Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-558/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(81)-4041/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 27 aprel 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Yasamal rayon Şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 27 aprel 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4041/2019 saylı, 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri Yasamal rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, fasiləsiz olaraq 43 il iş stajı müddətinin 7 ilini X5 Layihə və Qaz İdarəsində işləmişdir, 1983-cü ildən isə hal-hazırkı günə kimi Azərbaycan Milli Elmlər X1 hüceyrə biofizikası laboratoriyasında çalışır. İşlədiyi dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarının 8.1.1-ci və 18.7-ci bəndlərinə əsasən uzun müddət laborator şəraitdə tədqiqatların aparılmasında insan orqanizmi sağlamlığına mənfi təsir edən zəhərli kimyəvi maddələrdən: təbii qazlar, metil spirti, Zn, Ni, Co, Cd, Cu, Al kimi ağır metalların duzları, ingibitorlar, iondəyişdirici qətranlar, akril və oun birləşmələri: akrilamid, bisakrilamid, tris, üzvi əridicilər, aseton, N, N1, Tetrametiletilendiamin, merkaptoetanol, mineral və üzvi turşular, onların birləşmələri, törəmələri, o cülədən denturasiya və qatılaşma, sidik cövhəri, persulfat ammoniy, xlorid, asetat, nitrat, fosfat turşularından, detergentlər: dodesilsulfat natriya, Triton X-100 istifadə etmiş və hazırda da istifadə edir. Tədqiqatların gedişatı zamanı qərara əsaslanaraq qaz xromatoqrafiyası, elektroforez, kristallaşdırma və mərkəzəfuqa və s. aparatlardan istifadə olunub. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli 2-1(81)- 4041/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 27 aprel 2011-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(103)-765/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1534/2020 saylı, 18 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart tarixli 2020-ci il 2- 1(103)-765/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə DSMF-nin Yasamal şöbəsini Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz etsə də, sonuncunu lazımi qaydada xəbərdar etmədən iddianı təmin edib. Belə ki, iddiaçı DSMF-nin Yasamal rayon şöbəsinə müraciət edib, imtina cavabını aldığı üçün məhz Yasamal rayon şöbəsinə iddia qaldırıb. 23 oktyabr 2019-cu ildə iddiaçı ərizə verərək Yasamal rayon şöbəsinin Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəzlənməsini xahiş edib. Məhkəmənin 23 oktyabr 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilib, Yasamal rayon şöbəsi Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəzlənib. Məhkəmənin 23 oktyabr 2019-cu il tarixli qərardadı, habelə sərəncam 05 noyabr 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilib. İddia ərizəsi və digər sənədlər isə ümumiyyətlə təqdim edilməyib. Məhkəmə iddiaçının çalışdığını iddia etdiyi güzəştli peşələrin daxil olduğu müvafiq bəndi konkret olaraq göstərə bilməmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda göstərilmiş hansı peşədə çalışdığı konkretləşdirilməliydi. İddiaçının çalışdığı peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrlə hər hansı bağlılığı yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı təsdiq edir ki, cavabdeh onun müraciəti ilə bağlı nəinki inzibati akt qəbul etməmişdir, onun müraciəti ümumiyyətlə cavabsız qalmışdır. Apellyasiya instansiyası məhkəməsi müraciətlə bağlı cavabdehin inzibati akt qəbul etməməsinin səbəblərini araşdırmamış, İPM-in 33.3 maddəsinin və 39cu maddəsinin müddəalarının tətbiqi üçün əsasların olub-olmadığını yoxlamamışdır. Nəzərə alınmalıdır ki, cavabdehin bilavasitə məhkəmə icraatı zamanı iddia tələbi ilə bağlı mövqe ifadə etməsi (məsələn, iddia tələbinə qarşı yazılı və ya şifahi etiraz etməsi) “İnzibati icraat haqqında” Qanuna uyğun olaraq inzibati icraat qaydasında qəbul edilməli olan inzibati aktı əvəz etmir. 22. İPM-in 33.3, 33.4 və 39.2-ci maddələrinin tələbləri təmin olunmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 28.1.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib qeyd edir ki, iddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən, yəni 17.09.2019-cu il tarixindən öncə, AR ƏƏSMN yanında DSMF-nin Yasamal rayon Şöbəsinə ərizə ilə müraciət edərək, güzəştli şərtlərlə pensiyaya çıxmaqda köməklik edilməsini, güzəştli şərtlərlə pensiyaya çıxmağının 27.04.2011-ci il tarixdən təmin edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasının məqsədi inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməli olması ilə əlaqədardır. Belə ki, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Bu baxımdan öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunu aradan qaldırmasını tələb edib-etməməsidir. Hazırkı iş üzrə isə iddiaçı birbaşa olaraq cavabdehə müraciət etməsə də, yuxarıda qeyd edildiyi kimi, AR ƏƏSMN yanında DSMF-nin Yasamal rayon Şöbəsinə müraciət edərək 27 aprel 2011-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Göründüyü kimi iddiaçı ilkin tələblə məhkəməyə müraciət edənədək birbaşa cavabdehə olmasa da, AR ƏƏSMN yanında DSMF-nin Yasamal rayon Şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar müraciətlər etmiş, yəni hüququnun müdafiəsi ilə bağlı müəyyən hərəkətlər etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın mümkünlük şərti ödənilmiş kimi qəbul edilsə belə, iddia mahiyyətcə əsassızdır. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, iddianın mahiyyəti ilə bağlı apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi AMEA Botanika İnstitutu tərəfindən verilmiş aydınlaşdırıcı arayışa, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş arxiv arayışına istinad etmişdir. Cavabdeh haqlı olaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tətbiqi üçün iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda göstərilmiş hansı peşədə çalışdığı dəqiq göstərilməlidir. AMEA Botanika İnstitutu tərəfindən verilmiş arayışda istinad edilən bəndlər istehsalat sahələrinə aiddir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş arxiv arayışında iddiaçının işlədiyi peşənin iş xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında göstərilən Siyahıya uyğun olduğu qeyd edilsə də, həmin peşənin Siyahıda məhz hansı bəndə uyğun olduğu göstərilməmişdir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib və tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb və iş üzrə Ali Məhkəmənin qərarında qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılaraq iddia rədd edilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, 29.10.1976-cı il tarixdə əmək fəaliyyətinə başlamış, hal-hazırdada əmək fəaliyyətinə davam edir. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən hesab etmişdir ki, İddiaçı işləmiş olduğu peşələr Azərbaycan Respublikaksı Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı»nda göstərilən vəzifələrə daxil olduğundan və onun pensiya hüququ yarandığı tarixə 25 ildən çox ümumi və 12 il 6 aydan çox xüsusi iş stajına malik olmaqla xüsusilə zərərli və ağır olan işlərdə işlədiyindən iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. AMEA Botanika İnstitutu tərəfindən verilmiş aydınlaşdırıcı arayışdan görünür ki, İddiaçı fasiləsiz 42 il iş stajı müddətinin 7 ilini X5 Layihə və Qaz (indiki SOCAR), 1983-cü ildən isə hal-hazırki günə kimi Azərbaycan MEA X3 biofizikası laboratoriyasında çalışır. İşlədiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə” Bakı şəhəri, 23 yanvar 2007-ci il, 12 №-li qərarının 8.11-ci bəndində əsasən uzun müddət laborator şəraitdə tədqiqatların aparılmasında insan orqanizmi sağlamlığına mənfi təsir edən zəhərli kimyəvi maddələrdən: təbii qazlar, metil spirti, Zn, Ni, Co, Cd, Cu, Al kimi ağır metalların duzları, ingibitorlar, iondəyişdirici qətranlar, akril və onun birləşmələri: akrilamid, bisakrilamid, tris, üzvi əridicilər, aseton, N, N, N1 , N1 - Tetrametiletilendiamin, 2 – merkaptoetanol, mineral və üzvi turşular, onların birləşmələri, törəmələri, o cümlədən denturasiya və qatılaşma, sidik cövhəri, persulfat ammonit, xlorid, asetat, nitrat, fosfat turşularından; detergentlər: dodesilsulfat natriya, Triton X – 100 istifadə etmişdir və edir. Tədqiqatarın gedişatı zamanı qərara əsaslanaraq qaz xromatoqrafiyası, elektroforez, kristallaşdırma və mərkəzəfuqa və s. aparatlardan istifadə olunub. Azərbaycan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti tərəfindən verilmiş 55 nömrəli, 18.01.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində 2002-2017-ci illərdə b.e.n., dosent vəzifəsində işləmişdir. 12 iyul 2017-ci il tarixli Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş güzəştli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 28.10.1976-cı il tarixdə X5 Layihə və Qaz İnstituna laborant peşəsinə işə qəbul olunmuş, 30.12.1983-cü il tarixli 372-k saylı əmrlə işdən azad edilmişdir. O, zərərli iş sahəsində işləməsinə görə əlavə əmək haqqı almışdır. İddiaçı zərərli iş sahəsində işləməsi arxivdə aşkar olunan sənədlərdə öz əksini tapmış və onun işlədiyi peşə iş xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında göstərilən Siyahıya uyğundur. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahılarında əks olunmuş güzəştli şərtlərlə əmək pensiyasına çıxmağa əsas verən peşələrdə işləməsinə dair müvafiq olaraq kod və bənd göstərilməklə güzəştli arayışın və eyni zamanda şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) 1 və 2 nömrəli Siyahılarda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da hansı vəzifəyə uyğun gəlməsi barədə güzəştli arayışın təqdim edilməsi barədə AMEA-nın Botanika İnstitutuna və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yenidən sorğular ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən sorğuya cavab olaraq İddiaçı aid şəxsi işin materialları əmrdən çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir. AMEA Botanika İnstitutu tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhəri 6 noyabr 2004-cü il №175 (işçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər istehsalat amilləri mövcud olan əmək şəraiti istehsalatlarının peşə və vəzifələri) qərarının XXXİV bəndinə (Laboratoriyalar, elmi tədqiqat laboratoriyalari, institutlar, müəssisə, idarə və təşkilatlar, tədris ocaqlarinin laboratoriyalari) əsasən bilavasitə aşağıdakı işlərdə məşğul olan laboratoriya işçiləri: a yarım bəndinə (toksiki və güclü təsir göstərən sintetik dərman preparatlarının, antibiotiklərin, B12 vitamininin, alkaloidlərin, qlükozidlərin, saponimlərin, bakteriyalı preparatların, hormonların, insektisidlərin, dezinfeksiya vasitələrinin, konserogen cismlərin texnoloji-aparatura tədqiqatlarında; dərman formalarının sintezi, kimyəvi analizi, ayrılması, sınağı (bioloji, toksikoloji, farmokoloji, mikrobioloji, kimyəvi terapevtik) və hazırlanması) uyğun olaraq AMEA Botanika İnstitutunun 46-K №-li əmrinə əsasən, İnstitutun zərərli iş şəraitində çalışan işçilərinə, o cümlədən, “Hüceyrə biofızikası” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d.. dosent İddiaçı əmək şəraitinin zərərlilik dərəcəsindən asılı olaraq, 16% məbləğində əmək haqqına əlavə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 115ci maddəsinin 2-ci bəndinə əsasən qısaldılmış iş günü təyin edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret sahələr üzrə konkret peşələr qeyd edilmişdir. AMEA Botanika İnstitutu tərəfindən verilmiş arayışda istinad edilən bəndlər istehsalat sahələrinə aiddir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş arxiv arayışında iddiaçının işlədiyi peşənin iş xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarında göstərilən Siyahıya uyğun olduğu qeyd edilsə də, həmin peşənin Siyahıda məhz hansı bəndə uyğun olduğu göstərilməmişdir. Halbuki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısında nəzərdə tutulan, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə 10 il sığorta stajı olmadığından, iddiaçıya həmin yaşdan pensiya təyin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 52 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(81)-4041/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2-1(81)- 4041/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-558/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-558/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver