Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-545/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qala qəsəbəsi, Yeni massivdə yerləşən ona məxsus 1200 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Qala bələdiyyəsinin sədrinin 14 noyabr 2005-ci il tarixli 171 saylı Sərəncamına əsasən ona ev tikmək üçün Qala qəsəbəsi, “Yeni Massiv” yaşayış ərazisində 1200 kv.m torpaq sahəsi ayrılmışdır. 14 noyabr 2005-ci il tarixdə onunla Qala bələdiyyəsinin “Bələdiyyə torpağının mülkiyyətə keçirilməsi haqqında” alqı-satqı müqaviləsi tərtib edilmişdir. Müqavilənin şərti ilə Qala bələdiyyəsinin 171 saylı qərarına əsasən, Qala qəsəbəsi, “Yeni Massiv” yaşayış sahəsində fərdi ev tikmək məqsədi ilə 1200 kv.metr ümumi sahəsi olan torpaq ona satılmışdır. Alqı-satqı müqaviləsinin 3.1-ci bəndinə əsasən torpağın 1 kv.m sahəsi üçün 4400 manat 0.88 qəpik olmaqla Qala bələdiyyəsinə 5.280.000 (beş milyon iki yüz səksən min manat) vəsait ödəmişdir. Bunun üçün 14 noyabr 2005-ci il tarixdə iddiaçıya Qala bələdiyyəsinin möhrü ilə təsdiq olunmuş 017690 saylı Kassa mədaxil orderin qəbzi verilmişdir. Bu əməliyyatın icrasından sonra BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ona ayrılan torpaq sahəsinin sxemi və baş plandan çıxarışı təqdim edilmişdir. Həmin sənədlərə əsasən 2006-cı ildə iddiaçıya ayrılmış torpaq sahəsinə daş hasar çəkdirmişdir. Hazırda qonşuluğunda çox adamların evləri tikilmişdir. İddiaçı ona məxsus torpaq sahəsi üçün hər il Qala bələdiyyəsinə vergi rüsumunu ödəyir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 171 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Qala qəsəbəsi, hərbi şəhərcik, ev 4-də yaşayan İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Sərəncama əlavə edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qala Bələdiyyəsinin 171 saylı qərarı əsasında Bakı şəhəri, Əzizəbəyov rayonu, Yeni massiv ünvanında yerləşən ümumi sahəsi 1200 kv.metr olan torpaq sahəsi alıcı İddiaçı satılmışdır. - xx.xx.2005-ci il tarixli 017690 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı torpğın alqı-satqısına görə Əzizbəyov rayonu Qala Bələdiyyəsinə ******* manat (yeni 1056,00 manat) ödəniş etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı xx.xx.2022-ci il tarixli məktub ilə bildirmişdir ki, Əzizbəyov rayon Qala Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialina təhvil verilməmişdir. - Qala Bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Qala bələdiyyəsi üzrə vətəndaşlara torpaq sahəsinin ayrılmasına dair qeydiyyat kitabına baxış keçirildi və vətəndaş İddiaçı Əzizbəyov (Xəzər) rayonu Qala bələdiyyə sədrinin 588 saylı, xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən ona Qala qəsəbəsində ev tikmək üçün 600kv.m (altı yüz) torpaq sahəsinin ayrılmasına dair qeyd aşkar olundu. - Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 588 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri, Qala qəsəbəsi, Hərbi-şəhərcik, ev 4-də yaşayan İddiaçı Qala qəsəbəsində ev tikmək üçün 600 kv.m. torpaq sahəsi ayrılmışdır. - Sərəncama əlavə edilmiş bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında xx.xx.2005ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Qala Bələdiyyəsinin 588 saylı qərarı əsasında Bakı şəhəri, Əzizəbəyov rayonu, Yeni massiv ünvanında yerləşən ümumi sahəsi 600 kv.metr olan torpaq sahəsi alıcı İddiaçı satılmışdır. - xx.xx.2005-ci il tarixli 233942 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı torpğın alqı-satqısına görə Əzizbəyov rayonu Qala Bələdiyyəsinə ******* manat (yeni 528,00 manat) ödəniş etmişdir. - Cavabdeh xx.xx.2021-ci il tarixli, **********40 nömrəli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Bələdiyyənin qərarı, təqdim edilmiş torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Mübahisəli sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnaməyə (iddiaçıya torpaq sahəsi ayrılan vaxt qüvvədə olan redaksiyası) əsasən: - bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. - bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. - bənd 18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - bənd 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -bənd 21. Müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. - 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. - 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir. Qanunvericilik normalarından müəyyən edilir ki, xx.xx.2005-cı il tarixdə bələdiyyə şəxsə torpaq sahəsi ayırmaq üçün: 1.torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumlarının və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətlərinin (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) rəyini əldə edir;
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu həmin torpaq sahəsinin planını (cizgisini) təsdiq edir və torpaq sahəsinin normativ qiymətini müəyyən edir və həmin sənədləri bələdiyyəyə təqdim edir;
3. həmin sənədlər bələdiyyəyə daxil olduqdan sonra torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsi ilə bağlı qərar qəbul edir.
4. şəxslə bələdiyyə arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ona Əzizbəyov rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 171 nömrəli sərəncamı ilə 1200 kv.metr torpaq sahəsinin ayrılmasını bildirərək həmin sərəncamı məhkəməyə təqdim etsə də, Bələdiyyə tərəfindən iddiaçıya xx.xx.2005- ci il tarixli 588 nömrəli sərəncam əsasında 600 kv.metr torpaq sahəsi ayrıldığı bildirilmiş və bununla bağlı sənədlər məhkəməyə təqdim edilmişdir. Bundan əlavə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələsi ilə bağlı sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2022- ciü il tarixli məktubundan görünür ki, Qala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 171 nömrəli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Göründüyü kimi, bələdiyyə iddiaçıya torpaq sahəsi ayırarkən qanunvericiliklə tələb olunan normalara əməl etməmiş, səlahiyyətli orqanların rəyini almamışdır. Lakin qeyd edilməlidir ki, bu rəylərin alınmaması hələ iddiaçının tələbinin təmin olunmaması üçün əsas hesab edilə bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.” Lakin nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi, ümumiyyətlə, bələdiyyə torpaqlarına aid olmamışdır. Belə ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2- 10/8256 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Elmin Hüseynovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili 1280.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə keçmiş Qala 3-nömrəli Zeytunçuluq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin Qala bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən aydın olur ki, onun müvafiq torpaq ayrıma səlahiyyəti olmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1ci hissəsinə əsasən bələdiyyə - qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Həmin Qanunun 16.4-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 33.3-cü maddəsinə görə Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. İstinad olunan normalardan görünür ki, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə sədri tərəfindən deyil, bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qanunun 19.3-cü maddəsinə görə bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ayrılması barədə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, bələdiyyə sədri onun səlahiyyətinə aid olmadığı halda təkbaşına sərəncam verərək, bələdiyyə əmlakını iddiaçının mülkiyyətinə vermişdir, hansı ki, iş materiallarında iki fərqli tarixdə fərqli ölçüdə torpaq sahəsinin ayrılması ilə bağlı bir-biri ilə ziddiyyət təşkil edən iki sərəncam mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.