Məhkəmə qərarları › İş №2-1(103)-546/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-546/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-546/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-1(112)-8610/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 2016-cı ildə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması kimi dəyişdirilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin Qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1140/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi üçün 07 iyul 2022-ci il tarixdə cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir, icrasını 15 gün müddətinə təmin edərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-1(112)-8610/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. (hakim: G.Sevdimalıyeva) Həmin qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı 22 iyul **********9 nömrəli məktubla məhkəmə qərarının icra edildiyini bildirsə də, iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli 22 noyabr 2021-ci il tarixli qərarı icra edilməmişdir. Nəzərə çatdırırlar ki, Azərbaycan Respublikası İPM-in 120-ci maddəsinin mahiyyəti inzibati prosessual münasibətlərinin iştirakçılarının xüsusən borclu orqanın hüquqi müəyyənlik prinsipi çərçivəsində qanuna uyğun davranışının təmin edilməsi, Azərbaycan Respublikası adından çıxmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunması istiqamətində qəsdən və ya kobud ehtiyatsızlıqla müvafiq məhkəmə qərarının icra edilməməsi nəticəsində borclu orqanların cərimə edilməsi yolu ilə tərbiyələndirilməsindən ibarətdir. Lakin, nəzərə almaq lazımdır ki, sözügedən maddənin əsas funksiyası məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi üçün cərimə edilməsini nəzərdə tutur. Cavabdeh orqanın tərəfindən məhkəməyə ünvanlanmış məktubun məzmunundan və işin mahiyyətindən məlum olur ki, Filialın məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi üçün hər hansı hərəkət və ya hərəkətsizliyi yoxdur. Müvafiq qərara uyqun olaraq İddiaçı Əli oğlunun əmək pensiyası yenidən hesablanmışdır. Bu barədə həm vətəndaşa, həm də məhkəməyə müvafiq məlumat verilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh orqanın cərimə edilməsi cərimə institutunun mahiyyətinə zidd olmaqla inzibati prosessual münasibətlərinin iştirakçılarının tərbiyə olunması funksiyasını özündə ehtiva etməməklə cərimənin sırf formal əsaslarla tətbiq olunmasına gətirib çıxarır. Qeyd etmək lazımdır ki, yuxarıda qeyd olunduğu kimi cərimə sanksiyasının əsas məqsədi cavabdeh və digər üçüncü şəxslərin qanuna və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına hörmət ruhunu aşılamaqdır. Lakin, Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadında göstərilən xüsusatlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmə qərarının icra edilməməsinin səbəbləri və əsasları tam araşdırılmamış, sırf formal əsaslarla cavabdeh orqanın qərəzli münasibəti və təqsiri aydınlaşdırılmadan cərimə tətbiq edilmişdir. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, Nazirlik və Nazirlik tabeliyindəki qurumlara qarşı çıxarılmış məhkəmə qərarlarının icrasının stastistikasına nəzər saldıqda müəyyən olunur ki, dövlətin adından çıxarılmış qərarlara xüsusi münasibət göstərilməklə dərhal icra edilmələri təmin olunur. Ölkənin sosial təminat siyasətini həyata keçirən qurumun texniki nöqsanlara görə sanksiyaya məruz qalması ağlabatan deyil. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmiş və məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün 07 iyul 2022-ci il tarixdə cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir, icrasını 15 gün müddətinə təmin edərək nəticəsi barədə məhkəməyə məlumat verilməsi tələb olunmuş, həmçinin məhkəmə qərarının icrasının yuxarıda qeyd olunan müddət ərzində təmin olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş qaydada cərimə tətbiq olunacağı barədə xəbərdar edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlanmış 21 iyul 2022-ci il tarixli **********7 nömrəli məhkəmə qərarının icrası haqqında məktubunda bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.1997-ci il tarixində hərbi xidmət illəri daxil olmaqla 39 il iş stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 saylı Fərmanı ilə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. Araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının əmək pensiyasına “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2019-cu il tarixinədək qüvvədə olan 19.1.4-cü maddəsinə əsasən İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əlavə ödənilmişdir. Lakin xx.xx.2019-cu il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar həmin əlavənin ödənişi dayandırılmamışdır. Nəticədə xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, iddiaçının əmək pensiyası məbləği 426,11 manat müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 22 iyul 2022-ci il tarixli **********9 nömrəli məhkəmə qərarının icrası haqqında məktubunda isə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı tərəflərindən icra edilmişdir. İşdən göründüyü kimi məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunmadığına görə cavabdeh orqan 300 manat miqdarında cərimə edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmiş, müvafiq məhkəmə qərarı olmadığı halda xx.xx.2019-cu il tarixindən xx.xx.2022ci il tarixinədək iddiaçının əmək pensiyasında 529,10 manat artıq ödəmə məbləği aşkar edildiyi bildirilmişdir. Halbuki məhkəmə qərarının 25-ci bəndində qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab etmişdir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və pensiyanın hesablanması zamanı texniki xəta və ya yanlış riyazi hesablama baş verdikdə inzibati icraat qaydasında əmək pensiyaçısı ilə müzakirə edilməklə əmək pensiyaçısının razılığı olduqda əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz. Odur ki, məhkəmə qeyd etmişdir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı 22 iyul 2022-ci il tarixli **********9 nömrəli məktubla məhkəmə qərarının icra etdiyi bildirilsə də, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8610/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı icra edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 120.1-ci maddəsinə əsasən Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Həmin Məcəllənin 120.2-ci maddəsinə əsasən bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Həmin Məcəllənin 120.3-cü maddəsinə əsasən cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli qərarının 26-cı bəndinə əsasən İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Həmin Qərarın 27-ci bəndinə əsasən İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmələr vasitəsilə hüquqların real təmin edilməsinə nail ola bilmək üçün məhkəmələr tərəfindən çıxarılmış qərarların icrasının təmin olunması həlledici əhəmiyyət daşıyır. Mövcud qanunvericilik normaları isə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını məcburi sayır və inzibati mübahisələrlə bağlı belə qərarlarının icra olunmamasını 50000 manatadək cərimə ilə sanksiyalaşdırır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına əsas vermir. Odur ki, birinci instansiya məhkəməsinin cavabdehə 300 manat məbləğində cərimənin tətbiq edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2022-ci il tarixli, 2-1(112)-8610/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar