Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-544/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqəsinin göndərilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında təkrar baxaraq müəyyənetdi: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək: - cavabdehlərin hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, onun daxili işlər orqanlarında xidmət müddətinin imtiyazlı hesablama ilə 23 il, 06 ay, 29 gün təşkil etdiyi barədə məlumat vərəqinin Daxili İşlər Nazirliyi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi, ona pensiya təyin edilməsi öhdəliyinin Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, 1996-cı ildə İV kursu bitirdikdən sonra, daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, Bakı şəhəri Baş Polis İdarəsinin X4 polis nəfəri kimi xidmətə başlamışdır. 1997-ci ildə V kursu bitirdikdən sonra xidmətini davam etdirmişdir. xx.xx.1999-cu il tarixdə DİN-nin əmri ilə ona polis leytenantı xüsusi rütbəsi verilmiş, Kürdəmir RPŞ-nə polis sahə inspektoru vəzifəsinə təyin olunmuşdur. Kürdəmir Rayon Mərkəzindən uzaqda, ucqar kəndlərdə xidmət aparmışdır. 2000-ci ildə ona polis baş leytenantı xüsusi rütbəsi verilmiş, 2001-ci ildə Kürdəmir Rayon Polis şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı vəzifəsinə təyin olunmuş, bir ildən sonra isə DİN-nin xx.xx.2002-ci il tarixli əmri ilə Kürdəmir RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi vəzifəsinə təyin olunmuşdur. DİN-nin xx.xx.2003-cü il tarixli əmri ilə ona polis kapitanı xüsusi rütbəsi verilmişdir. Bakı şəhərində X4 xidmət etdiyi müddətdə iş saatı səhər saat 09.00-da başlamış, axşam saat 21.00-da başa çatmışdır. 1996-1998-ci illərdə çox saylı mitinqlər, ixtişaşlar baş verdiyi dövrdə xidmətdə olmuşdur. Xüsusi əhəmiyyətli dövlət tədbirləri və düzülmə komandaları ilə əlaqədar iş saatları səhər saat 05.00-dək davam etmişdir. Daxili İşlər Nazirliyi ona əlavə iş saatlarına görə ödəniş etməsə də, hər gün 24 saat gücləndirilmiş iş rejimində xidmətdə olduğundan xidmət müddətinə əlavə edilməlidir. Lakin onun iş saatları saat 09.00-dan 18.00-dək hesablanmışdır. Bundan başqa, Kürdəmir RPŞdə işlədiyi müddətdə 5 il məzuniyyətə çıxmamışdır. Məzuniyyət müddətini xidmətdə keçirmişdir. Ona görə də DİN Baş Kadrlar İdarəsi 5 ildə, 5 ay təşkil edən məzuniyyət müddətini də xidmət illərinə əlavə etməlidir. Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndinə əsasən DİN-nin xx.xx.2008-ci il tarixli, 1481 Ş/h nömrəli əmri ilə, xx.xx.2008-ci il tarixdən o, öz arzusu ilə xidmətdən xaric edilmişdir. Ona imtiyazlı hesablama ilə 19 il, 10 ay, 23 gün xidmət müddəti hesablanmışdır. Bu barədə əmək kitabçasında qeydlər aparılaraq DİN tərəfindən möhürlə təsdiqlənmişdir. DİN-nin əmrindən və əmək kitabçasında edilən qeydlərdən məlum olur ki, ona pensiya təyin edilməsi üçün qanuna görə tələb edilən 20 il müddətdən 37 gün çatmır. Həmin dövrdə xidmət illərini az hesablamalarına baxmayaraq, o, 14 il əvvəl xidməti vəsiqəsini təhvil verərək uzaqlaşmışdır. Hazırda isə, DİN Baş Kadrlar İdarəsi 14 il əvvəl verilmiş əmri tanımaq istəmir. O, DİN Baş Kadrlar İdarəsinin xidmət müddətini imtiyazlı hesablama ilə 16 il, 10 ay, 25 gün hesablaması barədə gəldiyi nəticəni əsassız və qanunsuz hesab edir. Çünki, onun xidmət müddəti hazırkı qaydalarla deyil, 2008-ci ildə DİO-dan öz arzusu ilə xaric edilərkən qüvvədə olan qanunlar və normativ-hüquqi aktlar əsasında hesablanmalıdır. Bundan başqa DİO-da xidmətdən çıxarkən, onun xidmət müddətini bilərəkdən az hesablamışlar ki, pensiya ala bilməsin. Düzgün hesablansa, xidmət müddəti 20 ildən çoxdur. Belə ki, polis zabitləri 24 saat gücləndirilmiş iş rejimində çalışırlar, şənbə-bazar və bayram günlərində də xidmətdə olurlar. Ona görə də hesab edir ki, DİN onun xidmət müddətini hesablayarkən, 24 saatlıq gücləndirilmiş iş rejimini, istirahət və bayram günlərində də xidmətdə olduğu müddətləri xidmət müddətinə əlavə etməlidir. İl ərzində 11 gün iş günü sayılmayan bayram günləridir. Həmin 11 günü 12 ilə vurduqda 132 gün, yəni 4 ay 12 gün təşkil edir. Bundan başqa, DİN-də hərbi xidmət müddətini də az hesablamışlar. 1987-ci ilin 12 noyabr tarixində hərbi xidmətə getmiş, 1989-cu il 29 dekabr tarixində hərbi xidmətdən buraxılmışdır. Bu barədə hərbi biletində qeydlər var. Ona görə də hərbi xidmət müddəti 2 il, 1 ay, 7 gün deyil, 2 il, 1 ay, 17 gün təşkil edir və xidmət müddətinə əlavə edilməlidir. Həmçinin, 5 il məzuniyyətdə olmadığına görə xidmətdə keçirdiyi 5 ay məzuniyyət müddəti də xidmət illərinə əlavə edilməlidir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir: Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı arxiv şəxsi işinə əsasən o, xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. (12 il, 00 ay, 18 gün). Xidmətdən xaric edilərkən İddiaçı xidmət illərinə hərbi xidməti (xx.xx.1987- xx.xx.1989) 02 il, 01 ay, 07 gün, təhsil müəssisəsində təhsil aldığı müddətin (xx.xx.1992- xx.xx.1996) yarısı 01 il, 11 ay və müharibə şəraiti ilə bağlı güzəştli xidməti (xx.xx.1996- xx.xx.1997) 10 ay, 01 gün hesablanmışdır. İddiaçı xidmət müddəti təqvimi hesablama ilə 16 il, 00 ay, 25 gün, imtiyazlı hesablama ilə 16 il, 10 ay, 26 gün təşkil edir. Azərbaycan Respublikasının 07 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: (9.5.1.) hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; (9.5.2.) hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; (9.5.3.) hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçı daxili işlər orqanlarının xüsusi rütbəli əməkdaşı kimi xidmət illərinə görə pensiya hüququnun yaranması üçün zəruri xidmət illərinin olmadığı nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən barəsində “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında məlumat vərəqi” tərtib olunmamışdır.” Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarışı pensiya təyin olunması təlbinə dadir hissəsində mümkün sayılmamışdır (İddiaçının həmin qərardaddan verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 3384/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmiş, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmışş, iddiaçı tərəfindən həmin qərardaddan kassasiya şikayəti verilməmişdir). Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər bir qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, məhəkəmənin qərarı Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsində, 127-ci maddəsinin İ və İİ hissəsində göstərilən müddəalara ziddir. Həmin normalara əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə faktlara əsasən və qanuna müvafiq olaraq baxır. Lakin o, bunların heç birini görmədi. Məhkəmənin qərarı ədalətsizdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı onun xidmət illərinin düzgün hesablanmadığını, daxili işlər orqanlarında 20 ildən də çox xidməti olduğunu bildirərək apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə onunla razılaşmamış, iddiaçının istənilən halda, xidmət stajının 20 ilə çatmadığını bildirərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki,aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxalanılmalıdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (iddiaçının xidmətdən xaric edildiyi xx.xx.2008-ci il taridə də eyni redaksiya qüvvədə olmuşdur). Həmin Əsanamənin 145-ci maddəsinə əsasən Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən: - hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haaqında” Azərbaycan Respublikası Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1.hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 1992ci il 23 noyabr tarixli 631 nömrəli qəraraına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: -Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; -daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən; - zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qanununvericiliyin qeyd olunan tələbləri nəzərə alındıqda iddiaçının daxili işlər orqanlarında azı 20 təqvim ili ilə xidməti olarasa, yaşa görə buraxıldığı təqdir də isə azı 25 təqvim ili ümumi stajı və bunun 12 il 6 ayı daxili işlər orqanlarında xidməti olarsa, yaxud xəstəliyinə, ştatların ixtisarına görə buraxılışı olarsa azı 45 yaşı, 25 il ümumi stajı, 12 il 6 ay xidməti mövcuddursa ona pensiya təyinatı üçün məlumat verəqi verilməsi mümkündür. İddiaçıya münasibətdə burada, hərbi xidmətdən buraxılanadək xidməti azı 20 təqvim il olduğu təqdirdə məlumat vərəqinin tərtib olunması mümkündür. Çünki, əmək kitabçasının qeydlərinə əsasən daxili işlər orqalarından “Azərbaycan Respublikasının daxili İşlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 1-ci bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Lakin xx.xx.1969-cu il təvəllüdlü iddiaçının iş materiallarına əsasən isə daxili işlər orqanlarında 20 təqvim ili ilə xidmət illəri müəyyən olunmur və bu aşağıdakı sənədlərlə təsdiq olunur: - AB-İ seriyalı, 073516 nömrəli, 04 noyabr 1997-ci il tarixli Diplomunun surətinə əsasən 1992-ci ildə M.A.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və dövlət imtahan komissiyasının 19 iyul 1997-ci il tarixli qərarı ilə ona hüquqşünas ixtisası verilmiş; - Н3 № ******* nömrəli hərbi biletinin surətinə əsasən xx.xx.1987-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1989-cu il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi uçota götürülmüş; ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən aşağıdakı işlərdə çalışmışdır: - xx.xx.1990-xx.xx.1994-cü il tarixlərdə X8 İdarəsində üçüncü dərəcəli Su durulducu qurğuya ehtiyat operatorçu, - xx.xx.1995- xx.xx.1996-cı il tarixlərdə “Azdövyerqurlayihə” İnstitutunun yataqxanasında ikinci dərəcəli gözətçi; -xx.xx.1996-xx.xx.2008-ci il tarixlərdə Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət etmişdir. “Daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 12 il, 00 ay, 18 gün (on iki il, sıfır ay, on səkkiz gün), imtiyazlı hesablama ilə - 19 il, 10 ay, 23 gün (on doqquz il, on ay, iyirmi üç gün) təşkil edir” qeydi aparılmışdır. Eyni zamanda, iddiaçının “Xidmət Siyahısı” üzrə məlumatlara aşağıdakı kimi xidməti hərəkatı müəyyən olunur: xx.xx.1996-xx.xx.1998 - X5 7-ci rotasında polis nəfəri; xx.xx.1998-xx.xx.1999 - X5 1-ci rotasında polis nəfəri; xx.xx.1999-xx.xx.1999 - X5 7-ci rotasında polis nəfəri; xx.xx.1999-xx.xx.2001 - Kürdəmir RPŞ-də polis sahə inspektoru; xx.xx.2001-xx.xx.2002-Kürdəmir RPŞ-nin təhqiqat qrupunda təhqiqatçı; xx.xx.2002-xx.xx.2008 - Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi; xx.xx.2008 - xx.xx.2008 - Zərdab RPŞ-nin polis sahə inspektoru. AR DİN 1481 ş/h nömrəli, xx.xx.2008-ci il tarixli əmri ilə “AR DİO-da xidmətkeçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən xaric edilmişdir. 135-ci maddənin 1-ci bəndi ilə (öz arzusu ilə) “istefada olan polis kapitanı” sayılmaqla 15 iyul 2008-ci il tarixə xidmət müddəti təqvimi – 14 il, 01 ay, 22 gün; imtiyazlı – 19 il, 10 ay, 23 gün təşkil etdiyi qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin işə əlavə olunmuş 0xx/xx-11736-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, iddiaçının arxiv şəxsi işinə əsasən xidmət illəri yenidən hesablanarkən: - onun daxili işlər orqanlarında iş stajının təqvimi hesablama ilə 16 il, 00 ay, 25 gün; -imtiyazlı hesablama ilə 16 il, 10 ay, 26 gün təşkil etdiyi müəyyən edilmişdir. Cavabdeh Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 270 nömrəli əmri ilə X7 xüsusi təyinatlı polis hissəsinə aid edilmişdir. İddiaçı isə X4 xx.xx.1999-cu il tarixədək xidmət etdiyindən onun həmin alaydakı xidmət müddəti güzəştli şərtlərlə hesablanmamışdır. Sözügedən Kadrlar İdarəsinin 313-21/2-3891/2023 nömrəli, xx.xx.2023-cü il tarixli diəgr məktubunda isə əlavə olaraq aşağıdakılar qeyd olunmuşdur ki, xx.xx.1996xx.xx.1999-cu illərdə X4 xidmət keçdiyi dövrə Daxili İşlər Nazirliyinin xx.xx.2004-cü il tarixli 270 nömrəli əmri tətbiq edildikdə onun imtiyazlı xidmət müddətinə: 01 il, 11 ay, 18 gün (xx.xx.1997- xx.xx.1999) əlavə olunur və cəmi 18 il, 10 ay, 14 gün təşkil edir. xx.xx.1996-cı ildən xx.xx.1997-ci il tarixədək (10 ay, 01 gün) xidməti müharibə şəraiti ilə əlaqədar 1 günü 2 gün hesabı ilə güzəştli şərtlərlə hesablandığından həmin dövrə X4 xidmətə görə əlavə güzəşt tətbiq edilmir. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən olunur ki, iddiaçının daxili işlər orqanlarından xidmətdən xaric edildiyi xx.xx.2008-ci il tarixə xidmət illəri (12 il 0 ay 19 gün), təhsil (1 il 11 ay) və hərbi xidmət dövrü (2 il 1 ay 18 gün) nəzərə alınmaqla, təqvim hesabı ilə cəmi 16 il 1 ay 7 gün xidmət müddəti olmuşdur. Belə olan halda, onun xidmət müddəti qanunla tələb olunan 20 təqvim ilindən azdır və buna görə də ona daxili işlər orqanlarının əməkdaşı kimi güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi istisna olunur. Belə ki, Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların qeyd edilən 3-cü bəndinin tələbindən göründüyü kimi, məlumat vərəqi əmək pensiyası hüququ yaranmış şəxslərə münasibətdə tərtib olunaraq DSMF-yə göndərilir. İddiaçının isə konkret halda, tələb olunan 20 il stajı toplanmır. Odur ki, cavabdeh tərəfindən ona məlumat vərəqi verilməsindən imtina olunması qanuni və əsaslıdır. Belə olan halda, həmin imtina onun hüquqlarını pozması kimi qəbul edilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o zaman öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qanunsuz və ədalətsiz, həm də qərəzli olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı xx.xx.2023-cü qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2011/2023 saylı xx.xx.2023-cü qərarı dəyişdirimədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-544/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-544/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver