Məhkəmə qərarları › İş №2-1(103)-542/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-542/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-542/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2- 1(112)-5171/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı-İddiaçı MTK cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK üzrə qəbul olunmuş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri LGBİ-nin 21.05.2020-ci il tarixli **********200075 saylı qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlaması 30 təqvim günü ərzində təyin edilməli olduğu halda, yoxlama 30 iş günü ərzində təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020-ci il tarixli qərarında yoxlama ilə əhatə olunan vergi dövrü kimi aprel 2017-mart 2020-ci il göstərilmişdir. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanı 2017-ci ilin aprel ayı dövrünü də yoxlama ilə əhatə olunan dövrə daxil etməklə 3 illik dövrü pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-5171/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim: N.Abıyev) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının başlanması haqqında qərarında formal olaraq VM-nin 38.3.5-ci maddəsinə istinad etməklə kifayətlənmiş, yoxlamanın başlanması üçün əsas olan mənbəyi bəlli məlumatın nədən ibarət olduğunu, bu məlumatı təsdiq edən zəruri sənədlərə və ya sübutlara əsaslanmamış, ümumiyyətlə yoxlamanın qeyd olunan əsasla həyata keçirilməsini əsaslandırmamışdır. Beləliklə, qeyd olunanlardan görünür ki, vergi orqanı tərəfindən yoxlamanın həyata keçirilməsi haqqında qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün əsas formal olaraq göstərilmişdir ki, bu da yoxlamanın qanuni əsasların olmadan təyin edilməsinə və nəticə etibarı ilə yoxlamanın ümumiyyətlə qanunsuz olmasına dəlalət edir. Birinci instansiya məhkəməsi məhkəmə baxışı zamanı yoxlamanın başlanmasına əsas olan mənbəyi bəlli məlumatları özündə təsdiq edən sənədlərin təqdim edilməsini cavabdeh orqanın nümayəndəsindən tələb etsə də, sonuncu bununla bağlı heç bir mötəbər sənəd və ya sübut təqdim etməmiş, məhkəmə isə buna məhəl qoymamış və yoxlamanın başlanmasına əsas olan mənbəyi bəlli məlumatları özündə əks etdirən hər hansı sənəd və ya sübut olmadan qeyd olunan məsələdə cavabdeh orqanın mövqeyini qəbul etmişdir ki, bu hal da məhkəmənin necə səthi və birtərəfli mövqe nümayiş etdirilməklə aparıldığını bir daha sübut edir. Vergi orqanı qanunvericiliyin tələblərini pozaraq səyyar vergi yoxlamasını 30 təqvim günü ərzində təyin etməli olduğu halda, yoxlamanı 30 iş günü ərzində təyin etmişdir. Birinci instansiya məhkəməsi isə səyyar vergi yoxlamasının iş günləri və yaxud təqvim günləri ilə aparılmasına dair müddəaları özünə uyğun şəkildə şərh etmiş və maddi hüquq normaların tətbiqində kobud səhvə yol vermişdir. Halbuki, vergi qanunvericiliyinin müddəalarına nəzər yetirilsə, açıq-aşkar görünür ki, Vergi Məcəlləsində qanunvericilik müddətlər ilə bağlı məsələni, yəni hansı halda müddətlərin iş günləri, hansı halda isə təqvim günləri ilə aparılmasını dəqiq müəyyən etmişdir. Qeyd olunan məsələ isə həmçinin artıq formalaşmış vahid məhkəmə təcrübəsində də öz təsdiqi tapmışdır. Birinci instansiya məhkəməsi isə öz qərarında səyyar vergi yoxlamasının başlanması haqqında qərarda 3 illik müddətin ötürülməsinə dair iddiaçının dəlillərinə münasibət bildirərkən yalnız vergi qanunvericiliyinin normalarını sadalamaqla kifayətlənmiş, lakin həmin dəlilə münasibətini əsaslandırmamışdır. Məhkəmə qərarında Vergi Məcəlləsinin 85.5- 1-ci maddəsinə istinad edərək Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə yenə də vergi qanunvericiliyinin maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da kobud qanun pozuntusuna yol vermişdir. Halbuki, Vergi Məcəlləsinin 85.4-cü və 85.5-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilməməsi, heç də səyyar vergi yoxlaması zamanı 3 ildən artıq dövrün əhatə edilə bilməsinə dəlalət etmir. Çünki, bir daha qeyd edirik ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsində imperativ qaydada təsbit edilmişdir ki, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Əks təqdirdə, qeyd olunan normanın, yəni səyyar vergi yoxlaması zamanı 3 illik müddətlə bağlı məhdudiyyətinin ümumiyyətlə heç bir anlamı qalmır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 2-1(103)- 757/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli 2-1(102)-1543/2021 nömrəli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.04.2021-ci il tarixli 2-1(103)-757/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Təkrar apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək, yuxarı instansiya məhkəməsinin qərarında qoyulmuş göstərişləri nəzərə alaraq belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunmasına dair yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı MTK üzrə qəbul olunmuş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilmiş, bu səbəbdən 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarı ilə İddiaçı MTK (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci il dövrü üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Məhkəmə iddiaçının vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlaması təyin edilərkən səyyar vergi yoxlamasının 30 təqvim günü ərzində təyin edilməli olduğu halda, yoxlamanın qanunvericiliyin təlblərinin pozulmaqla 30 iş günü ərzində təyin edilməsi dəlili ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən 01 yanvar 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması ehtiva edirdi ki, bu günlər təqvim günləri kimi hesablanmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, hüquqi şəxs İddiaçı MTK (VÖEN: **********) vergi ödəyicisi kimi 06.08.2007-ci il tarixdə İddiaçı MMC-nin hüquqi varisi kimi uçota alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasənvergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlamasının hansı hallarda keçirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri LGBİ-nin rəis müavini R.R.Quliyev tərəfindən qəbul edilmiş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərardan görünür ki, İddiaçı MTK (VÖEN **********) üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci il dövrü üçün növbədənkənar səyyar vergi yoxlamasınn təyin edilməsi qərara alınmış, yoxlamanın müddəti 30 iş günü müəyən edilmişdir. Cavabdeh növbədənkənar vergi yoxlamasının keçirilməsinin hüquqi əsası kimi qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində qeyd edilir ki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Vergi Məcəlləsinin sözügedən norması vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Ali Məhkəmənin işin yeni apelyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, cavabdeh etiraz və dəlillərində əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında iddiaçının gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərini müəyyən etməsini bildirməmişdir. Cavabdeh hansı mənbəyi bəlli olan məlumat əsasında iddiaçının gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsini (azaldılmasını) göstərməmişdir. Bəhs olunan hallarla bağlı apelyasiya məhkəməsi İPM-in 12 və 48-ci maddəsinin tələblərinə əsasən araşdırma aparmamışdır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Ali Məhkəmənin göstərişləri və apelyasiya şikayətinin dəlilləri nəzərə alınaraq cavabdehin nümayəndəsindən növbədənkənar vergi yoxlaması keçirilməsi barədə qərar qəbul edilərkən mənbəyi bəlli olan hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) məlumatları özündə təsdiq edən sənədlərin təqdim edilməsi tələb olunsa da məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Göründüyü kimi cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, apelyasiya şikayətində göstərilən dəlillər cavabdehin 21.05.2020-ci il tarixli qərarından sonrakı hərəkəti ilə bağlı olduğundan və iddianın predmeti 21.05.2020ci il tarixli qərar olduğundan, şikayətin digər dəlillərinə münasibət bildirməyə zərurət olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qəbul edilərkən mənbəyi bəlli olan hansı məlumat əsasında yoxlamanın aparılması qərarda öz əksini tapmadığından və bunla bağlı cavabdeh orqan tərəfindən məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim olunmadığından, “İnzibati icraat haqqında” Qanunun aşağıda qeyd olunan normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılmalı, qərarın qəbulunun vergi ödəyici kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MTK-nın apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18.11.2020-ci il tarixli 2-1(112)-5171/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı İddiaçı MTK üzrə qəbul olunmuş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə iddia tələbi təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar