Məhkəmə qərarları › İş №2-1(103)-550/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-550/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-550/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi, artıq ödənilmiş verginin qaytarılması tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4190/2021 saylı 22.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsi və artıq ödənilmiş 8.512,60 manat verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışlar ki, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamış, həmin hüquqi şəxslərdən biri də "xxxx" MMC olmuşdur. 22.10.2018-ci il tarixdə Ukrayna Respublikasından ilk və son dəfə idxal etdiyi mebel olan yuku Gömrükdən keçirib satışa çıxardıqdan sonra qazanc az olduğuna görə 20.11.2018-cil tarixdən şirkətin fəaliyyətini dayandırmışdır. 22.10.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 11.060,43 manat artıq ödəniş etmişdir. 21.08.2019-cu il və 13.09.2019-cu il tarixlərdə cavabdehə ərizə ilə müraciət edərək artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmiş, 29.11.2019-cu il tarixində isə artıq ödəmələri silinmiş, bununla yanaşı ona 5.738,09 manat borc bildirişi göndərilmişdir. 06.09.2019-cu il tarixində həmin səbəblərlə artıq ödəmədən 2.409,82 manat pul silinmişdir. Cavabdeh eyni əsaslarla iki dəfə artıq ödəmədən vəsait silmişdir. İddiaçı hesab edir ki, cavabdehin qərarı və ona hesablanmış 5.751,14 manat vergi borcunun hesablanması qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, vergi ödəyicisi tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda, uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Bu kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 06.08.2019-cu il tarixli məktublar göndərilmiş, lakin vergi ödəyicisi bu uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən, o, kameral qaydada qəbul olunmuş 28.11.2019-cu il tarixli **********239500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar əsasında Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən 2018-ci ilin dekabr ayı üçün 13.002,29 manat əlavə vergi (ƏDV) məbləği hesablanmışdır. Etirazın təqdim olunduğu günə iddiaçının şəxs hesab vərəqəsi üzrə artıq ödəməsi yoxdur, əksinə onun 4.489,69 manat dövlət büdcəsinə qalıq vergi borcu və 1.587,64 manat faiz borcu mövcuddur. Odur ki, iddiaçı mövcud olmayan artıq ödəməyə münasibətdə vergi orqanı tərəfindən hər hansı hərəkətlərin edilməsini tələb etməkdə haqlı deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4190/2021 saylı 22.06.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı tərəfindən apellyasiya şikayəti iddia ərizəsində şərh olunanlara uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, cavabdehin qərar ilə ona hesablanmış vergi borcu qanunsuz və əsassız hesab edilərək silinməli, 8612,60 manat artıq ödənilmiş vergi qaytarılmalıdır. Vergi Məcəlləsinin 87.1-ci maddəsinin tələblərindən görünür ki, vergi ödəyicisinin artıq ödəməsinin sonrakı öhdəliklər üzrə ödəmələr hesabına aid edilməsinə vergi ödəyicisinin razılığı yol verilir. Lakin hazırkı işdə onun artıq ödəməsinin sonrakı ödəmələri üzrə ödəmələrə aid edilməsi ilə bağlı onun razılıq vermədiyi müəyyən olunur. Əksinə, bu artıq ödəmənin ona qaytarılmasını dəfələrələ tələb etmişdir. Digər tərəfdən, ona kameral qaydada hesablanmış vergilərlə razı olmadığı üçün bu barədə vergi orqanının 28.11.2019-cu il tarixli qərarını mübahisələndirmişdir. Cavabdeh orqan Vergi Məcəlləsinin 37.2-ci maddəsində müəyyən edilən 30 günlük müddəti ötürməklə həmin qərarıla iddiaçıya 2018-ci ilin dekabr üzrə kameral qaydada ƏDV hesablamışdır. Həmin qərar Azərbaycan Respublikası Nazirlər Kabinnetinin 2019-cu il 16 iyul 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-3.2, 4.1.1-4.1.3-cü bəndlərinə, Vergi Məcəlləsinin 3.8, 24.2-24.3, 36.2, 37.1- 37.4-cü, 53.3, 67.1, 85.4-85.5-ci maddələrinə və s. istinadən iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Nəsirli iddiaçının apellyasiya şikayətinə əsassız olduğunun iş materiallarına əsasən öz təsdiqini tapdığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddia tələblərindən göründüyü kimi, birinci tələbi cavabdeh vergi orqanının kameral yoxlamanın nəticələrinə dair qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı, 28.11.2019-cu il tarixli qərarın ləğv edilməsini tələb etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Birinci instansiya məhkəməsi həmin hissədə iddianı rədd edrərkən hesab etmişdir ki, cavabddehin **********239500 № li 28.11.2019-cu il tarixli qərarı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Qanunun qeyd olunan normalarından göründüyü kimi, vergi ödəyicisinin fəaliyyəti yerlərə getmədən, vergi orqanında olan sənədlər, o cümlədən, vergi bəyannaməsi və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. İddiaçı apellyasiya şikayətində Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinadən mübahisələndirir ki, cavabdeh 28.11.2019-cu il tarixli qərarı ilə 30 günlük müddəti ötürməklə ona 2018-ci ilin dekabr üzrə kameral qaydada ƏDV hesablamışdır. Cavabdehin həmin qərarı qəbul edilərkən Vergi Məcəlləsinin 37.2-ci maddəsinin qüvvədə olan redaksiyasına görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. İş materialları üzrə - iddia ərizəsinə, iddiaçının 2018-ci ilin noyabr ayı vergi dövrü üçün əlavə dəyər vergisi bəyannaməsinə və şəxsi hesab vərəqisinin göstəricilərinə, gömrük bəyannamələrinə (və s.) əsasən müəyyən olunan işin mübahisələndirilməyən hallarına görə iddiaçı tərəfindən 22.10.2018-ci il tarixində 61.446,83 manat məbləğində mal idxal olunmuş həmin mallara görə ümumi dəyərindən ödənilmiş 11.060,43 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi (iddiaçı) tərəfindən 20.12.2018-ci il tarixində əvəzləşdirilmiş, həmin əvəzləşdirmə hesabna onun 11.060,43 manat məbləğində artıq ödəməsi qeydə alınmışdır. İşdən görünür ki, həmin mallar idxal edildikdən sonra, 20.11.2018-ci il tarixində fəaliyyətinin dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etmiş və bununla bağlı vergi orqanına təqdim etdiyi arayışında “mal qalığı”nın olmadığını (“0”) bəyan etmişdir. Bundan sonra iddiaçı idxal etdiyi həmin malların dövriyyəsi ilə bağlı bir daha vergi orqanına bəyannamə təqdim etməmiş, daha sonra vergi orqanı tərəfindən onun heç bir təsərrüfat subyektinin də uçota alınmadığı müəyyən olunmuş və kameral yoxlama aparılaraq nəticələrinə dair qəbul olunmuş 28.11.2019-cu il tarixli -də kameral yoxlama qərarla ona 2018-ci ilin dekabr ayı üçün ona 13002,29 manat əlavə dəyər vergisi hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qərarı əsaslıdır. Belə ki, qeyd edildiyi kimi, iddiaçı tərəfindən idxal etdiyi malların təqdim edilməsi və ya qalığı barədə vergi orqanına Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulan vergi bəyannaməsi təqdim edilməmişdir. Həmin maddədən isə göründüyü kimi, vergi bəyannaməsi təqdim edildiyi halda 30 gün müddətində kameral yoxlama keçirilmə qaydasını nəzərədə tutur. Həmin Məcəllənin 166.1-ci maddəsinin 01.01.2020-ci il tarixədək qüvvədə olmuş redaksiyası isə nəzərdə tutur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Yuxarıda qeyd edilən iş materiallarının, o cümlədən iddiaçının şəxsi hesab vərəqəsinə əsasən isə müəyyən olunur ki, vergi orqanına, idxal edilən malların təqdim edilməsini, və ya “mal qalığı” barədə 2018-ci ilin dekabr ayı üçün vergi bəyannaməsi təqdim etməmiş, bundan sonra da müvafiq bəyannamə təqdim edildiyi müəyyən olunmur. Vergi Məcəlləsinin 67.1 və 67.1.6-cı maddəsinin tələblərindən isə görünür ki, bu Məcəllənin 37.4-cü maddəsində göstərilən hallarda, vergi orqanının vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Belə olan halda, həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İşdən görünür ki, cavabdeh tərəfindən həmin müddət ötürülməmiş, qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə kameral yoxlama aparılması üçün “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 06.08.2019-cu il tarixli məktublar göndərilmiş, lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyindən 28.11.2019-cu il tarixində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ilə əlaqəli məlumatlara görə vergi hesablanmışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinin məzmunundan da görünür ki, kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********239500 saylı 28.11.2019-cu il tarixli qərarı maddi hüquq normalarına uyğun qəbul olunmuşdur. Ona görə də iddiaçının həmin qərarı ilə iddiaçıya 13002,29 manat (61.446,83X18%) qanunsuz olduğunu mübahisələndirən dəlilləri əsassız olduğu sübuta yetirilir. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı malların idxlından sonra 2018-ci ilin mənfəət vergisi bəyannaməsini də vergi orqanına təqdim etməmiş, həmin dövrə münasibətdə vergi orqanı tərəfindən ona kameral qaydada əlaqəli məlumatlara görə kameral qaydada 06.09.2019-cu il tarixli qərarı ilə 2407,83 manat məbləğində mənfəət vergisi hesablanmış, həmin qərar iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının şəxsi hesab vərəqsindən görünür ki, cavabdehin qeyd olunan iki qərarı ilə iddiaçıya hesablanmış vergi məbləğindən, malların idxalı zamanı ƏDV ödənişini əvəzləşdirilməsi hesabına yaranmış 11.060,43 manat məbləğində artıq ödəməsi nəzərə alınmaqla, iddiaçının 28.11.2019-cu il tarixinə dövlət büdcəsinə olan qalıq borcu 4.389,69 manat, 1348,40 manat təşkil etmişdir. İddiaçının ikinci tələbindən göründüyü kimi, 8.512,60 (11.060,43-2407,83) manat məbləğində artıq ödəməsi olduğunu iddia edərək geri qaytarılmasını tələb edir. Lakin cavabdehin mübahisələndirilən 28.11.2019-cu qərarı ləğv olunmadığı və həmin qərarla hesablanmış 11.060,43 manat məbləğində vergi borcu silinmədiyi halda, Vergi Məcəlləsinin 87.4-cü maddəsinin tələbləri qaydasında mübahisələndirilən məbləğin vergi ödəyicisinə qaytarılması vergi qanunvericiliyinə uyğun hesab oluna bilməz. Ən azından, iddiaçının qeyd olunan əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəməsinin vergi orqanı tərəfindən onun vergi borcuna silinməsi vergi qanunvericilyinə zidd hesab oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 88.1-ci maddəsi nəzərədə tutur ki, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının şəxsi hesab vərəqsində qeydə alnmış artıq ödəməsinin cavabdeh tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbi qaydasında hesalanmış vergi borcuna aid edilməsi dövlət mədaxilinə alınması əsaslıdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının, qeyd olunan halda onun razılığının tələb olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Beləliklə də qeyd olunanları nəzərə alan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu vurğulayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4190/2021 saylı 22.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4190/2021 saylı 22.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar