Məhkəmə qərarları › İş №2-1(103)-546/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-546/2025

13.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-546/2025 13.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Qasımov Vidadi Kamal oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi) qarşı “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarın ləğv edilməsi və yaşayış sahəsinin alınması ilə bağlı ödənilmiş əlavə dəyər vergisinin yəni, 8247,95 (səkkiz min iki yüz qirx yeddi manat doqqsan beş qəpik) manat pul vəsaitinin qaytarılaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli № 0753 saylı payçı müqaviləsi üzrə iddiaçı ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №li, 3 otaqlı mənzili mülkiyyətinə qəbul etməyi və mənzil üzrə tələb olunan bütün ödənişlərin “MTK"ya ödənilməsini öhdəliyinə götürmüşdür. Qeyd edilir ki, müqavilə şərtlərinə əsasən müqavilənin ümumi dəyəri ƏDV də daxil olmaqla 180233 (bir yüz səksən min iki yüz otuz üç) manat, ƏDV isə 27493.17 manat təşkil edir. Müqavilənin ilkin ödənişini müqavilənin ümümi dəyərinin 33%-ni təşkil etməklə 60033 (altmış min otuz üç) manatı avans olaraq xx.xx.2023-cü il tarixində müqavilə bağlandığı gün ödənilmişdir. Müqavilənin ümumi dəyərinin qalıq 120200 (bir yüz yirmi min iki yüz) manat pul vəsaitini "xxxx" ASC-dən götürülən kredit vəsaiti hesabına xx.xx.2023-cü il tarixində ödənilmişdir. Mənzillə bağlı hər iki ödəniş bank vasitəsilə ödənilmişdir, bu faktı təsdiq edən ABB ASC tərəfindən təqdim edilən mədaxil qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. Bildirilir ki, iddiaçı yaşayış sahəsinin alınması ilə bağlı nağdsız qaydada ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə elektron qaydada müraciət edərək bütün sənədləri elektron qaydada cavabdeh orqana təqdim etmişdir. Müraciətinin nəticəsində Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərar qəbul edərək ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd olunan qərarda bildirlir ki, yaşayış sahəsinin ümümi dəyərinindən əldə olunan 27493,17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335,59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd olunan səbəbi qeyd edərək Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası”'nın 5.1.2-ci bəndinin iddiaçı tərəfindən pozulduğunu bildirmişdir. Hörmətli məhkəmə hesab edirəm ki, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli. **********928200 saylı qərar əsasız və qanunsuzdur. Qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş şərtlərə və qaydalara uyğun olaraq mənzilin dəyəri ödənilmişdir. Belə ki, qeyd olunan qaydalarının 5.1.2-ci maddəsinə əsasən “alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi’' təqdim edilməlidir. Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq iddiaçı tərəfindən ödənişləri nağdsız şəkildə həyata keçirilmişdir və qeyd olunan ödənişlərlə bağlı sənədlər cavabdeh orqana elektron qaydada təqdim edilmişdir. Cavabdeh orqan qəbul etdiyi imtina məktubunda özü qismən iddiaçı tərəfindən ödənişlərin düzgün həyata keçirilməsini qəbul etmişdir. Belə ki, imtina qərarında cavabdeh orqan bildirir ki, mənzilin ümümi dəyərinə uyğun olaraq hesablanmış 27493.17 (iyirmi yeddi min dörd yüz doxsan üç manat on yeddi qəpik) manat ƏDV məbləğinin 18335.59 (on səkkiz min üç yüz otuz beş manat əlli doqquz qəpik) manatını satıcının bank hesabına ödənilmişdir, dolayı yolla cavabdeh orqan təsdiq edir ki, mənzilin ümumi dəyərinə uyğun olaraq hesablanmış əlavə dəyər vergisinin 9157,58 (doqquz min yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat pul vəsaitini satıcının ƏDV depozitinə ödənilmişdir. Lakin cavabdeh orqan imtina məktubunda bu faktı bir başa qeyd etmir. Bu halda sual yaranır, iddiaçının nə marağı var ki, mənzilin ümumi dəyərinə hesablanmış ƏDV-nin bir qismini ödəyərək, lakin digər hissəsi ödəməsin. Bir daha qeyd edilir ki, mənzilin ümumi dəyəri iki mərhələdə ödənilmişdir. İlk mərhələdə iddiaçı tərəfindən öz vəsaiti hesabına mənzilin ümumi dəyərinin 33%-i ödənilmişdir. Ödənişin ikinci mərhələsində iddiaçı ABB bankdan kredit götürərək mənzilin qalıq dəyəri ödənilmişdir və kredit vəsaiti birbaşa bank tərəfindən MTK-ya köçürülmüşdür. Göründüyü kimi, ödənişin ikinci mərhələsində iddiaçı tərəfindən ödənişlərə hər hansı bir mədaxil etməyə imkan olmamışdır və pul vəsaitinin köçürülməsi MTK və ABB ASC arasında həyata keçirilmişdir. İddiaçı hesab edir ki, həyata keçirilən ödənişləri bank və ya mtk tərəfindən düzgün yönəldilməməsi nəticəsində faktiki olaraq iddiaçı ödənilmiş ədv-nin geri qaytarılması hüququndan məhrum olunur. Cavabdeh orqan isə, əlavə araşdırma aparmadan, bankdan və MTK-dan heç bir sənəd tələb etmədən əlavə dəyər vergisini qaytarılmasını imtina edilməsi barədə qərar qəbul etmişdir. Sonradan iddiaçının nümayəndəsinin ərizələri nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadları ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi isə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarının ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən “Avant Park” Yaşayış Kompleksinin 7-ci bina, 7-ci blok, 8ci mərtəbə, 2 nömrəli, 3 otaqlı mənzilinə görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir və nəticədə xx.xx.2023-cü il tarixli **********928200 nömrəli Qərar qəbul olunaraq, qeyd olunan səbəbdən dolayı imtina verilmiş və bu barədə müvafiq Qərarın iddiaçıya çatdırılması təmin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydalarının 5.1-ci maddəsinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. 5.2. Bu Qaydanın 5.1.2-ci yarımbəndinin 3-cü abzasında qeyd edilən ödənişin təyinatı hissəsində aşağıdakı məlumatlar göstərilir: 5.2.1. elektron qaiməfakturanın tarixi, seriyası və nömrəsi; 5.2.2. ödənişin növü (tam ödəniş, ilkin ödəniş və ya aylıq ödəniş). Qeyd olunan müddəalardan da görüldüyü kimi, iddiaçının qeyd etdiyi ödəniş forması qaydalarda nəzərdə tutulmamışdır. Məhz bu baxımdan cavabdehin imtinasının əsaslı olduğu hesab edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddiaçının iddia tələbi təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********928200 saylı qərarı ləğv olunmuş və ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №-li, 3 otaqlı mənzilə görə İddiaçı tərəfindən ödənilmiş əlavə dəyər vergisinin 30 (otuz) faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza və etiraza əlavəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış 0753 nömrəli 07 fevral 2023-cü il tarixli mənzilin alqı-satqısına dair Payçı müqaviləsinin 1 və 2-ci bəndlərinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 7-ci binasında, 7-ci blok, 8-ci mərtəbə, 2 №li, 3 otaqlı mənzilin ümumi dəyəri 180233 manat, müqavilə üzrə MTK-ya avans şəklində ödənəcək ilkin ödəniş 60033 AZN çıxılmaqla, qalan 120200 manat məbləğində pul vəsaitinin payçı tərəfindən onunla MTK və ABB ASC arasında bağlanacaq müqavilələrə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödənilməsi müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli, BPM**********90 №-li, BPM**********05 №-li mədaxil qəbzlərinə əsasən İddiaçı tərəfindən 50875.42 manat və 9166.74 manat məbləğində pul vəsaitləri "xxxx" MTKnın hesabına köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli FJB**********397 nömrəli məxaric orderindən görünür ki, 120200 AZN məbləğində vəsait İddiaçı hesabına köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli BPM**********82 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 120200.00 AZN məbləğində vəsait "xxxx" MTK-nin hesabına köçürülmüşdür. -ƏDV qaytarmaq ərizəsindən imtina barədə bildirişdən görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixli **********487500 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə”si üzrə ƏDV-nin geri qaytarılmasından imtina edilmişdir. Bu barədə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.6-cı bəndinə uyğun olaraq əsaslandırılmış inzibati akt bildirişin qoşmasında iddiaçıya təqdim olunmuşdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 may 2023-cü il tarixli **********928200 nömrəli “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” qərarında qeyd olunur ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDVsiz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən İddiaçı 09 may 2023cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur). ...

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: ... 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyriyaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir:

1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaiməfaktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Hazırkı işin hallarından görünür ki, İddiaçı alıcı qismində, yəni satıcıdan yaşayış və qeyriyaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı olaraq, "xxxx" MTK isə satıcı qismində, yəni ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olaraq iştirak edir. Yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı tərəfindən "xxxx" MTK ilə bağlanmış payçı müqaviləsi üzrə yaşayış sahəsinin dəyəri satıcıya tam şəkildə ödənilmiş və əlavə dəyər vergisinin qaytarılması məqsədilə portaldan qeydiyyatdan keçərək müvafiq orqana müraciət edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən ƏDVnin qaytarılmasından imtina edilməsi və mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas kimi İddiaçı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin, yəni 27493.17 manat ƏDV məbləğinin 18335.59 manatının satıcının bank hesabına ödənildiyi bildirilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, yaşayış və qeyri-yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 5.1.2-ci bəndində əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı hüququn, hazırkı vəziyyətdə ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququnun realizə olunması üçün konkret zəmin olmalıdır. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında İqtisadiyyat Nazirliyinə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin edilməsi həvalə edilmişdir. Qeyd edilməlidir ki, hüquqi şəxs olan MTK-nın, bankın və notariat orqanının iştirakı ilə həyata keçirilən alqı-satqı zamanı müqavilənin standart şərtlərini müəyyən etmək və ödənişin qeyd edilən qaydada, yəni bütün məbləğin satıcının hesabına köçürülməsini seçmək iddiaçının iradəsindən asılı olmamışdır. İddiaçının aldığı, müqavilənin predmeti olan mənzilin cəmi məbləği (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV ödəmiş və hesabat təqdim etmişdir. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 № li qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»nın 2.1-ci bəndinə əsasən ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; - bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günün müddətində ƏDV məbləğinin ödənilməməsinə görə (bu Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulan halda ƏDV məbləğinin 1 iş günü müddətində ödənilməməsi istisna olmaqla) vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 175.1.3-cü maddəsinə əsasən, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Göründüyü kimi, ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur. Həmçinin göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası tətbiq edilir. Lakin hazırkı halda "xxxx" MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən MTK-nın satdığı mənzilə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, bu halı mübahisələndirilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, oxşar işlər üzrə Ali Məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarları işin hazırkı apellyasiya icraatı zamanı təqdim edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1365/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar