Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-543/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 02 fevral 2022-ci il tarixli *** **** 2334 660 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə; 02 fevral 2022-ci il tarixli *** **** 2334 660 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə; 02 fevral 2022-ci il tarixli *** **** 2334 658 nömrəli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X10 direktoru Yural Cahangirov 05/21 nömrəli məktubla İddiaçı MMCyə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda adı qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMC-yə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şəraitin yaradılması xahiş olunmuşdur. Bununla edilmiş müraciət nəzərə alınmış, Bilgi X15 və İddiaçı MMC arasında ‘Bilgi” X10 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli Müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən Tədris Mərkəzi ixtisaslı tələbələrin hazırlanmasına dair tədris plan və proqramlarına əsaslanaraq 22 noyabr 2021-ci il tarixdən 22 noyabr 2022-ci il tarixinə kimi “Aşpazlıq” və “Şirniyyat” peşəsi üzrə tədris mərkəzinin tələblərini istehsalat təcrübəsinə göndərilməli, peşə üzrə təcrübə alan hər bir tələbənin soyadı, adı, atasının adı göstərilməklə siyahı tərtib edilməlidir. Müəssisəyə istehsalat təcrübəsinə göndərilən tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, iş yerlərinə və müəssisələrin ərazisində davranış qaydalarını, təhlükəsizlik iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etməli. Təcrübə dövründə müəssisədə mövcud olan intizam qaydaları tələbələrə izah edilməlidir. “Bilgi” X10 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında 22 noyabr 2021-ci il tarixli müqavilənin şərtləri əsasında bağlanmış “Dövlət və qeyri-dövlət müəssisələri arasında bağlanan” müqavilələr əsasında tələbələr X7, X8, X4 və X5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 1 ay müddətinə təcrübəyə göndərilmişlər. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X15ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin, buna baxmayaraq heç bir hüquqi əsas olmadan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları bu tələbələri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən 4 nəfər şəxs əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərarlar qəbul edilmiş və "xxxx" MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən müvafiq olaraq 4000 manat, 4000 manat və 8000 manat məbləğində maliyyə sanksiyaları tətbiq edilmişdir. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər, Baş İdarəsi tərəfindən “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli Qərarları əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 sentyabr 2008-ci il tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 2.3-cü bəndinə əsasən, istehsalat (pedaqoji) təcrübəsi bir qayda olaraq, peşə hazırlığı və diplomqabağı təcrübədən, magistr pilləsində isə elmi tədqiqat və elmi-pedaqoji mərhələlərdən ibarət olur. Diplomqabağı təcrübə təlimin yekun mərhələsi olmaqla, bütün nəzəri dərslər və digər təcrübə növləri başa çatdıqdan sonra həyata keçirilir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən, istehsalat təcrübəsi müddətində təqaüd alan tələbələrin (təcrübə zamanı aldıqları əməkhaqqından asılı olmayaraq) təqaüdləri saxlanılır. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən, dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. Həmin Əsasnamənin 4.3-ci bəndinə əsasən, təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Əsasnamənin 4.4-ci bəndinə əsasən, istehsalat təcrübəsi təhsil müəssisəsinin özündə və ya onun yerləşdiyi şəhərdə (rayonda) olan müəssisədə keçirildiyi halda, tələbələrə gündəlik xərclər ödənilmir. Həmin Əsasnamənin 4.5-ci bəndinə əsasən, istehsalat təcrübəsi təhsil müəssisəsinin yerləşdiyi şəhərdən (rayondan) kənarda keçirildiyi halda, müəllimlərin və tələbələrin ezamiyyə xərcləri mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsi tərəfindən ödənilməlidir. Göründüyü kimi, “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli Qərarlarda əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş işçi kimi qeyd edilən şəxslər əslində istehsalat təcrübəsini keçən tələbələrdir. Təcrübəçi tələbələrin maddi təminatını qarşılamaq isə birbaşa Tədris Mərkəzinin öhdəliklərinə aiddir. Qeyd edilən tələbələrin MMC-də işə cəlb edilmədiyi öz təsdiqini tapdığı halda cavabdeh inzibati orqan tərəfindən vergi qanunvericiliyinin tələblərinin kobud pozulması barədə qərarlar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı və xx.xx.2022-ci il tarixli **********4658 saylı qərarların ləğv edilməsi» tələbi üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «xx.xx.2022-ci il tarixli **********4660 saylı qərarın ləğv edilməsi» tələbi üzrə icraat ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6719/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə 2- 1(112)-7092/2022 nömrəli iş üzrə məhkəmə icraatı e-2-1(112)-6719/2022 nömrəli iş üzrə məhkəmə icraatına birləşdirilmiş; Məhkəmənin eyni tarixli qərardadı ilə 2-1(112)- 7092/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına e-2-1(112)-6719/2022 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilməsi ilə əlaqədar xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4658 nömrəli, xx.xx.2022-ci il tarixli **********4660 nömrəli, xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarların ləğv edilməsi kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etirza təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5129 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov 140 ünvanında yerləşən “ÖZSÜT” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004234 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verəməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4660 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5135 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr 29 ünvanında yerləşən “ÖZSÜT” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004237 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin 2 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin və iddiaçının nüməyəndəsi izahat verməkdən imtina edilməsi barədə akt tərtib edilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4658 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 8.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********5130 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr 830-835 ci məhəllədə yerləşən “ÖZSÜT" Gənclik Moll restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 1 nəfər fiziki (X3) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********4662 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 4,000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X10 direktoru Yural Cahangirov 05/21 nömrəli məktubla İddiaçı MMC-yə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMCyə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şəraitin yaradılması xahiş edilmişdir. Peşə təhsili haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.18-ci maddəsinə əsasən peşə təhsili müəssisəsi - əmək bazarının tələblərinə uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı və sistemli peşə təhsilini və təlimini həyata keçirən təhsil müəssisəsidir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.47-ci mədəsinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin qanunun 14.18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri qanunvericiliyə uyğun olaraq "Tələbəməzun” dövlət elektron məlumat sisteminə qoşulmalıdır. Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamənin” 3.2-ci bəndinə əsasən istehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyri-dövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, “Bilgi" X15 dövlət və qeyridövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Həmçinin, Lisenziyalar və İcazələr haqqında Azərbaycan Respublikasının Qanunun Təhsil fəaliyyətinin 5.3-cü bəndində qeyd olunur ki, dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. Göründüyü kimi, “Bilgi” X10 lisenziyası olmadığı halda, “Aşpaz” ixtisaslı kadrların yetişdirməsi qanunun tələblərinə ziddir. Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, “Bilgi" X6vericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. Digər tərəfdən də, “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilələr həmin qərarın tələblərinə cavab vermir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İddiaçı tərəf iddia ərizəsində qeyd edir ki, 18 noyabr 2021-ci il tarixində “Bilgi” X10 direktoru 05/21 nömrəli məktubla “Özsüt Azerbaijan" MMC-yə müraciət edərək göstərmişdir ki, Tədris Mərkəzi uzun müddətdir ki, “Aşpaz” ixtisası üzrə emal sənayesinə ixtisaslı kadrlar hazırlayır. Bununla əlaqədar olaraq mərkəzdə fəaliyyət göstərən yuxarıda adı qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrin İddiaçı MMC-yə məxsus iaşə obyektlərində istehsalat təlimi və istehsalat təcrübəsi keçmələri üçün müvafiq şərait yaradılması xahiş edilmişdir. Azərbaycan Respublikasının Təhsil haqqında qanunun 1.0.47-ci bəndinə əsasən təhsil müəssisəsi - müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin 3.2-ci bəndinə əsasən İstehsalat (pedaqoji) təcrübəsi təhsil müəssisələri ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, istehsalat müəssisələri dövlət və qeyridövlət ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırmalıdırlar. Göründüyü kimi, "Bilgi” X15 dövlət və qeyri-dövlət təhsil müəəsisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügədən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 7.2-3-cü maddəsinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: -müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; -bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; -tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; -tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; -yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; -yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; -müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsininin İddiaçı MMC barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ləğv edilmiş və iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 394/2023 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı yoxlanılan hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1851/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-394/2023 nömrəli 11 may 2023-cü il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsi və kasasiya şikayəti qalan hissədə təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - mübahisələnidirilən hissədə ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbi qismən təmin edilərək, vergi orqanının mübahisələndirilən qərarlarından - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarı ləğv edilmiş, bundan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarı, iddianın təmin edilən həmin hissəsində də ləğv edilərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində, yəni, birinci instansiya məhkəməsinin qərarı, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarının ləğv edilməsi hissəsində, əsaslılığı yoxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin faktiki hallarından müəyyən edilir ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən “ÖZSÜT" Gənclik Moll restoranında operativ vergi nəzarəti həyata keçirilərkən, 1 nəfər fiziki (X3) şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 004227 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında da qəbul etdiyi, xx.xx.2022-ci il tarixli **********4662 saylı qərarı ilə iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə (ikinci dəfə eyni pozuntuya yol verməsi əsası ilə) 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının istinad etdiyi əsasa görə iddiaçı ilə Bilgi X15 arasında Bilgi X10 tələbələrinin istehsalat təlimi və təcrübəsi keçməsi haqqında müqavilə bağlanılmışdır. Müqavilə əsasında tələbə X7 onlarda təcrübəyə göndərilmişdir. Təcrübə sərbəst qrafik əsasında həyata keçirilmiş, əsas məqsəd tələbələrin ilk peşə hazırlığını, onlar tərəfindən istehsalat avadanlığının texniki istismar qaydalarını, müəssisənin ərazisində davranış qaydalarını, təhlükəsiz iş qaydalarının və normalarının öyrənilməsi və bunlara riayət olunmasını təmin etmək olmuşdur. 20 dekabr 2021-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən MMC-yə məxsus olan filiallarda operativ vergi nəzarəti keçirilmişdir. Yoxlama zamanı tələbələrdən də izahat alınmış, onlar da öz izahatlarında Bilgi X15ndə tələbə olduqlarını, MMC-yə müqavilə əsasında təcrübəyə gəldiklərini göstərmişlər. Lakin buna baxmayaraq heç bir hüquqi əsas olmadan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları bu tələbələri işçi kimi qiymətləndirmişlər və guya şirkət tərəfindən onlar əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Cavabdehin dəlillərinə görə Bilgi X15 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. Dövlət peşə təhsili müəssisələri istisna olmaqla, peşə təhsili müəssisələrinin lisenziyası olmalıdır. X2vericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. Digər tərəfdən, “İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması’nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə iş yerində təcrübə müqaviləsinin nümunəvi forması təsdiq edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə həmin qərarın tələblərinə cavab vermir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, “Peşə təhsili haqqında” Qanunun 1.0.8-ci maddəsinə görə iş yerində təcrübə müqaviləsi – peşə təhsili müəssisəsi, təhsilalan və işəgötürən arasında istehsalat təcrübəsinin iş yerində keçirilməsinə dair üçtərəfli müqavilə mənasını ifadə edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “İş yerində təcrübə müqaviləsinin nümunəvi forması”na görə müqavilə “İşəgötürən”, “Təhsilalan” və Təhsilalanın peşə təhsili aldığı “Peşə təhsili müəssisəsi” arasında bağlanır və hər üçü tərəfindən imzalanıb təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Bilgi X10 direktoru arasında bağlanmış 18 dekabr 2021-ci ildə qüvvəyə minmiş müqavilə bəhs edilən qanunvericilik aktlarına uyğun olmamış, üçtərəfli bağlanmamış, yalnız ikitərəfli bağlanmış, tələbə kimi qeyd edilən Ə.Abbasov müqaviləni imzalamamışdır. Digər tərəfdən iş materiallarında olan (İ cild; 216-cı səhifə) Ə.Abbasov operativ vergi nəzarəti zamanı verdiyi izahatında “hansı tarixdən və hansı vəzifəyə işə götürümlüsünüz sualına 3 gün müddətdir ki, çalışıram, aşpaz vəzifəsi”, “işə götürənlə sizin aranızda əmək müqaviləsi bağlanmışdırmı sualına Xeyr, bağlanmamışdır”, “əmək haqqınız nə qədərdir sualına təyin edilməmişdir” cavabları vermişdir. Göründüyü kimi Ə.Abbasov iddiaçı müəssisədə həqiqətən təcrübə keçdiyini bildirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2021-ci il tarixində iddiaçıya məxsus təsərrüfat subyektində keçirilən operativ vergi nəzarətinin nəticələri onu göstərir ki, iddiaçı barəsində “Vergi ödəyəcisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”xx.xx.2022-ci il tarixli **********4662 nömrəli qərarın qəbul edilməsini zəruri edən şərtlərin mövcud olmuşdur. Bununla da həmin qərarla iddiaçının haqlı olaraq 4000 manat maliyyə sanksiyası qismində vergi məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti zamanı həyata keçirilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6719/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı qismən – mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-543/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-543/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver