Məhkəmə qərarları › İş №2-1(103)-553/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-553/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-553/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X1, və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “sökülmüş tikilinin yenidən bərpa edilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6575/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi) ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi vəzifəsinin, 20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 08.07.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6575/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılmasını və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 5.1.4-cü maddəsinə əsasən tikintiyə icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlərinə aiddir. İddiaçının istifadəsində olan və mülkiyyətində olan qeyri-yaşayış sahəsinə bitişik olan 18 kv.m qeyri-yaşayış hissənin sökülməsi Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən icra olunsa da, təbii ki, həmin hissənin bərpası cavabdehə məxsusdur. 09.02.2021-ci il tarixli imtina məktubunda ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (yarımzirzəmi) təqdim edilmiş eskiz layihə əsasında yenidən qurulmasına icazə verilməsi kimi qeyd etməsi ondan irəli gəlir ki, cavabdehə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhz o formada müraciət etməsi olmuşdur. Belə ki, iddiaçı sökülmüş hissənin bərpa olunmasını Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən xahiş etmiş, o isə öz növbəsində müraciətlə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Halbuki, iddiaçı eskiz layihə deyil, çıxarışa əsasən verilən texniki pasportda öz əksini tapmış ümumi sahəsi 18 kv.m olan hissənin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi eskiz layihələrin olub-olmamasını araşdırmamış, həmin layihələrin təqdim edilməsi üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etməmişdir. İş materiallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən sökülsə də, bərpa ilə bağlı iddiaçının müraciətlərinin hamısını Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti aidiyyəti üzrə cavabdehə ünvanlamışdır. Odur ki, iddia tələbi üzrə cavabdeh düzgün qoyulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2- 1(112)-6575/2021 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi; 2. 20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsi. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsini - ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi hissəsini mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. Həmçinin, məhkəmə “20000 (iyirmi min) manat kompensasiyanın ödənilməsinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının qeyd edilən tələblə əvvəlcə cavabdehə müraciətinin olmaması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının hazırkı tələblə əvvəlcə iddiaya cavab verməli olan inzibati orqana müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi qeyd edilən hissədə də mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, iddiaçı ilkin olaraq tələbini Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə qarşı yönəldərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iş məhkəmənin icraatında olan zaman iddiaçıya İPM-in 13-cü maddəsinin tələbinə uyğun olaraq birinci dəfə 18.05.2021-ci il tarixli hüquqi yardım haqqında məktub ünvanlanmış, “qeyri-yaşayış sahəsinin müvafiq hissəsinin yenidən bərpa edilməsi və 20000 manat kompensiyanın ödənilməsi” tələbi ilə cavabdeh inzibati orqana müraciətin olmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə 12.04.2021-ci il tarixdə daxil omuş İddiaçı tərəfindən Nizami Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini cənab Qərib Məmmədova ünvanlanmış 09.04.2021-ci il tarixli müraciətində ünvan 3 ünvanında yerləşən, ona məxsus 79.2 kv.m qeyri-yaşayış hər iki tərəfinin giriş hissəsinin ümumilikdə 18 kv.m-lik mişar daşı ilə tikilmiş tikili və dəmir kölgəliyinin Rayon İcra Hakimiyyətinin göstərişi ilə 2020-ci ilin iyun ayında, ətrafda abadlıq işlərinin aparılması adı ilə qanunsuz söküldüyü, bununla da ona xeyli miqdarda ziyan dəydiyini bildirmiş, Rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş hissənin bərpa edilməsini və ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə “sökülmüş tikilinin yenidən bərpa edilməsi və kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı müraciəti olmuşdur. Daha sonra yenidən birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 02.06.2021-ci il tarixli təkrar hüquqi yardım haqqında məktub ünvanlanmış, bundan sonra İddiaçının vəsatətinə əsasən cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə əvəz edilmişdir. 01.09.2021-ci il tarixdə birinci instansiya məhkəməsi yenidən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlayaraq, iddia tələbinin birinci hissəsinin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı olduğu, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.02.2021-ci il tarixli 03/03-218 nömrəli məktubunda müraciətin qeyri-yaşayış sahəsinin təqdim edilmiş eskiz layihəyə əsasən yenidənqurulması ilə bağlı olduğu, hazırkı iş üzrə iddia tələbi ilə cavabdeh inzibati orqana müraciətin eynilik təşkil etmədiyi, iddia tələbinin ikinci hissəsinin 20.000 manat kompensasiyanın ödənilməsi ilə bağlı olduğu bildirilmiş və hazırkı iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətin olmasına dair sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Bundan sonra, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin giriş hissəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən sökülməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmaması əsası ilə iddianı mümkünsüz hesab etmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, mübahisə predmeti olan çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə bitişik olan hər biri 9 kv.m olmaqla ümumi 18 kv.m əlavə tikili olmuş və həmin əlavə tikili 2020-ci ilin iyun ayında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sökülmüşdür. Hazırda, iddiaçının tələbini də ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin giriş hissəsində sökülmüş 18 kv.m hissənin texniki pasporta uyğun yenidən bərpa edilməsi və söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi təşkil edir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanmış mübahisəli qeyri-yaşayış sahəsinin eskiz layihəyə əsasən yenidən qurulması ilə bağlı müraciətlərini aidiyyəti üzrə baxılması üçün Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məktubuna cavab olaraq verilmiş 09.02.2021-ci il tarixli məktubda mövcud qanunvericiliyin, habelə şəhərsalma və tikintiyə dair normaların tələblərinə uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 79 saylı yaşayış binasının yarımzirzəmisində qeyri-yaşayış sahəsinin yenidən qurulmasının məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim edilmiş, iddia ərizəsinə etirazda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatından və Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından daxil olmuş sökülmüş tikinti və dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxıldığı, eyni zamanda müraciətlərin baxılması üçün Bakı şəhəri Nizami Rayon İcra Hakmiyyətinə göndərildiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən dəymiş zərərin ödənilməsi və tikilinin bərpa edilməsi ilə bağlı bir sıra orqanlara, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinə müraciətləri olmuşdur. Məhkəmənin 01.09.2021-ci il tarixli hüquqi yardım haqqında məktubu ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 09.02.2021-ci il tarixli imtina məktubunda ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (yarımzirzəmi) təqdim edilmiş eskiz layihə əsasında yenidən qurulmasına icazə verilməsi kimi qeyd etməsi ondan irəli gəlir ki, cavabdehə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən məhz o formada müraciət etməsi olmuşdur. Belə ki, iddiaçı sökülmüş hissənin bərpa olunmasını Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən xahiş etmiş, o isə öz növbəsində müraciətlə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmişdir. Halbuki, iddiaçı eskiz layihə deyil, çıxarışa əsasən verilən texniki pasportda öz əksini tapmış ümumi sahəsi 18 kv.m olan hissənin bərpa edilməsini xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktub ünvanlanaraq, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, məhkəmə tərəfindən iddiaçının tələbinə düzgün qiymət verilməmiş və AR İPM-nin 13-cü maddəsində müəyyən edilmiş hüquqi yardım göstərilməsi ilə bağlı vəzifəni yerinə yetirməmiş, iddia ərizəsinə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunun yuxarıda qeyd edilən imperativ tələblərinə əməl edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin yardım məktublarına uyğun olaraq iddiaçı tərəfindən prosessual hərəkətlər edilsə də, birinci instansiya məhkəməsi tərəfindən iddia mümkünsüz sayılmışdır. Belə olan halda məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyası prosessual hüquq pozuntusu kimi qiymətləndirir və hesab edir ki, göstərilən qaydaların pozulması son nəticədə məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(112)-6575/2021 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Aida Hüseyn Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar