Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-548/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7483/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü il tarixdə Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və həmin ilin aprel-may aylarında N saylı hərbi hissənin tərkibində Tərtər rayonu ərazisində döyüşlərdə iştirak etmişdir. Xidmətini xx.xx.1997-ci ildə N saylı hərbi hissədə başa vurmuşdur. xx.xx.1997-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2- 2928 nömrəli arayışına əsasən iddiaçı döyüş əməliyyatları aparılan dövrdə xidmət yerini özbaşına tərk edərək fərarilik etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında “Veteranlar haqqında” AR Qanununun 3-cü maddəsinə istinad etmişdir. Belə ki, həmin Qanunun 3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maraqlı olan haldır ki, birinci instansiya məhkəməsi öz qərarında bu normanın tələblərinə istinad etdiyi halda, yekunda bu maddənin tələblərini düzgün tövsif etməmişdir. Belə ki, işdə olan materiallardan da göründüyü kimi İddiaçı Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən 14 mart 1994-cü il tarixində milli ordu sıralarına çağırılmışdır. Əlavə edilmiş arayışlardan da göründüyü kimi iddiaçı əvvəlcə N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin tərkibinə daxil edilmiş, sonradan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 100 №-li əmri ilə xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, daha sonradan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin tərkibinə daxil edilmişdir. Daha sonradan N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmış, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və sənədləri Pirəkəşkül qəsəbəsi şəxsi heyətin qəbulu məntəqəsinə göndərilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1995-cü il tarixli 28 “a” №-li əmri ilə xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 290 №-li əmri ilə tərxis edilmiş və xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata dayanmaq üçün Cəbrayıl RHK-a göndərilmişdir. Birinci instansiya məhkəməsi iki şərtin birlikdə reallaşacağı təqdirdə şəxsin müharibə veteranı ala biləcəyinə dair formalaşan hüquqi ənənənin inzibati məhkəmə üçün bağlayıcı olduğunu qeyd etməkdədir. Bu şərtlər şəxsin hərbi xidmət keçməsi və bunun müvafiq sənədlərdə öz əksini tapmasıdır. İş materiallarından da göründüyü kimi İddiaçı Cəbrayıl RHK tərəfindən ordu sıralarına çağırılmış və şəxsi heyətin siyahısına və qazan təminatına salındığı işdə olan materiallarla təsdiqini tapmaqdadır. İddiaçı ordu sıralarında xidmətini başa vurması ilə əlaqədar şəxsi heyətin siyahısından və qazan təminatından çıxarılması işdə olan arayışlarla öz təsdiqini tapmaqdadır. Qeyd edilən əsaslar onu deməyə əsas verir ki, müharibə veteranı adının verilməsi üçün tələb edilən hər iki imperativ şərtə iddiaçı tərəfindən əməl olunmuşdur. İstər hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsində, istərsə də əvvəlki Azərbaycan Respublikası Cinayət Məcəlləsində hərbi hissəni özbaşına tərk etmə cinayət məsuliyyəti yaradan bir hal kimi nəzərdə tutulmuşdur. Yəni belə bir halın baş verməsi dərhal belə bir hadisəyə yol verən şəxs barəsində cinayət-hüquqi xarakterli tədbirlərin görülməsi üçün hüquqi əsas təşkil edirdi. Maraqlı olan haldır ki, N saylı hərbi hissə komandirinin İddiaçı barəsində hərbi hissəni özbaşına tərk etməsi səbəbindən onun qazan təminatından çıxarılması barədə əmri mövcuddursa, bunun hüquqi nəticəsi olaraq İddiaçı barəsində cinayət işi başlanılmalı idi. Bilinən bir haldır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbi hissəsni özbaşına tərk edən və ya fəralilik edən şəxslər barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən başlanılmış olan cinayət işlərinə, başlanılıb məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 1997-ci il oktyabr ayında qəbul edilmiş amnistiya qərarı ilə bəraətverici əsaslar olmadan xitam verilmiş, qeyd edilən şəxslər cinayət məsuliyyətindən azad edilmişdirlər. Ancaq işdə olan materiallardan da göründüyü kimi İddiaçı oğu Azərbaycan Respublikası Hərbi Prokurorluğuna rəsmi qaydada müraciət edərək onun barəsində cinayət işinin və ya araşdırmaya dair materialın olub-olmamasına dair məlumatın verilməsini istəmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən iddiaçıya verilən cavab məktubunda iddiaçının 1994-cü ilin mart ayından 14 oktyabr 1997-ci il tarixinə qədər N və N saylı hərbi hissələrdə xidmət etməyi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işinin və ya təqsirləndirici materialın olması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Bu zaman haqlı olaraq ortaya belə bir sual ortaya çıxır: Necə olur ki, hərbi hissəni özbaşına tərk etmiş şəxs şəxsi heyətin siyahısından və qazan təminatından çıxarılır, barəsində cinayət işinin başlanılması üçün prokurorluq orqanlarına məlumat verilmir, daha sonradan hərbi hissəni özbaşına tərk etmiş şəxs müvafiq əmrlə yenidən şəxsi heyətin siyahısına və qazan təminatına daxil edilir? Əgər şəxsin törətdiyi əməl cinayət tərkibi yaradırdısa, niyə o zaman prokurorluq orqanlarına məlumat verilmirdi? Çünki baş vermiş hadisə birbaşa qəsdən törədilmiş cinayət əməli yaradır və cinayət məsuliyyətinə cəlb etmək üçün birbaşa səbəb təşkil edir. Ancaq cinayət məsuliyyətinə cəlb edilmə yoxdursa, o zaman hərbi hissəni özbaşına tərk etməkdən söhbət belə gedə bilməzdi. Hərbi hissə komandanlığının iddiaçını şəxsi heyətin və qazan təminatının siyahısından çıxartması və daha sonradan başqa bir əmrlə daxil etməsi hərbi hissəni özbaşına tərk etmə halında baş verə bilməzdi. Belə ki, şəxsin hər hansı bir cinayət əməlini törətməməsi və ya bununla bağlı hər hansı bir rəsmi sənədləşmənin aparılmadığı prokurorluq orqanları tərəfindən də təsdiqlənməkdədir. Belə bir cinayət əməli törədilmədiyi halda hərbi hissə rəhbərliyi hansı əsasla hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etməsi barədə qənaətə gələ bilər? Hansı əsasla belə bir əmri tərtib edə bilər? Bu əmrin tərtibi üçün əsas olmuş sənədlər və izahatlar, o cümlədən arayışlar olmuşdumu? Axı qeyd edilən əməl həmin dövrdə qüvvədə olan cinayət qanunvericiliyinin tələblərinə əsasən qəsdən törədilmiş cinayət əməli kimi tövsif edilməli idi. Bu səbəbdən birinci instansiya məhkəməsində belə bir əmrin verilməsi üçün əsas olmuş sənədlər və iş materiallarının cavabdeh olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən istənilməsinə dair şifahi qaydada vermiş olduqları vəsatət təmin edilməli idi. Belə ki, İddiaçı hərbi hissəni özbaşına tərk etməsi ilə bağlı hər hansı bir araşdırmanın heç hərbi hissədə də aparılmadığını, axtarışa cəlb edilmədiyini, iddiaçıdan hər hansı bir izahat alınmadığını, belə bir araşdırma olmadığı halda iddiaçının hərbi hissəni özbaşına tərk etməsi barədə necə bir qənaətə gəlindiyinin mütləq qaydada məhkəmə tərəfindən araşdırılmalı olduğunu birinci instansiya məhkəməsinin diqqətinə çatdırsalar da, məhkəmə tərəfindən bu xüsusata məhəl qoyulmamışdır. Axı hərbi hissəni özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından və qazan təminatından çıxarılma barədə əmr verilərkən bunun nəyin əsasında verilməsi əmrin əsaslandırmasında öz əksini tapmalıdır. Bunun üçün şahid ifadələri, verilmiş izahatlar, hərbi hissə üzrə aparılmış olan araşdırma sənədləri həmin əmrin verilməsinin hüquqi əsasını təşkil edir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilən digər əsas da iddiaçının hərbi xidmət dövrünün əksər hissəsinin atəşkəs dövrünə təsadüf etməsi, iddiaçının 1994-cü ilin 12 may tarixindən sonrakı hərbi xidmət dövründə döyüş əməliyyatlarında iştirak edən zaman xəsarət alması barədə iş materiallarında sübutların olmadığını, iddiaçının hərbi hissəni özbaşına tərk etdiyi dövrün xx.xx.1994-xx.xx.1995-ci tarixədək olan dövrü əhatə etməsindən ibarət olmasına dair qeyd etdikləridir. Hər nə qədər iddiaçının hərbi xidmət dövrünün əksər hissəsi 12 may 1994-cü il tarixindən sonrakı dövrə düşsə də, iddiaçı hərbi xidmətə 14 mart 1994-cü il tarixində - döyüş əməliyyatlarının davam etdiyi dövrdə çağırılmış və 12 may 1994-cü il tarixinə qədər atəşkəs haqqında protokolun imzalandığı dövrə qədər döyüş əməliyyatlarında iştirak etmiş və həmin döyüşlər zamanı yaralanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətdən belə anlaşılır ki, döyüşdə ancaq daha əvvəllər çağırılmış, hərbi xidmət dövrünün əksər hissəsinin döyüş əməliyyatlarının davam etdiyi dövrə düşən hərbi qulluqçular yararlana bilər. Halbuki, yeni döyüşlərə cəlb edilən hərbi qulluqçunun da cəlb edildiyi ilkin döyüşdə yaralanması və kontuziya alması mümkündür. İşdə olan və məhkəmənin də sübut qismində qəbul etdiyi materiallardan da göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı öz təsdiqini tapmaqdadır və hazırki işin mübahisələndirilməyən halıdır. Belə ki, bunu təsdiq edən xüsusatlar arxiv arayışında iddiaçının həmin dövrdə fərqli hərbi hissələrinin şəxsi heyətinin siyahısına daxil edilməsi və bu hərbi hissələrin birbaşa döyüş briqadaları olması ilə öz təsdiqini tapmaqdadır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı, 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “«Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat”ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər (7 oktyabr 1997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və aşağıdakı sübutlara nəzər yetirir: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı: - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin tərkibinə daxil edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 100 №-li əmri ilə xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissənin tərkibinə daxil edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılmışdır; - N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və sənədləri Pirəkəşkül qəsəbəsi şəxsi heyətin qəbulu məntəqəsinə göndərilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1995-cü il tarixli 28 “a” №-li əmri ilə, xx.xx.1995-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təmantlara daxil edilmişdir; - N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 290 №-li əmri ilə tərxis edilmiş və xx.xx.1997-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata dayanmaq üçün Cəbrayıl RHK-a göndərilmişdir. İş üzrə araşdırılmış hallardan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə N №-li hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, xx.xx.1994-cü il tarixdə xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmiş, xx.xx.1994-cü il tarixdə həmin hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, xx.xx.1994-cü il tarixdən hərbi hissəni özbaşına tərk etdiyinə görə sonuncu hərbi hissənin qazan təminatından çıxarılmış, xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış və sənədləri Pirəkəşkül qəsəbəsi şəxsi heyətin qəbulu məntəqəsinə göndərilmişdir. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmətkeçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmətkeçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Halbuki, iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olsa da, sonradan, yəni 30 iyun 1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə sonuncu hərbi hissənin qazan təminatından çıxarılmış və beləliklə hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmamış hesab edilir. Apellyasiya şikayətində və iddiaçının nümayəndəsi və vəkili məhkəmə baxışı zamanı iddiaçı barəsində hərbi hissəni özbaşına tərk etdiyinə görə hər hansı cinayət işi başlanılmamasına istinad edilsə də, digər tərəfdən iddiaçı tərəfindən onun məhz N №-li hərbi hissə komandirinin hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin qazan təminatından çıxarılması barədə xx.xx.1994-cü il tarixli N №-li əmri və N №-li hərbi hissə komandirinin hərbi hissəni özbaşına tərk etdiyinə görə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılması və sənədlərinin Pirəkəşkül qəsəbəsi şəxsi heyətin qəbulu məntəqəsinə göndərilməsi barədə xx.xx.1994-cü il tarixli N №-li əmri iddiaçı tərəfindən hər hansısa formada mübahisələndirilməmiş, etiraz edilməmişdir. İddiaçı özü də bu halla razılaşmış, ən azından hazırkı iddia ərizəsində belə həmin əmrlərin qanunsuz olması barədə hər hansısa fikir bildirməmişdir. Əksinə, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi izahatında “hospitalda 15 gün qaldıqdan sonra evinə qayıtdığını” bildirmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir (həmin Qanunun 7-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. İstinad edilən maddi hüquq normalarının tələblərinə əsasən, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona müharibə veteranı adının verilməsi üçün təqdim edilməsi qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh inzibati orqanın imtinasının qanunazidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7483/2023 saylı, 19 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-548/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-548/2024
23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver