən “Şirvanneft NQÇİ-də 4-cü dərəcə quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. “X4 Limited” şirkətinin Kadrlar Bölməsində saxlanılan arxiv sənədlərinə əsasən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə 08 il, 03 ay, 20 gün iş stajı var. Belə ki, 94/k saylı 09.10.1985-ci il tarixli əmrlə 11.10.1985-ci ildən 25.01.1990-cı il tarixə kimi “Şirvanneft ” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı Neftqazçıxarma Sexində 2-ci və 3-cü dərəcə neftqazçıxarma operatoru peşəsində işləmişdir. (04 il, 03 ay, 14 gün) -(Səh. 67. Neft və qaz hasilatı üzrə operatorlar.) 8/k saylı 19.01.1990-cı il tarixli əmrlə 25.01.1990-cı ildən 01.02.1994-cü il tarixə kimi “Şirvanneft” NQÇİ-nin Kalamaddin sahəsində 1 saylı NQÇS-də 4-cü dərəcə quyuların yeraltı təmiri üzrə operator peşəsində işləmişdir. (04 il, 00 ay, 06 gün) (səh. 67 . Quyuların yeraltı təmiri üzrə operatorlar. İddiaçı 20/a saylı 01.02.1994-cü il tarixli əmrlə 01.02.1994-cü il tarixdə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir. Cəmi: İddiaçı “Şirvanneft” NQÇİ-də güzəştli şərtlərlə 08 il, 03 ay, 20 gün iş stajı var.” - Karasu Əməliyyat Şirkətinin 06.08.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Bununla təsdiqlənir ki, İddiaçı Məmmədhüseyn oğlu, Karasu Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində, Quyuların əsaslı təmiri üzrə usta vəzifəsində işləyir. İddiaçı Məmmədhüseyn oğlunun neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir: Karasu Əməliyyat şirkəti:
1. Kəmaləddin neft çıxartma sahəsi: 5(dərəcəli) dərəcəli YAT- operator • 01.12.2000-30.06.2004
2. X8(Quyuların əsaslı və yeraltı təmir sexi) • 30.06.2004-01.04.2005 3.
3. Kəmaləddin sahəsi: Qazma ustası • 01.01.2004- 11.12.2007
4. Quyuların Əsaslı və Yeraltı təmir şöbəsi: • Böyük usta • 11.01.2007-01.01.2009
5. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Yeraltı təmir üzrə usta • 01.01.2009-01.06.2011
6. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Əsaslı təmiri üzrə sahə ustası • 01.06.2011-31.07.2019
7. Quyuların Əsaslı və Yeraltı təmir sexi: • Quyuların Əsaslı təmiri üzrə usta • 19.05.2020-06.08.2020 Cəmi: 18 il 10 ay 15 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən aşağıda qeyd olunan çıxarışlar üzrə İddiaçı Məmmədhüseyn oğlu 18 il 10ay 15 gün imtiyazlı iş stajına malikdir.
10. Neftin qazılması va hasilatı, neft, qaz kondensatı, kömür va şiştin emalı 10.2. Neft, qaz və qaz kondensatının hasilatı - a) fəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar; rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları, neft qaz və qaz kondensatı hasilat işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar.” Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2, 4.1.3, 4.1.9, 4.1.10, 4.1.11, 7, 9.1, 9.8, 21.1, 31.1, 32.1, 37.7-ci maddələrini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsini, 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndini, 67-ci maddəsinin 3-cü bəndini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin yuxarıda qeyd edilən arayışlardan göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (25 il 01 ay 11 gün) ümumi iş stajı mövcud olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində “neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları” (kod 2130100a—11297); “neft və qaz hasilatı üzrə operatorlar” (kod 2130200a—15824); “quyuların yeraltı təmiri üzrə operatorlar” (kod 2130200a—15870); “quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar” (kod 2130100b—23187) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (23.01.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “quyuların yeraltı təmiri üzrə operatorlar”, “neft və qaz hasilatı üzrə operatorlar” və “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar” nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq (25 il 01 ay 11 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. İddiaçı 01.01.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğu iş materiallarına əsasən sübuta yetirildiyindən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22.09.2021-ci il tarixli, 2-1(112)-3533/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.