Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-552/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4710/2022 nömrəli, 27 iyul 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “3-cü rüb 2020” hesabat dövrü üzrə 24 fevral 2021-ci il tarixli, **********896400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “cavabdehin 14 yanvar 2022-ci il tarixli **********534800 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “3-cü rüb 2020” hesabat dövrü üzrə 24 fevral 2021-ci il tarixli, **********896400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutalan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosail sığorta haqqları məbləğləri əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarın bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində qeyd edilmişdir ki, bu dövr üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta hesabatının nəzərə alınması üçün əsaslar müəyyən edilmədiyindən əlavə hesablanmış sosial sığorta məbləği bərpa edilir. Belə ki, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi 2020-ci il 3-cü rüb uyğunsuzluq məktubunda göstərilən uyğunsuzluqlarla bağlı bildirilmişdir ki, müəssisənin işçilərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uçot baza alt sistemində mövcud əmək haqqı məbləğləri və bəyannamədə göstərilən əmək haqqı məbləğləri arasında fərq yaranmasına səbəb 3-cü rübdə Koronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı qərarına əsasən işin normal ahənginin pozulması və sosial məsafənin gözlənilməsi ilə əlaqədar işçilərin öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmələri və bəzi işçilərin növbəli iş rejimində işləməsi olmuşdur. Əlavə olaraq, işçilərə ay ərzində işlədikləri günə mütənasib olaraq əmək haqqı ödənişi edilmişdir. Göstərilənlərlə bağlı təqdim edilən hesabatın “İşçilərin işləmədiyi iş günləri barədə məlumat” bölməsində məlumatlar öz əksini tapmışdır. Yuxarıda göstərilənlərlə bağlı iddiaçı tərəfindən vergi orqanına şikayətlər ünvanlanmasına baxmayaraq, vergi orqanı şikayətlərə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarları qəbul etmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət edilmişdir. Lakin müraciətləri cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləğləri azaldılmamışdır. Həmçinin, Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərarda işçilərin sayı barədə mübahisəli olan hissədə məhkəmə iddiaçı tərəfindən sənədlərin təqdim edilmədiyini bildirmişdir, lakin iddiaçı tərəfindən vahid bəyannamə təqdim edilmiş və həmin bəyannamədə işçilər üzrə ümumi məlumat qeyd edilmişdir. Buradan da aydın olur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən qərar qəbul edilən zaman işin halları tam araşdırlmamış, sübutlar tam tədqiq edilməmişdir. Bu isə məhkəmə araşdırmasının düzgün araşdırılmamasına, məhkmə tərəfindən prosessual hüquq normalarının pozulmasına dəlalət edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatların məzmununu araşdırsaydı, həmin sənədlərin kimə aid olmasını asanlıqla müəyyən edə bilərdi. Eyni zamanda zəruri saydığı halda bununla bağlı cavabdehdən əlavə sübutlar da tələb edə, habelə şahidləri cəlb edib ifadəsini ala bilərdi. Digər tərəfdən, məhkəmə iş materiallarında olan sənədləri araşdırsaydı, sənədlərin kimə aid olmasının, hansı tarixdə və hansı hesabat dövrünü əhatə etməsinin qeyri-müəyyən olması qənaətinə gəlməzdi, çünki həmin sənədlərdə aydın şəkildə vergilərin hesablanması əsası ola biləcək bütün məlumatlar öz əskini tapmış, konkret olaraq iddiaçı müəssisənin adı qeyd olunmuş, hansı tarixləri əhatə etdiyi göstərilmişdir. Belə ki, məhkəmə prosses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Hesab edirlər ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş, iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, mötəbər hesab etdiyi sübutları qiymətləndirməyərək, sadəcə iddiaçının təqdim etdiyi dəlilləri təsdiq edən sübutların olub-olmadığını müəyyən etmədən, vəzifəsi olaraq sübutların yoxlanılması üzrə tədbirlər görmədən iddiaçının izahatlarını mötəbər hesab etmişdir. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Barəsində şikayət olunan Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə VÖEN ********** nömrəsi ilə vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixdə İddiaçı ünvanladığı “Təqdim edilmiş bəyannamədə müəyyən edilmiş kənarlaşmalar ilə əlaqədar zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubda bildirilmişdir ki, 14 yanvar 2021 tarixində təqdim etdiyiniz bəyannamədə, hesabatda kameral vergi yoxlamasının aparılması aşağıda göstərilən səbəbdən (səbəblərdən) mümkün olmamışdır. Səbəblər: 1. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 1-ci ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 49 nəfər işçi sayından 39.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 2. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 1-ci ayı üzrə göstərilmiş 795.50 manat gəlirin məbləği, Azabaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12250.00 manat gəlir məbləğindən 11454.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. 3. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 2-ci ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 48 nəfər işçi sayından 38.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 4. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 2-ci ayı üzrə göstərilmiş 1000.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12000.00 manat gəlir məbləğindən 11000.00 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. 5. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 901-ci “işçilərin ümumi sayı” sətirinin 3-cü ayı üzrə göstərilmiş 10.00 nəfər işçi sayı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 48 nəfər işçi sayından 38.00 nəfər az əks etdirildiyinə görə kənarlaşma yaranmışdır. 6. Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 3.cü ayı üzrə göstərilmiş 795.50 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 12000.00 manat gəlir məbləğindən 11204.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır. Bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün aşağıdakı zəruri sənədləri (məlumatları) təqdim etməyiniz tələb olunur: Sənədlər: 1. Həmin dövr üçün dəqiqləşdirilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) bəyannaməsi. Təqdim etdiyiniz bəyannamə, hesabat üzrə kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və ya zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməyiniz tələb olunur. Məktubla əlaqədar yaranacaq suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) “Vergi ödəyicilərinə xidmət” və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Bildirilir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının Sizin vergi, məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********534800 nömrəli qərarına əsasən 2020-ci ilin 3-cü rübü üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutalan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sosail sığorta haqları bəyannaməsinə (hesabatı) əsasən hesablanmış vergi və ya sığorta haqqı məbləği 786,30 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 9.537,50 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 8.751,20 manat təşkil edir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh orqanın “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********534800 nömrəli qərarına əsasən iddiaçıya 2020-ci ilin 3-cü rübünün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 8751,20 manat əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Hazırkı iddiasında iddiaçı vergi orqanının qeyd edilən qərarının ləğvini mübahisələndirir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5-ci maddəsinə əsasən bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.1. avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; 222.5.2. yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; 222.5.3. turoperator və turagent fəaliyyəti; 222.5.4. sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; 222.5.5. ictimai iaşə fəaliyyəti; 222.5.6. sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; 222.5.7. idman-sağlamlıq obyektlərinin fəaliyyəti; 222.5.8. hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; 222.5.9. koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən: 1.1. Aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılsın: 1.1.1. nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti (....). Həmin qərara əlavə: Fəaliyyətinə icazə verilən sahələr: 4. Əsas istehsalat növləri: 4.3. qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli 178 nömrəli Qərarına əsasən: 1. Müəyyən edilsin ki, 2020-ci il 30 sentyabr saat 00:00-dək Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə aşağıdakı məhdudiyyətlər qüvvəsini saxlayır və həmin məhdudiyyətlərdən başqa, digər iş, xidmət sahələrində və istiqamətlərdə fəaliyyətə icazə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında 2020-ci ilin 3-cü rübü-iyul, avqust, sentyabr ayları üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari sığorta haqları bəyannaməsi (hesabatı)”nda cəmi 10 nəfər işçi sayı qeyd edilmiş, eləcə də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az məbləğ göstərilmişdir. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, 2020-ci il 3-cü rübü pandemiya dövrünə düşdüyündən işin normal ahəngi pozulmuş, işçilər öz hesabına ödənişsiz məzuniyyətdən istifadə etmiş və bəzi işçilərin növbəli iş rejimində işləmiş, işçilərin işə çıxması tabel ilə rəsmiləşdirilmiş, bu barədə davamiyyət tabelində işçilərin qeydiyyatı aparılmışdır. Lakin iş materiallarından görünür ki, iddiaçının əsas fəaliyyət növü çörək istehsalı: Uzun müddət saxlanıla bilməyən unlu qənnadı məlumatların istehsalı” olmuşdur. Göstərilən fəaliyyət sahəsi 2020-ci ilin 01 yanvar tarixindən tətbiq edilən Vergi Məcəlləsinin 222.5-ci maddəsində sadalanan pandemiyadan zərər çəkən sahələrə aid deyildir. Eyni zamanda həmin sahə qida məhsullarının və onlar üçün xammal istehsalı sahəsi olmaqla xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilmiş sahə olmuşdur. Bundan başqa, iddiaçı qeyd edilən davamiyyət kitabının surətini məhkəməyə təqdim etsə də, davamiyyət kitabındakı məlumatları təsdiq edən müvafiq sənədləri nə inzibati icraat zamanı orqana, nə də məhkəməyə təqdim etmişdir. Halbuki, tabel cədvəli, davamiyyət kitabı o zaman mötəbər təsdiqedici sənəd qismində qəbul edilə bilərdi ki, mübahisə dövrü olan 2020-ci ilin 3-cü rübünə aid aylarda 10 nəfər işçi sayı ilə işləmiş iddiaçının əmək müqaviləsi sistemində qeydə alınmış yerdə qalan 39 nəfər işçi ilə dəyişdirilmiş və ya xitam barədə əmək müqavilələri bildirişləri, qısaldılmış və ya natamam iş vaxtı ilə bağlı müvafiq əmrlər, öz hesabına məzuniyyətə göndərilmiş işçilərin məzuniyyət əmrləri, həmin işçilərə, eləcə də işdə qalan və növbəli işə çıxan işçilərə əmək haqqının ödənilməsi ilə bağlı müvafiq bank hesabından çıxarışlar təqdim edilmiş olsun. Qeyd edilən sənədlər isə hazırkı məhkəmə icraatında da müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, vergi orqanı vergi ödəyicisinin vergi bəyannaməsində özünün bəyan etdiyi 786,30 manat vergi məbləğindən əlavə rəsmi işçi sayına uyğun olaraq 8.751,20 manat sosial sığorta haqqı hesablamaqda haqlı olmuşdur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4710/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-552/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-552/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver