Məhkəmə qərarları › İş №2-1(103)-549/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-549/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-549/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yeni məlumat vərəqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli 000934 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 36 il 9 ay 29 gün xidmət müddətinə gprə təminat xərcliyinin 98 faizi miqdarında yaşa görə görə əmək pensiyası təyin edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2020ci il tarixli 000934 nömrəli yeni məlumat vərəsinə əsasən 37 il 13 gün xidmət müddətinə görə əmək pensiyası yenidən hesablanmışdır. Sonuncu məlumat vərəqəsində Dövlət Sərhəd Xidməti X6 Nəzarəti Dəstəsində “X3” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə əsasən 665 manat vəzifə maaşı göstərilmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, “Lənkəran hava limanı” sərhəd nəzarəti bölməsinin rəisinin hal-hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır.

4. İddiaçı hazırda həmin vəzifə üzrə maaşının 880 manat olmasını qeyd edərək, yeni məlumat vərəqəsinin verilməsi tələbini irəli sürür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lənkəran hava limanı” sərhəd nəzarəti bölməsinin rəisinin hal-hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X3” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. 21 dekabr 2021-ci il tarixli 000934 nömrəli məlumat vərəqinə əsasən xidmət illəri 37 il 13 gün, vəzifə maaşı 660 manat təşkil etmişdir və buna uyğun olaraq pensiya alır. Hal-hazırda “X3” sərhəd nəzarəti bölməsinin rəisinin vəzifə maaşı 880 manat təşkil etməsinə baxmayaraq, onun pensiyası heç bir artım olmamışdır.

7. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliklərin olunması ilə əlaqədar yeni Silahlı Birləşmələr yaradılmışdır. Qeyd olunan fərmanla əlaqədar Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 525 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına yeni XXİ hissə əlavə olunmuş və həmin hissədə Silahlı Birləşmələr (Sərhəd Qoşunları, X8, Sərhəd Nəzarəti və Sahil Mühafizəsi) üzrə əvvəlki aylıq vəzifə (tarif) maaşları saxlanılmaqla yeni 14 vəzifə (tarif) maaşları təsdiq olunmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdən Dövlət Sərhəd Xidməti X6 Nəzarəti Dəstəsində “X3” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən onun məlumat vərəqəsi Nazirlər Kabinetinin 135 nömrəli Qərarına müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsinə uyğun sonuncu vəzifə maaşına əsasən hesablanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsi ləğv olunmadığı üçün İddiaçı XXİ hissədə qevd olunan bölmə rəisinin vəzifə (tarif) maaşının şamil olunması imkan xaricindədir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı barəsində “X7 Limanı”nda sərhəd nəzarəti bölməsinin rəisinin hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qərara alınmışdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidmətinin Maliyyə- Plan İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-38/3-2-1106/23 nömrəli sənədindən görünür ki, “Azərbaycan Respublikası Prezidentinin 05 iyun 2017-ci il tarixli 1454 nömrəli fərmanına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Strukturunda dəyişikliklərin olunması ilə əlaqədar yeni Silahlı Birləşmələr yaradılmışdır. Qeyd olunan fərmanla əlaqədar Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 525 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına yeni XXİ hissə əlavə olunmuş və həmin hissədə Silahlı Birləşmələr (Sərhəd Qoşunları, X9, Sərhəd Nəzarəti və Sahil Mühafizəsi) üzrə əvvəlki aylıq vəzifə (tarif) maaşları saxlanılmaqla yeni 14 vəzifə (tarif) maaşları təsdiq olunmuşdur. İddiaçı xx.xx.2016-cı il tarixdən Dövlət Sərhəd Xidməti X6 Nəzarəti Dəstəsində "X3" sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən onun məlumat vərəqəsi Nazirlər Kabinetinin 135 nömrəli Qərarına müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsinə uyğun sonuncu vəzifə maşına əsasən hesablanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsi ləğv olunmadığı üçün İddiaçı XXİ hissədə qeyd olunan bölmə rəisinin vəzifə (tarif) maaşının şamil olunması imkan xaricindədir” deyə məktubda qeyd olunmuşdur. Bundan başqa İPM-nin 14.3-cü maddəsində əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.

e) Prosses iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi (əvvəlki məhkəmə iclasında iştirak etmişdir)məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; ... 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; ... 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

18. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

20. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası Bu qərarın 14-15-ci bəndində istinad olunan hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarını təhlil edərək qeyd edir ki, apellyasiya şikayəti əsassızdır.

21. Belə ki, hazırkı iddia tələbinə hüquqi qiymət verilməsi üçün müəyyən edilməli olan hal, iddiaçının barəsində verilən məlumat vərəqəsində vəzifə maaşının Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının 5-ci hissəsinə uyğun olaraq, yaxud yeni yaradılmış 21-ci hissəyə uyğun olaraq qeyd edilməli olmasıdır.

22. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti X6 Nəzarəti Dəstəsində “X3” sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən ehtiyata buraxılmışdır. Daha sonra Dövlət Sərhəd Xidmətinin ştat strukturunda edilmiş dəyişikliklərə əsasən, X6 Nəzarəti Dəstəsi ləğv edilməklə X5 yaradılmışdır. Aparılmış struktur dəyişikliyində “X3 sərhəd nəzarəti bölməsi" sözləri “X7 Limanında sərhəd nəzarəti bölməsi” sözləri ilə əvəz edilmiş və hazırda bu vəzifə mövcuddur. X7 Limanında sərhəd nəzarəti bölməsinin rəisinin səlahiyyət və əmək funksiyasında hər hansı bir dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vəzifə tarif cədvəlində 5-ci hissə saxlanılmaqla (bölmə rəisi 665 manat) yeni 21-ci hissə yaradılmış və bölmə rəisinin vəzifə maaşı 880 manat təyin edilmişdir.

23. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə Kollegiyası hesab edir ki, əgər iddiaçının işlədiyi vəzifə hazırda mövcuddursa, sturuktur və ad dəyişikliyi baş versə də, səlahiyyət və əmək funksiyasında hər hansı bir dəyişiklik edilməmişdirsə və artıq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının vəzifə tarif cədvəlində yeni yaradılmış 21-ci hissə üzrə (bölmə rəisi - 880 manat) vəzifə maaşı alırsa, iddiaçının da məlumat vərəqəsi həmin vəzifə maaşı əsasında tərtib edilməlidir. İddiaçının vaxtilə aldığı, qeyd edilən vəzifə tarif cədvəlində 5-ci hissənin ləğv edilməməsi vəziyyəti iddiaçının ziyanına dəyişmir.

24. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh mövqeyini əsaslandırarkən iddiaçının əvvəl işlədiyi, hazırkı “X7 Limanında sərhəd nəzarəti bölməsinin rəisi”nin vəzifə maaşının qeyd edilən vəzifə tarif cədvəlində 5-ci hissənə uyğun olaraq 665 manat olması ilə əsaslandırmamışdır, nə də məhkəmənin sorğusuna bu məzmunda cavab verməmişdir. Cavabdehin mövqeyi yalnız ondan ibarət olmuşdur ki, iddiaçının vaxtilə aldığı, qeyd edilən tarif cədvəlində 5-ci hissə hazırda mövcuddur. Lakin yuxarıda da qeyd edildiyi kimi, məlumat vərəqəsində vəzifə maaşı tarif cədvəlinə görə deyil, həmin vəzifə üzrə olan maaşa görə müəyyən olunmalıdır.

25. Cavabdeh iddia ərizəsinə etirazla oxşar məzmunlu apellyasiya şikayətində bildirir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Dövlət Sərhəd Xidməti X6 Nəzarəti Dəstəsində "X3" sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən onun məlumat vərəqəsi Nazirlər Kabinetinin 135 nömrəli Qərarına müvafiq olaraq Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsinə uyğun sonuncu vəzifə maşına əsasən hesablanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının V hissəsi ləğv olunmadığı üçün İddiaçı XXİ hissədə qeyd olunan bölmə rəisinin vəzifə (tarif) maaşının şamil olunması imkan xaricindədir” deyə məktubda qeyd olunmuşdur. Bundan başqa İPM-nin 14.3-cü maddəsində əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

26. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki,iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş 3 aylıq növbəti məzuniyyətə görə pul kompesasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi qərara alınmışdır.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-611/2022 saylı, xx.xx.2022-cü il tarixli qərarı cavabdehin apellyasiya və kassasiya şikayəti təmin edilməyərək yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.Həmin iş üzrə iddiaçının istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya ödənilərkən də vəzifə maaşı 880 manat əsas götürülmüşdür.

28. Bundan əlavə iş materiallarının 5-6 vərəqindən görünür ki, cavabdeh iddiaçının istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiya hesablayarkən də vəzifə maaşı 880 manat əsas götürülmüşdür.

29. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, İddiaçı barəsində “X7 Limanı”nda sərhəd nəzarəti bölməsinin rəisinin hazırda 880 manat təşkil edən vəzifə maaşına uyğun olaraq yeni məlumat vərəqəsinin tərtib olunaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir.

30. Beləliklə, İPM-nin 14.3-cü maddəsinə əsasən iddiaçı inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) hazırkı iddia üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3323/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar