Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-553/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı X3 Aktiv Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)- 5740/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı X3 Aktiv Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5740/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrin qismən, iddiaçıya münasibətdə ləğv olunaraq dəyişdirilməsi və əmrin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin 4 saylı X3 Aktiv Məşğulluq tədbirləri sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə iddia ərizəsi üzrə inzibati işin ərazi aidiyyəti üzrə baхılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uzun illər qüsursuz işlədiyini, 1-ci dərəcəli “Dövlət Qulluqçusu” ixtisas dərəcəsi almağını, öhdəliyində 75 yaşlı 2-ci qrup Qarabağ Müharibəsi əlili olan atası olmaqla, azyaşlı uşağı ilə birlikdə 4 nəfərdən ibarət ailəsinin olduğunu, ailəlikcə “Məcburi köçkün” olmağını, Bakı şəhəri Məşğulluq İdarəsinin və həm də aparıcı məsləhətçi kimi fəaliyyət göstərdiyi Binəqədi rayon Məşğulluq Mərkəzinin ərazi təşkilatı Yeni Azərbaycan Partiyasının sədri olmağını nəzərə almayaraq nazirliyin Kadr şöbəsinin müdiri Ernest qızı Nərminə onu 2-ci dəfə hətta “Karantin Dövründə”, xx.xx.2020-ci ildə iş başında olduğu vaxtda “190 manat” üçün müraciət edənlər qəbulunda iştirak edərkən, geri tarixli xx.xx.2020-ci il **********25 nömrəli əmrlə yenə də qərzli olaraq onu qanusuz olaraq ixtisara salmışdır (1-ci dəfə 01.11. 2018- ci ildə. Cənab nazir qanunsuzluğu aradan qaldırdı və onu xx.xx.2019 tarixdə yenidən hazırkı vəzifəsinə təyin etdi). Bu qanunsuzluqla əlaqədar olaraq o xx.xx.2020-ci il tarixdə rəsmi qaydada iddia ərizəsi ilə cavabdehin yerləşdiyi Yasamal Rayon Məhkəməsinə müraciət etdi və xx.xx.2020-ci ildə onun İnzibati Məhkəməyə müraciət etməli olduğu barədə qərardad çıxarılmış və bu barədə ona hakimin xx.xx.2020-ci ildə imzaladığı rəsmi məktub göndərilmişdir. Nəticədə o, xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. İddia ərizəsində göstərmişdir ki, Binəqədi rayonunda işləyir, Binəqədi rayonunda S. Rəhman küçəsi ev 55, mənzil 39-da məskunlaşmışdır. Bəs necə olur ki, Ağdam şəh. 20 yanvar küç. ev 17, m. 30-da pasport qeydiyyatında olan, Bakı şəhəri Yeni Günəşli qəs. 269-da məskunlaşmış, X2 iddia ərizəsinə xx xxxx 2020-ci il tarixdə elə həmin Bakı İnzibati Məhkəməsində baxılmış və qərar qəbul edilmişdir. Hətta apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası da xx.xx.2020-də müvafiq qərar çıxarmışdır. Yenədə, bəs necə olur ki, eynən onun kimi Binəqədi rayon məşğulluq mərkəzində baş məsləhətçi işləyən, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olan, məcburi köçkün kimi hazırda Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85-də yaşayan X4 iddia ərizəsinə cavabdeh də yenə həmin Əmək və Əhalinin Sosial Təminat Nazirliyi olduğu halda iddia ərizəsinə elə həmin binada yəni Bakı İnzibati Məhkəməsində məhkəmə baxışı keçirilirdi və müvafiq qərar verildi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bakı İnzibati Məhkəməsi hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərərkən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasından göründüyü kimi, inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddia qaldırılmışdırsa, belə mübahisəyə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında cavabdehin xx.xx.2020ci il tarixli, **********5 saylı əmrini mübahisələndirir. Odur ki, tərəflər arasında mübahisənin xidməti hüquq münasibətlərindən irəli gəldiyi müəyyən olunur. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Binəqədi rayonu sektoru tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı ünvan 1 ünvanında kommunal qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində göstərilmişdir:” İnzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə Hüquq Şurası tərəfindən müəyyən olunur.” Məhkəmə-Hüquq Şurasının 4 nömrəli, xx.xx.2020-ci il tarixdə tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh inzibati orqana qarşı xidməti hüquq münasibətlərindən yaranmış hazırki iddia tələbi üzrə mübahisəyə iddiaçının yaşayış yerinin olduğu məhkəmədə, yəni Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Həmçinin qeyd edilməlidir ki, xx.xx.2020-ci il tarixli, **********5 saylı əmri qəbul etmiş inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi yer də (Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi 85) Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5740/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2-1(103)-553/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-553/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver