Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-550/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “texniki pasportun dəyişdirilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 244 ünvanında yerləşən əmlak kompleksi yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, ümumi birgə mülkiyyət kimi İddiaçı və X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********63- 12301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. Qeyriyaşayış binasına dair cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, 11/87 inventar nömrəli texniki pasport tərtib edilmişdir.
2. İddiaçı hazırda texniki pasportda “şərti istinad planının” çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələb irəli sürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportunda “şərti istinad planının” çəkilməsini xahiş etmiş, lakin cavabdeh məktubunda qeyri-yaşayış binasının baş planına aid koordinat cədvəlinin xx.xx.2017-ci il tarixli, 11/87 inventar nömrəli texniki pasportda öz əksini tapmasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir.
4. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 244 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin texniki pasportunda “şərti istinad planının” çəkilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 244 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin mülkiyyətçisidir. Cavabdehə müraciət edərək, müəssisənin texniki pasportunda “şərti istinad planının” yaxud müfəssəl planın çəkilməsi xahiş etmiş, yeni texniki pasportun veriləcəyi bildirilsə də, sonradan cavabdeh məktubunda qeyri-yaşayış binasının baş planına aid koordinat cədvəlinin xx.xx.2017-ci il tarixli, 11/87 inventar nömrəli texniki pasportda öz əksini tapmasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir.
6. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyri-yaşayış binasının baş planına aid koordinat cədvəli cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli, 11/87 inventar nömrəli texniki pasportda öz əksini tapmışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli, **********65 saylı cavab məktubu ünvanlanmışdır. Bundan başqa, elektron kadastr baza məlumatına əsasən qeyri-yaşayış binası 8 km bazarı adlanan ərazinin bir hissəsində yerləşir. Həmçinin, bu ərazidə qeyri-yaşayış binaları və sahələri bir-birinə sıx və mərtəbəli şəkildə yerləşdiyi üçün elektron bazada sərhəd dəqiqləşməsi aparmaq mümkün olmur. Əlavə olaraq, sözügedən daşınmaz əmlak yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, ümumi birgə mülkiyyət kimi İddiaçı və X3 adına daşınmaz əmlakın dövlət reyestrində **********63-12301 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir.
7. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 244 ünvanında yerləşən əmlak kompleksinin texniki pasportu cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş və 11/87 inventar nömrə qeydiyyata alınmışdır. Həmin texniki pasporta nəzər yetirdikdə müəyyən olunur ki, mübahisə predmeti qeyri-yaşayış binasının baş planına aid koordinat cədvəli öz əksini tapmışdır. Başqa sözlə, mübahisə predmeti daşınmaz əmlakın bütün texniki göstəriciləri və təsviri həmin sənəddə göstərilmişdir. Əlavə olaraq, iddiaçının tələb etdiyi kimi, digər qonşu (həmsərhəd) daşınmaz əmlakların da göstərildiyi planın (müfəssəl planın) texniki pasportda əks olunması kimi imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3576/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə hesab etmişdir ki, iddiaçıya verilmiş texniki pasport düzgün verilmişdir. Ancaq məhkəmə unudur ki, iddia tələbinin mahiyyəti Texniki pasortda yanlışlığın olması deyildir. İddiaçıda olan texniki pasport 2017-ci ildə tərtib edilmişdir. Sonradan yeni növ texniki pasportlarda hazırkı tələbin əsasını təşkil edən müfəssəl planın əks olunması müəyyən edildiyindən iddiaçı yeni növ texniki pasortun verilməsini, yaxud köhnə texniki pasortda müfəssəl planın çəkilməsini cavabdehdən istəmişdir. Lakin cavabdeh heç bir qanuni əsas gətirmədən imtian vermişdir.Hətta məhkəmədə belə cavabdeh texniki pasortun hansı normativ akt əsasında hazırlanmasını bildirməmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndələr texniki pasportun tərtib olunmasının daxili əmr əsasında olmasını bildirmiş və həmin daxili əmri məhkəmə tələb etməsinə baxmayaraq məhkəməyə təqdim etməmişlər. İşə baxan hakim isə bu halları nədənsə diqqətə almamış, sanki cavabdehin imtinasını əsaslandırmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
c) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı (vəkili) və 3-cü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”:
4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işə tətbiq edilən hüquq normalarından (Bu qərarın- 16-17-ci bəndləri) göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir.
23. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 244 ünvanında yerləşən əmlak kompleksinin texniki pasportu cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə tərtib edilmiş və 11/87 inventar nömrə qeydiyyata alınmışdır. Həmin texniki pasporta nəzər yetirdikdə müəyyən olunur ki, mübahisə predmeti qeyri-yaşayış binasının baş planına aid koordinat cədvəli öz əksini tapmışdır. Başqa sözlə, mübahisə predmeti daşınmaz əmlakın bütün texniki göstəriciləri və təsviri həmin sənəddə göstərilmişdir.
24. Əlavə olaraq, iddiaçının tələb etdiyi kimi, digər qonşu (həmsərhəd) daşınmaz əmlakların da göstərildiyi planın (müfəssəl planın) texniki pasportda əks olunması kimi imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır.
25. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
26. Apellyasiya şikayətində və əvvəlki məhkəmə iclasında iddiaçının vəkili izahatında göstərmişdir ki, iddia tələbinin mahiyyəti texniki pasportda yanlışlığın olması deyil. İddiaçının qonşusu tikili “8-ci km bazarı” adı ilə tanınan tikilidir. İddiaçı ilə onlar arasında yol var və həmin yolda iddiaçının tikilisinin əsas girişi yerləşir. Onlar bildirirlər ki, sənədlə həmin yol onlara məxsusdur və onlar yolu bağlayacaqlar. Bu zaman iddiaçının girişi məhdudlaşır. İddiaçıda olan texniki pasport 2017-ci ildə tərtib edilib. Yeni növ texniki pasportlarda iddiaçının hazırkı iddia tələbinin əsasını təşkil edən müfəssəl planın əks olunması müəyyən edildiyindən iddiaçı yeni növ texniki pasportun verilməsi, yaxud köhnədə müfəssəl planın çəkilməsini cavabdehdən istəyir. Lakin cavabdeh heç bir qanuni əsas gətirmədən imtina edir.
27. Məhkəmə Kollegiyası apellyasiya şikayətininin dəlillərinə münasibətdə yuxarıda göstərilənlərdən əlavə qeyd edir ki, göründüyü kimi, iddiaçı ilə “8-ci km bazarı” adı ilə tanınan “qonşu” ilə aralarında yol olan sahə ilə bağlı mübahisə vardır.
28. İddiaçı həmin yol olan sahədən giriş-çıxışını təmin etmək üçün hazırkı iddianı qaldırmışdır.
29. İddiaçının tələb etdiyi kimi, 8-ci km bazarı” adı ilə tanınan “qonşu” ilə iddiaçı arasında yol olan sahə ilə bağlı mübahisənin mövcudluğu digər qonşu (həmsərhəd) daşınmaz əmlakların da göstərildiyi planın (müfəssəl planın) texniki pasportda əks olunması tələbinin təmin olunmasına əsas deyildir.Xüsusən də qeyd edildiyi kimi belə iddianın təmin edilməli olmasına dair imperativ qayda qanunvericilikdə nəzərdə tutulmamışdır.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası əsaslı olmuşdur, odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3576/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.