Məhkəmə qərarları › İş №2-1(103)-554/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-554/2022

15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-554/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhəri 18 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1965-ci il tarixində Qubadlı rayonunun Göyyal kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iddia ərizəsinə əsasən ünvan- ünvan 2ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 14.01.2021-ci il tarixində cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirlir ki, iddiaçı (İddiaçı) xx xxxxx 1965-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. Qubadlı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmaqla 1 mart 1992-ci il tarixdən 23 yanvar 1996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçı 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə qatılmış və döyüş bölgəsində hərbi xidmət keçərkən 6 avqust 1992-ci il tarixdə yaralanmışdır. Belə ki, mərmi partlaması zamanı çoxsaylı yaralar və xəsarətlər almış və Sumqayıt Şəhər Məhkəməsinin 21 fevral 2011-ci il tarixli qətnaməsinə əsasən onun ərizəsi təmin edilməklə Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi xidməti vəzifələrini yerinə yetirərkən 6 avqust 1992-ci il tarixdə yaralanması faktı təsdiq edilmişdir. 8 dekabr 2011-ci il tarixli SQ MTE müayinə sənədi ilə aldığı xəsarətlər təsdiq olunmuşdur. Bununla bağlı Mərkəzi Hərbi Həkim Komissiyası ona qərar vermiş və həmin qərarda göstərilmişdir ki, «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır». AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 iyun 2011-ci il tarixli qərarına əsasən ona hərbi əlil kimi əmək pensiyası təyin olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçının Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddiası təmin edilməklə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi 6.600 manat məbləğində pulun tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı 20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək 2-ci qrup əlil kimi DSMF Qubadlı rayon şöbəsindən pensiya almış və aldığı pensiyanın ümumi məbləği 4.693,87 manat təşkil etmişdir. Lakin 4 may 2011-ci il tarixdə o, ərizə verərək 2-ci qrup hərbi əlil kimi pensiyanın təyin edilməsini xahiş etmişdir. Bundan sonra, 1 iyun 2011-ci il tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup əlilliyə görə təminat xərcliyinin (427,25 manat) 80 faizi miqdarında – 341,80 manat məbləğində əmək pensiyası təyin edilmişdir. İddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək 20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək olan dövrdə aldığı pensiya ilə ona 2-ci qrup hərbi əlil kimi təyin edilməli olan əmək pensiyası arasındakı fərqin də hesablanaraq adına olan karta yüklənməsini xahiş etmişdir. Lakin ona 8 dekabr 2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Həmin imtinanı cavabdeh təşkilat onunla əsaslandırmışdır ki, onun fərqin ödənilməsini istədiyi (20 sentyabr 2007-ci il tarixdən 31 may 2011-ci il tarixədək olan) dövr 3 ildər artıq dövrü əhatə etdiyindən, həmin müddətə əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi mümkün deyildir. Cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və həmin fərq məbləği ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «cavabdehin hərəkətləri qanunsuz sayılmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı müvafiq dövrdə yaranmış fərq məbləğinin ödənilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq iddiaçının məhkəmə iclası barədə məlumatı olduğunu bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlilliyi olan şəxslər aşağıdakı kateqoriyalara bölünürlər: (11.2.1) müharibə ilə əlaqədar əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; (11.2.2) hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslər – əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20.16-cı maddəsinə əsasən bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (20.16.1) müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin – 100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə – 80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi; (20.16.2) İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin – 60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə – 55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə – 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin 4.1ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə «Əlilliyin qiymətləndirilməsi Qaydası» təsdiq edilmiş və «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarının 1 – 4-cü hissələri ləğv edilmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya əlilliyə görə əmək pensiyası onun əlilliyinin müəyyən olunduğu tarixdən (2007-ci ildən) təyin olunmuş, sonradan əlilliyin səbəbi dəyişdirilmiş (2011-ci ildə) və bununla bağlı əmək pensiyası yenidən hesablanaraq ödəniş davam etdirilmişdir. Lakin iddiaçı bununla razılaşmayaraq, 2007 – 2011-ci illər üzrə yaranmış fərq məbləğinin ona ödənilməsini də tələb edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, hərbi qulluqçuya əlilliyə görə əmək pensiyasını əlilliyin onun xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və ya xəsarət nəticəsində yaranması ilə şərtləndirildiyindən və iddiaçının əlilliyinin səbəbi 31 may 2011-ci il tarixdə dəyişdirildiyindən, sonuncu hala uyğun pensiya məbləğini tələb etmək hüququ da həmin tarixdən yaranır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3584/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar