Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-548/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə qarşı (üçüncü şəxs:Azərbaycan Respublikasının X5) “dövlət qulluğu münasibətlərinin mövcudluğunun tanınması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində müvafiq olaraq aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində xx.xx.2012-ci il tarixdən dövlət qulluğunun inzibati vəzifəsi üzrə iş stajının nəzərə alınaraq Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münaisbətinin mövcudluğunun müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.2010-cu tarixdə analıq məzuniyyətində olan şəxsin yerinə Komitənin Ailə problemləri şöbəsində işə qəbul olunmuş, xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.6-cı maddəsinə əsasən bir il müddətinə stajçı kimi Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Xarici əlaqələr və protokol şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2013-cü il tarixdə qulluqda yüksəliş yolu ilə Komitənin Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2013-cü il tarixdə altı ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş və xx.xx.2013-cü il tarixində ona “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2016-cı il tarixdə inzibati vəzifələrin beşinci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2019-cu il tarixində inzibati vəzifələrin beşinci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 2015-ci ildən etibarən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na əsasən hər il şöbə müdiri tərəfindən xidməti fəaliyyəti yüksək balla qiymətləndirilmişdir. Hal-hazırda o, Azərbaycan Respublikasının Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsində işləyir və təxminən 9 il dövlət qulluğunda dövlət qulluqçusu kimi uğurlu fəaliyyətini davam etdirir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, dövlət qulluqçusu kimi hər ay vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə, ildə 4 dəfə kollektiv mükafat, ildə 1 dəfə 1 aylıq vəzifə maaşı həcmində müavinət və məzuniyyət haqqı almışdır. İşlədiyi müddətdə dövlət əhəmiyyətli sənədlərin üzərində çalışmış, bir sıra Dövlət Proqramlarının hesabatının hazırlanması, təkliflərin irəli sürülməsi, tədbirlərin təşkil olunması, məktubların hazırlanması və s. fəaliyyət istiqamətlərində xidmət göstərmişdir. İddiaçı 2016-cı ildə Komitə sədri tərəfindən uğurlu fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmaqla, Komitə Sədrinin əmri ilə dövlət qulluğuna qəbul edilərək, uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərmişdir. Onun fəaliyyəti hər il dövlət qulluqçusu kimi qiymətləndirilmişdir. Bundan başqa, onun adı dövlət qulluqçusu kimi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət qulluqçuları reyestrinin aparılması Qaydaları”na əsasən Reyestrə daxil edilmişdir. Uzun illər ərzində dövlət qulluqçularının reyestrində X5 tərəfindən hər hansı nöqsan aşkar edilməmiş, 9 il ərzində bu fakta etiraz edilməmiş, hətta ona 2019-cu ildə dövlət qulluğu stajının mövcud olması ilə bağlı arayış vermişdir. İddiaçı hesab edir ki, hazırda dövlət qulluğuna qanuni qəbul edilməsinin və dövlət qulluğu stajının Azərbaycan Respublikasının X5 tərəfindən tanınmaması qanunvericiliyin tələblərinin və iddiaçının hüquqlarının kobud pozulmasıdır. Üçüncü şəxs X5 iddia ərizəsinə etiraz verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmıdır ki, iddiaçı 2012-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, müsabiqədən keçmədən Komitədə inzibati vəzifələrin 5-ci təsnifatına aid - aparıcı məsləhətçi vəzifəsi üzrə dövlət qulluğuna qəbul edilmişdir. Mərkəz tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirakı qeydə alınmamışdır. 2013-cü ildə isə əlavə olaraq müvafiq qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqə və ya müsahibədə (daxili və ya ümumi müsahibə) iştirak etmədən vəzifədə irəli çəkilmiş, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrinə təyin edilmişdir. Halbuki “Dövlət qulluğu haqqında” Qanunun 14.1-ci maddəsində “dövlət qulluqçusu”nun anlayışa əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı çalışdığı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində xx.xx.2012-ci il tarixdən işlədiyi aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu təsdiq edilmişdir. Üçüncü şəxs AR X5 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşaıdakılarla əsaslandırılmışdır: “ Məhkəmənin qərarı əsassız və qanunsuzdur. Belə ki, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən X5 Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Bu nöqteyi-nəzərdən cəmi 5 il bundan əvvəl fəaliyyətə başlamış qurum tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 9 il bundan əvvəl qəbul etdiyi inzibati aktlara münasibət bildirilməməsinin əsas gətirilməklə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini əsassız və qanunsuzdır . X5 tərəfindən dövlət qlluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar yenidən öz əksini tapmışdır. Komitə tərəfindən bugünədək yol verilmiş pozuntu halının aradan qaldırılması ilə bağlı hər hansı bir tədbir görülməmişdir. X5 məhkəmənin qərarında istinad etdiyi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə uyğun hərəkət etmişdir. Həmin maddəyə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1 -ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı X3 fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Bu nöqteyi-nəzərdən məhkəmə tərəfindən Qanunun qeyd edilən maddəsinə istinad edilməklə X5 tərəfindən qeyd edilən müddətin ötürülməsinə dair mülahizəsini əsassızdır. İddiaçının dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Qanunun tələbləri pozulmaqla həyata keçirilmişdir. Odur ki, barəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş inzibati aktın başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamasına dair məhkəmənin mülahizəsi əsassızdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi L.Qədirova apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi S.Məmmədov isə onunla razılaşmamış iddiaçının 2012-ci ildən Komitənin Ailə problemləri şöbəsində dövlət qulluğu vəzifələrində çalışdığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlnılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə, xx.xx.2012-ci il tarixdən cavbdeh Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində işlədiyi aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində iş stajı nəzərə alınmaqla, həmin tarixdən Komitə ilə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu müəyyən edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddiası təmin olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən hesab etmişdir ki, “iddiaçı Komitədə dövlət qulluğu vəzifəsinə təyin olunduğu vaxtdan, yəni, 2012-ci ildən qanunvericilikdə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifələri yerinə yetirmiş və hüquqlardan istifadə etmişdir, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlardan, işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. İddiaçı Komitədə dövlət qulluğu vəzifələrində 9 ildən artıq çalışmış və bu dövr ərzində ona müvafiq ixtisas dərəcələri verilmiş və həmin ixtisas dərəcələrinə uyğun olaraq dövlət büdcəsindən vəzifə maaşına əlavələr almış, eyni zamanda, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir, bu isə iddiaçının ixtisas səviyyəsinin, həmçinin peşəkar və təcrübəli dövlət qulluqçusu olmasının göstəricisi kimi qiymətləndirilməlidir.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə aşağıdakılara görə razılaşır. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İş materiallarından görünür ki, iddiaçı 1985-1990-ci illərdə M.F.Axundov adına X6 dili və Ədəbiyyatı İnstitutnu bitirmişdir. Onun işə əlavə olunmuş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə cavabdeh Komitə tərəfindən: - “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6-cı maddəsinə uyğun olaraq 1 il müddətinə stajçı kimi Xarici əlaqələr və protokol xidməti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə təyin edilmiş; -xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 29.1 və 32.2-ci maddələrinə uyğun olaraq yüksəliş yolu ilə Ailə problemləri şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmiş; - xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununun 28.6 maddəsinə uyğun olaraq altı ay sınaq müddətilə Komitəyə qəbul edilmiş və Ailə problemləri şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilmiş; - xx.xx.2013-cü il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq daimi dövlət qulluğuna qəbul edilmiş və inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; - xx.xx.2016-cı il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş; -xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” AR Qanununa uyğun olaraq inzibati vəzifələrin 5-ci təsnifatı üzrə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. İş materialarından görünür ki, iddiaçının qeyd olunan dövlət qulluğu vəzifəlrinə təyinatları Komitənin müvafiq əmrləri ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddaçı cavabdeh dövlət orqanında xx.xx.2012-ci il tarixdən dövlət qulluğu vəzifəsinə işə qəbul olunmuş və hal-hazırdak həmin dövlət qürumunda dövlət qulluğu vəzifəsində çalışır. İş materiallarına və cavabdeh tərəfin (nümayəndəsinin) izahatına əsasən müəyyən olunur ki, iddiaçı təyin olunduğu dövlət qulluğu vəzifələri ilə üzərinə düşən öhdəliklərini lazımınca yerinə yetirmiş, vəzifədə irəli çəkilmiş, ona ixtisas dərəcələri verilmişdir. Başqa sözlə, cavabdeh Komitə funksional göstəriciləri və fəallığı ilə seçilən iddiaçınının işindən razı qalmışdır. Qeyd olunanlar birmənalı onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2012-ci il tarixdən hal-hazıradək, cavabdeh Komitə ilə aralarında etibarlı dövlət qulluğu münasibətlərinin mövcud olduğu sübuta yetirilir. Belə olan halda, iddiaçının İPM-in 36.1-ci maddəsinin tələbinə müvfaiq olaraq, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə mübahisələndirilən dövrədə cavabdehlə aralarında dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə harıkı iddia tələbini irəli sürməkdə haqlıdır. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini faktlar nöqteyi-nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Eyni zamanda, onun apellyasiya şikayətinin cavabdeh tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə zidd olaraq dövlət qulluğu vəzifəsinə işə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə əlaqədar onu qeyd edir ki, istinad olunan həmin hallar işçinin təqsirinə yozula bilməz. Çünki, mövcud olan fakt ondan ibarətdir ki, cavabdeh dövlət orqanı iddiaçını dövlət qulluğu vəzifəsinə işə qəbul etmiş və 2012-ci ildən hal-hazıradək o, həmin dövlət orqanında işləyir. Bütün bu müddət ərzində isə müvafiq nəzarəti həyata keçirən dövlət orqanları, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 5-ci bəndinə müvafiq olaraq dövlət qulluqçularının reyestrini aparan üçüncü şəxs X5 tərəfindən mübahsələndirilən həmin faktın mövcudluğu qəbul olunmuş, “legitimlik” istqamətində isə real addımlar atılmamışdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6296/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılmalıdır (İPM, m. 87.6.) Göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6296/2022 saylı xx.xx.2022-ci il il tarixli qərarı dəyişdirilmədən qüvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-548/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-548/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver