Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-542/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri Vəkil və vəkil X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8956/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi, daha sonra, iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********076300 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıdakılarla əsaslandırmışdır: “...İşin faktiki hallarına əsasən iddiaçı ********* qeydiyyat nömrəsi (VÖEN) əsasında fərdi sahibkar kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdehin 13 mart 2023-cü il tarixli **********930000 nömrəli qərarına əsasən ona kameral qaydada əlavə vergilər hesablanmışdır. Həmin qərarda qeyd edilir ki, guya vergi nəzarəti tədbirləri zamanı iddiaçının fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4 017 215,02 manat (ƏDV ilə birlikdə), cəmi, 7 071 739,22 manat (ƏDV ilə birlikdə) olmalı halda, iddiaçı tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üzrə (7.071.739,22/1,18- 392.155,67)*18%=1.008.151,86manat (bəyan edilən 432,90 manat çıxıldıqda 1.007.718,96 manat) ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Növbəti gün həmin qərar cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli **********076300 nömrəli yeni qərarı ilə ləğv olunaraq kameral bəyannamə ilə hesablanmış 1.007.718,96 manat ƏDV-dən əlavə, vergi və ya sığorta haqqı kimi 53,11 manat əlavə vergi məbləği də hesablanmışdır. İddiaçı hesab edir ki, həmin qərarla ona hesablanmış vergilər qanunsuz hesablanmışdır. Belə ki, mübahisələndirilən qərarda qeyd edilən hallar həqiqətə uyğun deyil, qərarda cavabdeh tərəfindən istinad edilən sübutlar iddiaçının faktiki vəziyyətini olduğu kimi əks etdirmir, tətbiq edilən sübutlar qanunsuzdur, istinad edilən mənbə mötəbər, təkzibolunmazlıq və əsaslı şübhədənkənar sübut meyarına cavab vermir...” Cavabdeh iddia ərizəsinə etirazını aşağıdakılarla əsaslandırılmışdır. “...Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar aşkarlanmış, həmin məlumatlara əsasən, aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) dövriyyə məbləği əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7071739,22/1,18- 392155,67)*18% = 1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Etiraza əlavə edilmiş 2021-2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən sənədlər İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanmış və qeyd aparılmışdır ki, “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus kompüterdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir”. Həmçinin, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 998155 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Mühafizə İdarəsinə (VÖEN:**********) 15,25 manat, EBCL seriyalı 114654 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" MMC-nin (VÖEN:**********) 34,98 manat, EBCK seriyalı 464719 nömrdli elektron qaiməfakturası (VHF-si) üzrə "xxxx" MMC-yə (VÖEN:**********) 2,88 manat, ümumilikdə, 53,11 manat ƏDV məbləği ödənilməsə də, həmin elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar xx.xx.2023-cü il tarixli **********268900 nömrəli və xx.xx.2023cü il tarixli **********229400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırılmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Lakin vergi ödəyicisi kənarlaşmanı aradan qaldırmaqla cari vergi bəyannaməsi təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci ilin dekabr ayının əlavə dəyər vergisi bəyannaməsi üzrə 1008204,97 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli və xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar göndərilmişdir...” Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8956/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. «…Vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar aşkarlanmış, həmin məlumatlara əsasən, aparılmış araşdırma zamanı 2021-ci ilin aprel-2021-ci ilin dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3054524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-2022-ci ilin oktyabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 4017215,02 manat (ƏDV ilə birlikdə), cəmi 7071739,22 manat (ƏDV ilə birlikdə) olmalı olduğu halda, vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 392155,67 manat (ƏDV-siz) dövriyyə məbləği əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsi üçün (7 071 739,22/1,18-392155,67)*18%=1008151,86 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Etiraza əlavə edilmiş 2021-2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən sənədlər iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 tərəfindən imzalanmış və qeyd aparılmışdır ki, “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus komputerdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir”. Həmçinin, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBCJ seriyalı 998155 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Mühafizə İdarəsinə (VÖEN:**********) 15,25 manat, EBCL seriyalı 114654 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 34,98 manat, EBCK seriyalı 464719 nömrəli elektron qaimə-fakturası (VHF-si) üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) 2,88 manat, ümumilikdə, 53,11 manat ƏDV məbləği ödənilməsə də, həmin elektron qaimə-fakturalar (VHF-si) üzrə əvəzləşdirmə aparılması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İşin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən vergi ödəyicisində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirlərinə dair müvafiq sənədlər, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli Qərar, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci tarixli protokol məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli protokoldan da görünür ki, vergi ödəyicisindən 2021-2022-ci illər üzrə satış dövriyyəsi və flashkart götürülmüşdür. Həmin sənədlər etibarnamə üzrə səlahiyyətli şəxs olan X4 tərəfindən vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Məhkəməyə də təqdim olunmuş etibarnamədən də görünür ki, İbrahimov Adəmin sənədlərin hazırlanması, təqdim edilməsi, vergi ödəyicisini təmsil etmək, imza etmək və s. kimi səlahiyyətləri mövcuddur. Etiraza əlavə edilmiş 2021- 2022-ci illər üzrə satış dövriyyəsini əks etdirən sənədlər X2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan X4 tərəfindən imzalanmış və qeyd aparılmışdır ki, “Cədvəl üzrə göstərilmiş rəqəmlər bizə məxsus komputerdən götürülüb və mağazanın sahibkarlıq fəaliyyətini əks etdirir”. Həmçinin, məhkəmə iclasında ifadə verən X4 vergi ödəyicisinin adından müvafiq hərəkətləri etməsi ilə bağlı ona etibarnamə verilməsini və apardığı qeydləri öz iradəsi əsasında yazdığını, bu zaman ona hər hansı məcburiyyət olmadığını bildirmişdir. Bununla yanaşı, 2021-2022-ci illər üzrə satış dövriyyəsinə dair cədvəllər məhkəmə araşdırılması zamanı təqdim edilmiş, məbləğlərlə bağlı ətraflı izahat verilmişdir. Məhkəməyə mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********930000 nömrəli qərardan sonra qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********076300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar və onunla bağlı vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktubunun təqdim edilməsinə, eləcə də, iddia ərizəsinə etirazda qeyd edilməsinə baxmayaraq, həmin qərara münasibət bildirilməmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli **********076300 nömrəli qərarla əvvəlki qərara münasibətdə 53,11 manat əlavə ƏDV məbləği hesablanmış və ümumilikdə, 1008204,97 manat əlavə dəyər vergisinin ödəməkdən yayındırıldığı müəyyən olunmuşdur. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli **********930000 nömrəli Qərarın ləğv olunmasına diqqət yetirməmiş, həmin Qərara münasibətdə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Qeyd olunmalıdır ki, məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirik ki, məhkəmə qərarının əsası kimi istinad olunan dəlillər işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar əsassızdır və ləğv olunmalıdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirmiş, mübahisələndirilən qərarla hesablanmış vergilərin vergi qanunvericiliyinin müəyyən etdiyi qaydalara və prinsiplərinə zidd olduğunu, həmin vergilərin əsasını hansı ilkin sənədlər təşkil etdiyinin əsaslandırılmadığını, bildirərək, digər nümayəndəsi vəkil Nümayəndə1 qeyd olunanlarla razılaşaraq birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci insatansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”)-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İddiçının tələbindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin kameral yoxlamanın nəticələrinə dair qəbul olunmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 13 mart 2023-cü il tarixli **********930000 nömrəli qərarının ləğv edilməsini məhkəmədən tələb etmişdir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, mübahisələndirilən qərarın qəbul olunmasına əsas ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə bağlı keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə (mağazada) aşkarlanıb götürülmüş elektron yaddaş qurğusunda olan cədvəl məlumatlarına əsasən aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin aprel-dekabr ayları üzrə hesablanmalı dövriyyə məbləği 3.054.524,20 manat (ƏDV ilə birlikdə), 2022-ci ilin yanvar-oktyabr ayları üzrə (ƏDV ilə birlikdə) hesablanmalı dövriyyə məbləği 4.017.215,02 manat, cəmi, 7.071.739,22 manat (ƏDV ilə birlikdə) dövriyyə məbləği müəyyən edilərək iddiaçıya müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə 392.155,67 manat (ƏDV-siz) dövriyyə nəzərə alınmaqla, ilk öncə 13 mart 20123-cü il tarixli qərar əsasında ona 2022-ci ilin dekabr ayı üçün 1.007.718,96 manat ƏDV, daha sonra növəti gün qəbul etdiyi 14 mart 2023-cü il tarixli qərarı ilə əvvəlki qərar ləğv olunaraq kameral qaydada hesablanmış həmin vergi məbləğinin 1.007.718,96 manat saxlanılmış, bundan başqa da 53,11 manat əlavə ƏDV məbləği də hesablanmışdır. İşin mübahisələndirilən hallarından aydın olur ki, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün hesablanmış həmin (1.007.718,96 manat) məbləğində əlavə dəyər vergiysinin əsasını operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcıda əks olunmuş cədvəl üzrə “qara mühasibatlıq” məlumatları təşkil etmişdir. İş materiallarına kağız daşıyıcıda əlavə edilmiş elektron yaddaş qurğusundakı cədvəl məlumatları tədqiq olunduqda müəyyən olunur ki, vergi ödəyicisinə dair heç bir konkret məlumat, həmçinin, malların təqdim edildiyi şəxslər barədə, hansı sənədlər əsasında onlara təqdim olunduğu və reallıqda həmin şəxslər tərəfindən təqdim olumuş malların istər elektron qaimələr vasitəsilə, istərsə də faktiki olaraq təhvil alındığı barədə hər hansı bir məlumat və rekvizitlər mövcud deyildir. Ümumiyyətlə həmin cədvəl məlumatlarında göstərilmiş rəqəmlərin konkret olaraq hansı dövrləri əhatə etdiyi, malların hansı aylar üzrə və hansı həcmdə təqdim edildiyi görünmür ki, bu da konkret olaraq hər ayüzrə, o cümlədən, 2022-ci ilin dekabr ayı üzrə iddiaçının real satış dövriyyəsini konkret şəkildə müəyyən etməyə imkan vermir. Belə olan halda, cavabdeh tərəfindən həmin cədvəl məlumatlarına əsasən iddiaçının satış dövriyyəsini, qeyri-müəyyən meyarlardan çıxış edərək, 2021-ci ilin aprel-dekabr ayları üzrə 3054524,20 manat, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə 4017215,02 manat, cəmi, 7071739,22 manat məbləğində müəyyən etməsi mötəbər hesab oluna bilməz. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iş materiallarında olan 2021-2022-ci illər üzrə satış dövriyyəsi (i.v.45), və “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” (i.v 84-85) xx.xx.2022-ci il tarixli protokol iddiaçının iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında götürülən elektoron daşıyıcıda mövcud olan məlumatların hansı mənbə əsasında işlənildiyi və hansı ilkin sənədlərə çıxarıldığı barədə açıqlama və faktlar mövcud da deyildir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. Həmin Qanunun 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: -“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda da məhz, vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin düzgünlüyü elektron daşıyıcıdakı cədvəl göstəricilərinin əsasını təşkil edən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun. Konkret halda isə cavabdeh tərəfindən abstrakt rəqəmlər əsasında iddiaçıya öz mülahizəsinə əsasən əlavə vergilər hesablanmışdır. Qeyd olunanlar baxımından, elektron daşyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş elektron daşıycı məlumatları müssisənin vergidən yayınması ilə bağlı vergi orqanında müəyyən şübhəli məqamları yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran, yəni, onlardakı məlumatların doğruluğu ilkin mənbə sənədlər ilə sübuta yetirilmədiyi halda, vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması əsaslı hesab edilə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: “ Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...” Həmçinin onu da qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən kameral qaydada yoxlanılan dövr 2021-ci və 2022-ci ilin aprel-dekabr aylarında ümumilikdə, 18 ay (9+9) ƏDV hesabat ayı mövcuddur. Azərbaycan Respublikasının 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcllənin 37.2-ci maddəsinin isə nəzərədə tutur ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Vergi qanunvericiliyinin qeyd olunan tələbləri nəzərə alındıqda, cavabdeh vergi orqanı hər ay üzrə ƏDV hesabatını növbəti ayın 20-ə qədər verdiyi tarixdən 30 gün müddətində kameral qaydada ötən hesabat ayı üzrə ƏDV-nin düzgün ödənilib-ödənilmədiyini yoxlamaqda səlahiyyətli olduğu halda, vergi qanunvericiliyində qeyd olunan müddətlərə riayət etmədən, iddiaçının əvvəlki hesabat dövrləri üzrə satış dövriyyəsini 2022-ci ilin dekabr ayında cəmləmiş, həmin ay üçün operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus mağazadan xx.xx.2022-ci il tarixdə götürülmüş (götürmə qərarı və protokolu işə əlvə olunur) elektron daşıycıda təsbit olunan mənşəyi bəlli olmayan qara mühasibatlıq məlumatları əsasında iddiaçıya həqiqiliyi əsaslandırılmayan və reallıqdan uzaq olan həcmdə əlavə dəyər vergisi hesablamışdır. Belə olan halda, yəni, sözügedən elektron daşıyıcıda olan məlumatlardakı kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən və ən azından, həmin məlumatları formalaşdıran hallar (təqdim etmənin, ödənişlərin və s.) barədə sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatı mövcud olmadığı halda, iddiaçıya 2022-ci ilin dekabr ayı üçün ilk öncə 13 mart 2023-cü il tarixli **********930000 qərar əsasında 1.007.718,96 manat məbləğində ƏDV məbləği hesablanması, növbəti gün isə ona, inzibati icraat qaydalarına riayət etmədən və vergi ödəyicisi olaraq həmin icraata cəlb olunmadan, 14 mart 2023-cü il tarixdə qəbul etdiyi **********76300 saylı mübahisələndirilən qərarı ilə - əvvəlki qərarını ləğv edərək, yenidən iddiaçıya 2022-ci ilin dekabr ayı üzrə kameral bəyannamə ilə hesablanmış 1.007.718,96 manat məbləğində ƏDV-ni saxlamaqla, ona əlavə olaraq 53,11 manat vergi hesablaması qanunsuz olmuşdur. Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələbinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərarla 53,11 manat məbləğində əlavə vergi hesablanarkən Məcəllənin qeyd olunan tələblərinə riayət olunduğu sübuta yetirilmir. Həmin Məcəllənin 37.6-cı maddəsindən isə görünür ki, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.4-cü maddəsində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə də, İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, mübahsələndirilən qərarla hesablanan əlavə vergilərin maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olduğu cavabdeh tərəfindən sübuta yetirilmir. Belə olan halda, həmin qərarla iddiaçının hüquqları pozulmuş olur. İPM-in 70-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə də, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin, birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8956/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8956/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-542/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-542/2024
15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver