Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-556/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4200/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan hallara görə iddiaçı 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş və hazırda yaşadıqları Bakı şəhəri, Xətai rayonu İ.İsmayılov küçəsi 18, 19 savlı mənzili əvvəlki sahibi olmuş rus milliyyətindən olan Yuri Makarovnadan razılıq əsasında 1992-ci ildə 80.000 rus rubluna almış, lakin alqı-satqı barədə heç bir rəsmiləşdirmə aparılmamışdır. Yuri Makarovna bildirmişdir ki, evin sənədləri Rusiya Federasiyasının Saratov şəhərində yaşayan bacısının evindədir. Həmin rəsmi sənədləri Saratov şəhərinə getdikdən sonra göndərəcək. Lakin sonradan ondan heç bir məlumat almamışdır. Mənzilə dair icarə müqaviləsinin bağlanılması barədə aidiyyatı üzrə Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət etmiş, müraciətinə cavab olaraq məhkəməyə müraciət etməsi bildirilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı mənzili qeyri-qanuni yolla zəbt etmiş və Laçın rayonundan məcburi köçkün kimi həmin mənzildə məskunlaşmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4200/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi ev 18, 19 saylı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərar əsassız olduğundan ləğv edilməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələbələrinə uyğun venilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Məhkəmə iddiaçı ilə kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoymaqla mövcud mənzil qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, AR MPM-in 217.2-ci bəndinə görə qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Lakin qeyd edilən qərar qanunun bu tələblərinə əməl edilməyərək qəbul edilmişdir Məhkəmə işə birtərəfli yanaşaraq, qərarda yalnız iddiaçının fikirlərini əks etdirməklə onun mövqeyini müdafiə etmişdir.Tətbiq edilməli olan qanun normasını tətbiq etməyən məhkəmənin qərarında göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyi üçün qərar apellyasiya qaydasında ləğv olunmalıdır. İddiaçı Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 18 saylı evin 19 saylı mənzilini zəbt edərək, Laçın rayonundan olan məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 36-cı maddəsinə əsasən mənzilə ehtiyacı olan vətəndaşlar ış və yaxud yaşayış yeri üzrə növbəlilik əsasında mənzillə təmin olunurdurlar. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin idarənin, təşkilatın müdrıyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi. Həmin Məcəllənin 48-cı maddəsinə əsasən isə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərara müvafiq olaraq rayon, şəhər İcra Hakimiyyəti orqanları vətəndaşlara order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsas idi. Həmin Məcəllənin 51-cı maddəsinə əsasən yaşayış sahəsinə kirayə müqaviləsi, adına order verilmiş vətəndaşla bağlanılırdı. Yaşayış sahəsində müvəqqəti sakın kimi yaşayan vətəndaşlar isə Mənzil Məcəlləsinin 80ci maddəsinə əsasən mənzildə yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildilər. Həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verildikdə, əsas icarədardan icarəyə götürənlər, habelə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmalıdırlar Boşaltmaqdan imtina etsələr başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçının növbəlilik əsasında əldə etmədiyi, adına hüquqi sənəd olmadan müvəqqəti sığınacaq kimi yaşadığı və eyni zamanda Dövlət balansında olan mənzili öz adına rəsmiləşdirilməsi barədə tələbi qeyri-qanunidir. O kı, qaldı iddiaçının adna sosial kirayə müqaviləsinin bağlanmasına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 62 2-cı maddəsinə əsasən sosial kirayə müqaviləsinin bır tipli forması müvafiq icra Hakimiyyəti orqanı tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur). Qeyd edilən forma isə hal-hazırda mövcud deyildir. Müvafiq İcra Hakimiyyəti orqanı dedikdə isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. Qeyd olunan sosial kirayə müqaviləsinin birtipli forması Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi ücün məsələyə baxılması mümkün deyil. İddiaçı daimi qeydiyyatı Laçın rayonuna olduğu və yuxarıda qeyd edilən mübahisəli ünvanda sadəcə məcburi köçkün kimi müvəqqəti olaraq məskunlaşmışdır. Yaxın gələcəkdə məcburi köçkünlərin növbəlilik əsasında öz doğma yurdlarına köçürülmələri nəzərdə tutulmuşdur. AR İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur və müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının digər zəruri sübutları toplamağa borcludur. Lakin Bakı İnzibatı Məhkəməsində işə baxılarkən qanunvericiliyin bu tələbinə məhəl qoymadan iddiaçının iradəsinə uyğun qərar qəbul edilmiş və bu qərarı əsaslandırmağa çalışmışdır Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarında işin ədalətli həllini şübhə altına alan və ziddiyyətlər yaradan məqamlar olmamalıdır. Bunun üçün isə məhkəmə özü müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qərarda göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır Məhkəmə həmçinin çəkişmə prinsipinə uyğun olaraq mübahisənin mahiyyətinə dair tərəflərin bütün dəlillərini qəbul etdiyi qərarda müzakirə etməli, işdəki araşdırılmış sübutları əlaqələndirməklə və tətbiq edilməli həmin dəlilləri qəbul edib-etmədiklərinə dair mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Mübahisənin mahiyyətinə aid cavabdehin irəli sürdüyü dəlillərin müzakirə edilməməsi, eləcə də onların qiymətləndirilməməsi və məhkəmə qərarında əks olunmaması həmin qərarın çəkişmə prinsipinin pozulması ilə çıxarıldığına dəlalət edir. Belə qərar isə ədalət məhkəməsinin qanununa uyğun akt kimi qəbul oluna bilməz.Belə hüquqi dəyərləndirmənin nəticəsi olaraq mümkün sayılan tələbə baxılmalı, digər hissələrdə isə iddia mümkün sayılmamalıdır...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (apellyator) Xətai rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmamış evi anasının rusdan ZAQS (“VVAQ”) kağızı düzəltməklə, pulunu verib aldığını, anası rəhmətə getdikdən sonra isə məsələni qaldırdıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə, ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun iddia tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan mənzil qanunvericiliyinin normalarına istinadən hesab etmişdir ki, iddiaçı mübahisə predmeti olan mənzildə uzun müddət (1993-cü ildən) faktiki yaşadığından, həmçinin, həmin mənzildə qeydiyyatda başqa şəxslər olmadığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən onun (İddiaçı) mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunan aşağıdakı hallar iddiaçının tələbinin əsassız olduğunu sübuta yetirir. İddiaçının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1968-ci ildə Laçın rayonunda doğulmuşdur (Həyat yoldaşının işdə olan şəxsiyyət vəsiqəsindən də görünür ki, Laçın rayonunda qeydiyyatdadır). Bundan başqa, Xətai Rayon İcra Hakimiyyəti MKTB-nin 98 saylı MKİS-nin 447 No-li xx.xx.2021-ci il tarixli arayışında qeyd olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə Laçın rayonundan məcburi köçkün kimi, 1992-ci il tarixdən qeydə alınmış və özü, arvadı, üç övladı ilə birlikdə yaşayırlar. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli məktubunda göstərilir ki, iddiaçı İ.İsmayılov küçəsi 18 ünvanı ünvan 4özügedən mənzildə 1993-cü ildən Laçın rayonundan məcburi köçkün məskunlaşmışdır . Birliyin həmin məktubuna əlavə edilmiş Bakı şəhər XDS tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş 198083 N-li Orderə əsasən isə müəyyən olunur ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 2 otaqlı sahəsi 30,5 kv m olan mənzil iki nəfər ailə tərkibində X1 verilmişdir. Eyni zamanda işə əlavə olunmuş AR İqtisadiyyat Nazirlyi DƏKR-in 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və AR DİN BPQMİ-nin xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanlanmış məktublarına əsasən müəyyən olunur ki, mübahisəli ünvana dair nə daşınmaz əmlakın dövlət reyestrində, nə də ki yaşayış yeri üzrə qeydiyyat aşkar olunmamışdır. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar birmənalı olaraq onu deməyə əsas verir ki, İddiaçı mübahisəli mənzildə 1992-ci ildən ailə üzvləri ilə birlikdə Laçın rayonundan olan məcburi köçkün kimi məskunlaşmış, müvəqqəti olaraq həmin mənzildə yaşayırlar. Belə olan halda, məhkəmə kollegiyası cavabdeh Xətai İH-nin xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına istinadən iddiaçının hazırkı tələbinin əsassız olduğunu mübahisələndirən dəlilləri razılaşır. Belə ki, xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəllənin: - 36-cı maddəsinin 1-ci hissəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda dayanan vətəndaşlara yaşayış sahəsi siyahılarla müəyyən edilmiş növbəlilik qaydasında, uçota götürülmə vaxtı əsas tutularaq və həmin yaşayış məntəqəsində istifadəyə verilən və boşalan mənzil sahəsinin həcmindən asılı olaraq verilir. - 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. - 48-cı maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. -51-cı maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, mənzil uçotuna dayanan vətəndaşlara yaşayış sahəsi növbəlik qaydasında, yerli icra hikimiyyəti orqanının birgə qərarı ilə təsdiq edilməklə və order əsasında verilirdi ki, həmin order də mənzilə köçmək, həm də adına order verilmiş vətəndaşla mənzil istimar təşkilatı ilə icarə müqaviləsi bağlamaq üçün əsas yaradırdı. İşin hallarından isə İddiaçı məcburi köçkün kimi həmin mənzildə məskunlaşmış müvəqqəti sakindir. Qeyd oolunan Mənzil Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsi isə nəzərədə tuturdu ki, icarədarın yaşayış sahəsində əsas icarədardan icarəyə götürmə müqaviləsi əsasında və ya müvəqqəti sakinlər sifətilə yaşayan vətəndaşlar, orada yaşadıqları müddətdən asılı olmayaraq, həmin sahə barəsində müstəqil hüquqa malik deyildirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə yaşayış sahəsini icarə müqaviləsinə xitam verildikdə eyni zamanda əsas icarədardan icarəyə götürmə müqaviləsi də pozulur. Əsas icarədardan icarəyə götürənlər, habelə müvəqqəti sakinlər yaşayış sahəsini boşaltmaqdan imtina etdikdə, başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 79.3-79.4-cü maddələri də məhz, nəzərdə tutur ki, müvəqqəti sakinlər müvafiq yaşayış sahəsindən müstəqil istifadə etmək hüququna malik deyil. Onların hərəkətlərinə görə kirayəçi kirayəyə verən qarşısında məsuliyyət daşıyır. Müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra, belə müddət razılaşdırılmadıqda isə kirayəçinin və ya onunla birlikdə yaşayan ailə üzvlərinin müvafiq tələbi irəli sürüldüyü gündən yeddi gün müddətində yaşayış sahəsini boşaltmağa borcludurlar. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin bağlanması üçün sərəncam verilməsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlər mövcud deyildir. İPM-in 73.1-ci maddəsinin tələbinən isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Birinci instansiya məhkəməsi tərəfindən isə işə baxılarkən qeyd olunanlar nəzərə alınmamış, gəldiyi nəticə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə uyğun olmamış, bütün bunların nəticəsi olaraq məhkəmə iddianın təmin olunması barədə maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul etmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4200/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli və iddianın rədd olunması barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4200/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-556/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-556/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver