Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-551/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı oglunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı oglu cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu giriş bloku, 42 nömrəli mənzilin və həmin ünvanda 17,9 kv.m. sahəsi olan İİİ E-28 nömrəli qarajın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 10-cu giriş bloku, 42 nömrəli mənzilin və həmin ünvanda 17,9 kv.m. sahəsi olan İİİ E-28 nömrəli qarajın dəyərini tam ödəyərək əldə etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilin və qarajın üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı oglunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir; 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil- tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plancizgisi bu qərara əlavə olunmalıdır.. 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş yaşayış binasının 10-cu korpusunda yerləşən 42 saylı mənzilə və qeyd olunan ünvanda yerləşən qeyri- yaşayış sahəsinə (qaraj) dair xx.xx.2015-ci il tarixdə “X4” MMC ilə müqavilə bağlamışdır və iddiaçı tərəfindən mənzilin və qeyri-yaşayış sahəsinin dəyəri tam olaraq “X4” MMC-yə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 1- 8 saylı yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 185 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “X4” MMC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 nömrəli sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 9-11 saylı yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 154 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" ASC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamı ilə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi mübahisə predmeti mənzilə və qaraja dair xx.xx.2015-ci il tarixdə “X4” MMC ilə bağladığı müqavilə və maliyyə arayışıdır. Qeyd edilməlidir ki, müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Cavabdehin imtinasının (etirazının) əsasını o təşkil edir ki, mübahisə predmeti mənzilin və qarajın yerləşdiyi binanın istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" ASC göstərildiyi halda, iddiaçı tərəfindən təqdim edilmş sənədlər “X4” MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, məhəllə 1061 ünvanında 11 yaşayış binası inşa edilmişdir Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binalardan: - 2 girişli, zirzəmili, 1-ci girişi 13 (+mansarda), 2-ci girişi 15 (+mansarda) mərtəbəli (bina 1); - 2 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 14 (+mansarda) mərtəbəli (bina 2); - 2 girişli, zirzəmili, kürsülü, 1-ci girişi 14 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 3); - 3 girişli, zirzəmili, 1 və 3-cü girişlər 13 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 4); - 3 girişli, kürsülü, 1 və 3-cü girişlər 14 (+mansarda), 2-ci girişi 13 (+mansarda) mərtəbəli (bina 5); - 2 girişli, kürsülü, 1-ci girişi 13 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (bina 6); - 1 girişli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli q/y, 20 (+texniki) mərtəbəli (bina 7); - 3 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 1 və 3-cü girişlər 17 (+texniki), 2-ci girişi 19 (+texniki) mərtəbəli (bina 8) yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 185 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “X4” MMC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 107 nömrəli sərəncamı ilə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həmin binalardan: - 2 girişli, 16 mərtəbəli (bina 9); - 1 girişli, 1-ci mərtəbəsi qismən 2 səviyyəli, 19 mərtəbəli (bina 10 – mübahisə predmeti mənzil və qarajın yerləşdiyi); - 1 girişli, 2 səviyyə zirzəmili, 20 mərtəbəli (bina 11) yaşayış binalarının istismarına xx.xx.2019-cu il tarixdə 154 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" ASC göstərilmişdir. Tikintiyə icazə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 237 nömrəli sərəncamı ilə verilmişdir. Qeyd edilən 9, 10 və 11 nömrəli yaşayış binalarının tikintisi zamanı bütün sənədlərdə tikintini sifariş edən, yəni sifarişçi qismində "xxxx" ASC-nin göstərildiyi müəyyən edildiyindən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edən sənəddə - Tikinti obyektinin istismarına icazədə də onun adının yazılması təbiidir. Məhkəmə kollegiyası qeyd edir ki, tikinti obyektinin istismarına icazədə sifarişçi qismində "xxxx" ASC-nin adının yazılması “X4” MMC ilə iddiaçı arasında bağlanmış müqaviləni şübhə altına almağa əsas verir. Belə ki, məhkəmə icraatı zamanı mübahisə predmeti mənzilin və qarajın yerləşdiyi 10-cu binada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair hüquqmüəyyənedici sənədlər cavabdeh orqandan əldə edilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, həmin binada 28, 46, 9, 45 və 51 saylı mənzillərə dair müqavilələr (tarixləri iddiaçının müqaviləsindən həm əvvəl, həm də sonra) və maliyyə arayışları iddiaçıdan fərqli olaraq "xxxx" ASC tərəfindən təsdiq edilmiş və tək girişli 10-cu yaşayış binasının "xxxx" ASC-yə məxsus olması göstərilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı qeyd edilən yaşayış binası ilə bağlı müqavilə bağlamağa dair “X4” MMC-nin səlahiyyətini işarə edən "xxxx" ASC ilə olan hər hansı əlaqələndirici sənəd müəyyən edilməmişdir. Belə olan halda, istinad olunan müqavilə mənzil və qaraj üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı oglunun apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1176/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-551/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-551/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver