Məhkəmə qərarları › İş №2-1(103)-554/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-554/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-554/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı baş gömrük idarəsinə qarşı artıq ödənilmiş gömrük ödənişinin qaytarılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6683/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, artıq ödənilmiş 284.604,57 manat (gömrük rüsumu 241.190,31 manat, ƏDV 43.414,26 manat) gömrük ödənişinin iddiaçıya ödəməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, barəsində şikayət edilən qərardadda iddiaçı tərəfindən artıq ödənilmiş vəsaitin qaytarılması barədə ərizənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5-ci bəndinin tələblərinə uyğun tərtib edilmədiyi səbəbiylə mümkün sayılmaması tam əsassızdır. Belə ki, iddiaçının artıq ödənilmiş vəsaitin qaytarılması barədə ərizəsi həmin bəndin tələblərinə uyğun tərtib edilmiş və həmin ərizədə Qaydalarda sadalanan rekvizitlər öz əksini tapmışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi X1 birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. Məhkəmə kollegiyası bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.3, 34.1 və 35.1-ci maddələri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın: 1.2. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir; 1.3. Gömrük orqanları tərəfindən alınan dövlət rüsumunun qaytarılması "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir; 1.4. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir;

4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır; 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN göstərilməlidir. Lakin, öhdəliyin icrası haqqında hazırkı iddianın mümkünlük şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmur. Belə ki, iddiaçı “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 5.1-ci bəndinin tələbinə əməl etməmiş, gömrük ödənişlərinin qaytarılması üçün onu tətbiq edən gömrük orqanına, yəni cavabdeh Bakı baş gömrük idarəsinə müvafiq ərizə ilə müraciət etməli olduğu halda, cavabdehə (Bakı baş gömrük idarəsinə) deyil, DGK-ya müraciət etmişdir. İddiaçının ərizəsinin tələbə bilavasitə cavab verməli olan cavabdehə yönəldiyi fərz olunsa, o halda iddianın mümkünlük şərtlərindən üçüncüsü iddiaçı tərəfindən, ərizə qanunvericiliyin forma ilə bağlı tələblərinə uyğun olmadığı üçün, yerinə yetirilmir. Belə ki, iddiaçının DGK-ya xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, həmin müraciətdə iddiaçının 1) bank rekvizitləri, 2) qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, 3) onların yaranma tarixi və 4) eyniləşdirmə nömrəsi – VÖEN göstərilməmişdir. Bundan əlavə, iddiaçı 43.414,26 manat məbləğdə ƏDV-nin də qaytarılmasını tələb etmişdir ki, bu da “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.2-ci bəndindən göndərişlə AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, “Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.” Sözügedən normanın mənasına görə, iddiaçı 43.414,26 manat məbləğdə ƏDVnin qaytarılması üçün “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1 nömrəli əlavəsində nəzərdə tutulan ərizə formasını doldurmaqla cavabdehə müraciət etməli idi. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının “İddiaçı isə cavabdehə ödəmələrin qaytarılması ilə bağlı rəyin verilməsi ilə əlaqədar deyil, artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət etmişdir.” kimi əsaslandırmasını, “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nda ödəyicinin belə bir rəyin verilməsi ilə bağlı müraciəti nəzərdə tutulmadığı və Qaydalar bütövlükdə gömrük ödənişlərinin qaytarılması məqsədilə müraciətə baxılması və bu prosedur çərçivəsində gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edilməsini tənzimlədiyi üçün, doğru saymasa da, apellyasiya şikayətinin dəlilləri ilə də yuxarıdakı əsaslarla razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Beləliklə, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə ümumən düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-35, 87.6). Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6683/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar