Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-554/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X9 Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X2, ekspert X5 və mütəxəssis X1 iştirakları ilə, İddiaçı cavabdeh X6rşı “test tapşırığı cavabının düzgün cavab kimi qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh X6rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X12 tərəfindən keçirilən imtahanda imtahan iştirakçılarına təqdim olunmuş suallar arasında B variantı üzrə 25 saylı tapşırığın cavabının düzgün cavab kimi qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun B kateqoriyası üzrə X12 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmişdir. İmtahanda təqdim olunmuş suallar arasında B variantı üzrə 25-ci sualın cavabları DİM tərəfindən səhv yoxlanılmışdır. Bu hal isə iddiaçının və digər tələbələrin imtahan nəticəsinə əsaslı təsir göstərmişdir. Belə ki, suallar düzgün tərtib ediləcəyi və düzgün qiymətləndiriləcəyi təqdirdə imtahanda məqbul balı toplayacaq namizədlər, məhz DİM-in səhvi nəticəsində yetərli balı toplaya bilməmişlər. Bu barədə DİM-ə rəsmi qaydada müraciət edilmiş və ona xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunmuş, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi metodiki qüsurlar aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. Doğrudur, imtahanda istifadə olunmuş tapşırıqlarda heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var. Belə ki, qanunvericilik üzrə imtahanda istifadə olunmuş qapalı tipli test tapşırığında 25-ci sualda "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas dərəcələri bağlı təsbit olunmuş müddəalara uyğun olaraq doğru olanları seçmək tələb olunmuş, cavab variantları arasında doğru cavab kimi iki variant düzgündür, lakin və DİM 2-ci dərəcə dövlət müşaviri cavab variantını doğru variant kimi qəbul etmişdir. B variantı üzrə 25-ci sual "Dövlət qulluğu haqqında" Qanuna əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş növbəti ixtisas dərəcəsi Prezident tərəfindən veriləcəkdir? A) 2-ci dərəcə dövlət müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) Dövlət qulluğunun müşaviri D) Dövlət qulluğunun baş müşaviri Lakin “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən həm dövlət qulluğunun baş müşaviri, həm də dövlət qulluğunun 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsində olan dövlət qulluqçularına növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilməlidir.” Həmçinin, qeyd olunan sualda “aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxs” ifadəsi qeyd edilsə də, o barədə məlumat cavab variantlarında göstərilməmişdir. Qeyd olunan suallarda iki cavab variantı olduğundan bu sual yanlış tərtib olunmuş sual kimi qeyd olunmalı və bütün namizədlərə müvafiq bal verilməlidir. Onun ümumi nəticəsinə 1 bal əlavə edilməsi onun üçün hüquqi nəticə yaradacaqdır. Bundan əlavə, ümumilikdə imtahana salınmış suallar "söz oyunu" vasitəsilə süni olaraq çətinləşdirilmişdir ki, bunun da nəticəsində sualların anlaşılmaması imtahan üçün ayrılmış vaxtın sualların cavablanması üçün kifayət etməməsinə səbəb olmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X12 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Mərkəz tərəfindən xx.xx.2024-cü il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün kağız daşıyıcılar vasitəsilə test imtahanı keçirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində BB vəzifə qrupu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən müəyyən edilir. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. Qanunvericiliyin tələbinə uyğun olaraq yalnız Mərkəz tərəfindən təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir. Belə ki, test tapşırıqları ekspertizadan keçirilərkən qapalı tipli test tapşırıqları adıçəkilən Qaydada nəzərdə tutulmuş, açıq tipli test tapşırıqları isə Mərkəz tərəfindən müəyyən edilən tələblərə cavab vermədikdə onlar Mərkəz tərəfindən təsdiqlənmir və test imtahanlarında istifadə edilmir. Yuxarıda adıçəkilən Qaydaların 4.1.1-ci yarımbəndinə əsasən namizədin imtahanda qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla qiymətləndirilir. Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə müəyyən olunur. İddiaçı sözügedən test imtahanında BB2 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79% (79 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. Onun test imtahanında göstərdiyi nəticə BB1 sertifikatını əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən-80% (80 bal) aşağı olduğu üçün BB1 sertifikatını əldə etməmişdir. Qaydaların 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair qəbul edilmiş qərardan namizəd məhkəməyə şikayət verə bilər.Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə inzibati vəzifələrin B növünə aid olan vəzifə qruplarına qəbul üzrə xx.xx.2024-cü tarixlərində keçirilmiş test imtahanının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, Komissiyaya müraciət etmək üçün 20 fevral saat 10:00-dan 22 fevral saat 17:00-dək https://apelyasiva.dim.qov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.qov.az/news/12833/7sphrase id=1552472). İddiaçı xx.xx.2024-cü il Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının apelyasiya ərizəsində qeyd etdiyi telefon nömrəsi ilə əlaqə saxlanılmış və iddiaçının mübahisələndirdiyi test tapşırığı ilə bağlı müvafiq izahat verilmişdir. Əlavə olaraq namizədin müraciəti Mərkəzin xx.xx.2042-cü il tarixli 9-3/2-Ə-42- 141/2024 nömrəli məktubu ilə cavablandırılmış və imtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından apelyasiya müraciətinin təmin olunmadığı namizədin diqqətinə çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və 18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X12 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınması vəzifəsi X10 həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov 103 ünvanında qeydiyyatdadır. - Dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartlarının qrafik təsvirindən görünür ki, xx.xx.2024-cü il tarixində Xətai rayonu 55 nömrəli tam orta məktəbdə keçirilən imtahanda B variantı olan İddiaçı aid kitabçada Qanunvericilik fənni üzrə namizəd tərəfindən 25-ci sualın cavabı kimi D variantı seçilmiş, doğru cavab isə C kimi göstərilmişdir. Doğru cavabların sayı ümumilikdə 79, yalnış cavabların sayı isə 21 qeyd olunmuşdur. Nəticədə yekun bal olaraq 79, (79%), yekun nəticə isə BB2 qeyd olunmuşdur. - xx.xx.2024-cü il tarixində Dövlət qulluğunun B növü üzrə qəbul müsabiqəsinin test imtahanı mərhələsində iştirak etmiş namizəd İddiaçı verdiyi şikayət üzrə test tapşırığı ilə bağlı rəydə (h.ü.f.d, Bakı Dövlət Universitetinin “Dövlət hüquq nəzəriyyəsi və tarixi” kafedrasının dosenti Zaur Əzimov təəfindən verilmiş) bildirilmişdir ki, 18 fevral 2024-cü il tarixində X12 tərəfindən keçirilən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanında iştirakçılara təqdim olunmuş suallardan biri mübahisələndirilmişdir. Həmin sualın şərti və suala cavab variantları sual kitabçasında aşağıdakı kimi göstərilir: “ “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcəkdir: A) Dövlət qulluğunun müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) 2-ci dərəcə dövlət müşaviri D) Dövlət qulluğunun baş müşaviri Namizəd iddiasında qeyd edir ki: “İmtahanda istifadə olunmuş test tapşırıqlarında heç bir qüsur yoxdur, lakin DİM tərəfindən doğru cavab kimi götürülən cavablarda yanlışlıq var.” Namizəd hesab edir ki, sualın doğru cavabı həm də D variantıdır “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikasının Prezidenti tərəfindən) verilir. Qanunun 16-cı maddəsinə görə bu ixtisas dərəcələri həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri dərəcələridir. Sadalanan ixtisas dərəcələrindən 2-ci dərəcə dövlət müşaviri cavab variantları arasında yer alır və tapşırığın düzgün cavabıdır. Namizəd iddia edir ki, 3-cü dərəcə dövlət müşaviri dərəcəsi dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsindən sonra verildiyindən, D variantı da tapşırığın düz cavabı hesab edilməlidir. Qeyd edilməlidir ki, namizəd yanlış olaraq sualın şərtindəki “aşağıdakı” sözünün cümlədəki söz sırasına görə dərhal ondan sonra gələn “inzibati vəzifələrdən birini tutan şəxsə” ifadəsini təyin etdiyini düşünür. Halbuki, sualdakı “aşağıdakı” sözü, eləcə də ayrıca olaraq “inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş” ifadəsi hər biri “növbəti ixtisas dərəcəsi” birləşməsini təyin edir. Başqa sözlə tapşırıqda inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulan növbəti ixtisas dərəcələrindən hansını AR Prezidentinin verəcəyi soruşulur. Cümləni təhlil etdikdə namizədin yanaşmasının da qrammatik baxımdan yanlış olmadığı görünür - “aşağıdakı” sözünün “inzibati vəzifələrdən birini tutan şəxsə” ifadəsini təyin etmiş ola bilməsi mümkündür. Lakin bu halda namizədin iddiasının əsaslı olması üçün “aşağıdakı inzibati vəzifələr...” ifadəsinin məntiqi davamı olaraq variantlarda inzibati vəzifələr sadalanmalı idi. Tapşırıqda isə təklif olunan cavab variantlarında inzibati vəzifələr deyil, ixtisas dərəcələri qeyd olunub (namizəd özü də iddiasında bunu vurğulayır). Beləliklə, tapşırığın həmin şəkildə təfsiri qəbul edib, “dövlət qulluğunun baş müşaviri” variantını seçməklə namizəd səhvə yol vermişdir” - X8 iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 9-3/2-Ə-42- 141/2024 nömrəli məktubda bildirilmişdir ki, sizin dövlət qulluğuna qəbulla bağlı xx.xx.2024-cü il tarixində keçirilən test imtahanının nəticəsi ilə əlaqədar X10 ünvanladığınız elektron apellyasiya ərizənizə baxılmış, xx.xx.2024-cü ildə istəyinizə uyğun olaraq Sizinlə telefon əlaqəsi yaradılmış, müvafiq sahə üzrə mütəxəssis tərəfindən ərizənizdə qeyd etdiyiniz 25 saylı (BB vəzifə qrupu B variantı üzrə) test tapşırığı və onun doğru cavabı barədə Sizə izah verilmişdir. Qeyd edək ki, imtahandan sonra imtahan nəticələrinə təsir göstərə bilən hallar araşdırılaraq təhlil olunur, imtahanda istifadə olunmuş tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilir. xx.xx.2024cü il tarixində keçirilmiş imtahanda istifadə olunmuş test tapşırıqlarının təkrar ekspertizası zamanı onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir. İmtahan nəticənizin dəyişdirilməsinə təsir göstərə biləcək bir hal aşkar olunmadığından müraciətiniz təmin olunmamışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “təqdim olunmuş cavab variantları arasında 2-ci dərəcə dövlət müşaviri dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən ixtisas dərəcəsidir, eyni zamanda həmin sualda ifadə olunan “aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə” və “növbəti” ixtisas dərəcəsi sözlərinin işlənməsi həmçinin sualda ixtisas dərəcəsinə malik dövlət qulluqçusu üçün sıra ardıcıllığı ilə növbəti veriləcək ixtisas dərəcəsinin məhz Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcək ixtisas dərəcəsi olmasına, yəni dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsindən sonra veriləcək növbəti 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, bununla da həm də doğru cavab kimi D variantı-dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinin seçilməsinə yönəldir. Göründüyü kimi təqdim olunmuş sual tapşırığının şərti qeyd edilən şəkildə qoyulması bir sual üzrə eyni vaxtda 2 doğru cavabın seçilməsinə əsas vermişdir ki, bu halda təqdim olunmuş 25-ci sual yuxarıda qeyd edilən Qaydaların 2.6.2 və 2.6.5-ci bəndlərinə əsasən test tapşırığının şərti və cavablarının dəqiq, aydın və birmənalı olması tələbinə uyğun hesab edilə bilməz.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -1.27-ci bəndinə əsasən müsabiqə – inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən ibarət prosesdir. -28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. -28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən “Dövlət qulluğu sertifikatı” (bundan sonra – sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər X12 publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: -2.1.Mərkəzin əsas vəzifələri aşağıdakılardır: 2.1.1-1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanları keçirir və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın aşağıdakı bəndlərinə əsasən: -2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət X4 təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. -2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir. -2.4. Test tapşırıqlarının aşağıdakı növləri var: 2.4.1.qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları; -2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları; 2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar. -2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir. -2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: 2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır; 2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; 2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; 2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; 2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixində dövlət qulluğunun B kateqoriyası üzrə X12 (bundan sonra DİM) tərəfindən keçirilən imtahanda iştirak etmiş və qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən (75%) çox nəticə - 79.0 % (79 bal) nəticə göstərdiyi üçün BB2 sertifikatı əldə etmişdir. O, keçirilən imtahanda qanunvericilik üzrə 25-ci sualın cavabı kimi D variantını seçmiş, doğru cavab isə C kimi göstərilmişdir. Hazırda iddiaçı müvafiq imtahan B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, təqdim edilmiş test tapşırığından müəyyən edilir ki; “ “Dövlət qulluğu haqqında ” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı inzibati vəzifələrdən birini tutan şəxsə nəzərdə tutulmuş növbəti ixtisas dərəcəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən veriləcəkdir: A) Dövlət qulluğunun müşaviri B) 3-cü dərəcə dövlət qulluqçusu C) 2-ci dərəcə dövlət müşaviri D) Dövlət qulluğunun baş müşaviri” İddiaçı tələbin əsası kimi qeyd edir ki, qeyd edilən test tapşırığında "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas dərəcələri bağlı təsbit olunmuş müddəalara uyğun olaraq doğru olanları seçmək tələb olunmuş, cavab variantları arasında doğru cavab kimi iki variant düzgündür, lakin DİM yalnız 2-ci dərəcə dövlət müşaviri cavab variantını doğru variant kimi qəbul etmişdir. Qeyd edilməlidir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun 17.2ci maddəsinə əsasən 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir. Həmçinin müvafiq Qanunun 16-cı maddəsinə əsasən bu ixtisas dərəcələri - həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri dərəcələridir ki, qeyd edilən ixtisas dərəcələrindən 2-ci dərəcə dövlət müşaviri cavab variantları arasında yer alır və tapşırığın düzgün cavabıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd edilən test tapşırığına qrammatik baxımından yanaşma ilə əlaqədar Bakı Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti Zaur Əzimov tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəydə ətraflı izah verilmiş, həmçinin Z.Əzimovun sonuncu məhkəmə iclasında iştirakı təmin edilmiş, o tərəfindən verilmiş rəyi müdafiə etmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinə məktub ünvanlanaraq işə baxılması ilə əlaqədar olaraq zərurət yarandığından (dilçi) mütəxəssisin məhkəmə iclasında iştirakını təmin edilməsi xahiş edilmişdir. Sonuncu məhkəmə iclasında iştirak etmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmlər doktoru X3 izahatında müvafiq test nümunəsində fikrin aydın olduğu, cümlə quruluşunda və söz birləşmələrində anlaşmazlıq olmadığını, sualda qeyd edilən terminlərin mövcud terminologiyanın tələblərinə cavab verdiyini bildirmişdir. Göründüyü kimi mübahisəli test tapşırığının mətni ilə bağlı hər hansı fikir ayrılığı və ya aydın olmayan ifadələr mövcud olmamış, göstərilən hal iş materialları ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3.2-ci maddəsinə əsasən inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8253/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh X8 apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8253/2024 saylı, 07 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh X6rşı “18 fevral 2024-cü il tarixində dövlət qulluğunun BB kateqoriyası üzrə X12 tərəfindən keçirilən imtahanda B variantı üzrə 25 saylı test tapşırığının İddiaçı tərəfindən qeyd edilmiş cavabın onun xeyrinə nəzərə alınmasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-554/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-554/2025
03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver