Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-549/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, əmrin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-679/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər Baş Polis İdarəsinin hərəkətlərinin qanunsuz sayılması, 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmrin ləğv edilməsi, iddiaçının əvvəlki (Binəqədi RPİ PPX-nın polis nəfəri) vəzifəsinə bərpa edilməsi, məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31 may 2006-cı il tarixdən polis orqanlarında işə qəbul olunmuşdur. Xidməti fəaliyyətinə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Post Patrul Xidmətində polis nəfəri kimi başlamışdır. 2008 – 2010-cu illərdə Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində polis nəfəri kimi xidmətini davam etdirmişdir. 2010 – 2011-ci illərdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində polis nəfəri kimi işləmişdir. DYPİ-də ştatlar ixtisara düzdüyündən, Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Xidməti fəaliyyəti zamanı yüksək fiziki və peşə hazırlığına görə komandirlər tərəfindən dəfələrlə təltif olunmuş, nizam-intizamlı, nöqsansız fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Konstitusiyasına, «Polis haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına, digər hüquq normalarının tələblərinə dürüst əməl etmiş, polis qarşısında duran vəzifələrin icrasında, ictimai təhlükəsizliyin təmin olunmasında, sabitliyin pozulması ilə müşayiət olunan kütləvi ixtişaşların qarşısının alınmasında fəal iştirak etmiş, rəhbərliyin tapşırış və göstərişlərini dəqiq icra etmişdir. Lakin 5 iyul 2019-cu il tarixdə iddiaçı Binəqədi Rayon Polis İdarəsinə çağırılmış, Bakı Şəhər Baş Polis İdarəsinin gizli qeydi olduğu, guya onun qanunsuz hərəkət etdiyi və işdən azad olunduğu bildirilmiş və o, İdarəyə buraxılmamışdır. İşdən azad edilməsi barədə əmr isə verilməmişdir. Ümumiyyətlə, o (iddiaçı), bu günədək əmrin Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qəbul olunması barədə məlumatlı olmamışdır. Elə bilmişdir ki, əmr Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmişdir. Həmin İdarəyə dəfələrlə müraciət etsə də, əmr ona təqdim edilməmişdir. 2021-ci ilin yanvar ayında Binəqədi Rayon Polis İdarəsinə əmrin verilməsi ilə bağlı vəkil sorğusu göndərilmiş, lakin həmin İdarənin cavab məktubunda əmrin alınması ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. Onun müraciətindən sonra Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə əmrdən çıxarış verilmişdir. Məlum olmuşdur ki, iddiaçı Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri ilə daxili işlər orqanlarından xaric edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin tələblərini pozaraq 29 iyun 2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozmuş piyadaların barəsində inzibati qaydada tədbir görmədiklərinə, bunula bağlı görüntülərin sosial şəbəkədə yayımlanması və polisin nüfuzuna xələl gətirə biləcək məqalənin dərc olunması ilə nəticələndiyinə, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşı adına və polisin nüfuzuna xələl gətirdiklərinə görə Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri, polis serjantı İddiaçı «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilsin. Həmin əmr əsaslı deyil, ona (iddiaçıya) münasibətdə qanunsuzdur. Belə ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun və «Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi»nin tələblərini pozmamışdır. 29 iyun 2019-cu il tarixdə yol hərəkəti qaydalarını pozmuş piyadaların barəsində inzibati qaydada tədbir görülməməsi ilə bağlı hal olmamış, bununla bağlı iddiaçının görüntüləri sosial şəbəkələrdə yayımlanmamış, onun barəsində polisin nüfuzuna xələl gətirə biləcək məqalə dərc olunmamışdır. «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən polis işçisi daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilir. O, daxili işlər orqanı əməkdaşı adına ləkə gətirən və polisin nüfuzuna xələl gətirən hərəkətlərə yol verməmişdir. Bu səbəbdən cavabdeh Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndi düzgün tətbiq etməmişdir. Cavabdeh tərəfindən iddiaya dair etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, 29 iyun 2019-cu il tarixdə saat 15:00 radələrində Zaur və Cəlal adlı şəxslər Bakı şəhəri, Azadlıq prospekti ilə S.Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsində müəyyən olunmayan yerdən keçdiklərinə görə həmin ərazidə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyündən həmin İdarənin DYP şöbəsinə ezam olunmuş polis nəfəri İddiaçı və Ceyhun Nəsrullayev tərəfindən dayandırılmışdır. Polis serjantları İddiaçı və Ceyhun Nəsrullayev yolu müəyyən olunmamış yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də, heç bir sənədləşmə aparmamaqla şəxsi maraqları müqabilində onları inzibati məsuliyyətdən kənarda saxlamış, polis nəfəri İddiaçı qeyd olunan şəxslərlə xidmətdənkənar mövzuda söhbətlər aparmasının görüntülərinin sosial şəbəkədə yayımlanması nəticəsində polisin nüfuzuna ləkə gətirə biləcək müzakirələrin aparılmasına zəmin yaranmışdır. Qeyd olunan hərəkətlərə yol verdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri ilə Binəqədi RPİ PPXB-nin polis nəfəri, polis serjantları İddiaçı və X1 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xidmətdən xaric edilmişlər. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-679/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlui apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-679/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Mübahisələndirilən 5 iyul 2019-cu il tarixli Ə-472-039-19 saylı əmr cavabdeh Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən qəbul edildiyindən, əmr iddiaçıya münasibətdə hüquqi nəticə yaratdığından, habeə iddia müddəti buraxılmadığından, eləcə də işin iddianın mümkünlüyünü istisna edən başqa xüsusatı müəyyən edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün sayılır. İddia müddətinin buraxılmamış sayılması qənaəti ondan irəli gəlir ki, mübahisə predmeti olan 5 iyul 2019-cu il tarixli əmrin surətinin iddiaçıya 25 yanvar 2021-ci il tarixdən (iddia qaldırıldığı vaxtdan 1 ay qabaqkı tarix) əvvəlki dövrdə təqdim edilməsini təsdiq edən edən hər hansı mötəbər sübut cavabdeh inzibati orqan tərəfindən məhkəmə icraatına təqdim edilməmişdir. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 5 iyul 2019-cu il tarixli Ə-472-039- 19 saylı əmrin qəbulu üzrə aparılan inzbati icaatda İddiaçı alınmış izahatda bildirilmişdir ki, mən 2005-ci ildən DİO-da, 2009-cu ildən isə tutduğum vəzifədə xidmət edirəm. Binəqədi RPİ-nin əmri ilə 2019-cu ilin aprel ayından 1 iyul 2019-cu il tarixədək DYPŞ-yə ezam olunmuşdur. Mənimlə birgə PPX-nin polis nəfəri Ceyhun Nəsrullayev də həmin əmrlə ezam olunmuşdur. 2019-cu ilin iyul ayının əvvəlində PPX-nin polis nəfəri Ceyhun Nəsrullayevlə birgə Azadlıq prospekti ilə X4 küçəsinin kəsişməsində piyadaların «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına qarşı yol vermiş qanun pozuntuları ilə əlaqədar mübarizə aparmışıq. Həmin günlərdə saat 14:50 radələrində üç piyada piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçdiklərinə görə onları dayandırdıq. Port-kompyuterlə şəxsiyyətlərini müəyyən etdik. Həmin şəxslərdən 10 manat alaraq barələrində heç bir tədbir görmədən sərbəst buraxdıq. Mən ilk dəfə idi ki, bu kimi hərəkətə yol verirdim. Həmin pulun beş manatını Ceyhun Nəsrullayevə vermişdim. Qeyd olunanlardan başqa ötən günlərdə bu kimi hala yol verməmişik. Əməlimdən peşmanam. Söz verirəm ki, bir daha belə nöqsana yol verməyəcəm. İzahatı özüm yazdım, düzdür, əlavəm yoxdur, təsdiq edirəm. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə 30 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: İş materiallarında olan 5 iyul 2019cu il tarixli əmrin verilməsinə əsas olmuş 5 iyul 2019-cu il tarixli izahatdakı yazılar və imza hazırkı İddiaçı Xəyyam oğlu, yaxud başqa şəxs tərəfindən imza olunmuşdurmu? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Mərkəzin ekspertinin həmin tarixli 4/1788 nömrəli rəyində aşağıdakılar bildirilir: - Ekspertizaya təqdim edilmiş, işin 53-cü vərəqəsində İddiaçı Xəyyam oğunun adından olan 5 iyul 2019-cu il tarixli izahatda “Verilən suallara cavab olaraq bildirirəm ki” qrafasından sonrakı yazılar izahatın üz tərəfindən “İmza” qrafasındakı imza və izahatın sonunda “Əhmədov” soyadından sonrakı imza – İddiaçı Xəyyam oğlu tərəfindən icra olunmuşdur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquqmühafizə orqanıdır, polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Həmin Qanunun 13-cü maddəsinə görə səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş davranış qaydalarına riayət etmək polis əməkdaşının ümumi vəzifələrindən biridir. Həmin Qanunun 33-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, 4-cü bəndinə görə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının 19 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin 108-ci maddəsinə görə daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Əsasnamənin 114-cü maddəsinə görə xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 8 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edlmiş «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin müddəalarında DİO əməkdaşları ilə bağlı aşağıdakı tələblər nəzərdə tutulmuşdur: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 2-ci maddəsinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. 6-1-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi və başqa dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir; 22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər. Mövcud qanunvericiliyin daxili işlər orqanlarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmiş, həmin sıraya daxil olan “xidmətdən xaric edilmə” tədbirinn tətbiqini isə, başqa hallarla yanaşı onun daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətə yol verməsi ilə şərtləndirir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini polis əməkdaşının ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq da daxildir. Mübahisələndirilən inzibati akt, yəni iddiaçının daxili işlər orqanlarından xaric edilməsi barədə 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri cavabdeh inzibati orqan Bakı Baş Polis İdarəsi onun hərəkətlərini “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirməklə qərar qəbul etmişdir. İnzibati orqan belə hərəkət kimi İddiaçı xidməti fəaliyyətinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş şəxslər barəsində müvafiq tədbir görməməsinin müqabilində on manat (iki vəzifəli şəxsin hər birinə münasibətdə beş manat) pul vəsaitinin alınmasını qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddiaçının inzibati icraatda verdiyi izahatı”nda iddiaçı yol verdiyi həmin hərəkətləri təsdiq etmiş və məhkəmə icraatında həmin izahatdakı imzanı mübahisələndirsə də, əldə olunmuş ekspertiza rəyi ilə onun izahatı mübahisələndirmə üzrə dəlili inkar olunmuşdur. Məhkəmə icraatında ekspert rəyi ilə razılaşmamaq üzrə xüsusat müəyyən edilmir. Bununla da, iddiaçının xidmət vaxtı müvafiq hərəkətə (hansı ki, inzibati orqan onu “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” qismində qiymətləndirmişdir) yol verməsi öz təsdiqini tapır. Xidmət dövründə İddiaçı yuxarıda qeyd olunan hərəkətlərini cavabdeh inzibati orqan Bakı Şəhər Baş Polis İdarəsi haqlı olaraq daxili işlər orqanlarının əməkdaşının adına ləkə gətirən hal qismində qiymətəndirmişdir. Çünki, belə hərəkət «Polis haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında» Əsasnamənin müddəalarının kobud pozulmasını ehtiva edir. Cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinin apardığı inzibati icraat üzrə qəbul etdiyi 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri əlverişsiz inzibati akt kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi baxımından da mütənasibdir. Kollegiya qeyd edir ki, əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, iddiaçı tərəfindən, cavabdeh tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən əmrin əsassız olmasına dair tələb sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir. “Cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” tələblərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının iddiasının digər tələbləri əmrin ləğv ediıməsi hissəsi ilə bağlı olduğundan, cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin İddiaçı barəsində 5 iyul 2019-cu il tarixli Ə472-039-19 nömrəli əmri ləğv edilmədiyindən, yəni həmin hissədə iddia tələbi təmin edilmədiyindən, iddiaçının “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə kompensasiyanın ödənilməsi” hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-679/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-549/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-549/2023
19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver