Məhkəmə qərarları › İş №2-1(103)-546/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-546/2021

22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-546/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinə qarşı ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5554/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ögey qardaşı X1 barəsində ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının ögey qardaşı S.Məmmədov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı və Xuraman adlı bacısından başqa mərhumun yaxın qohumu yoxdur. İlkin olaraq S.Məmmədovun ölümü Bakı şəhəri Təcili və X2 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş 418 saylı xx.xx.2019-cu il tarixli arayışla rəsmi müəyyən edilmişdir. Lakin vəfat edən S.Məmmədovun ölümü haqqında şəhadətnamənin verilməsi barədə cavabdehə müraciət edildikdə, sonuncu bu tələbi rədd edərək, xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, cavabdeh birmənalı bildirmişdir ki, iş üzrə vacib olan ölüm haqqında şəhadətnamənin verilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, “İşin məhkəmə araşdırılması ilə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mərhum qardaşı (ögey qardaşı) X1 ölümü haqqında həkim şəhadətnaməsini cavabdeh inzibati orqan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə təqdim etmədiyindən (bu, işin mübahisə olunmayan hallarına aiddir), cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydanın 8.5ci bəndinə istinad etməklə “ölümün qeydə alınması”ndan və “ölüm haqqında şəhadətnamənin verilməsi”ndən imtina etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz.” Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin inzibati aktın qəbulundan imtina etməsi qanunazidd olmadığından inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula bilməz. Halbuki, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. S.Məmmədovun yaşadığı ərazi üzrə Bakı şəhəri 7 saylı şəhər poliklinikasından sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, “... xx.xx.2019-cü il tarixdə mərhum S.Məmmədov hər hansı xəstəliyə görə poliklinikaya müraciət etməmiş və ambulator kartası olmamışdır. Ölümün baş vermə səbəbi məlum olmadığı üçün poliklinika ölüm arayışı (Forma 106) verilməsindən imtina etmişdir.” Cavabdeh tərəfindən göstərilən, Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 8.4-cü bəndinə əsasən isə ölüm haqqında məlumat ... meyitin tapıldığı vaxldan 10 gündən gec olmayaraq verilməlidir ”. Beləliklə, iddiaçının müdafiə vasitələri tamamilə tükənmişdir və o, olduqca sadə iddia tələbini hazırkı apellyasiyadan başqa hər hansı digər üsulla əldə edə bilməz. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, qanunvericilik qeydiyyat orqanları tərəfindən ölüm haqqında şəhadətnamənin verilməsini, onlara ölüm haqqında həkim şəhadətnaməsinin və ya ölüm faktını müəyyən edən məhkəmə qətnaməsinin təqdim olunması ilə şərtləndirmişdir. Odur ki, iddiaçı ölüm haqqında həkim şəhadətnaməsini yaxud ölüm faktını müəyyən edən məhkəmə qətnaməsini cavabdehə təqdim etmədiyindən, sonuncunun, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə istinad edən xx.xx.2020-ci il tarixli 05/13-149 nömrəli imtinası qanuni olmuşdur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5554/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar