Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-544/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «iddiaçıya əmək pensiyasının yenidən təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5478/2020 saylı,13.11.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əmək pensiyasının 63 yaşdan təyin edilməsi və həmin tarixdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya 13.03.2020-ci il tarixdən DSMF 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyinatı aparılan zaman DSMF 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən bir sıra aşkar qanunsuzluqlara yol verilmişdir. Belə ki, 2017-ci ildə Qanuna edilmiş dəyişikliklərlə əlaqədar yeni qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələrinin ona (iddiaçıya) münasibətdə tətbiq edilməsi, onun hüquqi vəziyyətini pisləşdirmişdir. 01.07.2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1.1 və 37.7-ci maddələri iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Buna baxmayaraq, cavabdeh orqan Azərbaycan Respublikası Konstitusiyasının 147, 149-cu maddələrinin tələblərinə zidd olaraq onun (iddiaçının) hüquqlarını kobudcasına pozmuşdur. Ona, yaşa görə əmək pensiyası hüququnun yarandığı 2011-ci il tarixdən deyil, 01.04.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik deyil, hissə-hissə ödənilməsi, qanunsuz olaraq ona münasibətdə 32.1.1-ci maddənin tətbiq edilməsi barədə dəfələrlə 1 saylı DOST Mərkəzi vasitəsilə DSMF-yə müraciət etsə də, onun (iddiaçının) müraciətlərinə, şikayətinin mahiyyətinə uyğun və əsaslandırılmış cavab verilməmişdir. İddiaçı məhkəməyə “iddia ərizəsinə əlavə” təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanununun 32.1.1-ci maddəsinə əsasən pensiya məbləği hesablanarkən, nəinki ona (iddiaçıya) münasibətdə düzgün tətbiq edilməmiş, hətta 2017-ci ilin aprel ayından 2020-ci ilin aprel ayınadək sosial sığorta nömrəsinə ödənilən məcburi dövlət sosial sığorta haqları mövcud qaydaların əksinə olaraq hesablanmış pensiya məbləğinə əlavə edilməmişdir. Əlavə olunan məbləğ 3 ildə cəmi 1.176,11 x 1,8 = 2.116,9 manat, 3 il müddətində aylıq isə 2.116,9 manat : 36 = 58,8 manat təşkil edir. İddiaçı 3 il müddətində aylıq pensiya məbləğinə əlavə edilməmiş həmin 58,8 manatın aylıq pensiya məbləğinə hesablanaraq əlavə olunması məsələsinə xüsusi diqqət yetirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin ərizəsini iddianın dəyişdirilməsi (həcminin artırılması) kimi icraata qəbul etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarına əsasən iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2- 1(103)-921/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı 16.07.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)-921/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12.10.2021-ci il tarixli, 2-1(102)-1697/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.04.2021-ci il tarixli, 2-1(103)- 921/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, 1948-ci il təvəllüdlü İddiaçı pensiyanın yenidən hesablanması üçün dəfələrlə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, sonuncu 03.06.2020-ci il tarixli bildirişində qeyd etmişdir ki, iddiaçıya 13.03.2020-ci il tarixli müraciəti əsasında həmin tarixdən əvvəlki 3 ilin pensiyası hesablanmış və keçmiş dövr üçün hesablanmış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə hər ay ödənilir. Birinci instansiya məhkəməsi işin hallarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7, 32.1, 32.1-1, 37.3.1, 37.7-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, ddiaçı İddiaçı onun yaşa görə əmək pensiyası hüququ 2011-ci il tarixdə yaranmasına baxmayaraq, müraciət etdiyi 13 mart 2020-ci il tarixdən əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsini təmin etməkdə cavabdeh inzibati orqan haqlı olmuşdur. Belə ki, cavabdehin bu hərəkəti (imtinası), «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliyin edilməsinin məqsədi baxımından “ödəmələrdə məhdudiyyət” adekvat qiymətləndirilir və digər şəxslərə münasibətdə də «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi” ilə uzlaşır. İddiaçının ikinci tələbinə gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövr 6 ildən artıq olsa da, iddiaçının 2011-ci ildən sonrakı dövr üzrə müvafiq ödəmələrinin nəzərə alınmaması hazırkı inzibati məhkəmə müəyyən edilmədiyindən, bu tələb əsaslı sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüququ normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki işə baxmış Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi pensiyanın yenidən hesablanması ilə bağlı olmuşdur. Oxşar işlər üzrə formalaşmış məhkəmə praktikasından isə məlumdur ki, pensiyanın yenidən hesablanması ilə bağlı tələblərə qiymət verərkən məhkəmələr tərəfindən pensiya işləri tələb olunmalı və tədqiq edilməlidir. Lakin hazırkı iş üzrə işə baxan aşağı instansiya məhkəmələri iddiaçının pensiya işini tələb etməmiş, iddiaçıya nə vaxt və hansı qaydada pensiya təyin olunmasını, pensiya təyin olunarkən hansı dövrün, vəzifə maaşının və əlavələrin nəzərə alındığını, pensiyanın sonradan hər hansı qaydada yenidən hesablanıb-hesablanmadığını müəyyən etməmişlər. Pensiya işi tələb edilərək yuxarıda qeyd edilən hallara qiymət verilmədən hazırkı mübahisəyə qanuni və ədalətli qiymət verilməsi isə mümkün deyil. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq məhkəmənin vəzifəsi olsa da, işə baxan apellyasiya instansiyası məhkəməsi isə bu vəzifəsinə əməl etməmiş, nəticədə hazırkı qərarın 17-19-cu bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə tam, hərtərəfli araşdırma aparmadan iddiaçının tələbini təmin etməmişdir. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Həmin Qanunun 7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən sonra qüvvədə olan tələblərinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli qərardadında göstərilmişdir: - «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Növbəti apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişinə uyğun olaraq məhkəmə kollegiyası tərəfindən cavabdehdən iddiçının pensiya işinin təqdim olunması xahiş olunmuşdur. Təqdim olunmuş 982054 nömrəli pensiya işinə əsasən müəyyən edilmişdir ki, iddiaçının pensiya hüququ 01.01.2011-ci il tarixdə yaranmışdır. İddiaçının 08.05.2021-ci il tarixli müraciətinə əsasən, 01.01.2006-cı ilədək təhsil illəri (06 il) nəzərə alınmaqla ona 38 il 10 ay sığorta stajına və pensiya kapitalına uyğun olaraq 380.31 manat pensiya təyin edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, keçmiş dövr üzrə (əvvəlki 3 il üçün) yaranmış fərq məbləği iddiaçının cari pensiyasına əlavə edilərək ödəniləcəkdir. Bu zaman həmin müddətlər üçün pensiyasının hesablanması düzgün olmuşdur. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilk dəfə cavabdeh Şöbəyə pensiyasının təyin edilməsi üçün yalnız 08.05.2021-ci il tarixdə müraciət etmişdir. Bu tarixədək iddiaçı cavabdeh şöbəyə pensiyanın təyin edilməsi üçün müraciət etməmiş və əmək fəaliyyətini davam etdirmişdir. İddiaçının ambulator müalicələri haqqında tibbi sənədlər 2016-cı və 2019-cu illəri əhatə edir. Sonuncu məhkəmə iclasında iddiaçı onun 2001-ci ildən şəkərli diabet xəstəsi olması, 2010-cu ilin sonlarından aterosklerozdan əziyyət çəkdiyini bildirsə də, bu halları təsdiq edən hər hansı tibbi sənəd təqdim etməmiş və bu hallara görə pensiyasının təyin edilməsi üçün maneələr olmasını sübut edə bilməmişdir. Əksinə işin ahhallarında görünür ki, iddiaçı bu xəstəliklərə baxmadan hələ 10 il müddətində əmək fəaliyyətini davam etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq cavabdeh iddiaçının müraciət etdiyi tarixdən ona əvvəlki dövrün pensiya məbləğinin son 3 ilə aid hissədə ödənilməsinin təmin etməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli 2-1(112)-5478/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-544/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-544/2022
08.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver