Məhkəmə qərarları › İş №2-1(103)-548/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-548/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-548/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi) qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə 36 nömrəli sərəncam ilə ona ayrılan 600 kv.m torpaq sahəsinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixdə Maştağa bələdiyyəsinin sədri 36 nömrəli sərəncamı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Onun Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin arxiv fonduna xx.xx.2023-cü il tarixli, 549/23 saylı müraciətinə əsasən həmin sərəncamdan çıxarış təqdim olunmuşdur. Bununla belə sərəncama akt, şəhadətnamə, alqı-satqı müqaviləsi, sxem əlavə edilməmişdir. Bundan başqa iddiaçının Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsi barədə məlumatın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, 546/23 saylı müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, onun adına (İddiaçı) daşınmaz əmlak (torpaq sahəsi) aşkar edilməmişdir. İşə əlavə olunan arayışdan göründüyü kimi, onun Maştağa bələdiyyəsinə 570/23 saylı, xx.xx.2023-cü il tarixli müraciətinə əsasən təsdiq olunur ki, 2012-ci ilədək Maştağa bələdiyyəsinə torpaq və əmlak (yaşayış evin) vergisi ödəmişdir. Bələdiyyə tərəfindən isə bildirilir ki, sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyəti hüdudlarında və ya İcra Hakimiyyəti-Dövlət fondunda olub-olmaması barədə məlumat verilməsi mümkünsüzdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunlu tərtib edilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya İnstansiya Məhkəməsinin Mövqeyi (Əsaslandırıcı hissə) Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüququn mərhuma məxsus olması haqqında arayışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, sözügedən torpaq sahəsinin coğrafi mövqeyi göstərilən razılaşdırılmış yerləşmə cizgisi, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydə alınmış torpaqların alqı-satqısına dair akt və vərəsəlik işinin açılması, vərəsələrin dairələrinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Bundan sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Mübahisəli sərəncamın qəbul edildiyi vaxt qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: - Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.. - Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər) alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Göründüyü kimi, qanunverici bələdiyyəyə məxsus əmlakın özgəninkiləşdirilməsinə dair aktı, daşınmaz əmlaka hüququn dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən etmişdir. İddiaçı da sözügedən normaların tələblərindən çıxış edərək ona ayrılmış 600 kv.metr torpaq sahəsinə mülkiyyət hüqununun qeydə alınmasını xahiş edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığı müəyyən edildiyindən iddia təmin edilməməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hasar daxilindədir. Faktiki sahəsi 600.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sorğuda göstərilən Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən, vətəndaş İddiaçı məxsus 600 m2 torpaq sahəsinə (koordinatlar: 40.522016; 50.033701) Bakı Regional Qaz İstismarı Departamentinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, vətəndaş tərəfindən tikilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi SOCAR-a məxsus pay hasilatı torpaqlarının hüdudları daxilində yerləşir. Bundan əlavə, fərdi yaşayış evinin ətrafındakı daş hasardan 0,20 p/m kənarda BRQİD-yə məxsus 76 və 57 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətləri keçir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilən ərazi SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, torpaq sahəsi ləğv edilmiş 601 saylı neft quyusunun 5 metrlik, 1001 saylı ləğv edilmiş quyunun 20 metrlik, 960 saylı ləğv edilmiş quyunun 29 metrlik və 71 saylı ləğv edilmiş quyunun 33 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşir. Eyni zamanda iş materiallarında olan mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair ilkin hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin torpaq sahələri dövlət mülkiyyətində olmaqla ayrı-ayrı şəxslərə bələdiyyə tərəfindən deyil, yerli icra hakimiyyəti orqanı tərəfindən ayrılmışdır. Həmçinin birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “...işin hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin ayrılması barədə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə bələdiyyə tərəfindən qərar qəbul edilməmiş, bələdiyyə sədri onun səlahiyyətinə aid olmadığı halda təkbaşına sərəncam verərək, torpaq sahəsini iddiaçının mülkiyyətinə vermişdir.” Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Qanun 16.4-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 33.3-cü maddəsinə görə Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Göründüyü kimi, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə sədri tərəfindən deyil, bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Lakin hazırkı işin hallarından isə torpaq sahəsi ayrılarkən sözügedən qaydaların kobud şəkildə pozulduğu iş materilları ilə təsdiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğ zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bəndə görə ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi ləğv edilmiş 601 saylı neftquyusunun 5 metrlik, 1001 saylı ləğv edilmiş quyunun 20 metrlik, 960 saylı ləğv edilmiş quyunun 29 metrlik və 71 saylı ləğv edilmiş quyunun 33 metrlik məsafəsində, mühafizə zonası daxilində yerləşmişdir. Beləliklə, qeyd olunan iş materiallarına əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçıya Maştağa bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin Maştağa bələdiyyəsinə aid olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin: 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etdiyindən, iddiaçının apelyasiya şikayəti isə formal mülahizələrə söykəndiyindən, Kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar