Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-548/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4390/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-56/1 nömrəli xx xxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsini, cavabdehin üzərinə iddiaçının xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ərizəçi (iddiaçı) İddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşıdır, etnik olaraq hazaradır. xx xxxxx 1992ci il tarixdə Əfqanıstan İslam Respublikasının Bəlx vilayətinin Şoldərə ulusvaliliyinin Polebərək kəndində doğulmuşdur. Orta məktəbi Bəlx vilayətində bitirmiş, 2013-cü ildə Bəlx Dövlət Universitetinə qəbul olmuş, 2016-cı ildə orada təhsilini başa vurmuşdur. xx xxxx 2017-ci il tarixdən xx xxxxx 2019-cu il tarixədək Məzare Şərif vilayət şurasında deputat olan Ramin Ramazan adlı şəxsin katibliyində işləmişdir. 2018-ci ildən paralel olaraq 6 ay müddətində “Nedafon” adlı kompaniyada mühasib işləmişdir. Naməlum şəxslər tərəfindən, taliblər tərəfindən təhdid olunduğundan, işindən ayrılmaq məcburiyyətində qalmışdır. 2019-cu ilin aprel ayında işdən ayrıldıqdan sonra da naməlum şəxslər tərəfindən hədələyici telefon zəngləri gəldiyi üçün həyatının təhlükədə olduğunu görüb x xxxxxx 2019-cu il tarixdə viza əsasında Özbəkistana, x xxxxxx 2019-cu il tarixdə isə, Özbəkistandan Azərbaycan Respublikasına gəlmişdir. Bundan əlavə, iddiaçı hazara olduğuna görə anti-hazara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, x xxxxxx 2019-cu il tarixdə Azərbaycana gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə sığınacaq vəsatəti ilə AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparmışdır. İddiaçı müsahibədə bildirmişdir ki, dini-etnik mənsubiyyətinə görə və dövlət orqanlarında işlədiyi üçün bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qaldığından, Əfqanıstana qayıtmaq istəmir. İddiaçı cavabdehin imtina qərarından şikayət vermişdir. 116 saylı xx xxxxx 2020-ci il tarixli qərarla inzibati şikayət rədd olunmuşdur. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri- müəyyən sözlərlə) əsaslandırmışdır. Hazırkı işə beynəlxalq hüquq normaları (beynəlxalq müqavilələr), daxili qanunvericilik, eləcə də ‘‘yumşaq hüquq" normaları tətbiq edilməlidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə - BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası/1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndinə əsasən bu Konvensiyada “qaçqın” dedikdə 1951-ci il yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində və irqi, dini əlamət, vətəndaşlıq, müəyyən sosial qrupa mənsubiyyət və ya siyasi əqidə üzündən təqib qurbanı olmaq barədə tam əsaslı ehtiyatlara görə vətəndaşı olduğu ölkədən kənardadır və həmin ölkənin himayəsindən istifadə edə bilmir və ya bu cür ehtiyatlar üzündən istifadə etmək istəmir: və ya müəyyən vətəndaşlığı olmadan və həmin hadisələr nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalaraq bu cür ehtiyatlar üzündən oraya qayıda bilmir. 1967-ci il Protokolunun 1 maddəsinin 1-ci hissəsinə əsasən Bu Protokolun iştirakçıları olan Dövlətlər arasında verilmiş tərifə uyğun gələn qaçqınlara Konvensiyanın 2-34-cü maddələrini tətbiq etməyi öhdələrinə götürürlər. Həmir, maddənin 2-ci bəndinə əsasən bu Protokolun məqsədləri üçün “qaçqın” termini altında bu maddənin 3-cü bəndinin tətbiqi ilə bağlı hallar istisna olmaqla, Konvensiyanın 1 A(2) maddəsinin tərifini "1951-ci ilin yanvarın 1-dək baş vermiş hadisələr nəticəsində” sözləri və . həmin hadisələr nəticəsində” sözlərini çıxma şərti ilə uyğun gələn hər bir şəxs nəzərdə tutulur. Hazırkı işə tətbiq edilməli olan digər beynəlxalq müqavilə Avropa İnsan Hüquqları Konvensiyası və onun 1, 4, 6, 7 saylı Protokolları (AİHK) və AİHK-i şərh və tətbiq edən orqan olan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müvafiq presedent hüququdur. İşin hallarından asılı olaraq AİHK-in 3 (İşgəncələrin qadağan edilməsi). 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 13- cü (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri qaçqın işlərinə tətbiq edilə bilər. AİHK AR Milli Məclisinin xx xxxxxx 2001-ci il tarixli Qanunu AİHK ratifikasiya etmiş və xx xxxxx 2002- ci il tarixdən Azərbaycan Respublikasında tətbiq edilir. Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi hüquq normalarına və prosessual hüquq normalarına bölünür. Maddi hüquq norması kimi çıxış edən «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunun 1.1.1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Qaçqın statusunun verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş «Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması haqqında Qaydalar»la tənzimlənir. Dövlət Miqrasiya Xidmətinin qərarında iki fundamental səhvə yol verilmişdir. Belə ki, Xidmət işin mühüm faktlarını müəyyən etməmiş, bu faktların mötəbərliyini dəqiqləşdirməmişdir. İş üzrə mühüm fakt ərizəçinin etnik mənsubiyyətinə (etnik hazara olmasına) və müəyyən sosial qrupa mənsubiyyətinə (dövlət orqanları və xarici şirkətdə işləməsinə) görə təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə, müəyyən edilmiş mühüm faktların işığında iddiaçıya münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. Dövlət Miqrasiya Xidməti əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Ərizəçinin (iddiaçının) izahatlarının mötəbərliyini qiymətləndirərkən də yuxarıda qeyd edilən amillər nəzərə alınmamışdır. İş materiallarında olan müsahibədən görünür ki. ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. İddiaçının izahatları xarici mötəbərliyin tələbatını da ödəyir. Göstərilənlərə və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 21, 36, 45-ci maddələrinə, İPM-in 2.2.2, 33, 35, 38, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin İQ-56/1 saylı xx xxxx 2020-ci il tarixli qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçının vəsatəti təmin edilərək ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4390/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4390/2020 nömrəli qərarının ləğv edilməsini, cavabdehin üzərinə iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini və hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-56/1 nömrəli xx xxxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtinaedici qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir : - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MŞ-410-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.1992-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına ***-**** saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ- 56/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxx 2020-ci il tarixli 116 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020ci il tarixli, İQ-56/1 saylı qərarından iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın- Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında ***-**** nömrəli vəsatətə (ərizə-anket) əsasən qeyd edilmişdir ki, adı-Ali Jan, atasının adı-Cumaxan (pasportda qeyd edilməyib), soyadı-Arian, soyadı və ya adı dəyişilibsə-nə vaxt və nə üçün-xeyr, dəyişilməyib, təvəllüd-1371-ci il (pasportda xx.xx.1992-ci il qeyd edilib), doğulduğu yer-ƏİR, Bəlx vilayəti, Şolgərə ulusvaliliyi, Pole bərək kəndi, vətəndaşlığı- Əfqanıstan İslam Respublikası, milliyəti-həzarə, dini etiqatı/təriqəti-islam (şiə), ana dili- Fars (dəri) dili, digər dillər-ingilis dili (çox zəif), təhsili- iddiaçı 1391-ci (2012) ildə NəhreŞahi ulusvaliliyində yerləşən “Qazi Həmidudin” adlanan orta məktəbi bitirib, 1392-ci (2013) ildə Bəlx Dövlət Universitetinə daxil olub, kənd təsərrüfatı (əkinçilik) fakültəsinə, heyvandarlıq ixtisası üzrə, 1395-ci (2016) ildə həmin fakültəni bitirib, sonralar bəzi kurslara gedib, Ramin Ramazanini də təhdid edirdilər sualına cavab olaraq onu təhdid etmədiklərini, onun güclü siyasətçi olduğunu, katiblik işini buraxması üçün yalnız özünü təhdid etdiklərini, deputatın atasının tacir olduğunu, vaxtilə Əfqanıstan milli məclisində çox yüksək yer tutduğunu, sonra onun terror olunduğunu, sonra Ramin Ramazaninin əmisi Əhmədşah Ramazan qardaşının əvəzinə parlamentə seçildiyini, hal-hazırda parlament sədrinin müavinlərindən biri olduğunu, X1 Şurasında millət vəkili olduğunu bildirdi. İş materiallarında olan məhkəməyə təqdim edilmiş mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarından aydın olur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü nə də ailə üzvləri vətəndaşları olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi cavabdehin iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakının təmin etməməsi dəlininə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçıya fars dilində verilən sualları başa düşdüyü sualı ünvanlanmış, iddiaçı da bəli cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4390/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-4390/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-548/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-548/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver