Məhkəmə qərarları › İş №2-1(103)-545/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-545/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-545/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “qeyri-hökümət təşkilatının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8541/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddianın əsaslarına görə iddiaçılar 26 dekabr 2022-ci il tarixdə “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyini təsis etmiş və buna dair müvafiq qərar qəbul etmişlər. Birlik qadını hüquqları ilə bağlı maarifləndirmək və hüquqlarını müdafiə etmək üçün hüquqi yardım göstərmək məqsədilə yaradılmış, təsisçi İddiaçı1 iki il müddətinə Birliyin sədri seçilmişdir. Dövlət qeydiyyatına alınması üçün Birliyin təsis sənədləri cavabdehə təqdim edilmiş, lakin 02 mart 2023-cü il tarixli məktubu ilə sənədləri geri qaytarılıb. Məktubda göstərilib ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmayıb. Cavabdeh imtinasını “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunun 5.2 və 11.3.1-ci maddələrinə istinad edərək əsaslandırıb. İddiaçılar tərəfindən məktubda göstərilənlər qanunsuz imtina kimi qiymətləndirilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair yazılı etirazında iddianı qəbul etməmiş, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbində ərizənin bütün təsisçilər, qanuni təmsilçi seçildiyi halda isə həmçinin sonuncu tərəfindən və ya bütün sadalanan bu subyektlər tərəfindən deyil onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanması və notariat qaydasında təsdiqlənməsinin zəruriliyi ifadə olunduğunu bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “…İddiaçılar məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən qeydiyyata alınmaq üçün müraciət edən qeyri-hökumət təşkilatının təsisçi və ya təsisçiləri bu variantlardan birinə əsasən hərəkət edə bilər. Oxşar hüquqi tənzimləmə AR Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 2-N saylı Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları’nın 2.2-ci bəndində də təsbit edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 3 dekabr tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri- kommersiya qurumlarının dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın imza hissəsində də alternativ imzalanma mexanizmi müəyyən edilir: “Təsisçi (təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) seçilmiş şəxs və ya Səlahiyyətli şəxs (şəxslər)”. Göründüyü kimi, yuxarıda şərh edilmiş müvafiq qanunvericilik ərizənin imzalanması ilə əlaqədar alternativ rejim müəyyən edir. Buna uyğun olaraq ərizənin hər bir halda bütün təsisçilər tərəfindən imzalanmasına zərurət yoxdur və qanunvericiliyin buna dair tələbi mövcud deyil. Hazırkı işin halları ilə müəyyən edilir ki, təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi seçmişlər. İddiaçılar bildirir ki, onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. Ərizə İB-nin qanuni təmsilçisi tərəfindən təsdiq edilib, qanuni təmsilçi olduğuna görə ərizənin bütün təsisçilər tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur. Sadıqova X1 siçilib, sədr kimi sənədlərin təqdim edilməsi vəzifəsi ona həvalə edibilib. Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi İddiaçı1 tərəfindən imzalanıb. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nınci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər. Cavabdehin imtinası iddiaçıların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozuntusu ilə nəticələnib. Məhkəmə cavabdehin mövqeyi ilə qanunsuz olaraq razılaşıb. Belə ki, qeyd olunan Qanunun 8.3-cü maddəsinə əsasən çatışmazlıqlar aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı sənədləri geri qaytardıqda onların aradan qaldırılması üçün əlavə oluraq 20 gün müddət təyin edir. İddiaçıların təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğun olub, Konstitusiyaya və qanunlara zidd deyil (Avrpa Məhkəməsinin presedent qərarlarına istinad olunur).» Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçıların apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçılar öhdəliyin icrası haqqında iddia vasitəsilə, cavabdehin üzərinə “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin olunmamışdır. Məhkəmə bu nəticəyə gələrkən qeyd etmişdir ki, cavabdehin imtinası qanuna zidd olmamış, bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır. İmtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İşin cavabdeh tərəfindən etiraz olunan halları isə ondan ibarətdir ki, qanunvericiliyə “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin dövlət qeydiyyatına alınması barədə təqdim olunan ərizə təkcə həmin birliyin sədri seçilmiş təsisçi İddiaçı1 tərəfindən deyil, bütün təsisçilər tərəfindən imzalanmalıdır. İddiaçıların isə apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qeyd olunan əsasla onlara imtina verilməsini əsassız hesab edərək mübahisələndirirlər ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi qanuna ziddir, onların hüquqlarını pozur. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. 5.3. Ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. 5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması (bu Qanunun 8-1.2-ci maddəsi nəzərə alınmaqla) barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır); 5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; 5.4.3. təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti. 5.4.4. təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd; 5.4.5. hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd; 5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti; 5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd; 5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd; 5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyrikommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi; 5.4.10. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizdən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılması barədə sənəd. İddiaçılar apellyasiya şikayətində mübahisələndirir ki, Birlyin xx.xx.2022-ci il tarixli qərarına əsasən həmin Birliyin dövlət qeydiyyatına alınması vəzifəsi Birliyin sədri (qanuni təmsilçi) seçilmiş təsisçi İddiaçı1 həvalə edildiyi halda, cavabdeh tərəfindən Qanunun qeyd olunan 5.2-ci maddəsinə istinadən qeydiyyatdan imtina olunması əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların qeyd olunan dəlili əsassızdır. Çünki, qanunvericiliyin sadalanan tələblərindən, o cümlədən, «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsin göndərişinə əsasən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunun 5.1-ci və 5.2-ci maddələrinin qeyd olunan imperativ tələblərindən göründüyü kimi, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına ərizə - bir neçə təsisçi olduqda, bütün təsisçilər, qanuni təmsilçi və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, konkret halda, hər iki iddiaçı “Qadınların Maarifləndirilməsi və Müdafiəsi” İctimai Birliyinin təsisçiləri olduğu halda, Qanunun 5.1-ci maddəsinə əsasən təqdim olunan, Birliyin qeydiyyata alınması barədə ərizə həmin Qanunun 5.2-ci maddəsinin tələbinə zidd olaraq, yalnız bir təsisçi (həm də sədri) İddiaçı1 tərəfindən imzalanmışdır. İddiaçıların apellyasiya şikayətinin digər bir dəlilində isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 8.3-cü maddəsinə istinadən, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə səndələrin geri qaytarılmasını əsassız hesab etdiyi bildirilir. Məhkəmə kollegiyası iddiaçıların həmin dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh onlara ünvanladığı həmin məktubunda, məhz, qeyd olunan normanın tələbləri ilə ehtiva olunan məzmununa uyğun olaraq, iddiaçılara məsələyə nöqsanın aradan qaldırıldığı təqdirdə baxılacağını bildirsə də, sonuncular buna əhəmiyyət verməmiş, adıçəkilən nöqsanın aradan qaldırıb cavabdehə yenidən ərizə ilə müraciət etmək əvəzinə, məhkəməyə müraciət etməyi üstün tutmuşlar. Beləliklə də, iddiaçıların təsis etdiyi Birliyinin cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. İPM-in 14.3-cü maddəsi isə nəzərədə tutur ki, sübutetmə yükü iddiaçıların üzərinə düşür. Bu baxımdan, cavabdehin hərəkətləri qanunsuz hesab edilə və iddiçıların hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsi də məhz onu ehtiva edir ki, məhkəmə inzibati orqanın üzərinə o halda, inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin sübutlarla müəyyən olunan hallarına və qanunvericilyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu əsaslandıran dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8541/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar