Məhkəmə qərarları › İş №2-1(103)-553/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-553/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-553/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3004/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, bildirmişdir ki, o, 1969-cu ildən əmək fəaliyyətinə başlamış və müxtəlif təşkilatlarda, o cümlədən 1973-cü ilin oktyabr ayından 1983-cü ilin sentyabr ayınadək 10 il müddətində Bakı Şəhər X3 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. Əmək kitabçası itdiyindən, onun dublikatını almışdır. Lakin dəfələrlə həm Bakı ŞİH-ə, həm Milli Arxiv İdarəsinə müraciət etsə də, arxiv sənədini ala bilməmişdir. Hər iki qurumdan bildirilmişdir ki, 1973 – 1983-cü illərə dair arxiv sənədləri saxlanılmır. 19 dekabr 2008-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək olan dövr ərzində isə Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları»nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci bəndinə əsasən aparılmışdır. Adıçəkilən Siyahının 1.20-ci bəndində Bakı Şəhər X3 İcraiyyə Komitəsinin aparatında mövcud olmuş bütün ixtisaslardan mühəndis vəzifəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Bakı ŞİH başçısı Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsindən pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduqdan sonra ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 1973 – 1983-cü illərin dövlət qulluqçusu kimi stajına əlavə olunmasından DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina etmişdir. Əmək kitabçasının dublikat olmasına və təsdiqedici arxiv sənədini əldə edə bilməməsinə əsaslanaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən iddiaçının dövlət qulluğu stajı 15 ildən az (yalnız Fövqəladə Hallar Nazirliyində çalışdığı 13 il 1 ay 6 gün) olması qeyd olunaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmamışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya onun 1973 – 1983-cü illər üzrə iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarına uyğun olaraq, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən təsdiq olunması üçün müvafiq məhkəmə qərarının qəbul olunması xahiş olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərməklə iddianın «iddiaçının 1973 – 1983-cü illər üzrə iş stajının dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin 11 may 2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, iddiaçının dövlət qulluğu stajı qanunvericiliklə tələb olunan 15 ildən az (13 il 1 ay 6 gün) təşkil etdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün hesab edilməmişdir. Mərkəzi Filial hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinə və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərə əsasən, İddiaçı dövlət qulluğu stajı 13 il 1 ay 6 gün (xx.xx.2008-xx.xx.2022) hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmamışdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İmtina məktubunda qeyd edildiyi kimi, göstərilən səbəblərdən iddiaçının 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmadığından, onun dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh inzibati orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3004/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia qismən təmin edilərək, İddiaçı 1973 – 1979-cu illər üzrə iş stajı dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, 23 illik iş stajının təsdiq edilməsini, yəni Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3004/2023 nömrəli qərarının qismən ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, BŞİK-nin Əsaslı Tikinti idarəsi tərəfindən təsdiq olunan 1973-1979-cu il müddəti üçün verilmiş arayışı, iki nəfər o zamankı iş yoldaşlarını məhkəməyə təqdim etsə də, məhkəmə onun idarədəki 10 illik stajını qismən tanımışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-3004/2023 nömrəli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 (on beş) il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərə əsasən, İddiaçı dövlət qulluğu stajı 13 il 1 ay 6 gün (xx.xx.2008- xx.xx.2022) hesablanmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 1973-1983-cü illərdə Bakı şəhər X3 İcraiyyə Komitəsinin Əsas Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının əmək kitabçasında olan sözügedən qeydlərin hansı əsasla aparıldığını müəyyən etmədən əsassız olaraq iddia tələbini təmin etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Bundan əlavə, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.20-ci bəndinə əsasən iddiaçının işlədiyini iddia etdiyi vəzifənin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğun olduğunu müəyyən etmişdir. Halbuki, sözügedən Siyahının 1.20-ci bəndində 1991-ci il oktyabrın 18-dək Bakı Şəhər X3 İcraiyyə Komitəsinin aparatında bütün ixtisaslardan olan böyük mühəndislər və bütün ixtisaslardan mühəndislər “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nda Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğun olduğu göstərilmişdir. İddiaçı isə Bakı Şəhər X3 İcraiyyə Komitəsinin aparatında deyil Əsas Tikinti İdarəsində işlədiyini iddia edir. Göründüyü kimi, iddiaçının işlədiyini iddia etdiyi vəzifə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında olan vəzifələrlə eyniləşdirilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı onun tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi olduğu cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi əmək kitabçasındakı 1973-1983-cü illər üzrə stajının onun cavabdeh tərəfindən mübahisələndirilməyən 13 il 1 ay 6 gün dövlət qulluğu stajına daxil edilməklə dövlət qulluğu vəzifələrində çalışmış şəxs kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, qanunvericiliyin normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq əmək fəaliyyəti dövründən (1973 – 1983-cü illər) sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının digər vasitələrlə, o cümlədəm arayışlar, şahid ifadələri müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçıya münasibətdə tətbiq edilməlidir. İddiaçıya məxsus əmək kitabçasında həmin sənəd “dublikat” olsa da, onun 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis vəzifələrində işləməsi əksini tapmışdır. Həmin qeydlərin hansı əsaslarla aparıldığı hazırda dəqiq müəyyən edilməsə də, məhkəmə icraatındakı şahid ifadələri müvafiq məlumatların həqiqiliyinə olan şübhələrin aradan qaldırılmasına da xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasının dublikatındakı qeydlərin vaxtilə şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur və bu hal qanunazidd sayıla bilməz. Bundan başqa, iddiaçının təqdim etdiyi arayışın – əmək kitabçasından çıxarışın surəti də onun 1983 – 1979-cu illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Bunlarla yanaşı məhkəmə xüsusilə diqqətə çəkir ki, pensiya təyinatı üzrə mübahisəli dövrün iş stajına hesablanmasını istisna edə biləcək xüsusat kimi müvafiq dövrdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində çalışmış şəxslərin siyahısı bu və ya digər şəkildə aşkar olunmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi işdə olan sübutları, o cümlədən şahid ifadələrini qiymətləndirərək belə qənaətə gəlmişdir ki, İddiaçı Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis kimi çalışması barədə ona məxsus əmək kitabçasındakı qeydlər qeyri-mötəbər sayıla bilməz. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili 1973-1983-cü illər üzrə stajının onun dövlət qulluğu stajına daxil edilməsindən ibarətdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə əsas dəlili iddiaçının iddia ərizəsində qeyd etdiyi 1973-1983-cü illərdə Bakı şəhər X3 İcraiyyə Komitəsinin Əsas Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlərin ona məxsus əmək kitabçasında öz əksini tapmamasından, birinci instansiya məhkəməsinin iddiaçının əmək kitabçasında olan sözügedən qeydlərin hansı əsasla aparıldığını müəyyən etmədən əsassız olaraq iddia tələbini təmin etməsindən, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışlarının aid edilməməsindən ibarətdir. Birinci instansiya məhkəməsində işə baxılarkən şahid qismində dindirilmiş X7 qeyd etmişdir ki, İddiaçı ilə birlikdə 1977-ci ildən 1983-cü ilədək Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləmişlər. İddiaçı həmin İdarədə mühəndis işləmişdir. X2 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1978 – 1989-cu illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləmişdir. Həmçinin, şahid qismində ifadə verən X6 qeyd etmişdir ki, özü Bakı Şəhər XDS İKnın Əsaslı Tikinti İdarəsində şöbə rəisi işləmişdir, İddiaçı onun rəhbərlik etdiyi şöbədə 1978-ci ildən 1983-cü ilədək çalışmışdır. İddiaçı tutduğu vəzifə həmin İdarənin böyük mühəndisi olmuşdur. X1 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1979 – 1987-ci illərdə Bakı Şəhər XDS İk-nın Əsaslı Tikinti İdarəsində işləmişdir. İddiaçı məxsus ******* nömrəli dublikat əmək kitabçasının surətindən görünür ki, kitabçada onun 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis işləməsi barədə qeyd aparılmışdır. İddiaçı əmək kitabçasından çıxarışın surətindən görünür ki, onun Bakı Şəhər XDS İK Əsaslı Tikinti İdarəsində 1973 – 1979-cu illərdə mühəndis işləməsi barədə qeydlər aparılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 26 may 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı ŞİH başçısı Aparatının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsinin 1973 – 1983-cü illərə dair sənədləri Bakı ŞİH-in arxivində saxlanılmır. Məhkəmə kollegiyasının sorğusuna X9 tərəfindən verilən 20 dekabr 2023-cü il tarixli cavabdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəti Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabnn 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1973-1983-cü illərdə Bakı Şəhər X3 İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində iş müddətilə bağlı bildirilir ki, Bakı Şəhər X3 İcraiyyə Komitəsinin Aparatının strukturunu təsdiq edən sənədlər Mərkəzdə mövcud olmadığından həmin illərə dair rəy vermək mümkün olmamışdır. Bununla belə yuxarıda adıçəkilən Siyahının 1.17-ci bəndində rayon (şəhər) X3 icraiyyə komitəsinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Qeyd edilənlərə əsasən 1973-1983-cü illərdə Əsaslı Tikinti İdarəsi müvafiq olaraq Bakı Şəhər X3 İcraiyyə Komitəsinin aparatında mövcud olmuşsa həmin idarədə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alına bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1 və 20.1.7-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinin əvvəllər qüvvədə olmuş (Azərbaycan Respublikasının 23 fevral 2023-cü il tarixli Qanunu ilə yeni redaksiyada verilmişdir) tələblərinə görə bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: (8.1.3) əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı (2-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.6-cı bəndinə görə həmin Qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş (3.6.1) Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir, (3.6.2) müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında X4 üzrə İdarələrarası Komissiyanın Katibliyi) və Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.15-ci bəndində 1991ci il oktyabrın 18-dək “Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatlarında”kı müəyyən vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında” müvafiq vəzifələrə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Həmin Siyahının 1.20-ci bəndinə əsasən 1991-ci il oktyabrın 18-dək Bakı Şəhər X3 İcraiyyə Komitəsinin aparatında bütün ixtisaslardan olan böyük mühəndislər və bütün ixtisaslardan mühəndislər “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nda Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə görə: - (1-ci bənd) Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. - (3-cü bənd) İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır; - (İİİ bölmə, 17-ci bənd) İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin Əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olmuş əmək kitabçasından çıxarışın surətində onun 1973 – 1979-cu illərdə həmin İdarədə işləməsi barədə qeydləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 17-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək kitabçasındakı 1973 – 1983-cü illər üzrə stajının 1973 – 1979-cu illərə aid hissəsi (Əsasnamənin 17-ci bəndinə müvafiq olaraq, pensiya təminatı üçün tələb olunan iş stajındanın yarısından az həddədir) cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən 13 il 1 ay 6 gün dövlət qulluğu stajına əlavə edildikdə, onun dövlət qulluğu vəzifəsində 15 ildən artıq iş stajı toplanmış olur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının tələbinin təmin edilməməsi istiqamətində dəlilləri sadalamaqla kifayətlənmiş, iddiaçının təqdim etdiyi sübutların əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaya etirazında və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır, bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən qeyd edir ki, iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3004/2023 saylı, 10 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar