Məhkəmə qərarları › İş №2-1(103)-557/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-557/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-557/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3204/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin imtina məktubunun qanunsuz sayılmasına və ünvan 1 ünvanında yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vəzifələrin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubunun qanunsuz sayılması və ünvan 2 ünvanında yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı vəzifələrin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi ərizəni təmin etməmiş və imtina göstərmişdir ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki, 509 “z” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur və sxematik xəritəyə əsasən göstərilən ərazilər 699 nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlir. Həmçinin təqdim edilmiş sənədlərdə və idarənin arxivində bağ sahəsinin ölçüsü barədə məlumat aşkar olunmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 07.10.1997-ci il tarixli, 1156 N-li Sərəncamı ilə ona ayrılmış, həmin ildən onun istifadəsindədir. Bağ sahəsinin ölçüsü barədə məlumatın olmaması imtina üçün əsas deyildir. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3204/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi. 509 “z” saylı bağ sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 07.10.1997-ci il tarixli, 1156Ns-li Sərəncamı ilə ona ayrılmışdır. İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə idarəyə 29.10.2019-cu il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, Belə ki, 509 “z” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur. İddiaçı tərəfindən göstərilən sahə ”699” nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlir və 699a, 699b, 699v saylı bağ sahələrinin bir hissəsinə düşür. Həmçinin təqdim edilmiş sənədlərdə və İdarənin arxivində İddiaçı tərəfindən iddia edilən bağ sahəsinin ölçüsü barədə məlumat aşkar olunmamışdır. Qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Həmçinin İdarənin arxiv məlumatlarına əsasən orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və təkrar ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının c-149-172 №-li, 16.09.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitablarında 1156 №-li çıxarış vardır. Sərəncam № 1156 (çıxarış), 07.10.1997-ci il «Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə». Qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır: 3.54. X5- Şüvəlan BTK № 51 bağ № 509z. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********45 №-li, 19.11.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının ünvan 3 ünvanda yerləşən bağ sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti ilə bağlı bildirilmişdir ki, sözügedən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, “z” saylı bağ nömrəsi sxematik xəritədə yoxdur və sxematik xəritəyə əsasən göstərilən ərazilər 699 nömrəsi ilə başlayan bağların yerinə uyğun gəlir. Həmçininin təqdim edilmiş sənədlərdə və İdarənin arxivində bağ sahəsinin ölçüsü barədə məlumat aşkar olunmamışdır. Qeyd edilən səbəblərdən ərizəsinin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********43 №-li, 19.06.2020-ci il tarixli məktubundan görünür ki, göstərilən bağ sahəsinə texniki baxış keçirilmişdir. Torpaq sahəsi hasar daxilində 1320,0 kv.m təşkil edir, üzərində tikili mövcüd deyil. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən sahə 699a, 699b, 699v saylı bağ sahələrinin bir hissəsinə düşür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********44 №-li, 10.08.2020-ci il tarixli məktubundan görünür ki, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 699a, 699b, 699v saylı bağ sahələrinə dair sənəd idarənin arxivində aşkar olunmamışdır. X2 303 №-li, 03.09.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X4 ayrılmış Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən (təqqdim olunan) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək, həmin torpaq sahəsinin faktiki ölçüsünün 1330 kv.m olduğu və digər vətəndaşın adına dövlət reyestrində (icarə, istifadə, mülkiyyət hüququ üzrə) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Hazırkı işdə sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Yəni, inzibati orqan olan cavabdeh inzibati aktın qəbulu ilə bağlı olmayan və vətəndaşın narazılığını yaradan hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə, həmçinin iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin: 2.1-ci bəndinə görə mərzçəkmə işləri kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişahlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrinə verilir. 7.2-ci bəndinə görə mövcud torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq struktur bölməsinin mütəxəssisinin, həmin Komitənin rayon (şəhər) şöbəsinin nümayəndəsinin, bələdiyyənin və sərhədləri müəyyən olunacaq torpaq sahəsinin mülkiyyətçisinin (istifadəçisinin) və ya onların müvafiq qaydada verilmiş etibarnaməsi əsasında vəkil etdikləri nümayəndələrin iştirakı ilə aparılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 509 “z” saylı ünvanda yerləşən iddiaçıya məxsus, yəni qanunla qanuni istifadəçi kimi onun mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtina olunması üçün əsaslar mövcud deyil. Cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni bağın nömrəsində uyğunsuzluğun və bağ sahəsinin ölçüsü barədə məlumatların mövcud olması tutarlı sayıla bilməz. Çünki, həmin hal iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da İdarənin səlahiyyətlərindədir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin göstərilən ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti, Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3204/2020 saylı qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar