Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-543/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6919/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalının "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş 1.0.8; 1.0.10; 1.0.12; 10-cu və digər uyğun maddələrinin tələbləri əsasında yenidən hesablanmağı, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sığorta haqlarının 90%-ini pensiya kapitalı üçün əsas götürülməklə, pensiya kapitalında toplanmış məbləğin 144-ə nisbəti əsasında təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanma tarixinin xx.xx.2017-ci il tarixdən etibarən cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. 63 yaşı tamam olandan sonra əmək pensiyaçısıdır. Eyni zamanda pensiyada olsa da, Milli Aviasiya Akademiyasında baş müəllim kimi elmi fəaliyyətlə məşğul olur və digər mülki-hüquqi müqavilələrlə konsultasiya xidmətləri verir. Pensiya hüququnun yarandığı 24 yanvar 2017-ci il tarixdə ona həmin dövrdə qüvvədə olan qanuna əsasən 110 man (baza hissəsi) 75,10 man (sığorta hissəsi) və 337,80 man (pensiya kapitalı) - cəmi 552,70 manat pensiya hesablanmışdır. Müvafiq Qanuna əsasən pensiya kapitalı tərəfindən ödənilmiş 102.831,5 manat sığorta haqlarının yığım hissəsinin 50%-nin (51.415,75 manat) 144 aya bölünməsi ilə təyin 337,80 manat) və bu düzgündür. “Əmək pensiyaları haqqında” Qanuna 1 iyul 2017-ci ildə edilmiş dəyişikliklərə əsasən baza hissəsi ləğv edilir, əvvəlki sığorta hissəsi (ə/h-nın 3%-i) yığım hissəsi (ə/h-nın 22%-i) ilə birləşdiriləcək fərdi hesabın sığorta hissəsində toplanır. Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1 iyul 2017-ci il tarixdən qanuna edilmiş dəyişikliklərə əsasən fərdi hesabın sığorta hissəsi (10.814,4 manat sığorta hissəsi +51.415,75 manat yığım hissəsinin 50 %-i x 2) x 90% = 113.645,9 manat təşkil edir. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T= 113,645.9/144 = 789.20 manat. Qanunun 10.4-cü maddəsinə uyğun olaraq 01 iyul 2018-ci il tarixindən etibarən pensiyanın məbləği təşkil etməlidir: P=SH+YH 789,2+0 = 789,20 manat, (bu məbləğ hər il orta əmək haqqına mütənasib olaraq indeksləşdirilir). xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərdə Nəsimi DSMF, Azərbaycan Respublikası DSMF, ƏƏSM Nazirliyinə müraciət edərək, 1 iyul 2017-ci ildə qəbul edilmiş Qanunun 1.0.8 və 10.2 maddələrinə əsasən pensiyanı yenidən hesablamağı xahiş etmişdir (baza hissəsini ləğv etməklə ödənilmiş məcburi dövlət sığorta haqlarının 90 faiz müəyyən edilməsi). Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq, hər dəfə Qanunun 1.0.8; 10.2 və 10.4-cü maddələrini tətbiq etməkdən imtina edərək 26.1-ci maddəsini tətbiq etmişlər. 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Cavabdeh 26.1-ci maddəsini tətbiq etməklə, 1.0.8 və 10.2 maddələrinin tətbiqindən imtina səbəblərini göstərməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli cavabında bildirilir ki, ona yaşa görə əmək pensiyası 1 iyul 2017-ci ildən əvvəl təyin edildiyi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmışdır. Qanunun qüvvəsini geriyə şamil etməklə 1 iyul 2017-ci ildən sonra pensiya kapitalının 90% ilə hesablanmasından imtinanın səbəbi göstərilməmişdir. Göründüyü kimi, imtinanın əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş normalarına istinad edilərək hesablanan pensiyanın, yeni Qanunun 26.1-ci maddəsində nəzərdə tutulan şəkildə çevrilməsindən istifadə edilir. Lakin yeni dəyişikliklərə hüququn yaxşılaşdırılmalı olan maddələrin tətbiq edilməsindən imtinanın əsasları barəsində heç bir münasibət bildirilmir. Bununla, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri pozulmuşdur. Konstitusiyanın tələblərinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklikdə və xüsusən 26.1-ci maddədə Konstitusiyanın bu tələbləri nəzərdə tutulmuşdur. Belə ki, yeni dəyişikliklərdən öncə orta pensiya məbləği və ya ondan daha az pensiya alan vətəndaşların pensiyaları yeni qanunun müddəalarına əsasən azalmalı və digər qismi tamamilə ləğv edilməli idi. 26.1-ci maddəsi həmin kateqoriyadan olan vətəndaşların hüquqlarını qoruyaraq bu kateqoriya üçün qanunun geriyə tətbiqinin qarşısını alır. İddia tələbi isə qanunu geriyə şamil etməklə hesablanmış 110 manat baza hissəsini ləğv etmək, 11 il ərzində aylıq 3000 manat əmək haqqından sosial sığorta haqqı ödəyərək fərdi hesabında topladığı 113 min manatın qüvvədə olan qanuna əsasən 90%-ni pensiya şəklində 144 ay ərzində geri almaqdan ibarətdir. Bu hüququ “Əmək pensiyaları haqqında" Qanunun 1.0.8 və 10-cu maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri ilə təsbit edilmişdir. Qanunun 26.1-ci maddəsi həmin Qanunun 1.0.8; 10.2 və 10.4 maddələrinin tətbiqini məhdudlaşdıra bilməz. 1.0.8 və 10.2 maddələrinin 2017-ci il 1 iyun tarixindən öncə pensiya təyin edilən şəxslərə tətbiq edilməsinə mane olan müddəalar qanunda mövcud deyildir, çünki bu Konstitusiyaya zidd olardı. xx.xx.2018-ci il tarixdə DSMF Nəsimi rayon şöbəsinin sorğusuna uyğun olaraq Bakı şəhəri hüquqi şəxslərlə iş idarəsi Fərdi uçot şöbəsinin verdiyi arayışda ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alaraq pensiya kapitalının 92.548,35 manat olduğu göstərilir. Bu elektron sistemdən götürülmüş doğru rəqəmdir. Nəsimi DSMF həmin arayış üzərində qələmlə qanunsuz manipulyasiyalar apararaq xx.xx.2018-ci il tarixdə arayışa “düzəliş” almağa müvəffəq olur və orada göstərilir ki, sosial sığorta haqlarının 50%-i nəzərə alınmaqla pensiya kapitalı 51.415,75 manat təşkil edir. 2018-ci ildə verilən arayışda göstərilən absurd 50% rəqəmi DSMF-nun təxəyyülünün məhsuludur və 2018-ci ildə qüvvədə olan qanunda belə faiz dərəcəsi mövcud deyildir. Cavabdehin Qanunun 26.1-ci maddəsinə əsasən təyin edilmiş əmək pensiyasının 1 iyul 2017-ci il tarixdə baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi düzgündür, bu pensiyanın fasiləsiz təminatını təmin edir. Lakin bu tarixdən sonra vətəndaş müraciət edərək pensiya kapitalının yeni qanunla yenidən hesablanmasını tələb etdikdə bu yalnız qüvvədə olan qanunla edilməlidir. Qüvvədə olan Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi dedikdə əmək pensiyasının təyin edilməsi, və ya onun məbləğinin yenidən hesablanmasını eyni kateqoriya ilə göstərir. Qanunun 1.0.8-ci maddəsinin tətbiq edilməsindən imtina edilməsinin hüquqi əsası yoxdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələblərinə əsasən İddiaçı həmin tarixindən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Yaşa görə əmək pensiyası hüququ yarandığı xx.xx.2017-ci il tarixinədək 40 il 1 ay 17 gün sığorta stajı və Nazirlik yanında X3 İş İdarəsinin xx.xx.2018-ci il tarixli, 88/07/131/8701 saylı arayışına əsasən xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 48643,09 manat pensiya kapitalı nəzərə alınmaqla (fərdi hesabın sığorta hissəsində xx.xx.2017-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i miqdarında) Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyanın məbləği xx.xx.2017-ci il tarixindən aşağıdakı kimi təyin edilmişdir: Pensiya məbləği: 110 (BH)+75.10 (SH)+337.80 (PSK)=522,90 manat. Yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixindən əvvəl təyin edildiyi üçün xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 50% ilə hesablanmış və pensiyanın sığorta hissəsində 337,80 manat olmaqla öz əksini tapmışdır. Yaşa görə əmək pensiyası xx.xx.2006-cı il tarixədək 29 il 4 ay 17 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 51448,76 manat pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanmış və xx.xx.2019- cu il tarixdən 590,50 manat müəyyən edilmişdir. İndeksləşmə ilə əlaqədar pensiya xx.xx.2020-ci il tarixindən 688,52 manata, xx.xx.2021-ci il tarixindən 767,01 manata, xx.xx.2022-ci il tarixindən 793,08 manata çatdırılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Ötən dövr üzrə (xx.xx.2019-cu il) yaranmış fərq məbləği 2022-ci ilin fevral, mart aylarında iddiaçıya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Belə ki, İddiaçı Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin pensiya təyinatı zamanı xx.xx.1975-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək və xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək 22 il 4 ay 17 gün ümumi iş stajı və həmin staja uyğun olaraq hesablanmış 7326,72 manat sığorta kapitalı əsasında (SH=7326,72/144=50,88 manat) əmək pensiyasının sığorta hissəsi müəyyən edilmişdir (281329 nömrəli pensiyaçının uçot vərəqi -1-ci sətir). Əmək pensiyasının sığorta hissəsinin məbləği istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən xx.xx.2017-ci il tarixindən 12,4% artırılmaqla 57,18 manata çatdırılmışdır. (281329 nömrəli pensiyaçının uçot vərəqi - 2-ci sətir). İddiaçı əmək pensiyasının yenidən hesablanması zamanı onun əmək pensiyasının sığorta hissəsi xx.xx.1975-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək 29 il 4 ay ümumi iş stajı və ona uyğun olaraq xx.xx.2017-ci il tarixə indeksləşdirilmiş 10815,03 manat pensiya kapitalı əsasında aşağıdakı qaydada müəyyən edilmişdir (29 il tam iş stajı x 170 manat) + (170 manat: 12 ay x 4 ay) = 4986,66 manat. 4986,66 + 16,7% +20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4% +4% +12,4% =10815,03 manat; SH = 10815,03 /144 =75,10 manat (281329 nömrəli pensiyaçının uçot vərəqi - 3-cü sətir). Təqdim edilmiş Bakı Şəhəri Hüquqi Şəxslərlə İş İdarəsinin xx.xx.2017ci il tarixli, 88/07/211-1327 nömrəli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 49713,14 manat pensiya kapitalı 144-ə bölünməklə 345,23 manat pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilmişdir. Beləliklə, 110+75,10+345,23=530,33 (281329 nömrəli pensiyaçının uçot vərəqi-3-cü sətir) sözügedən Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Sözügedən Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. xx.xx.2018-ci il tarixindən İddiaçı əmək pensiyasının sığorta hissəsinin məbləği (110+75,10=185,1 manat) istehlak qiymətləri indeksinin illik səviyyəsinə əsasən 5,7% artırılmaqla (SH= 185.1 + 5.7% =195,65: SH2 =345,23 +5.7% =364,92) 195,65 manata və 364,92 manata çatdırılmışdır (281329 nömrəli pensiyaçının uçot vərəqi - 4-cü sətir). Təqdim edilmiş Bakı Şəhəri Hüquqi Şəxslərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli, 88/07/291-7960 nömrəli arayışına əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 92548,35 manat pensiya kapitalı qeydə alınmışdır. xx.xx.2017-ci il tarixində Qanunun 27.1-ci maddəsinə edilmiş əlavəyə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli, 88/07/291-7960 nörməli arayışı Qanuna edilmiş həmin əlavədən sonra təqdim edildiyi üçün pensiya kapitalı 80% artımla və xx.xx.2018-ci il tarixinə 5,7% indeksləşdirilmə nəzərə alınmaqla göstərilmişdir. Bu səbəbdən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını xx.xx.2017-ci il vəziyyətinə görə 80% və 5,7% azaltdıqda 48643.09 manat edir ki, həmin məbləği də 144-ə böldükdə sığorta hissəsi 337,79 manat müəyyən edilir (281329 nömrəli pensiyaçının uçot vərəqi - 5ci sətir). İddiaçı əmək pensiyasının təyin olunduğu xx.xx.2017-ci il tarixdə qüvvədə olan lakin, xx.xx.2017-ci il tarixində qüvvədən düşmüş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 37 nömrəli Fərmanının 2.9-cu maddəsinə əsasən, məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Bu səbəbdən İddiaçı əmək pensiyasının sığorta hissəsinin məbləği hüququnun yarandığı tarixdə qüvvədə olmuş Fərmana əsasən məcburi dövlət sosial sığorta haqlarının 90%-i deyil 50- %-i nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin Qanunun 1.0.8-ci maddəsində xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin sözügedən iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün olmamışdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bakı İnzibati Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2-1(112)-6919/2022 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının irəli sürdüyü iddia tələbindən göründüyü kimi ona cavabdeh inzibati orqan tərəfindən xx.xx.2017-ci il tarixdən yaşa görə pensiya təyin edilmişdir. Ona təyinat aparılan zaman xx.xx.2006-cı il tarixədək yaranmış iş stajı ilə bərabər xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqları üzrə ödəmiş olduğu haqqların 50%-i nəzərə alınmaqla pensiya sığorta kapitalı əsas götürülmüşdür. Cavabdeh inzibati orqan iddiaçının ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqqları üzrə yığılan vəsaitin yalnız 50%-ni nəzərə alması heç bir qanun normasına söykənmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdən etibarən qüvvəyə minmişdir. Həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti tərəfindən xx.xx.2006-cı il tarixli, 377 №-li Fərman qəbul edilmişdir. Həmin Fərmanın 2.9-cu maddəsi xx.xx.2017-ci il tarixədək belə məzmunda qüvvədə olmuşdur. “2.9.Həmin Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 %-i onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır.” Adıçəkilən maddə hazırda qüvvədən düşmüşdür. İndi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən “1.0.5.Təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi-müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığorta olunanlar üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır. Adıçəkilən maddənin xx.xx.2017-ci ildən sonra qüvvəyə minmiş redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsi dedikdə əmək pensiyasının sığorta hissəsinin hesablanması üzrə nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-nin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Yuxarıda sadalanan maddi hüquq normalarından görünür ki, pensiyaya çıxmış şəxsin sığorta kapitalının 50 % ilə hesablanmalı olması məcburiyyəti yalnız hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə münasibətdə tətbiq olunur. Belə ki, təminat xərcliyi və ya pul təminatı anlayışı yalnız həmin şəxslərə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə pensiya hüququ yaranan şəxslərdə isə təminat xərcliyi və ya pul təminatı mövcud olmur. Lakin nədənsə istər cavabdeh inzibati orqan, istərsə də məhkəmə iddianı rədd edərkən qanununun normalarını düzgün şəkildə tövsif etməmişdir. Məhkəmə yuxarıda qeyd olunun normaları sadalasa da, həmin normaların düzgün olmayan şərhini vermişdir. Pensiya sığorta kapitalının məhz 90 % nəzərə alınmalı olması halı xx.xx.2017-ci il tarixdən sonra qüvvəyə minmiş normalarda əks olunsa da, bu hal özü-özlüyündə Qanunun yüngülləşdirici hal kimi iddiaçıya münasibətdə şamil edilməli olduğuna dəlalət edir. Məhkəmənin hazırda qüvvədə olan 27.1-ci maddəyə istinad etməklə iddia tələbini rədd etməsi isə hüququn təbiətinə ziddir. Belə ki, adıçəkilən norma iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından ona münasibətdə şamil oluna bilməz. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixdən etibarən əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün iki yanaşma tətbiq edilir: 1-ci yanaşma: Qanunun Əsas anlayışlar bölümündə 1.0.8 maddəsi ilə birmənalı şəkildə və heç bir məhdudiyyət qoyulmadan təsdiq edilir: “1.0.8 fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır”, iddiada bu maddənin tətbiq edilməsi tələb edilir, çünki bu maddə iddiaçının pensiya hüququnu yaxşılaşdırır və Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə görə iddiaçıya şamil edilməlidir. Lakin, Qanunda edilmiş dəyişikliyə əsasən 1 iyul 2017-ci il tarixədək qüvvədə olan 1.0.11. maddəsi ləğv edilmişdir. "1.0.11. əmək pensiyasının baza hissəsi — əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır;”. 1 yanvar 2017-ci il tarixdə baza hissəsi 110 manat təşkil edirdi. Baza hissəsinin ləğvi 1 iyul 2017-ci il tarixədək pensiya hüququ qazanmış şəxslərin pensiyasının 1.08. maddəsi ilə yenidən hesablandıqda onların əksər hissəsinin (orta pensiya məbləğinin 120 faizinədək pensiya təyin edilmiş şəxslərin) bir qisminin pensiyasının azaldılmasına, digər daha az pensiya təyin edilmiş digər qisminin isə pensiyasının tamamilə ləğvinə gətirib çıxaracaqdı. Həmin kateqoriyalı pensiyaçılar üçün dəyişikliklər geriyə şamil edilə bilməz, onların qazanılmış hüququ digər yanaşma, Qanunun 26.1. maddəsi ilə qarantiya altına alınır, yəni 1 iyul 2017-ci ilədək qüvvədə olan qanunla 50%-lə hesablanmış sığorta hissəsi və ona əlavə edilmiş, (dəyişiklərə əsasən ləğv edilmiş) baza hissəsi saxlanılaraq sığorta hissəsinə şərti çevrilməsi aparılır. Bu səbəbdən 1.0.8-ci maddəsinə əlavə olaraq ikinci yanaşma da nəzərdə tutulur: Qanunun 26.1-ci maddəsində göstərilir: "xx.xx.2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır”. İddiaçı 1.0.8-ci maddəsinin tətbiqini tələb edir, cavabdeh isə 26.1-ci maddəsi ilə şərti çevrilmə aparıldığını əsas gətirərək 1.0.8-ci maddəsinin tətbiqindən imtina edir. Hansı yanaşmanın tətbiq edilməsi iddiaçının və ya cavabdehin seçimi ilə deyil, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsaslanmalıdır, iddiaçının pensiya hüququnu yaxşılaşdıran qanunvericilik aktından imtina yolverilməzdir. Qanunvericilikdə edilmiş dəyişikliklərdən imtina cavabdeh tərəfindən məhkəməyə təqdim edilən imtina sənədində absurd “sübut”la təqdim edilir: Prezidentin 01 may 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə edilmiş dəyişiklik xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunur. Həmin Qanunun 1.0.8-ci maddəsində xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyin sözügedən iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması Azərbaycan Respublikasının Prezidentinin Fərmanına zidd olduğundan mümkün olmamışdır”. Beləliklə, cavabdeh sübut etməyə çalışır ki, Konstitusiyanın qarantı olan möhtərəm Prezident Konstitusiyaya zidd fərman imzalayaraq bu fərmanı bütün vətəndaşlara deyil, yalnız xx.xx.2017-ci il tarixdən sonra əmək pensiyası hüququ qazanmış şəxslərə şamil olunmasına fərman vermişdir. Təqdim edilən imtinanın qanunvericiliyə zidd olması, qanunsuz əməllərinə Prezident fərmanı don geyindirməsi iddiaçı tərəfindən şifahi məhkəmə araşdırmasında və yazılı formada (e-məhkəmə portalında 38725860 sayla qeydə alınmış) təqdim edilmiş, cavabdeh və həmçinin hakim tərəfindən heç bir əks arqument təqdim edilməmişdir. İmtinanın göstərilən səbəbinin qanunazidd olduğu tam sübuta yetirildiyi üçün, son nəticədə cavabdehin yazılı surətdə təqdim etdiyi imtina səbəbləri kənarda buraxılaraq yeni, iddia və imtina ilə heç bir bağlılığı olmayan, məhkəmə çəkişməsi mövzusu olmayan digər mövzu Qərarda ortaya qoyulmuşdur. Qərar prosessual qaydalara zidd olaraq qəbul edilmişdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin imtina məhkəmə icraatında tədqiq olunmamış 27.1-ci maddəsinə əsaslanır. Qərarda göstərildiyi kimi, iddiaçıya pensiya təyin edilərkən istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Lakin bu faktın iddia və məhkəmə çəkişməsi ilə heç bir əlaqəsi yoxdur. Qanunun 27.1-ci maddəsi müəyyən səbəblərdən sığorta hissəsində qeydə alınmamış hissənin bərpasını nəzərdə tutur. 1.0.8. maddəsinin geriyə şamil edilməsi zərurətinə bir daha təsdiq edilir. İddiaçıya pensiya təyin edilərkən belə hal olmadığı üçün bu barədə nə iddia yoxdur, nə cavabdeh imtina üçün əsas göstərməmişdir, nə də keçirilən məhkəmə iclaslarında tərəflərin heç biri və hakim 27.1-ci maddəsi və ya istifadə edilməyən pensiya kapitalı haqda mülahizə bildirməmişdir. 27.1-ci maddəsi və istifadə olunmamış kapital ifadələri məhkəmə iclaslarından sonra, yalnız 13 avqust 2022-ci il tarixdə Qərar e-məhkəmə sisteminə yüklənərkən ortaya çıxmışdır. Qərarda göstərilir ki, imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, DSMF-nin Nəsimi rayon Şöbəsinin xx.xx.2017-ci il tarixli, 111 nörməli qərarına əsasən İddiaçı xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarxidə cavabdehə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 1.0.8 və 1.10-cu maddələri əsasında 01 iyul 2017-ci il tarixdən etibarən pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, ona xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilərkən pensiya kapitalı həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun tələbinə uyğun olaraq toplanmış yığım məbləğinin 50%-i olaraq hesablanmışdır. xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8, 1.10, 1.10.12-ci maddələrinə edilmiş dəyişikliklərə əsasən pensiya kapitalının fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 50%-i deyil, 90 %-i ilə hesablanması nəzərdə tutulduğundan ona pensiyaya çıxdığı xx.xx.2017-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i əsas götürülməklə pensiyası yenidən hesablanmalıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla xx.xx.2017-ci ildə pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. Başqa sözlə, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı ona pensiya təyin edilərkən xx.xx.2017-ci ildə hesablanaraq ödənilmişdir. İddiaçı pensiya sığorta kapitalından istifadə etmişdir. Belə olan halda xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq pensiya təyin edilərkən istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80 % artırılması, başqa sözlə iddiaçının tələb etdiyi kimi həmin vaxtadək ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-lə yenidən hesablanaraq pensiya kapitalının ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2006-cı il 17 mart tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsinin, yenidən hesablanmasının və ödənilməsinin Qaydalarının V bölməsinin (Əmək pensiyaların müəyyən edilməsi) 1-ci hissəsində göstərilmişdir ki, bu Qanun qüvvəyə mindikdən sonra vətəndaşların fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilmiş məbləğdə, yəni məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi həcmində onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.9-cu bəndinə görə həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 377 nömrəli Fərmanın 2.9-cu bəndi ləğv edilmişdir. 1 may 2017-ci il tarixli, 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının həmin Qanunun 26.1-ci maddəsində nəzərdə tutulmuş qaydada şərti çevrilməsini aparılması, 3.4-cü bəndinə əsasən 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının həmin Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qaydada artırılmasını təmin etməsi, 3.5-ci bəndinə görə işləyən əmək pensiyaçılarına ödənilən əmək pensiyalarının məbləğinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yenidən hesablanmasının təmin etməsi tapşırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:-1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -1.0.12-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; -26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. -26.2-ci maddəsinə görə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. -26.3-cü maddəsinə görə 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27-ci maddənin adında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış” sözləri “Qazanılmış” sözü ilə əvəz edilmişdir. 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170” rəqəmi “306” rəqəmi ilə əvəz edilmişdir və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. xx.xx.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə qədər xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiyanın kapitalının hesablanması aparılırdı. xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən isə pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 %-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. Bu zaman Qanunun 26.1-ci maddəsinə əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, istifadə olunmamış olsun. Birinci instansiya məhkəməsinin haqlı olaraq qeyd etdiyi kimi qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə qədər olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin (bu zaman pensiya kapitalı istifadə edilməmiş qalır), ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməkdə davam etsin (bu zaman xx.xx.2017-ci il tarixədək pensiya təyin edilən və işləməyə davam edən şəxslərin pensiya təyin olunduqdan sonra işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı əsas götürülür). Hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə ((“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135) ilə 37.3.1-ci maddə yeni redaksiyada verilmişdir.)) ƏPQ-nun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin normanın tələbinə əsasən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və yaxud pensiya təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonra 6 il işlədikdə onun xx.xx.2017-ci il tarixdən sonra fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının 90% ilə yenidən hesablanmasını tələb etmək hüququ yaranacaqdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6919/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6919/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-543/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-543/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver