Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-554/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1913/2023 nömrəli 27 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 17 mart 2022-ci il tarixdə 52 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) e-2-1(112)-1913/2023 nömrəli 27 iyul 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 17 mart 2022-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının təqdim etdiyi 22 avqust 1988-ci il tarixli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq ümumi iş stajının 20 ildən az olması səbəbilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 19 il 10 ay 9 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995-xx.xx.2005-cı il tarixləri arasındakı dövrlər) təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (20 il) azdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsində keçirdiyindən həmin dövr ikiqat hesablanmalıdır. Qanunun 24.0.1-ci maddəsinə görə döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdlu iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə götürülə bilər. İddiaçı müvafiq icra hakimiyyətinin qərarını təqdim etmədiyi üçün iddiaçının hərbi xidmət dövründəki xidmətinin ikiqat ölçüdə nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubundan görünür ki, xx.xx.2006-cı ilədək iddiaçının ümumi iş stajı 20 ildən az (19 il 10 ay 9 gün (xx.xx.1985-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2005) olduğu qeyd edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmaması bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 31 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmişdir. 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsi zonasında keçmişdir. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmət keçmiş, 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsi zonasında keçmişdir. İş materiallarında olan "xxxx" QSC X7 Donanması tərəfindən verilmiş 11 fevral 2022ci il tarixli SB 03/02-77 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən halhazıradək müxtəlif idarələrdə dalğıc vəzifəsində çalışır. Onun dalğıc təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli X5 Kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli Q-285/25 nömrəli arayışdan görünür ki, iddiaçı (İddiaçı) xx.xx.1985-ci il tarixində 60 nömrəli X6 Məktəbinin “Radiolektron aparatları və cihazları quraşdırıcısı” ixtisasına qəbul olmuş və xx.xx.1988-ci il tarixində həmin ixtisası əyani formasında bitirmişdir. Onun adına yazılmış B №235440 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan B seriyalı 235440 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə Bakı şəhəri 60 nömrəli X6 Məktəbinə daxil olmuş, xx.xx.1988-ci ildə “Radiolektron aparatları və cihazları quraşdırıcısı” peşəsi üzrə X6 məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 01 iyul 1988-ci il tarixdən 01 noyabr 1988-ci il tarixədək Azərbaycan Qaz Təmir Tikinti İdarəsində 2-ci dərəcəli fəhlə, 16 dekabr 1991-ci il tarixdən 01 mart 1992-ci il tarixədək Azərbaycan Respublikası Ticarət Nazirliyi Sevinc sarayında “Gülistan” barmenin köməkçisi işləmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində xidmət etmiş, xx.xx.1995-ci il tarixdən 31 may 2008-ci il tarixədək Xəzər HQXİ STT xidmətində 3-cü dərəcəli dalğıc, 02 iyun 2008-ci il tarixdən 30 aprel 2014-cü il tarixədək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində dalğıc vəzifəsində işləmişdir, 01 may 2014-cü il tarixdən hal-hazıradək Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC X7 Donanmasında dalğıc vəzifəsində işləyir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imitna etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1985-xx.xx.1988, xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995xx.xx.2005-ci illəri əhatə edən dövrlərin (cəmi 19 il 10 ay 9 gün) ümumi iş stajına daxil edilməsini mübahisələndirmir. Məhkəmə kollegiyası qeyd edir ki, təhsil, hərbi xidmət və əmək kitabçasında əks olunan dövrlər (xx.xx.1985-xx.xx.1988; xx.xx.1988-xx.xx.1988, xx.xx.1988-xx.xx.1991; xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1995; xx.xx.1995-xx.xx.2006) nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 20 ildən az olduğu (19 il 10 ay 15 gün) müəyyən olunur. Lakin nəzərə alınmalıdır ki, iddiaçı 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətin Fars körfəsi zonasında keçirdiyindən, həmin dövr ikiqat ölçüdə onun ümumi iş stajına daxil edilməlidir, bu hal da öz növbəliyində iddiaçının ümumi iş stajının 20 ildən çox təşkil etməsinə səbəb olacaqdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarının 2-ci bəndinin 1 may 1997-ci il tarixədək qüvvədə olan redaksiya üzrə tələblərinə görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: - a) xidmətin bir ayı iki ay sayılmaqla - Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 1997-ci il tarixli 33 nömrəli qərarı ilə ilə 2-ci bəndin “b” bəndi çıxarılmışdır. Göründüyü kimi, 01 may 1997-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət dövrünü 1 ayının 2 ay sayılmasını nəzərdə tutmuşdur. 01 may 1997-ci il tarixdən sonrakı dövrdə qanunvericilikdən müvafiq müddəa çıxarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Belə olan halda, iddiaçı müddətdən artıq həqiqi hərbi qulluqçu kimi 1991-ci ilin yanvar ayından iyul ayınadək hərbi xidmətini Fars körfəsində keçirdiyindən və bu hal aidiyyəti qurumunun arayışı ilə təsdiq olunduğundan, həmin dövr ikiqat ölçüdə hesablanmalı və həmin qaydada hesablanma ilə iddiaçının xx.xx.2006-cı ilədək 20 il sığorta stajı toplanmış olur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla xx.xx.2006-cı ilədək iddiaçının ümumi stajı 20 ildən çoxdur. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı cavabdeh tərəfindən mübahisələndirilməsə də, bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dalğıc vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: XXİİİ Bölmə, Ümumi peşələr; kod 12100000—11465 Sualtı işlərlə məşğul olan dalğıclar və başqa işçilər, o cümlədən, yüksək atmosfer təzyiqi şəraitində, il ərzində 275 saatdan az olmayaraq (ay ərzində 25 saatdan) və yaxud dalğıclıq təcrübəsinə başladığı vaxtdan su altında iş müddəti 2750 saat və çox olanlar. "xxxx" QSC X7 Donanması tərəfindən verilmiş 11 fevral 2022-ci il tarixli SB 03/02-77 nömrəli arayışından da görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən hal-hazıradək müxtəlif idarələrdə dalğıc vəzifəsində çalışır və onun dalğıc təcrübəsi başladığı vaxtdan su altında yüksək atmosfer təzyiqi şəraitində iş müddəti 0637 nömrəli X5 Kitabçasına əsasən xx.xx.2006-cı il tarixədək 4384 saat 15 dəqiqə təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 13 il 08 ay 02 gün). İddiaçı tərəfindən təqdim edilmiş iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2022-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1913/2023 nömrəli 27 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-554/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-554/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver