Məhkəmə qərarları › İş №2-1(103)-552/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-552/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-552/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı pensiyanın yenidən hesablanması və fərqin birdəfəyə ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3622/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3622/2020 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən, 50 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinə əsasən pensiya təyin edilməsinin və həmin tarixdən hal-hazıradək yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1964-cü il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. Hal-hazırda Siyəzən rayon sakini olmaqla orada yaşayır. Onun xx.xx.1974 - hal-hazıra kimi işləməklə ümumi 44 il əmək sığorta stajı vardır. Həmin stajın xx.xx.1978-xx.xx.1988-ci ilə kimi “Azərbaycan-X3 Xüsusienerjimühafizə İdarəsi”-nin Bakı DRES (indiki Bakı İES)-nın nəzdində yerləşmiş Bakı sahəsində “izolyasiyaçı” və xx.xx.1988-xx.xx.1991-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-də “qazmada neft-qaz vurulması üzrə operator”, həmin idarədə xx.xx.1991- xx.xx.2016-cı ilə kimi “quyuların əsaslı və yeraltı təmiri üzrə operator” vəzifələrində işləmişdir. İşlədiyi vəzifələr ağır və zərəli iş olduğundan, ona xx.xx.2013-cü il tarixdə, 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin o hesab edir ki, xx.xx.2006-cı il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır.O, xx.xx.2006-cı ilə kimi ümumi 20 il və 10 il xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2006-cı il tarixdən, 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. O, cavabdeh təşkilata xx.xx.2019-cu il tarixli ərizə və ona əlavə edilmiş şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və hərbi biletin notarial təsdiq edilmiş sürətləri ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi isə ona xx.xx.2020-ci il tarixli, **********6 saylı məktubla cavab olaraq ona xx.xx.2013-cü il tarixdə, 57 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi bildirilmiş və işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verdiyini bildirərək imtina verilmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gələrək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilmə\si barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nüçmayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarında olan iddiaçıya məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan NZ № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********6 saylı məktubda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini güzəştli işlərdə çalışan kişilər 52 yaşında, Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan kişilər isə 57 yaşı tamam olduqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim edilmiş “Siyəzənneft” NQÇİ-nin x xxxxxx 2019-cu il tarixli 74 nömrəli arayışından göründüyü kimi iddiaçının işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçıya xx xxxxxxxx 2013-cü il tarixdə 57 yaşdan Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2018-ci il tarixli 28 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixli 910 N-li əmrə əsasən "Siyəzənneft" NQÇİ-nin İstismar Avadanlıqlarının Təmiri Sexinin nasos emalatxanasına xx.xx.1974-cü il tarixdən 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. "Siyəzənneft" NQÇİ-nin İstismar Avadanlıqlarının Təmiri Sexinin nasos emalatxanasının 2-ci dərəcəli fəhləsi İddiaçı xx.xx.1975-ci il tarixdən 396 N-li əmrə əsasən xx.xx.1975-ci il tarixdən hərbi xidmətə getdiyi üçün (Dəvəçi rayon HK-ın 02 N-li xx.xx.1975-ci il tarixli çağırış vərəqəsinə əsasən) işdən azad edilmişdir. İddiaçı xx.xx.1977ci il tarixli 461 N-li əmrə əsasən "Siyəzənneft" NQÇİ-nin İstismar Avadanlıqlarının Təmiri Sexinin nasos emalatxanasına xx.xx.1977-ci il tarixdən 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir. "Siyəzənneft" NQÇİ-nin İstismar Avadanlıqlarının Təmiri Sexinin nasos emalatxanasının 2-ci dərəcəli fəhləsi İddiaçı xx.xx.1978-ci il tarixdə 808 N-li əmrə əsasən öz xahişi ilə xx.xx.1978-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan SOCAR “Azneft” İB “Siyəzənneft” Neft və qazçıxarma idarəsinin xx.xx.2019-cu il tarixli 74 saylı arayışından görünür ki, İddiaçı 964 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin 1 №-li neft və qazçıxarma sahəsində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləməklə iş stajı 02 il, 10 ay, 10 gün (iki il, on ay, on gün) təşkil edir; 317 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-ci il tarixdən xx.xx.2016-cı il tarixədək “Siyəzənneft” NQÇİ-nin QƏYTS-də quyuların yeraltı təmiri üzrə operator peşəsində işləməklə iş stajı 24 il, 10 ay, 24 gün (iyirmi dörd il, on ay, iyirmi dörd gün) təşkil edir; 76/k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən xx.xx.2016-cı il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin QƏYTS-də qazmaçı peşəsində işləməklə iş stajı 03 il, 01 ay, 09 gün (üç il, bir ay, doqquz gün) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 30 il, 10 ay, 13 gün (otuz il, on ay, on üç gün) təşkil edir. Qeyd olunanlar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 №-li qərarının ’’Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ verir. İş materiallarında olan İddiaçı məxsus İT-İ № ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi “Siyəzənneft” NQÇİ-nin 1 №-li neft və qazçıxarma sahəsində quyuların yeraltı təmiri üzrə operator, xx.xx.1991-ci ildən xx.xx.2016-cı ilə kimi “Siyəzənneft” NQÇİ-nin QƏYTS-də quyuların yeraltı təmiri üzrə operator peşəsində, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə kimi quyuların əsaslı təmir üzrə qazmaçı peşəsində işləmişdir, xx.xx.2017-ci il tarixdən halhazıra kimi quyuların əsaslı təmir üzrə qazmaçı köməkçisi peşəsində işləyir. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsi tərəfindən İddiaçı 2 №li siyahıya əsasən xx.xx.2013-cü il tarixdə (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şərait xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya 57 yaşdan xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixdən – 50 yaşdan hesablanmalı olmasını olmasını iddia edir. Bununla əlaqədar birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinin yuxarıda qeyd olunan tələblərindən görünür ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin qanuna edilən dəyişikliyə əsasən qeyd olunan yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Qanunun və «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun tələblərinə əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.1997-ci il tarixədək ümumi iş satı 20 il olmalı və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısında nəzərdə tutulmuş peşələrdə çalışmalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçının xx.xx.1997-ci il tarixədək güzəştli iş stajı 10 ildən az olmuşdur, onun işlədiyi peşə isə 2 nömrəli siyahıda nəzərdə tutulmuşdur. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3622/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar