Məhkəmə qərarları › İş №2-1(103)-555/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-555/2023

11.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-555/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X8 ibarət tərkibdə, X15-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, 3-cü şəxs X9 nümayəndəsi və vəkili Vəkil, Digər 3-cü şəxs X16 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarından 3-cü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 327007 saylı 04 sentyabr 1979-cu il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 ilə Qafarova (Məmmədova) Hədiyə Eldar qızı arasında nikah 04 sentyabr 1979-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılmışdır. 082573 saylı 06 iyun 2008-ci il tarixli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 iyun 2008-ci il tarixdə 101 № ilə qeyd aparılmışdır. AZ-İİ seriyalı 334979 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X20 arasında nikah 09 avqust 2019-cu ildə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd aparılmışdır. AZ-İİ No204552 saylı xx.xx.2021-ci il tarixdə verilmiş “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1530 No-li qeyd aparılmışdır. Bundan sonra iddiaçı mərhuma məxsus sənədlər arasında onunla bağlanmış nikahın pozulmasına dair şəhadətnaməni aşkar etmiş və həmin şəhadətnamənin hansı sənəd əsasında verildiyini araşdırmağa başlamışdır. Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli əktubu ilə ona bildirilmişdir ki, nikahın pozulmasına dair şəhadətnamə məhkəmə qətnaməsinə əsasən verilmişdir. Odur ki, İddiaçı nikahın pozulması haqında akt qeydinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona ünvanlanmış xx/xx-2721 saylı 16.11.201-ci il tarixli məktubla akt qeydinin ləğvi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Odur ki, İddiaçı Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “onunla X10 arasında bağlanmış 101 saylı xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” barədə qərar çıxarılmasını xahiş edir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X10 ilə 1979-cu ildə nikaha daxil olmuşdur. Əri 17 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Əri öləndən sonra onun sənədlərinin arasından 2008-ci il tarixdə Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş onunla olan nikahının pozulmasına dair şəhadətnamə aşkar olunmuşdur. Həmin vaxta qədər nə onun, nə uşaqlarının, nə də ki, ərinin qohumlarından heç kimin bundan xəbəri olmamışdır. Sabunçu rayon Qeydiyyat şöbəsi onun müraciətinə cavab verərək, Sabunçu rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən nikahının pozulduğunu bildirmişdir. Sabunçu rayon Məhkəməsinə müraciət edərək, 12 aprel 2005-ci il tarixli qətnamənin surətini tələb etmiş, lakin müraciətinə cavab olaraq bildirilmişdir ki, X10 ilə onun arasında nikahın pozulmasına dair mulki iş məhkəmədə qeydə alınmamışdır. Cavabdehin etirazları: Cavabdeh Bakı şəhər Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X10 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında 101 №-li xx.xx.2008-ci il tarixli akt qeydinin ləğv edilməsi və AZ-1 seriyalı 082573 saylı “Nikahın pozulması haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X20 tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, X10 ilə aralarında Cavabdehndə xx.xx.2019-cu ildə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 91 nömrə ilə qeyd edilmişdir. X1 ilə 2019-cu ildə bağlanmasına baxmayaraq, 2017-ci ildən faktiki olaraq ərarvad kimi ünvan 3 ünvanında və ünvan 4şamış və ümumi təsərrüfatı birgə idarə etmişlər. Bundan başqa ünvan 5 ünvanında yerləşən 48.8 kv.m qeyri-yaşayış sahəsi mərhum əri X10 tərəfindən mağaza kimi icarəyə verilmişdir. Göstərilən əmlaklardan başqa X2 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 9, mənzil 3 şəxsi mülkiyyətindədir. Onun keçmiş həyat yoldaşı hazırkı iş üzrə İddiaçı Massalı rayonu, Sərcuvar kəndində qeydiyyatda olmaqla X10 ölənədək orada yaşamışdır. İddiaçı X10 ilə Bakı şəhərində birgə yaşamamış, aralarında olan nikahın pozulmasından xəbəri olmuşdur. Hazırda isə İddiaçı belə bir iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi onlar boşandıqdan sonra X2 ölümündən sonra onun miras qalmış əmlaklarını ələ keçirmək məqsədi daşıyır. Yuxarıda göstərilən əmlaklarla yanaşı ünvan 6 ünvanı da mərhum əri X2 şəxsi mülkiyyətində olmuş və həmin yaşayış sahəsi onun tərəfindən kirayəyə verilmişdir. Bu göstərilənlərdən başqa birgə nikah dövründə xx.xx.2020-ci il tarixdə əri X10 tərəfindən TOYOTA RAV-4, dövlət qeydiyyat nömrəsi 90PH124 markalı avtomobil əldə edilmiş və hazırda onun mülkiyyətindədir. Mərhumun ölümündən sonra miras əmlaklarla bağlı tərəfindən Bakı şəhəri 18 saylı notariat ofisinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət olunmuşdur. 6 aydan sonra 19 aprel 2022-ci il tarixdə o, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etmiş, burada ona X14 qızı notariusa müraciət edərək inzibati məhkəmədə işlərinin olduğunu bildirmişdir. Mərhum əri ilə bir yerdə yaşayarkən o, öz ailəsi barədə ona danışarkən, övladının və keçmiş həyat yoldaşının onunla münasibətlərinin pis olduğunu, onu saymadıqlarını, bir ata kimi hörmət qoymadıqlarını bildirmişdir. Hətta onun dediyinə görə, keçmiş arvadı onu zəhərləmək istəmiş və uşaqlan ilə bir neçə dəfə birləşərək onu döymüşlər. Nəticədə o, məcburiyyət qarşısında qalıb, X14 ilə aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmiş, ən nəhayət onların bu nikahları qanuni əsaslarla pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 101 saylı xx.xx.2008-ci il tarixli AKT qeydinin ləğv edilməsindən 15 il keçmişdir. İddiaçının nikahın pozulmasından xəbəri olmuşdur. İddia ərizəsində o, bunu göstərsə də, buna dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bu 2019-cu ildə məhkəməyə təqdim etmək istədiyi Flaşkaya yazılmış vidioyazı ilə tam sübut edilir. Belə ki, iddiaçı X14 həmin vaxt onun mərhum əri X10 ilə birgə yaşadığı ünvan 7 ünvanına gəlmiş və onunla nikahın pozulduğunu və onunla nikah bağladığını bilmişdir. Ancaq, iddiaçı rəsmi olaraq Qeydiyyat orqanına müraciət edib nikahın pozulması haqqında şəhadətnaməni almamışdır. Bu işin digər halları ilə də müəyyən olunur. (Mərhumla onun bir yerdə yaşamadığı, Kovid-19 xəstəliyinə eyni vaxtlarda tutulmaları, yaşadıqları ünvandan Yeni Klinikaya TTY-maşını ilə göndərilməsi və sair. Məhkəmə hazırkı iş üzrə iddia müddətinin tətbiqi ilə bağlı maddi və eyni zamanda prosessual hüquq normalarının tələblərini pozmuş və iş üzrə düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı 3-cü şəxs Əminə Əhmədovanın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər 3-cü şəxs X26 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə ki, həmin qurum tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubda işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Həmçinin 3-cü şəxslər X21, X11 və X12 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram vurularaq apellyasiya şikayətinin təmin edilməsi və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə Cavabdeh nümayəndəsinin və 3-cü şəxslər X13, X3 və X4 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X13, X3, X4 və X16 3-cü şəxs qismində statusları ləğv edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olub, ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verdiyi üçün mümkün iddiadır. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı Cavabdehnə qarşı tələbi “onunla X10 arasında bağlanmış 101 saylı xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi və nikahın pozulması barədə şəhadətnamənin etibarsız hesab edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə Sabunçu rayon Qeydiyyat şöbəsində qeydə alınmış, X10 ilə İddiaçı arasında olan nikahın pozulması haqqında 101 №-li xx.xx.2008-ci il tarixli akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, həmin qətnamənin, ümumiyyətlə X10 ilə İddiaçı arasında 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olmasının məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına, cavabdeh tərəfindən istinad olunan sənədin məhkəməyə təqdim edilməsinin mümkün olmamasına, akt qeydinin aparılması üçün hüquqi əsasın müəyyən edilməməsinə, cavabdeh inzibati orqanın nikahın pozulması haqqında qeyd aparmasının qanunsuz olmaqla qanunvericiliyin tələbinə zidd olmasına istinad edərək iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 163.2-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Bu halda nikahın pozulmasının dövlət qeydiyyatı aparılmır; Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikah pozula bilər. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı əsasında Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən pozula bilər Həmin Qaydaların 5.3-cü bəndinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı hallarda Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır: 5.3.1. ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; 5.3.2. ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; Həmin Qaydaların 5.4-cü bəndinə əsasən bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ərizə əsasında nikahın pozulmasını ərarvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən ərizə əsasında nikahın pozulmasını ərarvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulması haqqında aktların qeydiyyat kitabında nikahın pozulması barədə akt qeydlərini aparır. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı: 5.8.1. nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; 5.8.2. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; 5.8.3. məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər arvaddan birinin ərizəsinə; 5.8.4. məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.9-cu bəndinə əsasən məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: 5.9.1. məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. Ər-arvadın yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda, nikah pozulmuş hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 2001-ci il 1 mart tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin müddəaların 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin müddəaların 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Həmin müddəaların 28-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə X10 arasında nikahın pozulmasına dair 06 iyun 2008-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin və ya digər sənədlərin surətinin qanunvericiliyə müvafiq qaydada saxlanma müddəti bitdiyindən göndərilməsi mümkün deyildir. Həmin nikahın pozulması Sabunçu rayon Məhkəməsinin 12 aprel 2005-ci il tarixli qətnaməsinə əsasən qeydə alınmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş X10 ilə İddiaçı 101 saylı xx.xx.2008-ci il tarixli nikahın pozulması haqqında akt qeydinin surətindən görünür ki, nikahın pozulmasına əsas kimi Sabunçu rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli (nömrəsi göstərilməmişdir) qətnaməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 144-cü bəndinə əsasən birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində məhkəmə (məhkəmə kollegiyası) sədrləri daxil olmuş işlərin (materialların) kargüzarlıq xidmətində nömrə verilməklə, əlifba göstəricisi (16 nömrəli əlavə) və qeydiyyat vərəqəsi tərtib edilməklə dərhal qeydə alınmasını və hakimlər arasında bərabər bölüşdürülməsini təşkil edirlər. Qeydiyyat vərəqələrindəki qeydiyyat nömrəsi eyni şəkildə işin (materialın) üz qabığında, daxil olma ştampında, əlifba göstəricisində və paylama kitabında səliqə ilə yazılmalıdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, X10 ilə X7 qarşı və yaxud X5 X6 qarşı nikahın pozulması tələbinə dair mülki iş 2005-ci ilin əlifba göstəricisindən keçmədiyindən qətnamənin təqdim edilməsi mümkün deyildir. Apellyasiya baxışı zamanı adı çəkilən şəhadətnamənin verilməsi üçün əsas olan sənədlər, o cümlədən, nikahın pozulması barədə Sabunçu rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin və nikahın pozulması haqqında akt qeydinin aparılmasına əsas olan digər sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı Cavabdehnə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Cavabdeh tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məhtubda qeyd edilmişdir ki, həmin sənədlər qanunvericiliyə müvafiq olaraq xx.xx.2014-cü il tarixli “Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə aparılması haqqında” akta əsasən ləğv edilmişdir. Nikahın pozulması haqqında vətəndaşların ərizələrinin saxlanma müddəti 5 ildir. Göründüyü kimi, iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılmasına əsas olmuş sənəd qismində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 aprel 2005-ci il tarixli qətnaməsinə (qətnamənin nömrəsi qeyd olunmamışdır) istinad olunsa da, nəinki həmin qətnamənin, ümumiyyətlə X2 İddiaçı qarşı, yaxud da İddiaçı X6 qarşı nikahın pozulması tələbinə dair 2005-ci il üzrə hər hansı mülki işin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında mövcud olması məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan tərəfindən akt qeydləri kitabında ləğv edilməsi tələb olunan akt qeydinin aparılması üçün əsas verən sənədin də məhkəməyə təqdim edilməsi həmin dövrə dair sənədlərin məhv edilməsi səbəbindən mümkün olmamışdır. Apellyasiya baxışı zamanı cavabdeh orqan tərəfindən məhkəməyə təqdim olunmuş “Sənədlərin və işlərin, həmçinin istifadə olunmamış şəhadətnamələrin məhvə ayrılması haqqında xx.xx.2014-cü il tarixli aktdan isə müəyyən olunur ki, məhvə ayrılmış sənədlər sırasında saxlama müddəti 5 il olmuş 2007-2008-ci illər üzrə “Nikahın pozulması haqqında vətəndaşların ərizələri” də nəzərdə tutulmuşdu ki, bu da özü-özlüyündə iddiaçının mübahisələndirdiyi akt qeydinin aparılması üçün əsas olmuş sənədlərin, o cümlədən məhkəmə qətnaməsinin fiziki olaraq mövcud olması faktını təsdiqləmir. Kollegiya bu qənaətə gələrkən onu nəzərə alır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə adı çəkilən qətnamənin və ümumiyyətlə müvafiq mülki işin 2005-ci ilin əlifba göstəricisindən keçmədiyi bildirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi akt qeydinin aparılması üçün hüquqi əsas iş materialları ilə müəyyən edilmədiyindən cavabdeh inzibati orqan tərəfindən nikahın pozulması haqqında qeyd aparması qanunsuz olmuşdur. Ona görə də həmin akt qeydi əsasında verilmiş “nikahın pozulması haqqında şəhadətnamə”ni düzgün olaraq birinci instansiya məhkəməsi etibarsız hesab etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassız olub, qəbul edilməməklə yanaşı, birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddia tələbini rədd edilməsi üçün də heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4237/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs X20 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4237/2022 saylı 14 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar