Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-55/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncamın verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-590/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərarından cavabdehin apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu İzmir küçəsi ünvanda yerləşən 33 nömrəli mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 1 ünvanda yerləşən 33 nömrəli mənzil (0127138 nömrəli çıxarış) onun mülkiyyətindədir. O, hal-hazırda həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirilməsi, həmçinin binanın konstruksiya dəyişikliyi və qonşu sahələrə gələcəkdə maneəçilik törədilməməsi üçün iddiaçı qanunvericiliyə tam şəkildə riayət edib, 2009-cu ildə Yasamal RİH başçısına ərizə ilə müraciət edərək, adıçəkilən mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi üçün icazə almışdır. İcazəyə əsasən mənzilə açılmış giriş qapısının eskiz layihəsii tərtib edilərək, Yasamal RİH tərəfindən təsdiqlənmişdir. Bununla yanaşı, ona Yasamal RİH başçısının 32 nömrəli sərəncamına əsasən, Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2009-cu il tarixli 18/038/227 nömrəli məktublarına riayət edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına, həmçinin təhlükəsizlik tədbirlərini və binanın yükdaşıyıcı elementlərinə toxunulmamasına, memarlıq üslubuna xələl gətirmədən, rayon icra hakimiyyətinin memarının nəzarəti altında riayət edərək prosesi tam və qüsursuz şəkildə tamamlamışdır. xx.xx.2019-cu il tarixdə Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrinə riayət edərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh Mənzil Məcəlləsinin 21-ci, “İnzibati icraat haqqında” AR Qanununun və “Vətəndaşların müraciətləri haqqında” AR Qanununun 10-cu maddələrini pozaraq, ərizəyə rəsmi olaraq cavab verməmişdir. Beləliklə, o, ərizəsinə cavabdehin rəsmi qaydada cavab verməməsini imtina kimi qəbul edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, ünvan 1 ünvanda yerləşən 33 nömrəli mənzilində iddiaçıya məxsus mənzilin yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmadığından, sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığından, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etmədiyindən, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmadığından, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və sairəyə) zəmin yaratdığından, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməsini təmin etmədiyindən, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmadığından, enerji resurslarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmadığından, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman qeyri-yaşayış sahəsinin əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmadığından yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyil. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20-ci maddəsinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtlərinə dair 2-ci bəndinə əsasən, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 22.1.3-ci maddəsinə görə, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtina edilir. Çoxmənzilli binanın yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirildiyi zaman binanın kommunikasiya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla binanın texniki təhlükəsizliyi baxımından qeyri-yaşayış sahəsinin yerləşdiyi binada yaşayanların hüquq və mənafelərinə zidd istifadə edilə bilməz. Yaşayış binasında qeyri-yaşayış sahəsinin istifadəsi zamanı binada yaşayan sakinlərin hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, mübahisəli mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir, mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə Yasamal RİH başçısının xx.xx.2009-cu il tarixli 32 nömrəli sərəncamı ilə icazə verilmiş, müvafiq layihə Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsinin xx.xx.2009-cu il tarixli 18/03-8/227 nömrəli məktubu ilə razılaşdırılmışdır. İddiaçı hazırda daşınmaz əmlakdan faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edir. İddiaçı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinə hər hansı cavab verilməmiş, iddiaçının müraciəti ilə əlaqədar inzibati icraat aparılmamışdır. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında sonrakı suallar qoyulmuşdur: “1) ünvan 1 ünvanda yerləşən 33 nömrəli mənzildə, mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsindən başqa, hər hansı yenidənqurma və ya yenidən planlaşdırılma işləri aparılmışdırmı? Əgər aparılmışdırsa: 2) yaşayış sahəsində, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən hər hansı tikinti-konstruktiv dəyişikliklər edimişdirmi? 3) yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması tikinti norma və qaydalarına uyğun olmuşdurmu? 4) yaşayış sahəsinin yenidən qurulması və ya yenidən planlaşdırılması zamanı yaşayış sahəsində konstruktiv elementlər, o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəkləri, mərtəbələrarası arakəsmələr sökülmüşdürmü?” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1254 nömrəli rəyində göstərilmişdir ki, tədqiq olunan mənzilin texniki pasportu iş materiallarına əlavə edilmədiyindən, həmin mənzil üzrə pəncərənin qapı ilə əvəz edilməsindən başqa, hər hansı yenidənqurma və ya yenidən planlaşdırma işləri aparılıb-aparılmamasını müəyyən emək mümkün olmadı. Lakin mənzilin faktiki parametrləri, o cümlədən tikililərin planlı yerləşməsi, ölçüləri, sahəsi və s. ilə həmin mənzilə dair tərtib olunmuş və Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsinin 18/03- 26.01.09 tarixli 8/227 nömrəli məktubu ilə razılaşdırılmış eskiz layihəsində qeyd olunan parametrlər müqayisə edilərkən, Bakı şəhəri Yasamal rayonu İzmir küçəsində yerləşən 5 nömrəli evin 33 nömrəli mənzilinin faktiki parametrlərinin eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan mənzil üzrə yenidənqurma və ya yenidən planlaşdırma işləri aparılıb-aparılmamasını müəyyən emək mümkün olmadığından, həmçinin həmin mənzilin faktiiki parametrləri eskiz layihəsinə uyğun olduğundan, 3-cü və 4-cü suallar üzrə tədqiqat aparılması mümkün olmadı. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir; Maddə 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gedişgəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir; Maddə 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyriyaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir; Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir; Maddə 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı; Maddə 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir; Maddə 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda; Maddə 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 52.1-ci maddəsinə əsasən, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, cavabdeh iddiaçının mülkiyyətində olan, hazırda faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə edilən mübahisəli mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsinə xx.xx.2009-cu il tarixli sərəncamla icazə vermiş, həmin eskiz layihəsi Bakı ŞİH Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılmış, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi ilə mənzilin faktiki parametrlərinin sözügedən eskiz layihəsinə uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh iddiaçının rəsmi müraciətinə cavab verməmiş, bununla da Mənzil Məcəlləsi və “İnzibati icraat haqqında” Qanunla müəyyən edilən 30 günlük müddət tələblərini, o cümlədən iddiaçının inzibati orqana etdiyi müraciətin taleyilə bağlı məlumat almaq hüququnu pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Beləliklə, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-in 14.3-cü maddəsi), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Belə ki, şikayətdə qanunvericilik normalarının sadalanması ilə kifayətlənilmiş, ümumi ifadələrdən istifadə olunmuş, heç bir faktiki dəlilə istinad olunmamışdır. İşdən, o cümlədən apellyasiya şikayətindən aydın olmur ki, cavabdeh nəyə görə iddiaçıya cavab verməkdən imtina etmiş və məhkəmə qərarından narazı qalmışdır, mübahisəli mənzilin statusunun yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə mane olan faktiki əsaslar nədən ibarətdir. İPM-in: Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər; Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, prosessual xərclər cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-590/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Bakı Şəhəri Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh Bakı Şəhəri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-55/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-55/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver