Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-543/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı (xx.xx.1974-cü il tarixində ünvan 1i ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması məsələsinə yenidən baxılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4400/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 15.11.2019-cu il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 30 iyun 1992-ci il tarixdə Quba Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 2 iyul 1992-ci il tarixdə müvafiq hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, 6 avqust 1992-ci il tarixdə başqa hərbi hissəyə göndərilmiş, Laçın, Qubadlı və Ağdam bölgələrində 7 avqust 1992-ci il tarixdən 12 may 1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, 1994-cü ilin dekabr ayınadək hərbi xidmətdə olmuşdur. 23–24 sentyabr 1992-ci il tarixlərdə Qarakənd kəndi ətrafında gedən döyüşlərdə yaralandığından, Bakı şəhərində yerləşən hərbi hospitala göndərilmişdir. Sadalanan faktlar Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 084533 saylı Qarabağ Müharibəsi veteranı vəsiqəsi ilə təsdiq olunur. Qeyd olunduğu kimi, o, Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmışdır. Döyüşlərdə aldığı kontuziya nəticəsində xəstələnmiş, psixi pozuntulara məruz qalmış, daima müalicədə olmasına baxmayaraq, onun tam sağalması mümkünsüzdür, hal-hazırda da daima müalicədədir. Bu səbəbdən onun əlilliyinin təyin olunması üçün Quba Rayon Mərkəzi X6 Komissiyası tərəfindən müvafiq göndəriş Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Bu barədə ona Həkim Məsləhət Komissiyasının 11 iyul 2019-cu il tarixli bildirişi verilmişdir. AR Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli, 448 nömrəli Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyası haqqında Əsasnamə”yə dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə TSERAS tərəfindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Lakin Tibbi-Sosial Ekspert Komissiyası 2019-cu ilin avqust ayında əlilliyin təyin olunmasından imtina edərək bunun səbəbi kimi “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması”nı göstərmişdir. O, məsələ ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasının 9 iyul 2019-cu il tarixli göndərişinin surətini əldə etmişdir. Göndərişdə xəstəliklər göstərilməklə bildirilir ki, xəstəlik 24 sentyabr 1992-ci il tarixdə, yəni onun döyüş əməliyyatlarında yaralandığı vaxt başlanmışdır, xəstəliyin gedişi xronikidir, yəni sağalması mümkün deyil, son 6 ayda üç dəfə üzvü mənşəli şəxsiyyət pozuntusu xəstəliyi ilə müalicə olunmuşdur. Həmçinin göndərişdə göstərilir ki, o, 1992-ci ildən bugünədək müalicə olunur, 23 – 24 sentyabr 1992-ci il tarixlərdə Qarakənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır. Bakı şəhəri hərbi hospitalında müalicə almış, tədricən ruhi sferasında pozuntular başlayıb, çoxsaylı ambulator müalicələrdən sonra stasionar müalicələrdə olmuşdur. Ona müharibə veteranı statusu verilmişdir. Onun hal-hazırkı sağlamlıq vəziyyəti göndərişdə aşağıdakı kimi əks olunmuşdur: “Ünsiyyətdə kobuddur. Cavabları mahiyyətindən kənar olur. Bələdliyi zamanda coşqundur. Emosiyaları davamiyyətsiz, maraq dairəsi dardır. Tez özündən çıxır. Narahat olaraq oyanıqlıq baş verir. Bir yerdə qərar tuta bilmir. Ətrafdakıların münasibətinə kobudluq edir, qıcolma tutmaları bir ay ərzində 8 – 10 dəfə təkrarlanır.”. Göndərişdə ona psixiatr tərəfindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu” nəticəvi diaqnozu qoyulmuşdur. Göndərişdə əsas diaqnoz kimi aşağıdakı xəstəlik təyin olunmuşdur: “Üzvi mənşəli şəxsiyyət pozuntusu baş beyinin zədələnməsi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu, nəzərə çarpan davranış pozuntuları, tez-tez baş verən qıcolma tutmaları ayda 8 – 10 dəfə və dekompensasiyalar”. Göndərişdə ağırlaşma halının olması təsdiq olunmaqla ağırlaşmanın şəxsiyyətin emosional davranış pozuntusu kimi özünü təzahür etməsi göstərilir. Xəstəliyin nəticəsində yaranmış yanaşı xəstəliklər kimi qıcolma və spazm göstərilir. Göndərişdə TSEK-ə göndərilməsi üçün əsas kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xəstəliyin yaranması göstərilir. Göndərişdən görünür ki, o, tam qanunauyğun olaraq doldurulmuşdur. Tibbi-Sosial Ekspet Komissiyası isə, əsassız olaraq ona əlilliyin təyin olunmasından imtina etmişdir. Göndərişə əsasən onun xəstəliklərinin sağalmaz olması və sağlamlığının çox ağır vəziyyətdə olması təsdiq olunmuşdur. Lakin ona xəstəliyə görə əlillik dərəcəsinin təyin olunması barədə göndəriş əsassız olaraq təmin olunmamışdır. Belə ki, göndərişdə göstərilənlərlə təsdiq olunur ki, xəstəlikdən tam sağalması qeyri-mümkündür. Bu halda ona əlillik təyin olunmaqla əlilliyin dərəcəsi müəyyən edilməli idi. Lakin göstərilənlərə baxmayaraq, TSEK əsassız olaraq onun əlillik dərəcəsini təyin etməmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının Tibbi-Sosial Ekspert Komissiyasına təqdim etdiyi sənədlər “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin və “Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik dərəcəsinin müəyyən edilməsi barədə Təlimat”ın müddəalarına uyğun olmuşdur. Göstərilən məsələ ilə əlaqədar dəfələrlə müvafiq orqanlara müraciət etmişdir. Lakin müraciətlərin nəticəsi olmamışdır. O, sonuncu dəfə 9 fevral 2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Poçt xəbərnaməsinə əsasən ərizəsi 13 sentyabr 2019-cu il tarixdə cavabdehə təqdim olunsa da, ona bu günədık heç bir cavab verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli, 2-1(118)-337/2020 nömrəli qərardadı ilə (hakim İ.Quliyev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı ona əlilliyin təyin olunması məsələsinə yenidən baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4400/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlilliyin təyin olunması məsələsinə yenidən baxılması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 20.11.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4400/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmə tərəfindən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə, Quba rayon X1 və Quba Rayon Mərkəzi Xəstəxanasına sorğular ünvanlayaraq, işin obyektiv həlli məqsədilə, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasına müalicə almaq üçün nə vaxt daxil olması, hansı tarixlərdə müalicə alması, həqiqətən müalicə alıb-almaması, əlillik təyin edilibsə əlilliyin təyini üçün əsas olan sənədlərin surətlərini, iddiaçının müalicəsinin hansı tarixlərdə stasionar, hansı tarixlərdə ambulator aparılması, iddiaçının sizin tibb müəssisənizə hansı diaqnozla daxil olması, iddiaçıya qoyulmuş diaqnoz üzrə onun gələcəkdə tam sağalmasının mümkün olub-olmaması barədə məlumatları, ümumiyyətlə, sorğuda əks olunmayan, lakin işlə bağlı olan bütün sənədlərin və məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi tələb olunmuşdur. Quba rayon X2 tərəfindən məhkəməyə ünvanlanmış məktubda Quba rayonu, Xucbala kənd sakini, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı Quba rayon Mərkəzi Xəstəxanasının 96 saylı, 03.03.2021-ci il tarixli göndərişinə əsasən 05.03.2021-ci il tarixdə Quba rayon PNRM-da stasionar müalicəyə daxil olduğu, xəstənin 07.04.2021-ci il tarixdə evə yazıldığı və yaşayış yerində ambulator psixiatrik müşahidə məsləhətlərini görüldüyü qeyd edilmişdir. Diaqnoz; “Baş-beyin zədələnməsi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu, nəzərə çarpan davranış pozuntusu qıcolma tutmaları və dekompensasiyalarla”. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanmış 17.05.2021-ci il tarixli, 4228№-li cavab məktubunda xx.xx.1974-cü il təvəllüdlü Quba rayonu, Xucbala kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə 27.08.2018-27.11.2018-ci il tarixdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində ambulator müalicədə, İddiaçı təkrar 29.01.2019-cu il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasının göndərişinə əsasən “Baş-beynin zədələnməsi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən qıcolma tutmalarla” diaqnozu ilə gündüz stasionarı şöbəsinə ambulator müalicəyə qəbul olunduğu, 01.04.2019-cu il tarixdə xəstəxanadan evə yazıldığı qeyd edilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən 11 iyun 2021-ci il tarixli, 927 №-li cavab məktubunda Quba rayonunda anadan olmuş, Quba rayonu Xucbala kəndində qeydiyyatda olan, xx.xx.1974-cü il təvəllüdlü X5, Quba Rayon Mərkəzi Xəstəxanasına 2005-ci il tarixdə müraciət etdiyi, Ambulator müraciətləri: 28.X1.2005-ci il, 17.06.2009-cu il, 24.10.2011-ci il, 06.03.2013- cü il, 22.04.2014-cü il, 17.04.2017-ci il, 26.03.2008-ci il, 24.05.2018-ci il və s. tarixlərdə olmuşdur. Stasionar müalicələri : Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 7 saylı Respublika Psixiatrik Xəstəxanasına 27.08.-27.11.2018-ci il və 29.01 -07.04.2019-cu il və Quba rayonu P.N.R.M-ə 05.03.-07 04.2021-ci il tarixlərdə olmuşdur. Əlillik dərəcəsi təyin edilməsi üçün Quba RMX-nm HMK-dan 25.05.2019-cu il tarixinin iclasının 56 saylı protokolundan çıxarışda və 09.07.2019-cu il tarixli iclasının 69 saylı protokolundan çıxarışla D.T.S.E.K.R.A. göndərişlə forma 088 göndərilib. Əlillik dərəcəsi təyin olunmamışdır. Xəstə Quba RMX-nın X4 psixiatrik kabinetində A.R.S.N. 7 saylı R.P.X-dan ******* saylı. 29.01-07.04.2019-cu il tarixlərinin stasionar epikrizi daxil olduqdan sonra aktiv nəzarətə götürülüb Epikrizdə göstərilən diaqnoz- baş-beyin zədələnməsi nəticəsində kəskin ifadəli şəxsiyyət pozuntusu. nəzərə çarpan davranış pozuntuları, tez-tez baş verən qıcolma tutmaları (ayda 8-10 dəfə) və dekompensasiyalarla-diaqnozun klinik xüsusiyyətlərindən məlumdur ki, bu patoloji pozuntu xroniki xarakterlidir. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə etdiyini və onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı iddia tələbini və apellyasiya şikayətini müdafiə etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçının sonrakı məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi olaraq, onun ağır xəstə olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr işlərə baxarkən qanunvericilikdə nəzərdə tutulduğu hallarda iddiaçının həmin iddiası üzrə cavabdehin imtinasının olubolmamasını, həmçinin ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) mövcudluğunu yoxlamalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğundan Ali Məhkəmə Plenumunun qərarına əsasən cavabdehin imtinasının olub-olmaması məhkəmə tərəfindən yoxlanılmalıdır və iddia tələbi yalnız cavabdehin imtinası olduqda və ya cavabdehin hərəkətsizliyi səbəbindən iddiaçının müraciətinin cavablandırılmadığı hallarda mümkündür. Odur ki, iddianın əsaslılığını yoxlamamışdan əvvəl iddiaçının müvafiq ərizə ilə cavabdehə müraciət edib-etmədiyinin, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtina edib-etmədiyinin müəyyən edilməsi üçün məhkəmə ətraflı araşdırma aparmalıdır. İşin müəyyən edilən hallarından göründüyü kimi, iddiaçı ona əlillik dərəcisinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına müraciət etsə də, sonuncu, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğunu qeyd etmişdir. Göründüyü kimi, TSEK-in rədd cavabı xəstəliklə bağlı olmamış, formal xarakter daşımışdır. Bu hal isə rəsmiləşdirilmiş göndəriş tam doldurulduğu halda iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsini istisna etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı TSEK-in ona əlillik dərəcəsinin verilməsindən imtina etdiyini bildirsə də, hazırkı iddianı TSEK-ə qarşı yox, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspert Reabilitasiya Xidmətinə qarşı qaldırmışdır. Yuxarıda qeyd edilən hal hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, məhkəmə tərəfindən iddia tələbi mümkün sayılaraq, maddi və prosessual normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq qərar qəbul edilmiş iddiaçının iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020ci il tarixli, 2-1(112)-4400/2020 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4400/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin olunması məsələsinə yenidən baxılması”na dair iddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193-cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-543/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-543/2021
20.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver