Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-551/2023 26.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İlk iddia üzrə iddiaçının nümayəndəsi X2 və ilk iddia tələbi üzrə Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması” tələbinə dair ilk, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə inzibati işə dair Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)- 1513/2022 saylı qərarından ilk iddia tələbi üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh artıq ödənilmiş 11989,15 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) nəzərdə tutulmuşdur. Araşdırma zamanı cavabdehə məxsus 28 iyun 1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyi müəyyən edilmişdir. Onun işlədiyi körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də cavabdehin güzəştli iş stajı yoxdur. Göründüyü kimi ona xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11989,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmamışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dayandırılmış pensiya ödənişinin bərpa edilməsi və 2021-ci ilin yanvar ayından bu günə qədər ödənilməmiş pensiya məbləğinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2003-cü ildən xx.xx.2017-ci il tarixləri ərzində “X7” MMC-nin Poladəritmə sexində Təkrarqarametal tədarükü və emalı sahəsində Körpülü kran maşinisti vəzifəsində çalışmışdır. Çalışdığı sahə zərərli iş sahəsinə aid olduğu üçün 2016-cı ilin avqust ayından etibarən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası əsasında (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə,incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığotra stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona pensiya təyin edilmişdir. Lakin 2020-ci ilin dekabr ayından etibarən ona təyin edilmiş pensiyanın verilməsi dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət etsə də xx.xx.2021-ci il tarixində işlədiyi vəzifənin uyğun olmaması səbəbi ilə təqaüdünün dayandırıldığı bildirilmişdir. xx.xx.2021-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh məhkəməyə verərək xx.xx.2016-xx.xx.2020-ci illər ərzində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən ona təyin olunmuş və ödənilmiş 11989,15 manat pul vəsaitinin büdcəyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində işlədiyi körpülü kran maşinisti vəzifəsi AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) nəzərdə tutulmuş “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” vəzifəsinə uyğun deyil. Onun işlədiyi sahə təkrar emal sahəsi olduğu üçün metalın emalı zamanı aparılan kəsmə və doğrama zamanı istifadə edilən qaynaq aparatlarının istiliyi və çirkli metalın qızması zamanı ortaya çıxan alov və tüstü səbəbilə isti və zərərli iş sahəsi hesab olunur. Əlavə olaraq, işlədiyi sexin poladəritmə sexinin daxilində olması səbəbi ilə istilik dərəcəsi normadan çox artıq olur. Bu halları “X7” MMC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 26/L saylı məktubu da təsdiq edir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi göstərilən halları nəzərə almadan qanunsuz olaraq ona təyin edilmiş pensiyanı dayandırmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddiasının dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixdən bugünə qədər dayandırılmış pensiya ödənişinin bərpa edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-1513/2022 saylı qərarı ilə ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan ilk iddia tələbi üzrə iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-1513/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 1403 nömrəli qərarı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdən güzəştli pensiya təyin edilmişdir. İddiaçıya pensiya ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Sonuncu pensiya ödənişi xx.xx.2020-ci il tarixdə edilmişdir. “X7” MMC-nin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli, 26/L nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən hal-hazıradək Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışır. Həmin şöbədə metal tullantıların emal prosesi həyata keçirilir. Cavabdeh körpülü kran maşinisti kimi istehsalat sahəsində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X7” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X3. Müəssisədə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən Cavabdeh) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Cavabdeh iş yeri bilavasitə X1 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal emalı üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur. “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y-0375 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh körpülü kran maşinisti vəzifəsində işlədiyi Təkrarqarametal Tədarükü və Təkrarqarametal Emalı sahəsi isti və zərərli sahə hesab olunduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (11) Metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri peşəsinə uyğundur. Birinci insansiya məhkəməsinin sorğusuna cavab olaraq “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y-0218 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2009- xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin Təkrarqarametal Tədarükü şöbəsində Körpülü kran maşinisti peşəsində çalışmışdır. xx.xx.2020-ci il tarixindən Təkrarqarametal Emalı sahəsində Körpülü kran maşinisti peşəsində çalışır. Qeyd edilən sahələrdə metal tullantıların emal prosesi həyata keçirilir. Cavabdeh körpülü kran maşinisti kimi istehsalat sahələrində texnoloji prosesə uyğun olaraq materialların, məhsulların yüklənməsi, daşınması, boşaldılması və digər işlərin yerinə yetirilməsi ilə məşğul olur. “X7” MMC Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X3. Müəssisədə iş şəraiti ağır və zərəlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin (o cümlədən Cavabdeh) maaşlarına artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. Cavabdeh iş yeri bilavasitə X1 daxilində yerləşir. O, bütün iş vaxtını isti və zərərli iş şəraitində keçirir. Bu baxımdan onun peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci Metal emalı bölməsinin 11.5 Metal email üzrə sair peşələr bəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” peşəsi ilə uyğundur. “X7” MMC-nin xx.xx.2021-ci il tarixli, X-Y-0549 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2003-xx.xx.2009-cu illərdə Poladəritmə sexinin Şixtə sahəsində xx.xx.2009-xx.xx.2017-ci illərdə isə Təkrarqarametal Tədarükü şöbəsində kran maşinisti vəzifəsində işləmişdir. Poladəritmə sexinin tərkibinə aşağıdakı şöbə və sahələr daxildir: Təkrarqarametal tədarükü şöbəsi, Xəlitə (Şixtə) sahəsi, Soba və soba-çalov sahəsi, Pəstahların fasiləsiz tökülməsi sahəsi, Çalov sahəsi, Pəstahların qüsurlarının emalı və lazımi ölçüdə kəsilməsi sahəsi. Təkrarqarametal Tədarükü şöbəsi Poladəritmə sexinin xammalın hazırlanması sahəsi olaraq əsas fəaliyyəti qəbul olunmuş qara metal tullantıların içərisində ola bilən partlama təhlükəli əşyalardan (qapalı qablar, amartizatorlar, müxtəlif təyinatlı balonlar, hərbi sursatlar və sair) təmizləyib ilkin xammalın təhlükəsizliyini təmin etmək, tələb olunan ölçüyə uyğun metal tullantılarını seçib ayırmaq, böyük ölçülü metal tullantılarını tələb olunan ölçülərdə kəsib-doğrayaraq əridilməyə hazır xammal halına gətirib əridilmək üçün Şixtə sahəsinə göndərməkdən ibarətdir. Şixtə sahəsinin kran sürücüsünün vəzifəsi X6 şöbəsindən hazırlanıb Şixtə sahəsinə göndərilən xammalı (metal qırıntılarını) sobaya göndərmək üçün badyalara yükləməkdir. Təkrarqarametal Tədarükü şöbəsinin kran sürücüsünün əsas fəaliyyəti qəbul olunan metal tullantılarının boşaldılması, seçilməsi və kəsilib doğranılması üçün qazla kəsicilərin iş yerlərinə yerləşdirilməsi, kəsilib doğranmış metalın vaqonlara və ya avtomobillərə yükləməsi və sair ibarətdir. Hər iki sahənin (Şixtə sahəsi və Təkrarqarametal tədarükü şöbəsi) kran sürücülərinin iş şəraiti eynidir və onlara əmək şəraitinin attestasiyasının nəticələrinə əsasən (isti əmək şəraiti, əməyin gərginliyi və əməyin ağırlığı amilləri) əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. İddiaçı orqanın cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli pensiya ödənişinin dayandırılması haqqında məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) metal emalı üzrə sair peşələr bəndində (11.5) isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) nəzərdə tutulmuşdur. Araşdırma zamanı 28 iyun 1978-ci il tarixli ИТ- İ ******* nömrəli əmək kitabçanızda qeyd olunan xx.xx.2009-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X7” MMC-nin “Təkrarqarametal tədarükü” sahəsində körpülü kran maşinisti vəzifəsində işlədiyiniz müəyyən edilmişdir. Sizin işlədiyiniz körpülü kran maşinisti vəzifəsi yuxarıda qeyd olunan isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları) vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Göründüyü kimi sizə xx.xx.2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11989,15 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarmağınız xahiş edilir. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyinin tələbinə uyğun olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda adıçəkilən müddəalarından görünür ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıb-qaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına mövcud olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət edə bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar cavabdehə münasibətdə “əlverişli inzibati akt” sayılır. İddiaçının bu qəbildən olan əlverişli inzibati aktı cavadehə münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad edilməsini istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, cavabdeh rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair iddia uğurlu ola bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların hər hansı birinin mövcudluğuna iddiaçı tərəfindən istinad olunmamış, məhkəmə araşdırması zamanı da müəyyən olunmamışdır. İddiaçının cavabdehdən asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, cavabdehdən ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Cavabdehə yaşa görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, cavadehin qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın və həmin qərar əsasında yenidən hesablama barədə qərar, sərəncam qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz hesab edilsə belə, həmin qərarın qeyd olunan halda qanunsuz və əlverişli xarakterə malik olması iddiaçı tərəfindən hazırkı iddianın verilməsinə və həmin iddianın təmin edilməsinə əsas vermir. Belə ki, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyil. İnzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. İnzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Göründüyü kimi əmək pensiyasının təyin edilməsi barədə qərar şəxsin ziyanına şərh olunacağı halda belə, yəni əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv olunacağı, əmək pensiyasının bərpa edilməsi barədə cavabdeh tərəfindən iddia qaldırılmayacağı, iddia qaldırılsa belə həmin iddianın təmin edilməyəcəyi halda belə bu həmin aktın əlverişli inzibati akt hesab edilməsini aradan qaldırmır və hazırkı faktiki hallar nəzərə alınmaqla cavabdehin etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb təmin edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini təmin etməklə də düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. Məhkəmə araşdırılması zamanı, iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Beləliklə, məhkəmə kollegiyası ilkin iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə iddiaçının tələbini təmin etməməklə, qarşılıqlı iddia tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, ilkin iddia tələbi üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(112)-1513/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-551/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-551/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver