Məhkəmə qərarları › İş №2-1(103)-557/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-557/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-557/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X23 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X3 və X4) “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun paylı mülkiyyətində olan Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsi nəticəsində ona dəymiş 42938 (qırx iki min doqquz yüz otuz səkkiz) manat maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən X3 və X4 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsində bildirilmişdir ki, Səbail rayonu, 1-ci H.Seyidbəyli döngəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsi 1/3 hissədə iddiaçının paylı mülkiyətindədir və həmin evə dair DƏDRX tərəfindən MH-0162956 seriyalı, **********89-10301 reyestr nömrəli xx.xx.2009-cu il tarixli çıxarış verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus mənzil sökülmüş və yerində park tikilmişdir. Bu barədə iddiaçının heç bir razılığı olmamış, hər hansı müqavilə bağlanılmamış və heç bir məhkəmə qərarı olmadan sökülmüşdür. Həmin sökülmüş mənzil iddiaçının yeganə yaşayış yeri idi və hal-hazırda kirayə evlərdə və ya qohumlarının evində qalır və yaşamağa evi yoxdur. İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə dəymiş zərərin ödənilməsi üçün xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizənin xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq, heç bir cavab verilməmiş, iddiaçıya dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir müsbət addım atılmamışdır. Evin digər paylı mülkiyyətçiləri iddiaçının bacıları X9 və X16 ilə Bakı şəhəri Mənzil Kommunal Təsərüffatı Departamenti arasında bağlanılmış 19 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən onlara məxsus paylar satılmış və hər ikisinə 42.938 manat məbləğində pul ödənilmişdir. Payların bərabər olduğunu nəzərə alaraq iddiaçıya da ödənilməli olan məbləğ 42.938 manatdır. Mənzilin iddiaçının razılığı olmadan sökülməsi onun səhvi deyil. Ev sökülmədən əvvəl iddiaçı ilə razılıq əldə edilməli idi. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus mənzil qanunsuz olaraq sökülmüşdür və ona görə də ona dəymiş maddi zərər ödənilməlidir. Heç kəs məhkəmə qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Ancaq hal-hazırda iddiaçı mülkiyyət hüququndan nəinki məhrum olmuş, hətta onun mülkiyyətində olan mənzil dağıdılmışdır. Qanunvericilik qanunsuz tikilinin belə məhkəmə qərarı olmadan sökülməsini qadağan etdiyi halda, cavabdehin məhkəmə qərarı olmadan çıxarışı olan mənzili sökməsi tamamilə yolverilməzdir. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilərək mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəyyən olunmuş ödəniş edilmiş lakin iddiaçı notariusa müraciət edib pulunu götürümür. Əvvəla bu gülməli bir haldır ki, hal hazır ki, dövrdə 42938 manat kiməsə pul ödənilə və həmin şəxs pulunu götürməsin. İkincisi, məhkəmə nədənsə alqı-satqı müqaviləsinin baş tutubtutmamasından öz qərarında bəhs etmir, notariusun depozit hesbaına pul o zaman köçürülür ki, əmlak barəsində alqı-satqı müqaviləsi imzalanır və bu notarius tərəfindən təsdiqlənir. Lakin qeyd olunan daşınmaz əmlakın alqı-satqı müqaviləsi yoxdur, çünki belə bir müqavilənin ümumiyyətlə bağlanılması baş tutmamışdır. Hətta məhkəmə özü də qərardadında qeyd edir ki, Bakı şəhəri Səbail rayonu, H.Seyidbəyl küçəsi 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbədən 1/3 hissəsi İddiaçı mülkiyyətindədir, həmin mənzil sökülməklə yerində park tikilmişdir. Göründüyü kimi alqı satqı müqaviləsi bağlanılmadığı halda pul notariusun depozit hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirdiyinə görə mübahisə mövcud deyil. Onun mülkiyyətində olan əmlak isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülmüşdür. Onun mülkiyyətində olan mənzil o zaman sökülə bilərdi ki, mənimlə İcra Hakimiyyəti arasında alqı-satqı müqaviləsi bağlanılsın. Alqı-satqı müqaviləsi baş tutmadan onun mülkiyyətində olan ev sökülmüş və mənə dəymiş ziyan isə bu günədək ödənilməmişdir. Pulun Notarisusun depozit hesabına köçürülməsi hələ vurulmuş ziyanın ödənilməsi hesab oluna bilməz. Digər tərəfdən xatırlatmaq istəyirik ki, pulun notariusun depozitinə köçürülməsi alqı-satqı müqaviləsi bağlanan anda alıcı tərəfindən satıcıya ödənilən məbləğdir. Cavabdeh İcra Hakimiyyəti ilə iddiaçı arasında iddiaçıya məxsus 1/3 hissə paya dair alqı-satqı müqaviləsi bağlanılmamış və pulun hansı əsasla notariusun depozitinə köçürülməsi məlum deyil. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdeh idarənin əmlakı məhv etdikdən sonra alqı-satqı müqaviləsi bağlanması üçün notariusun depozit hesabına pul ödəməsinin heç bir hüquqi əsası yoxdur. Ona görə də cavabdeh idarə vurulmuş zərərin əvəzini tam həcmdə iddiaçıya ödəməlidir. Belə ki, iddiaçıya məxsus 1/3 payın alqı-satqısına dair cavabdehlə iddiaçı arasında müqavilə olmadığından notariusun depozitindəki pul iddiaçıya ödənilə bilməz və ödənilmiş hesab oluna bilməz. Cavabdehlə iddiaçı arasında mübahisə müqavilə münasibətləri olmadığından, inzibati orqan hesab olunan cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan vurulduğundan inzibati icraat qaydasında baxılmaqla vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa depozit hesabına pul köçürülmüş notariat ofisinə tərəflərindən məktub ünvanlanmış və depozitdə olan pul vəsaitlərinin iddiaçıya verilməsi xahiş olunmuşdur. 6 saylı Notariat ofisi xx.xx.2022-ci il tarixli, 1455 saylı məktubla cavab məktubu verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində X11 və X1 tərəfindən yazılı razılıq ərizələri verilmədiyindən depozit hesabına köçürülmüş vəsaitin verilməsi mümkün olmamışdır. Yuxarıda göstərildiyi kimi onun mülkiyyətində olmuş 1/3 hissə mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra notarius depozitə götürülmüş pulun ona ödənilməsi barədə sərəncam verməlidir. Lakin artıq onun mülkiyyəti tamamilə məhv edildiyinə görə əmlaka mülkiyyət hüququ itirilmişdir. Əmlaka mülkiyyət hüququ itirildiyi üçün olmayan əmlaka münasibətdə alqı satqı müqaviləsinin bağlanılması mümkünsüzdür. Müqavilə bağlanılmadan da pulun ona ödənilməsi qeyri-mümkündür. Məhkəmə işin bu hallarını nəzərə almadan yalnız pulun notariusun depozit hesabına köçürülməsinə əsaslanmaqla iddianı mümkünsüz hesab etmişdir. Məhkəmə cavabdehin öhdəliyini yerinə yetirdiyini və buna görə də mübabhisənin mövcud olmamasına görə iddianı mümkünsüz hesab etmişdir, burada isə hər hansı öhdəlik yoxdur ki, cavabdeh də öhdəliyini yerinə yetirsin, öhdəlik o zaman mövcud olardı ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanılardı. Məhkəmə bilməli idi ki, mübahisə predmeti dəymiş ziyanın ödənilməsidir, öhədliyin icrası deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. “Torpaq sürüşməsi təhlükəsi olan, Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 254 saylı sərəncamına əsasən ünvan 4 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü işlərinin həyata keçirilməsi məqsədilə, «Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İ-255 nömrəli xx.xx.2019-cu il tarixli əmri ilə ayrılmış vəsaitdən 5801638,0 (Beş milyon səkkiz yüz bir min altı yüz otuz səkkiz) manatının Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentimin təqdim etdiyi bank hesabına köçürülməsini təmin etməsi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq qanunvericiliyin tələblərinə uyğun ünvan 5 ünvanlarında yerləşən 26 evin və 66 qeyri-yaşayış sahəsinin (qarajların) istifadəçiləri (mülkiyyətçiləri) ilə münasibətlərin tənzimlənməsi və birdəfəlik maddi yardım ödənilməsi şərtilə, sökülməsini və ərazinin abadlaşdırılmasını təmin etməsi qərara alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evi İddiaçı (2-ci mərtəbədən 1/3 hissə), X7 (2-ci mərtəbədən 1/3 hissə), X5 (2-ci mərtəbədən 1/3 hissə), X13 (1-ci mərtəbə) adlarına qeydiyyatdan keçmişdir. X9 və X17 ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti arasında, X19 ilə Bakı şəhəri Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında alqı-satqı müqavilələri bağlanmış, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğvi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Hazırda Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbədən 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X9 və X16 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir. Notariat işində olan X16, X9 və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli Əmlak bölgüsü barədə müqavilədən görünür ki, həmin ünvanın onlara məxsus olan 57.9 kv.m-nin (2-ci mərtəbə) real bölgüsünü aşağıdakı kimi aparmışlar: X10 1/3 hissə - 19,3 kv.m; X6 1/3 hissə - 19,3 kv.m; İddiaçı 1/3 hissə - 19,3 kv.m. Buna uyğun olaraq Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri 6 saylı notariat ofisinin "xxxx" ASC baş ofisindəki depozit hesabina İddiaçı adına 42939 manat depozit vəsaiti köcürülmüşdür və hal-hazırda həmin depozit hesabda 42939 manat pul vəsaiti mövcuddur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən də imzalanmış Əmlak bölgüsü barədə müqavilə ilə əmlakın real bölgüsü aparılmış və iddiaçıya məxsus olan hissə üçün müəyyən edilmiş vəsait Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Lakin iddiaçı notariusa müraciət edərək həmin vəsaiti götürmür və həmin məbləğdə vəsaitin cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi, tərəflər arasında inzibati mübahisə mövcud deyildir. Ona görə də hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 7 nömrəli fərdi yaşayış evi İddiaçı (2-ci mərtəbədən 1/3 hissə), X7 (2-ci mərtəbədən 1/3 hissə), X5 (2-ci mərtəbədən 1/3 hissə), X13 (1-ci mərtəbə) adlarına qeydiyyatdan keçmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun: 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Bakı şəhəri Səbail rayonu, H.Seyidbəyl küçəsi 7 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbədən 1/3 hissəsi İddiaçı mülkiyyətindədir, həmin mənzil sökülməklə yerində park tikilmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X9 və X16 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 57.9 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onların hər birinə məxsus hissəsini (19.3 kv.m) Alıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin mülkiyyətinə vermişlər və müqavilədə daşınmaz əmlakın satış qiyməti hər birinə məxsus hissə üçün 42938,00 manat müəyyən edilmişdir. Lakin iş materiallarından göründüyü kimi cavabdeh Bakı şəhər İcra Hakimiyyəti ilə İddiaçı arasında iddiaçıya məxsus 1/3 hissə paya dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Bununla yanaşı, Bakı şəhəri 6 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 254 saylı sərəncamına əsasən, ünvan 9 ünvanlarda yerləşən yaşayış sahələrinin köçürülməsi işləri notarial qaydada alqı-satqı müqaviləsi bağlanılmaqla daşınmaz əmlaka görə vəsaitin mənzil sahibi tərəfindən bankdan əldə edilməsi yolu ilə həyata keçirilmişdir. Təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsində paylı mülkiyyət hüququ ilə Sizə məxsus 1/3 hissəsinə dair alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsi orada qeydiyyatda olan X2 və X1 tərəfindən yazılı razılıq ərizələri verilmədiyindən Bakı Şəhər MKTD tərəfindən iddiaçının adına köçürülmüş depozit hesabda olan vəsaitin verilməsi mümkün olmamışdır. Kollegiya qeyd edir ki, göründüyü kimi tərəflər arasında inzibati mübahisə mövcuddur. Belə ki, iddiaçıya məxsus paya dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmadığı halda cavabdeh inzibati orqan Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən notariusun depozit hesabına köçürülmüşdür. Notariat orqanı isə iddiaçının mülkiyyətində olmuş 1/3 hissə mənzilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra depozitə götürülmüş pulun ona ödənilməsinin mümkün olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə qiymət verilərkən işin hallarının hərtərəfli araşdırılması prinsipi pozulmuşdur. Birinci instansiya məhkəməsi işin faktiki hallarını iddia tələbinə uyğun araşdırmalı və qiymət verməli olduğu halda, bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2-1(112)-5423/2022 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar