Məhkəmə qərarları › İş №2-1(103)-547/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-547/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-547/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi) “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(112)-1067/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinə) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1485/2019 saylı, 05 noyabr 2019-cu il tarixli qərardadına əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə Ağdərə rayonu Umudlu kəndində anadan olmuşdur. xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə fəal iştirak etmişdir. Barəsində hər hansı bir cinayət işi və ya təhqiqat materialı olmamışdır. Qeyd olunanlara əsasən o, faktiki olaraq müharibə veteranı sayılır. Lakin o, müharibə veteranı sayılsa da, rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də o, rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və sonra isə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Xidmətin Tərtər rayon şöbəsinə dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyatı komissiyasında baxıla bilər. O, imtina məktubunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Qərarda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 noyabr 2016-cı il tarixli 438 nömrəli Qərarının 2-ci hissəsinə əsasən bu qərar qüvvəyə mindiyi tarixdən 30 gün müddətində yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində nəzərdə tutulmuş siyahıları təsdiq edərək, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməlidir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 06 aprel 2016-cı il tarixli 310 nömrəli məktubla təqdim olunmuş “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni millətçilərinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı”nda İddiaçı adı olmadığı səbəbindən ona müharibə veteranı adının verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 avqust tarixli, 2-1(112)-1067/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2- 1(103)-199/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 avqust tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021ci il tarixli, 2-1(102)-1542/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 aprel tarixli, 2-1(103)-199/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun Umudlu kənd könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə fəal iştirakına dair qeyd olunan mötəbər və təkzibedilməz sübutlara, xüsusilə Arxiv arayışı statusuna malik keçmiş Ağdərə rayon Umudlu kənd X2 xx.xx.1991-ci il tarixli, 168 N-li arayışının notarial qaydada təsdiq edilmiş surətini və Umudlu kənd X6 erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak edən döyüşçülərin Tərtər rayon İcra Hakimiyyətinin Başçısı İsa Allahverdiyev tərəfindən 1997-ci ildə təsdiq edilmiş adlı Siyahısını müzakirə etməmiş və təbii ki, bu səbəbdən də həmin Arayışa və Adlı Siyahıya hüquqi qiymət verməmiş, eləcə də qərarın 3-cü səhifəsinin 7-ci abzasında sübut kimi göstərilən Tərtər rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2016-cı il tarixli, 629 N-li arayışına və həmin arayışın verilməsinə əsas olmuş Tərtər RİHB-nın Umudlu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 22811 N-li arayışına, AR SHXÇÜDX Tərtər Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 465N-li arayışına düzgün hüquqi qiymət verməmiş, həmin sənədləri döyüşlərdə iştirakını təsdiq edən əsaslı sübut kimi qiymətləndirməmiş, həmçinin döyüşlərdə iştirakına dair aktı tərtib edən döyüşçülərin, eləcə də Umudlu kənd X6 erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak edən döyüşçülərin adlı Siyahısında (bu adlı Siyahı Tərtər rayon İcra Hakimiyyətinin Başçısı İsa Allahverdiyev tərəfindən 1997-ci ildə təsdiq edilmişdir və iş materiallarında vardır) adları onunla birlikdə göstərilmiş və ondan fərqli olaraq sonradan müharibə veteranı adı və vəsiqəsi almış bir neçə şəxslərin (həmin Siyahıda adı 80-ci sırada göstərilmiş X17 oglunun, siyahıda adı 85-ci sırada göstərilmiş X12 oglunun, siyahıda adı 86-cı sırada göstərilmiş X9 oglunun, siyahıda adı 134-cü sırada göstərilmiş X13 oglunun, siyahıda adı 158-ci sırada göstərilmiş X14 oglunun) şəxsiyyət vəsiqələrinin və müharibə veteranı vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərini ərizə ilə rəsmi qaydada məhkəməyə təqdim etmişdir (həmin sənədlər hazırda iş materilllarında vardır) və onların şahid qismində dindirilməsini və ya heç olmazsa onların həmin sənədlərini müzakirə etməklə onlara hüquqi qiymət verilməsini təmin etməli olduğu halda bunları etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Qərarın qanunsuz və əsassız olmasına dair digər dəlili ondan ibarətdir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin faktiki hallarını və hüquqi tərəfini obyektiv, hərtərəfli və tam araşdırmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qərarda göstərilmiş nəticələri işin hallarına uygun olmamış, qərar iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, məhkəmə iddianın rədd edilməsinə dair gəldiyi nəticəni qərarının əsaslandırıcı hissəsində belə əsaslandırmışdır: Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Məhkəmənin öz qərarını bu cür əsaslandırması tamamilə əsassızdır və obyektiv həqiqəti əks etdirmir. Belə ki, birincisi, Umudlu kənd Özünümüdafiə Dəstəsinin tərkibində ermənilərə qarşı döyüşlərdə iştirak edən şəxs kimi Yerli İcra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda (Umudlu kənd Özünü Müdafiə Dəstəsində erməni işgalçılarına qarşı gedən döyüşlərdə iştirak edən döyüşçülərin Tərtər rayon İcra Hakimiyyətinin Başçısı İsa Allahverdiyev tərəfindən 1997-ci ildə təsdiq edilmiş adlı Siyahısında, Tərtər rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2016-cı il tarixli, 629 N-li arayışında və həmin arayışın verilməsinə əsas olmuş Tərtər RİHB-nın Umudlu kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2016-cı il tarixli, 228 N-li arayışında) onun adı göstərilmiş və Arxiv arayışı statusuna malik keçmiş Agdərə rayon Umudlu kənd X2 xx.xx.1991-ci il tarixli, 168 N-li arayışının notarial qaydada təsdiq edilmiş surətində isə onun Umudlu kənd Özünümüdafiə Dəstəsinin tərkibində ermənilərə qarşı döyüşlərdə fəal iştirak etməyi öz təsdiqini tapmışdır. Bu isə o deməkdir ki, Yerli İcra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarda onun adı göstərilmiş və döyüşlərdə iştirakını sübut edən Arxiv arayışı statusuna malik keçmiş Ağdərə rayon Umudlu kənd X2 xx.xx.1991-ci il tarixli, 168 N-li arayışını həmin Siyahılarla birgə təqdim etmişdir. Lakin məhkəmə həmin sənədlərə birlikdə hüquqi qiymət verməli olduğu halda bunları etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Bu hallar həm də onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş işin hallarının araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Qərarın qanunsuz və əsassız hesab edilməsinə dair beşinci dəlili ondan ibarətdir ki, məhkəmə iddianı rədd edərkən AR İPM-nin 12.1-12.3-cü maddələrinin müddəalarını pozmuşdur. Belə ki, AR İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. AR İPM-nin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Lakin məhkəmə onun döyüşlərdə iştirak edib-etməməyinə dair məlumatı sorğu əsasında Tərtər rayon icra Hakimiyyətindən və Arxivdən alınaraq iş materiallarına əlavə edilməsini dəfələrlə və israrla tələb etsə də məhkəmə xidməti vəzifəsinə görə yerinə yetirməli olduğu bir vəzifəni, yəni işin faktiki hallarını tam və obyektiv müəyyən etməli olan həmin əmrlərin təsdiq edilmiş surətinin alınmasını təmin etməmiş və bununla da birinci instansiya məhkəməsi işin faktiki hallarını xidməti vəzifəsinə uygun olaraq araşdırmamış, bununla bağlı hər hansı bir araşdırma aparmamış və hətta iddiaçıya bu barədə yardım etməmiş, yalnız işdə olan materiallarla kifayətlənməli olmuşdur ki, bu da AR İPM-nin 12.1- 12.3-cü maddələrinin müddəalarının pozulması deməkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti və bu qənaəti üzrə əsaslandırması İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi özü də təsdiq edir ki, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 629 saylı, 05 iyul 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək erməni silahlı birləşmələrinə qarşı Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində fəal iştirak etmişdir. Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyətinin Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevralın 1-indən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısı iş materiallarına əlavə edilmiş və həmin siyahıya baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının adı siyahıda qeyd olunmuşdur. Həmçinin Tərtər Rayon İcra Hakimiyyətinə verilmiş məhkəmə sorğusuna əsasən də həmin siyahının surəti məhkəməyə təqdim edilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş həmin siyahı, arayış və məktublardakı (sənədlərdəki) məlumatları yuxarıda istinad edilən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin 8-ci yarımbəndində nəzərdə tutulmuş “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” müddəasının məqsədləri üçün İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə əsasən öz xidməti vəzifəsinə görə araşdırmalı və qiymətləndirməli idi. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş həmin sənədləri qərarında yalnız sadalamaqla kifayətlənmişdir. Digər tərəfdən, iddiaçı apellyasiya şikayətində öz tələbinin əsası kimi yuxarıda qeyd olunan siyahıda adları göstərilmiş beş nəfər şəxsə müharibə veteranı adı və vəsiqəsi verildiyini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətindəki həmin dəlilinə hər hansı münasibət bildirməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək həqiqi hərbi xidmətdə olduğundan, 1988-ci il 1 fevral tarixdən 1991-ci il 9 oktyabr tarixədək Ağdərə rayonunun Umudlu kəndinin özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş şəxslərin siyahısında yer ala bilməzdi. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin hallarına uyğun hesab etmir. Belə ki, iddiaçı bəyan edir ki, o, 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək hərbi xidmətdə olmuşdur (bu, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş 2018-ci il 28 noyabr tarixli, 709 saylı arayışla da təsdiq olunur) hərbi xidmətdən sonra 1990-cı ilin iyunundan 1991-ci ilin oktyabrınadək könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə, yaşadığı Umudlu kəndinin müdafiəsində iştirak etmişdir. Yuxarıda qeyd olunan Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevralın 1-indən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısında müddətin başlanğıcı kimi 1988-ci il 1 fevral tarixinin göstərilməsi iddiaçının 1990-1991-ci illərdə Umudlu kənd özünümüdafiə dəstəsində iştirakına dair dəlilini şübhə altına almalı deyil. Belə ki, 1988-ci il fevral 1-dən 1991-ci il oktyabrın 9-dək olan müdafiə dövrü ümumi müddət olmaqla, özünümüdafiə dəstəsinə 1990-cı ildən qoşulmuş iddiaçıdan əvvəl, 1988-ci il 1 fevral tarixdən kəndin müdafiəsində iştirak etmiş digər şəxsləri ehtiva edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 629 saylı, 05 iyul 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayınadək erməni silahlı birləşmələrinə qarşı Umudlu kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində fəal iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 709 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş Q-1148 saylı, 26 may 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Tərtər hərbi prokurorluğu tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 19HP4448 saylı məktubdan görünür ki, İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, Q/2421 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə baxılmış, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına istinad olunaraq, özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsini sübut edən həmin dövrə aid arxiv materialları olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla biləcəyi bildirilmişdir. Tərtər Rayon İcra Hakimiyyətinin Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevralın 1-indən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünü müdafiə dəstəsi üzvlərinin siyahısı iş materiallarına əlavə edilmiş və həmin siyahıya baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçının adı siyahıda qeyd olunmuşdur. Həmçinin Tərtər Rayon İcra Hakimiyyətinə verilmiş məhkəmə sorğusuna əsasən də həmin siyahının surəti məhkəməyə təqdim edilmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Kollegiya qeyd edir ki, İddiaçı adı Tərtər Rayon İcra Hakimiyyətinin Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevralın 1-indən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünü müdafiə dəstəsi üzvlərinin siyahısında qeyd olunmuş, onun döyüşlərdə iştirakı həmin Siyahı ilə bərabər digər sübutlarla-Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 629 saylı, 05 iyul 2016-cı il tarixli arayışı və məktubları ilə təsdiq olunur. Apellyasiya baxışı zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş siyahıda adları qeyd edilən şəxslərə müharibə veteranı vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlanmış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən daxil olmuş sorğuya 18 iyul 2022-ci il tarixli, 3174 saylı cavab məktubunda qeyd olunmuşdur ki, Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş “1988-ci il fevral 1-dən, 1991-ci il oktyabrın 9-dək erməni millətçi quldur dəstələrinə qarşı keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısı”nda adı qeyd olunmuş 3 şəxsə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” tərəfindən “Müharibə veteranı” vəsiqələri verilmişdir. Onlardan: - 1967-ci il təvəllüdlü X3, Tərtər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(61)-84/2012 nömrəli döyüşlərdə iştirak etməsi faktının müəyyən edilməsinə dair qətnaməsi əsasında, xx.xx.2020-ci il tarixdə, MV 01066 nömrəli vəsiqə, - 1965-ci il təvəllüdlü X4, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən (bu Qərarın müvafiq yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə dəyişikliklər edilməzdən öncə, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilənədək), Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş müvafiq siyahı və ərizəsi əsasında, xx.xx.2017-ci il tarixdə, 00120 nömrəli vəsiqə, - 1958-ci il təvəllüdlü X7, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən (bu Qərarın müvafiq yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə dəyişikliklər edildikdən sonra), Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş müvafiq siyahı, Tərtər rayonu Umudlu kənd icra nümayəndəsinin və Umudlu kənd X2 İcraiyyə Komitəsinin arayışları, eləcə də Tərtər rayon hərbi komissarlığının arayışı və ərizəsi əsasında, xx.xx.2019-cu il tarixdə, MV 00903 nömrəli vəsiqə. Məktubdan göründüyü kimi, 1958-ci il təvəllüdlü X7, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarının 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən (bu Qərarın müvafiq yarımbəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə dəyişikliklər edildikdən sonra), Tərtər Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş müvafiq siyahı, Tərtər rayonu Umudlu kənd icra nümayəndəsinin və Umudlu kənd X2 İcraiyyə Komitəsinin arayışları, eləcə də Tərtər rayon hərbi komissarlığının arayışı və ərizəsi əsasında, xx.xx.2019-cu il tarixdə, MV 00903 nömrəli vəsiqə verilmişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, iddiaçı müdafiə dəstəsində onlarla birlikdə batalyonda olmuşdur. Könüllü batalyon yaradılmışdır. Özü batalyon komandiri olmuşdur. Müdafiə Nazirliyi ilə əlaqələri olmurmuş. Silahlanma olmamışdır. Adi ov silahları istifadə edirlərmiş. Kənd müdafiə şurasında qeydiyyata alınmışlar. Batalyon 1988-ci ildən yaranmışdır. 100 nəfərdən çox iştirakçısı olmuşdur. İddiaçı 1990-1992-ci illərdə onlarla birlikdə döyüşmüşdür. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, batalyon kənd sakinləri tərəfindən könüllü olaraq yaradılmışdır. İddiaçı 1990-cı ildən 1991ci ilin sonun qədər onlarla birlikdə döyüşmüşdür. Bununla əlaqədar, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya münasibətdə cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 18 iyul 2022-ci il tarixli, 3174 saylı məktubundan və təqdim olunmuş vəsiqədən görünür ki, apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş İddiaçı ilə birgə 1988-ci il fevral 1-dən, 1991-ci il oktyabrın 9-dək erməni millətçi quldur dəstələrinə qarşı keçmiş DQMV-nin Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və onun komandiri olmuş, kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvü olmuş X7 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan şəxsə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, Umudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1988-ci il fevral 1dən 1991-ci il oktyabrın 9-dək Ağdərə rayonunun Umudlu kəndində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və kəndin müdafiəsində durmuş Umudlu kənd özünümüdafiə dəstəsi üzvlərinin siyahısında müddətin başlanğıcı kimi 1988-ci il 1 fevral tarixinin göstərilməsi iddiaçının 1990-1991-ci illərdə Umudlu kənd özünümüdafiə dəstəsində iştirakına dair dəlilini şübhə altına almalı deyil. Belə ki, İddiaçı 1988-ci il 17 iyun tarixdən 1990-cı il 11 may tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra 1990-cı ilin iyunundan 1991-ci ilin oktyabrınadək könüllü özünümüdafiə dəstəsinin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə, yaşadığı Umudlu kəndinin müdafiəsində iştirak etmişdir. 1988-ci il fevral 1-dən 1991-ci il oktyabrın 9-dək olan müdafiə dövrü ümumi müddət olmaqla, özünümüdafiə dəstəsinə 1990-cı ildən qoşulmuş iddiaçıdan əvvəl, 1988-ci il 1 fevral tarixdən kəndin müdafiəsində iştirak etmiş digər şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olımuş və cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 12 avqust 2020-ci il tarixli, 2-1(112)-1067/2020 saylı qərarı ləğv edilsin, İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar