Məhkəmə qərarları › İş №2-1(103)-547/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-547/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-547/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdehə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz sayılması, İddiaçı mülkiyyətində olmuş ünvan 1 ünvanında söküntüyə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən söküntü zamanı 30% əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 onun mülkiyyətindədir. 2018-ci il tarixdə cavabdeh tərəfindən həmin ünvanda ona məxsus evdə onun məlunatı olmadan söküntü işləri aparılmışdır. Məlumatı olduqdan sonra cavabdeh müraciət etmiş, cavabdeh tərəfindən ona bildirilmişdir ki, söküntünün əvəzi olaraq qanunamüvafiq qaydada kompensasiya ödəniləcəkdir. Bundan sonra ona 55 kv.metr təşkil edən yaşayış sahəsinə görə ümumilikdə 78.650 manat kompensasiya ödənilmişdir. Ona kompensasiya ödənilərkən düzgün hesablama aparılmamışdır. Belə ki, ödəniş ödənilməsi zamanı AR Prezidentinin sərəncamında qeyd olunan qaydada yaşayış sahəsinin ümumi sahəsindən əlavə, 30% əlavə hesablanmamış və ödənilməmişdir. Həmin əlavənin hesablanaraq ona ödənilməsi üçün Bakı şəhəri Cavabdehnə müraciət etsə də, məktubla onun müraciətinə imtina məktubu verilmişdir. İmtina məktubunda qanunsuz və əsassız bəhanələr gətirilərək onun hüquqları kobud şəkildə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55.0 kv.m olan fərdi yaşayış evi İddiaçı (1/2 hissə) və X2 (1/2 hissə aşıq alır) paylı mülkiyyətində olmuşdur. - Qiymətləndirmə cədvəlindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarına əsasən Bakı Şəhəri Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınan ünvan 1 ünvanında yerləşən (4067 şərti kodu ilə işarələnmiş) «X3, X7, X8, X9»na məxsus mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla (Azərbaycan Respublikasinin Prezidentinin 26.12 2007-ci il tarixli 689 saylı bənnanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla), aşağıdakı kimi qiymətləndirilmişdir: əsas sahə - 25,49 kv m olmaqla 38.235 manat, otaq (uçub) – 22,61 kv.m olmaqla 22.610 manat, sanitar qovşaq (uçub) – 4,39 kv.m olmaqla 4.390 manat, pilləkən 1,92 kv.m olmaqla 768 manat, 2 aylıq kirayə haqqı nəzərə alınmaqla – 1000 manat, cəmi – 67.003 manat. - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55.0 kv/m, yaşayış sahəsi 49 kv/m, yardımçı sahəsi 6.0 kv/m olan, 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini 67,003 manat müqabilində alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Müqavilənin 6-cı bəndinə əsasən müqavilənin predmeti olan əmlak üzərində sahiblik və isifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyatı tarixindən əmələ gəlir. - xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 fevral tarixil 51 nömrəli və 2018-d il 29 dekabr tarixil 572 nömrəli qərarları ilə ünvan 2 ünvanında yerləşən onlara məxsus olan yaşayış obyektinin dövlət ehtiyacları üçün alınması və X10, X4, İddiaçı, X5 həmin obyektə görə ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşməsi ilə əlaqədar Cavabdeh nümayəndəsi X6 ilə sözügedən yaşayış obyekti dövlət ehtiyacları üçün alınanadək onun sahibi İddiaçı, X11, X8 və X12 arasında aşağıdakılar razılaşdırılmışdır: Tərəflər təsdiq edirlər ki, ünvan 2 ünvanında yerləşən onlara məxsus olan yaşayış obyekti dövlət ehtiyacları üçün alınmış və həmin obyektə görə ikinci tərəflərə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasan 67.003 manat məbləğində kompensasiya ödənilmişdir. İkinci tərəflər onlara ödənilmiş kompensasiya məbləğinə yeni yaşayış sahəsinin alınmasında çətinliklərlə üzləşdiklərini bildirir və onlara kömək məqsədi ilə bu razılaşmanın birinci hissəsində göstərilən kompensasiya məbləğinə əlavə olaraq maddi yardım ödənilməsini birinci tərəfdən xahiş edirlər. Birinci tərəf yeni yaşayış sahəsinin alınmasında yaranmış problemlərin aradan qaldırılması məqsədi ilə ikinci tərəflərin xahişini qəbul edir və onlara ödənilmiş kompensasiya məbləğinə əlavə olaraq bu razılaşmanın predmetinə dair öz aralarında imzalanmış razılaşma protokolu ilə müəyyən edilmiş qaydada hesablanan 11.647 manat məbləğində maddi yardım ödənilməsi və həmin vəsaitin 7 (yeddi) gün müddətində müvafiq notariat ofisinin müvəkkil bankda olan depozit hesabında ikinci tərəflərin adına köçürülməsi barədə öhdəlik götürürlər. İkinci tərəflər bu razılaşmanın 3-cü hissəsinə uyğun olaraq onlara təklif edilən maddi yardımın məbləği ilə könüllü şəkildə razı olduqlarını bildirirlər və bu razılaşmanın onlara hər hansı kənar təsir olmadan bağlandığını bayan edirlər. İkinci tərəflər müvafiq bankda adlarına açılmış bank hesabına 11.647 manat vəsait köçürüldüyü andan etibarən ünvan 2 yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduqları yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələblərinin olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqları və bununla bağlı dövlət orqanlarına, mətbuat orqanlarına (KİV), qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacağı və etməyəcəkləri barədə öhdəlik götürürlər. İkinci tərəflər əlavə olaraq təsdiq edirlər ki, dövlət ehtiyacları üçün alınanadək sahibi olduqları yaşayış obyekti və bu razılaşmanın predmeti ilə əlaqədar onun hüquqlarını müdafiə edən müvəkkillər tərəfindən də hər hansı bir iddia tələbi irəli sürülməyəcəkdir və belə tələblər irəli sürüləcəyi halda bu cür tələbin ünvanlandığı müvafiq qurumlardan hamin məsələlərə baxılmamasını xahiş edirlər. - İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Yaşamal rayonu, Ç.Mustafayev küçəsi, ev42 onun mülkiyyətindir. 2018-ci il tarixində cavabdeh tərəfindən həmin ünvanda ona məxsus evdə məlumatı olmadan, binanın qəzalı olduğunu bəhanə gətirərək 43 saylı Mənzil istismar sahəsinin işçiləri ilə söküntü komisiyasının əməkdaşları birlikdə qanunsuz video çəkiliş apararaq söküntü işləri aparılmışdır. Məlumatı olduqdan sonra cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona bildirilmişdir ki, sökdükləri evin əvəzinə ona qanuna müvafiq kompensasiya ödəniləcəkdir. Sonra ona 55 kv.metr təşkil eden ikimərtəbəli yaşayış sahəsinə görə ümumilikdə 67.003,00 manat kompensasiya ilə qiymətləndirilmişdir. Söküntü komissiyasının (cavabdehinin) təzyiqi və vərəsəlik payı olan qohumları ilə ilk dəfə belə vəziyyətlə üzləşdiyi üçün məcbur olub həmin məbləğə razılıq vermişlər. Sonra 2020-ci ildə müraciətlərin əsasında hökümət tərəfindən qəbul edilmiş qərara əsasən 11.647 manat dəyərində kompensasiya almışlar. Ümumilikdə 78.650 manat ödənilmişdir. Həmin ünvanda qeydiyyatda olan ailənin arasında həmin məbləğdən bölünən və ona düşən paya görə heç bir yerdə özünə ev ala bilməmişdir. Beləliklə, ona məxsus olan mülkünün 55 kv.m köhnə qiymətlə 1500 manatdan tam ödənilməsini və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən yaşayış sahəsindən 30% əlavə hesablanmış məbləğində ona maddi yardım kimi ödənilməsini xahiş etmişdir. - Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları uçun satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "Azər Expert” MMC-nın müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaola 1500.00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 3xx.xx-1200.00 manat arasında qiymətləndirilir. Yaşayış sahələri qıymətləndirilərkən adətən onların faktiki ölçüləri, təmir vəziyyəti və istifadəyə yararlı olubolmaması əsas götürülür. Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Yasamal rayonu "Sovetskı” adlandırılan ərazidə yerləşən yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı həmin ünvanda yaşayan sakinlərlə Cavabdeh arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrıayrılıqda alqı-satqı müqavilələri imzalanmış və müvafiq kompensasiya ödənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 saylı Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). İnzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Hazırkı işin yuxarıda qeyd olunan hallarından görünür ki, iddiaçının mülkiyyətində olan əmlak cavadeh tərəfindən satın alınmış, bu barədə tərəflər arasında müqavilə bağlanmış, həmin müqavilə ləğv edilməmiş, müqavilə ilə nəzərdə tutulmuş əmlakın dəyəri iddiaçının bank hesabına köçürülmüş və iddiaçı tərəfindən məbləğ qəbul edilmiş, daha sonra isə xx.xx.2020-ci il tarixli aralarında bağlanmış razılaşma ilə 11.647 manat vəsait köçürüldüyü andan etibarən ünvan 2 yerləşən və dövlət ehtiyacları üçün alınanadək sahibi olduqları yaşayış obyekti ilə əlaqədar hər hansı digər tələblərinin olmayacağı, həmin obyektlə bağlı məhkəmələrdə və dövlət qurumları qarşısında hər hansı iddia qaldırmayacaqları və bununla bağlı dövlət orqanlarına, mətbuat orqanlarına (KİV), qeyri-hökümət təşkilatlarına və digər təşkilatlara heç bir şikayətlərinin olmayacağı və etməyəcəkləri barədə öhdəlik götürmüşdür. Belə olan halda cavabdeh tərəfindən mübahisəli əmlakla bağlı razılaşma aktına və müqavilə tələbinə uyğun olaraq satınalma qiyməti (kompensasiya) iddiaçıya ödənildiyindən cavabdehin hazırkı halda sözügedən əmlakla bağlı icra edilməmiş hər hansı öhdəliyinin mövcudluğu, mövcud olmayan öhdəliyin icra edilməməsi nəticəsində isə iddiaçının hüquq və mənafelərinin pozulması müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İddiaçı müqavilə əsasında imtina etdiyi əmlaka dair mülkiyyət hüququna xitam verildiyindən sökülmüş əmlak və yerləşdiyi torpaq sahəsi ilə bağlı hazırkı halda hər hansı əmlak hüququna malik olmamaqla yanaşı, eyni zamanda mülkiyyətində olmayan əmlaka dair əlavə kompensasiyanın ödənilməsi ilə bağlı subyektiv hüquq da sahib deyildir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7674/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar